Страница 2 из 8 · 13%

– Oh... Gülcamal... Saşko, sən nə yaman acı xəbər gətirdin?..

Qızıl əsgər necə bir xəbər gətirdiyini bilsəydi, yəqin ki, bu uğursuz məktubu gizlədər, belə şad dəqiqələrində Aslanı qəm dəryasına qərq etməzdi. O, artıq iş-işdən keçdiyini görüb kədərdən qəddi bükülmüş halda bir də soruşdu:

– Gülcamal kimdir, yoldaş kapitan, ona nə olub ki?..

Hamının sualla dolu intizar gözləri böyüyüb Aslanın dodaqlarına dikildi. Onun sinəsindən daha iniltili bir səs qopdu:

– Ölmüşdür...

Bu sözü eşidərkən hamı ufuldadı. Elə bil ki, hamıya birdən, eyni yerdən yara vuruldu.

Aslanın günəşdə yanmış sifəti iztirablı bir ifadə ilə büzüşdü. Yanaqlarından aşağı süzülən yaş damlaları əlində titrəyən şəklin üstünə düşdü.

II

Bu hadisədən xəbər tutan ordu komandanı onu tez yanına çağırtdırdı.

– Sən bu gün getməlisən, əzizim... – dedi, – uşaqları sahibsiz qoymaq olmaz.

Aslan gözlərini yerə dikmişdi. Komandanın dəruni bir səmimiyyətlə titrəyən səsi onun ürəyini daha da kövrəltdi.

– Mən ayrı cür getmək istəyirdim, – dedi. – Görünür taleyim belə imiş. Nə etməli?

– Görürəm, ağlamısan... – Komandan ona daha yaxın gəlib mehriban bir ata nəvazişilə əlini Aslanın çiyninə qoydu. – Məhəbbətdəndir. Nə eybi var?.. Qəhrəman insanların ürəyi nə qədər qüvvətli olsa da, məhəbbətin gücü qarşısında təslim olmaya bilməz... Lakin, unutma, əzizim, göz yaşı faydasızdır. Mən üç uşağın atasıyam. Onlar da kiçik yaşlarından yetim qaldılar. Bilirəm bu nə deməkdir.

Komandan, Aslanın əlindəki şəkli gördü, alıb diqqətlə baxdı. Gülcamalın bir azca süzgün baxışlı, qara badamı gözlərini bəyəndi:

– Çox təəssüf, çox təəssüf... – deyə dərindən köksünü ötürdü. – Bu uşaqları bir kəsə tapşırıb arxayın olmamış vuruşmaq çətindir. Bilirsənmi, soldat zahirən qaba görünür, lakin əslində onunku qədər zərif ürək az-az adamda olur... Bəli, dostum, bu gün mütləq yola düşməlisən. Qatarla getsən uzun çəkər. Mən səni təyyarə ilə yola salacağam...

Aslan həyatının bu ağır dəqiqələrində qoca komandanın qayğısından təsəlli tapdı:

– Bilmirəm sizə mən necə təşəkkür edim? – dedi.

– Borcumdur, əzizim, borcumdur. Biz gələcək üçün vuruşuruq... Uşaqlarını unudan əsgər, əlbəttə həqiqi əsgər deyildir...

Bu halda komandanın yavəri gəlib təzim etdi. Qoca, Aslandan aralandı:

– Bu gün kapitanı Bakıya yola salınız... – dedi, – “U-2”-ni diqqətlə yoxlasınlar.

Yavər əmri təkrar etdikdən sonra ordu komandanı fikirli-fikirli Aslana baxdı, əlilə çal bığlarını tumarladı, xəyalında nəyi isə hesablayırmış kimi səssizcə dodaqlarını tərpətdi, Aslandan o tərəfdə qırmızı məxmərlə örtülmüş masanın arxasına keçdi.

– Məncə bir ay möhlət kifayətdir... lazım olsa yenə izin verərəm, – dedi.

Aslan dönə-dönə təşəkkür edərək qocanın əlini sıxdı, tələsik addımlarla çıxdı. Onu qapı ağzında gözləyən dostlar, indi təbrik əvəzinə başsağlığı verirdilər:

– Aslan, qardaşım, Allah kərimdir!..

– Aslan, əzizim, başın sağ olsun!..

– Dünyadır, gah güldürür, gah ağladır... Qəm yemə, dostum, görünür alnımıza belə yazılıbmış... Əhdimiz vardı: müharibədən qayıdanda sənin evinə yığışıb Cülcamal bacının plovunu yeyəcəkdik... Qismət olmadı. Ah, dünya!

Bu sözləri deyən zabit başını tərpətdi, əməli sərab olmuş bir insan kimi çox dərindən köksünü ötürdü.

Hər yoldaşın kədərini öz şəxsi dərdi kimi yaşayan bu dostlar, gözə görünməyən, lakin qırılmaz ürək tellərilə bir-birinə bağlı idilər. Onlar Aslanı ortaya alıb hissənin dayandığı kəndə gətirdilər.

Hücum qabağı idi. Yay fəslinin bu ilk ayında dərələr, təpələr gülçiçəklə bəzənmişdi. Göz işlədikcə uzanan düzlərdən sünbül qoxusu gəlirdi. Səs-səsə verən toplar təbiətin qərib sükutunu pozsa da, onun əzəmətinə xələl gətirə bilmirdi. Dəniz kimi ləpə vuran taxıl zəmiləri, yaşıllıqlar içindən şütüyüb bir xeyli uzaqda gözdən itən çay, yenə də öz yerində baqi idi. Lakin qızıl döyüşçülər məyus olmuşdular.

Birdən elə bil təbiət də bu məyusluqdan xəbər tutdu. Çay üzərindəki ağ-çəhrayı buludlar arasında üzən günəş də tutulub qaraldı. Lap yuxarılarda isə göy kişnədi. İki-üç dəfə şimşək çaxdı, qaralan buludları çalın-çarpaz doğradı.

Aslan yoldaşlarının arasında oturub sükut edirdi. Onun gözləri yerdən üzülməyirdi. O, nə görür, nə də eşidirdi. Təsəvvüründə yalnız Gülcamal, Aydın və Gülüş canlanırdı, gözü də onlara baxırdı, fikri də onlarda idi. Gülüş: “Tez gəl, atacan” – deyə-deyə Aslanı çağırır, uzaqdan ayaqları dolaşa-dolaşa ona sarı yüyürür, birdən nəyə isə toxunaraq üzüstə sərilib bərkdən ağlayırdı. Sonra isə Aydın görünür, kövrək nəzərlə atasına baxır, heç bir söz demirdi, kirpiklərini bir an belə qırpmadan məzəmmət dolu gözlərini Aslandan çəkmirdi. Lakin Gülcamal artıq onların yanında deyildi. Görünür o küsmüşdü, uşaqları tək qoyub harasa getmişdi.

Aslanı bir xeyli müddət fikir apardı. Xəyalən Gülcamalı axtarmağa başladı. Gülüşün səsini eşidə-eşidə ətrafına göz gəzdirdi. Uzun bir yolla gedən yalqız bir qadın gördü. Yerişindən onu Gülcamala oxşatdı. Aslan uşaqları burda qoyub onun ardınca yüyürdü. Nəfəsi darıxa-darıxa yoxuşu dırmandı. Birdən Gülcamal yox oldu. Uzun yol sakit, boş bir səhradan keçib uzaqlarda gözdən itirdi. Burada Aslandan başqa heç kim yox idi...

Təyyarə səsi Aslanı xəyalatdan ayırdı. Onun təsəvvüründən yol da, boş səhra da silinib getdi. Aslan təəccüblə çiyinlərini çəkdi. “Bəs o hara gedirdi?” – deyə öz-özündən xəbər aldı. Bu suala cavab tapmadı: “Yox, – dedi. – Gülcamal, uşaqlardan küsüb heç yana getməz, o, məni də, uşaqları da çox sevir. Axı bir də onlar bu boz səhrada nə gəzirlər?”

Aslan cəld ayağa qalxdı:

“U-2” təyyarəsi kənd üzərində dövrə vuraraq, süvarilər dayanan yerdən qırx-əlli addım kənarda, yaşıl otlarla örtülmüş düzə endi.

Aslan yoldaşları ilə vidalaşmağa başladı.

– Sağ olun, uşaqlar... – dedi. – Sifarişiniz olsa apararam. Məktub yazanınız varmı?

Hamı kədərli idi. Heç kimdən səs çıxmırdı.

Aslan sükutla baxan əsgərləri süzdü. Nə üçünsə dinib-danışmaq istəyən yox idi. Sonra o, köhlən atını göstərdi:

– Ondan muğayat olun... Sizə tapşırıb gedirəm...

– Vəfalı yoldaşdır. Özünüz hücuma keçəndə onu da aparın. Çox hirslidir. Getməsə ürəyi partlar.

Qızıl əsgərlərdən biri cavab verdi:

– Siz arxayın olun, yoldaş kapitan... Bir qaşov öz atıma vuranda ikisini ona vuraram...

– Çox gözəl... Hə, nə oldu? Məktubunuz yoxdurmu?.. – deyə Aslan yenə gözlərini dolandırdı, – yazsanız gözlərəm.

Onun böyründə duran qısaboy bir ləzgi əlindəki üçkünc kağızı Aslana uzatdı:

– Bakıdan poçta qutusuna salın... Zaqatalaya göndərirəm. Mənim də arvadım ölüb...

– Ölüb?!.. – deyə Aslan təəccüblə ləzgiyə baxdı – nə vaxt?.. Bəs niyə mənə deməmisən?

– Bəli, ölüb... mənim üçün ölüb?.. Qızıma yazıram...O vəfasız anasına qoşulub getsə, mən ona qızım demərəm.

Aslanın qəlbində, qeyri-ixtiyari qara bir şübhə oyandı, “bəlkə Gülcamal da bu cür ölüb?..”

Bu fikirdən o, daha da sarsıldı. Vuruşan əsgərin iradəsini qadın vəfasızlığından çox heç nə zəiflədə bilməz. Ətə dəyən güllə adi bir sızıltıya səbəb olur, bu güllə isə daha incə bir nöqtəyə dəyir. Bu güllədən insanın ürəyi yaralanır. Qəlb yarası ağır, sağalmazdır.

Aslan bu qara şübhəni özündən tez rədd etdi: “Yox, mən buna dözmərəm, Gülcamal məni sevir. O, mənim həqiqi ömür yoldaşımdır. Heç bir zaman bu böyük sözün təhqir olunmasına razı olmaz”.

– Baş üstə!.. – deyərək, Aslan ləzginin məktubunu aldı, döş cibinə qoydu. Bu zaman gənc zabitlərdən biri titrək səslə, ucadan dedi:

– Bizdən Bakıya salam söylə! Biz ona vəfalıyıq. O da bizi unutmasın!.. Məni bağışla, yoldaş kapitan, vaxt tapa bilsən, dəniz qırağına get, bizim də əvəzimizdən Xəzər sularına doyunca bax. De ki, bir vaxt bu sahillərdə şair olmaq istəyən bir gənc səni ölənədək unutmayacaq... eh...

Gənc zabit kövrəldi. Aslanın yaxşı tanıdığı bu oğlan bütün hissədə hamının ehtiramını qazanmış lirik bir şairdi. O, səngərdə də yazırdı: vuruşma zamanı bəzən öz şeirlərilə yanındakı yoldaşlarına ürək-dirək verirdi. Qılınc oynadarkən qəzəbli, şeir oxuyarkən kövrək idi...

Aslan onun əlini sıxdı:

– Şeirlərini çantamda aparıram... Üzünü köçürüb çapa verəcəyəm... Salamını Bakıya yetirərəm... Ancaq bu ümidsizlik sənə heç yaraşmır...

– Ümidsiz deyiləm, kədərliyəm, yoldaş kapitan... – deyə şair gözlərini yerə zillədi.

Aslan yoldaşlarının hamısı ilə qucaqlaşdı. Buraya toplaşmış yeddi nəfər, onun qan qardaşları – cəbhə dostları idi.

– Hələlik, uşaqlar... – deyə o, arxasına baxmadan təyyarəyə sarı getdi. Hamının gözü Aslanda idi. Doluxsunanlar da vardı. Hücum zamanı titrəməyən ürəklər indi qəribə bir həyəcanla döyünürdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов