Страница 1 из 8

I

Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.

Aslan çoxdan cəbhədə idi. Hələ Baltik sahilləri yay səhərinin xəfif dumanlarından sıyrılıb çıxmamış alman təyyarələrindən yağan bombalar hər yanı oda qalayanda, o da yoldaşları ilə bərabər hissələrinin dayandığı qəsəbədə hövlnak yuxudan oyanmışdı. Qırx birinci ilin iyun ayında qopan bu fırtına zamanı alman təyyarələri lap aşağıdan uçur, mavi rəngli pəncərələrin bərabərinə enərək, şığıya-şığıya evlərin içərisini atəşə tuturdu...

O vəfasız gündən düz iki il keçmişdi.

İndi Aslan Ukrayna düzlərində vuruşurdu. O ağır, qanlı rücətdən sonra, daha ağır, daha qanlı bir əks-hücum başlanmışdı. İnsanların üzü gülməsə də, ürəyi gülürdü. Rücət günlərində hər qarış torpaq üçün verilən qurbanların xatirəsi indi birdən-birə canlanır, qızıl cəngavərlərin geri atdığı hər bir ev öz qoynunda ziqiymət dəfinə gizlədən böyük saraydan belə əzəmətli görünürdü.

Aslan, xarabalar arasında salamat qalmış bu evlərdən birinə yanaşdı. Albalı ağaclarilə əhatə olunmuş bu kənd evinin divarları uzun, inadlı vuruşmaların yaxın xatirələrini yadigar saxlamışdı: mərmi qəlpələri bu divarlardan qopardığı daş parçalarını kənara atmış, bir az o yanda irili-xırdalı çuxurlar əmələ gəlmişdi. Albalı ağaclarının dibdən zədələnmiş budaqları yerə sarı əyilmişdi. Ancaq meyvə bağı hər tərəfə yenə də məstedici bir ətir saçırdı. Ucu yerə dəyən qırıq budaqlar üzərindəki bol meyvə də rəng verib rəng alırdı. Yaralı torpaq həyat, gələcək ümidlə dirçəlirdi. Sanki qırıq budaqlar da doğrulub yerdən qalxmaq üçün qüvvə toplayırdı.

Aslan, yaşamaq istəyən insanla, təbiətin bu inadı arasında qəribə bir müşabihət görürdü. Ona elə gəlirdi ki, bu qırıq budaqlar bir az sonra yerdən üzülüb yuxarı qalxacaq, bu pozulmuş tənasüb yaxın bir zamanda müvazinət kəsb edəcəkdir. Əslində o, bu ümidlə yaşayır, bu ümidlə vuruşurdu. O, iki ildən bəri öz gözüylə gördüyü hadisələri, müharibənin qanlı səhnələrini heç bir zaman unutmasa da, bu qəribə ümid onun əsəblərinə xeyli təskinlik verir, bəzən həyata, insanlara nifrət təlqin edən müharibənin özü də bu ümidin qarşısında kiçilib haradan, necə qopduğu məlum olmayan bir borağan məqamına enirdi... Hətta meyvə ağaclarından ətrafa yayılan ətir belə onun nəzərində kəndlərə, şəhərlərə ölüm gətirən ən müdhiş qüvvələrdən də güclü idi!..

Aslan od, alov içindən yeni çıxmışdı. O tərəflərdə, sahil boyunda vətən torpağının hər qarışı üçün yenə də irəli atılan dostları bir an belə onun xəyalından çıxmırdı. Bir səs onu fikrindən ayırdı. Qapı ağzında görünən zabit – Aslan Haşımzadə!.. – deyə onu çağırdı.

Aslan əlindəki albalı budağını yerə atdı. Sürətlə qapıya yanaşdı. İçəridə ağsaçlı ordu komandanı ilə üz-üzə gəldi. Çoxdan tanıdığı bu qoca əsgər qürurla parıldayan mavi gözlərini Aslanın üzünə dikdi, hərarətlə onun əlini sıxdı:

– Sağ ol, Azərbaycan balası! – dedi. Qocanın üzündəki təbəssüm izləri birdən-birə çoxalıb, öz doğma oğlunun rəşadətindən xəbər tutmuş bir atanın sevinci qədər qüvvətli bir ifadə aldı. Bu anda onun gözləri haraya isə məchul bir nöqtəyə zilləndi, bir neçə ay əvvəl şahidi olduğu bir hadisə sürətlə onun xəyalından gəlib keçdi.

O gün Aslan köhlən at belində dörd nala çaparaq qıy vurur, ildırım kimi şığıyan igid süvarilərin qabağınca əlində siyirmə qılınc çapır, düzə səpələnmiş düşmən piyadalarını biçib-tökürdü. Ordu komandanı uca bir təpədə, müşahidə məntəqəsində idi. Əlindəki durbinlə Aslanın hər bir zərbəsini aydın görürdü. Öz gənclik illərini xatırlayır, hələ qorxunc silahlar icad olunmamış zamanlarda əsgərdən cəsarət, mərdlik, çeviklik tələb etdiyi günlər yadına düşürdü: “Əsil müharibə o idi!..” – deyə fikirləşir, qeyri-ixtiyari gülümsəyirdi.

– Sağ ol!.. – deyə ordu komandanı daha da ucadan təkrar etdi. – Sən özün o gün sarı almanlardan yüzünü vurub yerə sərdin... Yeddi ölümcül yara alsan da, köhlən atından yıxılmadın, bax, indi sağalıb yenə də vuruşursan... Al, oğlum, qoy bu şöhrət nişanları sinəni bəzəsin. Sədaqətlə döyünən ürəyin bir dəfə də titrəməsin!

Aslan Qızıl Ulduzla qırmızı lentalı nişanı alıb təşəkkür edərkən, komandan kimi onun da gözləri sonsuz bir qürur, hədsiz bir sevinclə parıldayırdı. O, nə isə demək istəyirdi. Lakin sözlər elə bil boğazında tıxanıb qalırdı.

O, bir neçə an sükutla qocanın üzünə baxdı. Sonra özünü toplayıb, sağ əlini yuxarı qaldırdı, rəsm-təzimə durdu.

– Əziz vətənə qulluq etmək borcumdur, yoldaş general-leytenant, – deyib, əlini yanına saldı. Belə hallarda hamının təkrar etdiyi sözü “Sovet İttifaqına xidmət edirəm” sözünü xatırlamadığına təəccübləndi. “Eybi yoxdur” – deyə özünə təsəlli verdi. Sonra yenə komandana müraciətlə çoxdan bəri ürəyində qövr edən bir fikri söylədi:

– Məni bağışlayın, yoldaş komandan... bəlkə də bu sözün yeri deyildir. Mən intiqam almaq üçün yox, elə belə məlumat üçün deyirəm.

Komandan yenə gülümsəyərək, Aslana lap yaxın gəldi, əlini onun çiyninə qoydu:

– Söylə, çəkinmə, – dedi.

Aslan bu mehriban insana ürəyinin ən gizli sirlərini də aça bilərdi:

– Məni əlbəttə...

Onun səsi titrədi... Sözünün dalını unutdu. Komandan Aslanın həyəcanlandığını görüb təəccüblə baxdı:

– Yoxsa evə getmək istəyirsən?.. – dedi.

– Yox... mənim deyəcəyim söz Azərbaycana və azərbaycanlılara aid olacaqdır...

– Buyur, buyur, mən dinləyirəm.

– Mən bilirəm ki, siz Azərbaycan əsgərlərini layiqilə tanıdınız. Artıq hamı görmüşdür ki, biz azərbaycanlılar müharibədə ən vəfalı yoldaşıq. Lakin bu böyük sözün mənasını təhqir edənlər də vardır.

– Mən buna şübhə etmirəm!.. – deyə ordu komandanı sərt bir ifadə ilə əlavə etdi... – yoldaş sözü qüvvət, qələbə timsalına dönəcəkdir!..

Aslan bu sözdən sonra komandanın artıq vaxtını almamaq üçün getməyə izin istədi. O, razılığını bildirdi. Aslan yenə sağ əlini yuxarı qaldırdı, dabanı üstə geriyə dönərək, əsgəri addımlarla otaqdan çıxdı.

Təltif olunmuş dostları onu albalı bağında gözləyirdilər. Ağızları qırmızı rəngə boyanmış bu əsgərlər Aslanı salamlayır, təbrik edirdilər. Hərənin əlində qırmızı bir qutu vardı, hamı sevinirdi. Uzaqdan atılan ağır top güllələri haradasa yerə düşüb gumbuldayır, komandanın yaşadığı bu balaca evi titrədirdi.

Aslan bayaq yerə atdığı albalı budağını yaşıl otların arasından tapdı, iri-şirəli albalıları bir-bir yeməyə başladı. Onun da dodaqları qızardı.

Bu halda gülərüzlü, qısaboy, sarışın bir əsgər ona yanaşıb salam verdi. Aslan onu keçən ildən tanıyırdı. Şaxtalı qış günlərində, yazın palçığında, yayın cırcıramasında səngərlərə məktub, əsgərlərə sevinc gətirən bu oğlanı ordu qərargahında tanımayan yox idi. O, bəzən qəmgin-qəmgin baxar, dərindən köksünü ötürər və:

– Heç olmazsa siz sevinin, – deyərdi, – mənim atam-anam o yanda qalıb. Nə mən onlara məktub yazıram, nə də onlar mənə... Sizə sevinc gətirməklə təsəlli tapıram.

Aslan əlini onun çiyninə qoydu. Yenicə yuyulmuş köynəyə qırmızı ləkə vurdu:

– Dostum, darıxma, – dedi, – bu gün nə təhər olsa sizin kəndə girəcəyik. Hə, mənə bir şey gətirmisən, ya yox?..

O, gülə-gülə cavab verdi:

– Mixail İvanoviç sizə qəhrəman adı verib... mən də bu münasibətlə sizi öz tərəfimdən iki məktubla mükafatlandırmaq istəyirəm...

Aslanın sevinci birə yüz oldu, məktubları tez alıb açdı. Kağızların arasından sürüşüb düşən şəklə baxdı. Doqquz yaşlı oğlu Aydın anasının sağında, ondan iki yaş kiçik qızı Gülüş isə solunda ayaqüstündə durmuşdu. Hər ikisi qərib bir həsrətlə Aslanın üzünə baxırdı. Onların ortasında oturmuş Gülcamal çox qəmgin idi. Bunu görərkən Aslanın üzündəki təbəssüm izləri birdən silinib yox oldu. İri, qara gözləri doldu. O biri məktubu açdı. Bunu yazan Gülcamal deyildi. Bir anda Aslanın sifətindəki bütün qırışlar elə bil toplanıb qaşları arasında cəmləşdi.

Azacıq əvvəl ümidlə şadlıq vəd edən bu kağız parçasında, nə isə çox qəmgin bir söz yazıldığını yalnız indicə duyan qızıl əsgərin də qaşları çatıldı. Onun da gözlərinə məyusluq ifadəsi qondu. Vuruşmalarda aldığı yaraların ağrısından bir kərə də olsun uf deməmiş Aslanın sinəsindən qeyri-ixtiyari bir inilti qopdu; o, sarsılaraq ağaca söykəndi.

Yoldaşlarından biri tez onun qolundan yapışdı. Məktub daşıyan əsgər isə təəccüblə soruşdu:

– Nə oldu, yoldaş kapitan, yoxsa bir bədbəxtlik üz verib?

Aslan gözlərini yumdu. Kətan kimi ağarmış yanaqlarını əlilə örtdü. Solğunlaşan dodaqlarını tərpətdi.,

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов