Qara gözlər
Страница 3 из 8 · 25%
Təyyarə buludlu fəzaya qalxıb süzməyə başlarkən, igid süvarilərin kədər dolu həsrətli nəzərləri də göyə zilləndi. “U-2” qara bir nöqtə kimi kiçilib gözdən itincəyə qədər heç kimdən səs çıxmadı.
Sonra hücum əmri verildi. Atlılar hərəkətə gəldi.
III
İki ildən bəri görmədiyi doğma şəhərinə çatarkən, hər səhər tezdən Aslanın pəncərəsinə düşən günəş yenicə tülu edirdi. O, mərmər pilləkənlə ikinci mərtəbəyə qalxdı, şüşəbəndli qapıya yanaşıb dayandı, bir xeyli nəfəsini çəkməyib ətrafı dinlədi. Dönüb geriyə boylandı. Gənc şairin salam yolladığı böyük şəhəri, sakit-sakit dalğalanaraq günəşi əks edən mavi Xəzəri, buludsuz əngin üfüqləri gördü. Bakı doğrudan da gözəl idi. Yanıb külə dönmüş əzəmətli binalardan, uçulub dağılmış şəhərlərdən sonra belə abad, belə sakit bir yeri seyrə dalmaq, təyyarələrin, partlayan bombaların gurultusuna hövlnak yerlərindən sıçrayıb harada isə gizlənməyə qaçarkən, müdhiş bombardman nəticəsində heç tikəsi də tapılmayan uşaqlar kimi öz balalarının həlak olmadığını düşünmək nə qədər böyük təsəlli olsa da, Aslan öz-özünə: “o yoxdur!..” deyə fikirləşdi, uzaqlara üzərək gözdən itən yelkənli gəmidən gözlərini çəkdi. Onun kədəri daha da artıb qurğuşun ağırlığı ilə qəlbinə çökdü.
Bir zamanlar, hələ o cəbhəyə getməmişdən hər gün sübh tezdən artırmaya çıxar, məhəccərlərin dibində cərgə ilə düzülmüş dibçəkləri sular, dənizdə çimən günəşi hamıdan əvvəl görər, radionu qurub bədən tərbiyəsi məşqinə girişərdi. Aslan birdən o keçmiş günləri xatırladı: Gülcamalı oyatmamaq üçün ayaqlarının ucunda yeridiyi əziz dəqiqələri bir röya kimi xəyalından keçirəndə onun könlündən yenə inilti qopdu.
Aslan pəncərədən içəri baxdı. Onu elə bil ildırım vurdu. Qoşa çarpayılar bomboş idi. Gülcamal doğrudan da görünməyirdi. Lakin otaqda yenə də heç bir şeyin səliqəsi pozulmamışdı. Aslan onun ölümünə inanmaq istəmədi: “yox, o sağdır!..” – deyə düşündü, cürətini toplayıb qapını döydü.
Evdən səs-səmir çıxmadı.
O, yalnız indi yəqin etdi ki, Gülcamal, füsunkar bir mələk qədər cazibəli görkəmi ilə qapıya gəlmiyəcək. Aslanın çoxdan, lap çoxdan arzuladığı xoşbəxt vüsal baş tutmayacaqdır. Aslana elə gəldi ki, bu səssiz-sədasız evdə yalnız kədər adlanan bir qüvvət hakimdir. O, qapını bir az da bərk döyməyə başladı. Oğlunu səslədi:
– Aydın!..
Yenə cavab gəlmədi. Sonra qızını səslədi:
– Gülüş!..
Bu anda yuxulu bir səs eşitdi:
– Kimsən?
– Ana, dur aç qapını.
Aslanın qoca anası qapıda göründü. O bir qədər duruxdu, gözlərini döydü, deyəsən gördüyünün həqiqət olduğuna inanmırdı. Qarının baxışlarından Aslan çox şey oxudu. Bir an içində, həyatla ölüm arasındakı ölçülməz bir məsafə qədər qısa olan bir anda bütün həqiqət Aslana bəlli oldu. Qoca arvad gülümsəyirdi. Öz ürək pərisinin bu gözlənilməyən gəlişi onu sevindirirdi. Lakin üz-gözündə çoxdan nəqş bağlamış kədəri gizlədə bilmirdi. O, yalnız analara xas olan hərarətlə Aslanı qucaqladısa da, özünü saxlaya bilməyib birdən hönkürdü, bütün vücudilə uçunmağa başladı.
Sonra Gülüş yüyürüb gəldi. Balaca, tumbul qolları ilə Aslanın qıçlarına sarıldı. Aslan anasının isti ağuşundan çıxdı, aşağı əyilib Gülüşü qolları arasında yuxarı qaldırdı.
...Atanın göz yaşları Gülüşün yanaqlarını, Gülüşünkü isə atanın dodaqlarını islatdı. Böyük bir sevinc, ağır bir kədərə qarışdı...
– Ah, ata, sən gecikdin, anam səni gözləmədi... Uzağa getdi.
Aslan dünən cəbhədə, yoldaşlarının yanında ikən xəyalında canlanan o boz səhranı, birdən gözdən yox olan Gülcamalı xatırladı...
Əlləri qoynunda durub baxan qoca arvadın göz yaşları dərd əlindən daha da qırışmış yanaqlarında parıldadı.
IV
İçəri girəndə, ilk dəfə Aslanın gözünə sataşan divardan asılmış böyük portret oldu. Hələ Gülcamalla yenicə evləndikləri zaman böyüdülmüş bu şəkildə, Gülcamal doğrudan da çox gözəl düşmüşdü. Onun uzun, gur hörükləri döşündən aşağı sallanmış, boynu azca yana sarı əyilmiş, süzgün qara gözləri məlul-məlul baxırdı. Bu gözlər, Aslanın ilk sevgisindən yadigardı. Hələ ali məktəbdə oxuyarkən, foyedə gəzişən tələbələr arasında birinci dəfə gördüyü o qara gözlər, indi də Aslanın xatirindən çıxmamışdı. Hələ o gün Aslan bu qara gözlərə həsrətlə baxa-baxa əlindəki papirosu biixtiyar yerə salmış, kənardan bu hadisəyə diqqətlə baxan tələbə yoldaşlarının qəhqəhəli gülüşünə səbəb olmuşdu...
Aslan bir də Gülcamalın şəklinə baxdı. Onun öldüyünə inana bilmədi: “Mən röya görürəm” – deyə fikirləşdi. Elə bil Gülcamal bu dəqiqə dillənəcək, uzun intizardan sonra yerə-göyə sığmayan bir sevinclə ərini qarşılayacaqdı. Hətta Aslana elə gəldi ki, bu dəmdə Gülcamalın gözləri tərpəndi, kirpikləri qırpıldı, həmişəki adəti üzrə xəfif bir tərzdə gülümsəyib utancaq nəzərlərini yerə dikdi...
Bu halda Aydın səsə oyandı. Gözlərini açıb bəriyə sarı boylandı. Təəccüblə baxdı: “Ata! Doğrudanmı sənsən? – deyə soruşmaq istədi. Cəld yerindən sıçrayıb qalxdı, ayaqyalın yüyürüb Aslanın qucağına atıldı.
– Atacan!.. Nə yaxşı oldu, gəldin!.. – dedi. – Sənsiz çox darıxırdıq...
Aslan balalarını öpüb oxşadı. Kədərini boğmağa çalışdı, lakin evin kədərini azalda bilmədi. O, indi hara baxırdısa Gülcamalın gözlərini görürdü, o məlul baxışların mənasını düşünürdü. Qoca anası, bir an içində sınıxmış Aslana çox təsəlli verdi, “Allah kərimdir”, – dedi, amma yenə də evin üzərinə qara qanadlarını gərmiş ölüm həyulasının zəhmini azalda bilmədi... Gülcamal, yorulmadan, nəvazişli baxışlarındakı o ölçüsüz məhəbbəti azaltmadan Aslana baxırdı. Elə bil ki, o, insan ömrünün vəfa etdiyi uzun bir müddət qədər kirpiyini qırpmadan Aslanla gözləşəcəyinə and içmişdi...
Günlər keçdisə də, Aslan ona baxmaqdan yorulmadı. Bəzən səhərdən axşama kimi səssizcə dayanaraq ürəyində Gülcamalla dərdləşir, bütün həyatının unudulmaz dəqiqələrini xatırlayıb yalnız bununla öz könlünü ovundururdu.
Bir axşam, dərdini bölüşmək üçün bir dosta rast gəlmək ümidilə evdən çıxdı. Bayırdan qapını bağlayıb açarı özüylə götürdü. Aylı-ulduzlu bir yay gecəsi şəhər üzərinə qanad gərmişdi. Sərin bir meh əsirdi. Sahil boyundakı ağacların yarpaqları sakit-sakit tərpənir, yavaşcadan pıçıldaşırdı. Sahildə gediş-gəliş çoxdan kəsilmişdi. Yalnız arabir kinoların qabağından ötüb-keçənlər, harasa tələsən adamlar qaralışırdı. Dostlardan, tanışlardan isə heç kim görünməyirdi. Deyəsən onların hamısı cəbhələrə gedib, uzaqlarda bu sakit şəhərin keşiyini çəkir, gecəni gündüzə qatıb, odlar-alovlar içindən keçərək bu böyük dünyanın nəhayətsiz üfüqləri arasında balaca, lakin hər şeydən qiymətli olan bir insan səadətini qoruyurdular.
Aslan isə indi yalnız o gözləri görürdü. O gözlər də həmin səadətin bir timsalı kimi hər yerdə, hər zaman inadla Aslanı təqib edirdi. Bir zamanlar ona həyatı, təbiəti, hətta bəzən dünyanın əziyyətlərini sevdirən Gülcamal, onun təsəvvüründən indi də bir an silinməyirdi. Bəlkə Gülcamalın bu gözlənilməz ölümünə səbəb Aslan özü idi? Bəlkə o gözlər ömrünün sonuna kimi Aslanı indikindən də qüvvətli bir inadla izləyəcək, o məyus baxışlarındakı məna ilə onu daha çox həyəcana salacaqdı.
Aslan sahil boyu ilə xeyli getdikdən sonra aradığı dostlarından birini də tapa bilməyib dağ parkına doğru uzanan yola sarı buruldu, bu tənha küçə ilə yuxarılara dırmandı. Keçib-gəldiyi məsafəni gözəyarı təyin etmək istəyirmiş kimi, dönüb geriyə boylandı. Artıq bütün şəhər ayağının altında idi. Bədirlənmiş ay dənizin tən ortasında üzürdü. Bakının uzaq sahil boyunda tək-tək işıqlar yanırdı. Onlar da elə bil Gülcamalın gözlərini əvəz edib Aslana baxırdı. Sonra birdən ay yox oldu. Onun yerində, ağ buludlar arasında Gülcamalın o məsum, o gülümsər çöhrəsi göründü. Aslan indi də xəyal aləmində idi. Bir insanı eyni zamanda yerdə də, göydə də təsəvvür edə bildiyinə özü təəccübləndi. Gülcamal nə üçün səmada idi? Boz səhrada, aydın səmada, şəhərin göz qırpan tək-tək işıqları yanında görünən o sima artıq həyatda yox ikən, necə ola bilərdi ki, həm orada, həm burada Aslanın gözünə görünsün?..
Bu suala cavab axtaran zaman, Aslanın bütün vücudundan soyuq bir cərəyan keçdi. O üşüyürdü. Havanın xəfif tərpənişindən, belə soyuq ola bilməzdi. Bir də Aslan buzlu-şaxtalı Rusiya iqliminə çoxdan öyrəşmişdi. Bəs onu üşüdən nə idi?
O, gözlərini yumdu. O tərəfə çevrildi. Addımlarını yeyinlədib şəhərdən daha da uzaqlaşdı. İndi artıq heç bir şey görünməyirdi. Onun bütün varlığına yalnız bir qüvvət hakim kəsilmişdi. Burada, bu tənhalıq içində də o qara gözlər onu təqib edirdi. Gözlərini yumanda belə, Gülcamalın azca süzgün nəzərləri Aslanın təsəvvüründən ayrılmayırdı. O qara gözlər elə bil bir-birinin arxasınca düzülüb nəhayətsiz üfüqlərə doğru hey uzanırdılar.
Aslan birdən anladı ki, Gülcamal da, onun gözləri də Aslanın təsəvvüründə deyil, könlündədir, onları bu könüldən heç bir zaman çıxarıb atmaq mümkün olmayacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-qara-gozler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cavanşirin sarayı*Elçin**
Yeddinci şəkilCavanşirin sarayı*Söhrab**
Səkkizinci şəkilCavanşirin sarayı, Cavanşir, Elçin, Zibeydə oturublar. Kütlə də səhnədədir.*Fərid daxil olur.*
Doqquzuncu şəkilCavanşirin saray otaqlarından birinin həyəti. Elçin səhnəyə daxil olur və gedir. Zibeydə xatun və Aybəniz daxil olurlar.*Zibeydə**
Стихи других поэтов
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı