Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.

Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

Günlərin birində, hələ obalar yaylaqda ikən, Kərəm dəstəsini çəkib, arvad-uşağını görməyə gəlmişdi. Dostları dərələrə dağılışıb, paltarlarını çıxarmadan, aynalı tüfənglərini yanlarına qoyub yatmışdılar. Kərəm özü isə alaçıqda yorğan-döşək saldırıb, arvadının yanında uzanmışdı. Ağır və məşəqqətli səfərlərin yorğunluğunu unutmaq istəyirdi. Ancaq onun gözlərinə yuxu getmirdi. Düşmənini unuda bilmirdi. O, tez-tez sağa-sola çevrilir, sevimli arvadının ilıq nəfəsini duyduqca onun gün-güzəranının olmadığına təəssüflənirdi.

Kərəm, gecədən xeyli keçmiş qalxıb, alaçıqdan eşiyə çıxdı. Gəzindi. Ətrafı yoxladı. Bütün oba sanki bir əbədi yuxuya getmişdi. Adətən sayıq yatan qapı itlərindən də səs-səmir gəlmirdi. Kərəm isə düşməninin hər dəqiqə qəfildən hücum edə biləcəyini düşünürdü. O, gəzinə-gəzinə, obadan bir az kənarda, hündür qayanın dalına girib keşik çəkən dostuna yanaşdı, qəsdən pıçıltı ilə soruşdu:

– Yatmısan ki, Mərdan?

Cavan qaçaq da yorğun idi, amma yatmamışdı:

– Xeyr, Kərəm dayı, – dedi. – Əgər yuxu məni üstələsə, barmağımı kəsib duz basaram!..

– Duzun varmı?

– Var, Kərəm dayı, – deyə Mərdan çuxasının vəznəsini göstərdi.

Yaralı barmağa duz basmaq, vəfalı dost nəzərində o qədər də böyük fədakarlıq deyildi.

Kərəm çəkməsinin uzun boğazından gümüş başlı çubuğunu çıxardıb, tənbəki doldurdu. Çaxmaq daşı itlə qov yandırdı, tənbəkini tüstülətdi. Kərəm Mərdana bir söz demədən, yenə gəzindi, yenə ətrafı dinlədi. Bu sakit, səssiz aləmdə hər şey rahat idi, yalnız Kərəmin ürəyi rahat ola bilmirdi. Oba üzərini çən bürümüşdü, axşamüstü mavi göyün boşluğunda gözəl bir gəlin ədası ilə süzən ay indi hardasa gizlənmişdi.

Kərəm çox gəzib dolandı, tez-tez çəndən siyrilib çıxan yollara çox nəzər saldı, amma heç bir ins-cins gözünə dəymədi. Kərəm yenə də sakit ola bilmədi. “Görünür İsrafil ağa bizim gəlişimizdən xəbər tutmayıb, yoxsa indiyəcən harda olsaydı, dəstəsini çəkib üstümüzə gələrdi” – deyə düşündü və alaçığına qayıtdı.

Qaranlıqdan arvadının səsini eşitdi:

– Kərəm, gözümün nuru, gəl uzan, mən qalxıb keşiyini çəkərəm!

– Vəfalı qadın köksünü ötürəndə, kədər dolu bir ah çəkdi. O, yaşarmış gözlərini göyə dikib Allaha yalvardı. – Ey böyük tanrı, mənim balalarıma rəhmin gəlsin!..

Kərəmin ürəyi poladdan möhkəm, ipəkdən yumşaq idi. Arvadının xeyir-duası onu da qəhərlənirdi:

– Qəm yemə, Gülsabah, – dedi, – yaman günün ömrü az olar...

Qadın dinmədi. Ərinin səsindəki qəm nidaları onun qüssəsini daha da artırdı. Kərəm uzandı. Tüfəngini yorğanının üstünə qoydu. Azca yatmaq və dünyanın dərdini-kədərini unutmaq istədi...

Gecə o qədər uzun, saatlar, dəqiqələr o qədər ağırdı ki...

Nəhayət, Kərəmin gözləri qapandı. Şirin yuxu o mərd, o qüdrətli igidi də məğlub elədi...

Kərəm nə qədər yatdığını bilmədi. O, yalnız hava işıqlanmağa başlayarkən oyandı. İndi artıq qorxu azalmışdı. İsrafil ağa gündüz hücum fikrinə düşə bilməzdi. Kərəm yerindən qalxaraq, alaçığı tərk etdi. Obanın şimalında, dünən keşikçinin dayandığı qaya dibindən pıq-pıqla qaynayan muncuqlu bulağa tərəf getdi. Hələ gənc yaşlarından sevdiyi bu gur çeşmə, ən əziz xatirələrlə bağlı idi. Kərəm tüfəngini qayaya söykədi, patrondaşını açıb, daşın üstünə qoydu, çuxasının ətəklərini qatlayıb, kəmərinə keçirdi, qollarını çırmadı. Buz kimi soyuq suda doyunca əlüzünü yudu. Əgər bu dəmdə güzgüyə baxsaydı, geniş alnındakı xəncər yerinin qaraşın saqqalına, uzunsov, qırxıq başına, qalın burma bığlarına, nə isə daxili bir kədərlə yanan iri, tünd qara gözlərinə necə yaraşdığını duymamış olmazdı. At belinə qalxanda, saçaqlı papağı və qara yapıncısı onu nəhəng bir qartala oxşadırdı. Amma indi, bulaq başında yuyunan vaxt Kərəmi sadə və sıravi dəliqanlı kənd dəliqanlısından fərqləndirmək çətin idi. O, yaylıqla əlini-üzünü silib, daş üstündə oturdu, istər-istəməz dərin düşüncələrə daldı. Özünün, ailəsinin, dostlarının taleyini fikirləşirdi və namərd zəmanəyə lənət oxuyurdu. Kərəm bilirdi ki, onu arvadından-uşağından, elindən-obasından didərgin salan da bu zəmanədir. İsrafil ağanı öldürsə də, həyat onun üzünə gülməyəcək. Kərəm gənclik illərində indiki kimi qaraqabaq deyildi. O, gülər, oynar, zarafatlaşardı. Qəhqəhə çəkəndə, qənd kimi ağ dişləri görünər, dağda-dərədə əks-səda verən səsi köhlən atın kişnəməyini xatırladardı. “Yox, görünür, alnıma belə yazılıbmış, eldən-obadan uzaqda, qürbətdə ömrümü başa vurmaqdan qeyri çarəm yoxdur”, – deyə düşünərək, patrondaşını çiynindən aşırdı, tüfəngini də götürüb obaya qayıtdı.

Alaçığa girmək istəyəndə, qapıdan azca sağda çətənin dibində gözünə bir patron sataşdı. Kərəm duruxdu və dərhal, qeyri-ixtiyari patrondaşını yoxladı: “Bu, mənim deyil!” – deyə xəyalən yoldaşlarını danladı, böyük oğlunu yollayıb, onların hamısını çağırtdırdı. Bütün dəstə yığışandan sonra, əlindəki patronu yuxarı qaldırıb dostlarına göstərdi, töhmətli nəzərlərlə bir-bir onları süzərək, hamı eşitsin deyə ucadan soruşdu:

– Bu kimindir?

Qaçaqlar tez-tələsik patrondaşlarını yoxladılar. Kərəm bir də soruşdu:

– Kimindir, hə?

– Heç kəs patron itirməmişdi. Kərəmin rəngi kömür kimi qaraldı:

– Ay uşaqlar, – dedi, – bu gecə İsrafil ağa burdaymış... Məni vurmağa gəlibmiş... Ax, Mərdan, Mərdan... Bax, yaxşı gözdə-qulaqda olmamısan!

Mərdanın rəng-ruhu qaçdı: bir an belə onun gözünə yuxu getməmişdi.

Kərəm dedi:

– Məni o, çox asanlıqla vura bilərmiş, amma istəməyib... Bilirsinizmi niyə?

Qaçaqların gözlərində sanki eyni sual yazıldı: “Niyə ki?”

Kərəm öz sualına cavab vermədi. Onu dinləyənlər içərisində arvad-uşaq da vardı. Kərəm əmr elədi:

– Gedin, atlanın! Dağlara çəkilək. İsrafil ağa da, kazaklar da hər dəqiqə başımızın üstünü ala bilər...

Yoxsa Kərəm qorxurdu? Əlbəttə, yox. O, bütün obanın gülləbaran olunmağını istəmirdi.

Qaçaqlar atlanıb, yola düşdülər. Bir az gedəndən sonra oba görünməz olanda, Kərəm atının qantarğasını çəkdi, maralgözlü, ceyranyerişli kəhər ayğır şaha qalxaraq yanakı dayandı, o biri atlıların yolunu kəsdi. On iki nəfərin gözü Kərəmə dikildi. Hamı diqqət kəsildi. Kərəm dedi:

– Ay uşaqlar!.. İsrafil ağa gecə ikən obaya gəlibmiş... Ancaq məni vurmayıb. Bilirsinizmi nə səbəbə, hə? O, mənim düşmənim də olsa, əsil igiddir... Məni arvadımın yanında gördüyü üçün fikrindən daşınıb... Bu patronu da o atıb... Demək istəyib ki, səni öldürə bilərdim, amma arvadına bağışlayıram. Mən ona bir borclu!..

Dəstə yoluna düzəldi, uzaq dağlara istiqamət aldı...

Ay keçdi, il dolandı. Kərəm İsrafil ağaya rast gəlmədi. Yaz günlərinin birində, obalar yaylağa köçməyə başlayanda, Kərəm öz dəstəsilə kəndə üz tutan zaman, yolda qəfildən çar kazakları ilə qarşılaşdı. Qanlı vuruşma oldu. Qaçaqlar yaxşı səngərlənə bilmədilər. Yoldaşlarından ikisi vuruldu. Kəndə girmək fikrindən əl çəkdilər, həlak olmuş yoldaşlarının meyitini götürüb, yenə dağlara qalxdılar. Kərəmin də, dostlarının da göz yaşı sel kimi axdı. Bundan sonra qaçaqlara batmaq çətin idi. Onların üstünə bir alay qoşun da yerisəydi, Kərəmin halına təfavüt eləməzdi, çünki qaçaqlar dallarını sıldırımlı bir dağa söykəmişdilər, hücuma keçən düşməni isə bircə-bircə biçib-tökə bilərdilər. Amma Kərəm buralarda çox dayanmaq fikrində deyildi. Dəstənin azuqəsi qurtarmışdı. Ac-susuz qalmamaq üçün uzaq bir yerə çəkilib hökumət adamlarının nəzərindən yayınmalı idilər.

Kərəm Arazın o tayına keçdi. Bütün yayı Təbrizdə qaldı. Arvadından-uşağından ayrı yaşamaq həm Kərəmin özü, həm də yoldaşları üçün çox çətin idi. Qaçaqlar sözü bir yerə qoydular, həmişəlik İranda qalmağı bu məqsədlə şaha namə göndərməyi qərara aldılar. Lakin təbrizli qardaşları bunu məsləhət görmədilər. İran şahı ilə Rusiya çarını nəzərdə tutaraq:

– İt-itin ayağını basmaz!.. – dedilər.

Bu sözlər Kərəmin beyninə batdı. O, yenə öz mahalına dönməli oldu. Qanundan kənar yaşamaq artıq onu təngə gətirmişdi. Ancaq o, nə edə bilərdi? Üzə çıxıb hökumətə təslim olsaydı, ya dar ağacından asılacaq, ya da ən azı qarlı Sibirə ömürlük sürgünə göndəriləcəkdi. kərəm bunu yaxşı bilirdi. Axı özü də, yoldaşları da yüzlərcə bəy, yasavul kazak öldürmüş, dövlətli mülkədarların xanımanına od vurmuş, tacirləri soyub, əlsiz-ayaqsız insanlara kömək eləmişdilər. Kərəm bilirdi ki, çar məhkəməsi onların günahını heç vaxt bağışlamayacaq, “Ədalət naminə” zülmün, zorakılığın tərəfini saxlayacaq. Bəs Kərəm nə etməli idi? Bu sual onu bir gün yox, iki gün yox, aylarla, illərlə düşündürmüşdü.

Dəstə Arazın bəri tayına keçib, yenə yaylaqlara üz tutdu. Kərəm ömründə bu qədər qəmgin və ümidsiz olmamışdı. Obalar arana köçürdülər. Dağların döşü ilə uzanan dar, əyri-üyrü yolları qoyun sürüləri tutmuşdu. Hər tərəfdə hay-haray qalxmışdı. Yanıqlı mahnı səsləri yamaclarda əks-səda verirdi. Kərəm də, yoldaşları da bədbin idilər. Qürbət diyarlarda sərgərdan gəzməkdən artıq cana doymuşdular.

– Ən uzağı ölümdür!.. – deyə obalarına dönmək, heç olmasa arvad-uşaqları ilə son dəfə görüşmək istəyirdilər.

Birdən Kərəmin gözləmədiyi bir hadisə baş verdi. Dağ yolunda qan düşməni İsrafil ağaya rast gəldi. İsrafil ağanın obası dolama yolla dağdan enirdi. Göy mahuddan vəznəli çuxa geymiş, ceyrandan iti, maraldan göyçək, səkil atına minmiş İsrafil ağa, çiynində aynalı tüfəng, özü kimi silahlı dostlarının əhatəsində, köçün qabağında gəlirdi. Kərəm onu lap uzaqdan tanıdı. Yoldaşlarına dönərək:

– Atdan düşün, daşa girin!.. – deyə ucadan səsləndi.

Qaçaqlar bir göz qırpımında onun əmrini yerinə yetirdilər, özləri də, atları da görünməz oldular.

İsrafil ağa yaxınlaşırdı. O, at belində necə məğrur oturmuşdusa, Kərəmin ürəyində qibtə oyadacaq qədər qamətli və gözəl görünürdü. Kərəm intiqam saatının gəlib çatdığını düşündü, kinlə qarışıq bir sevinc duyaraq, tüfənglərini hazır tutmuş dostlarına müraciət elədi:

– Uşaqlar, mən deməyincə atmazsınız ha!..

İsrafil ağa qaçaqların düz bərabərinə çatanda, Kərəmin əlləri yanına düşdü:

– Atmayın, uşaqlar!.. – dedi, amma özü nə üçünsə tüfəngin şeytanından barmağını çəkmədi.

İsrafil ağa nəyə isə gülürdü. Dostları da onun kimi şad və xürrəm idilər. Kərəm isə qəzəbindən titrəyir, belə bir fürsəti əldən verməyə məcbur olduğuna hirslənirdi.

– Eyyy, İsrafil!.. – deyə qaçaq Kərəm boğuq və titrək bir nida ilə düşməni səslədi. – Mənəm. Borcumu verməyə gəlmişəm!..

İsrafil ağa bir an, yalnız bircə an özünü itirən kimi oldu, ancaq tezcə də tüfənginə əl atdı. Lakin artıq gec idi. Tərkindəki oğlan uşağı hərəkətini ləngitmişdi.

– Mən borcumu ödədim!.. – deyə Kərəm bu dəfə artıq fərəhini boğa bilməyib, dəli kimi qəhqəhə çəkdi, sanki onun atsayağı kişnədiyi gənclik illəri geriyə qayıtdı. – Mən də səni körpənə bağışladım!.. Sür atını, get. Lənət bu fani dünyaya! Lənət bu zəmanəyə!..

İsrafil ağa da əl saxladı. Yoldaşları da əl saxladılar. Hamısı Kərəmi tanımışdı. Üzünü görməsələr də, tanımışdılar. Bir də ki, güllə atmağın heç bir faydası yox idi. Onsuz da hədəfi görmürdülər. Kərəm də, yoldaşları da qaya dalında möhkəm səngərlənmişdilər.

Köç uzaqlaşdı. Kərəm, deyəsən, dərdini-qəmini unutmuşdu. O, qeyri-ixtiyari, saçaqlı papağını gözünün üstünə endirdi, məlahətli və zil səsi ilə bir-iki ağız bayatı dedi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов