Konsert
Страница 1 из 2
I
Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Səbrinin barmaqları o qədər sürətlə hərəkət edirdi ki, pianonun dillərinə dəyib-dəymədiyini görmək çətin idi. O, birdən dayandı. Piano kiridi. Səbri tələsmədən, nota vərəqini çevirdi və gözlərini məchul bir nöqtəyə zilləyib yenə çalmağa başladı. Onun yaratdığı ahəng xəyal deyildi. Həqiqət idi. Bunu Ədhəm də hiss edirdi. Damağındakı papiros sönmüşdü. Onun da gözləri qeyri-müəyyən bir nöqtəyə zillənmişdi. O da duyur, o da yaşayırdı.
Balaca otaqdan qopan səslər, tez-tez ahəngini dəyişirdi. Ədhəm bir yerdə sakit otura bilmir, gah ayağa qalxıb gəzinir, gah da Səbriyə yaxınlaşıb hərəkətsiz dayanaraq, həyəcanla dinləyirdi.
Səbri bütün diqqətini toplayıb son akkordları vurdu. Pianonun dilləri qeyri-adi bir qüvvətlə balaca otağı birdən titrətdi və birdən də kiridi.
Səbrinin o qədər də cazibəli olmayan qalın dodaqları arasından incə dişləri göründü. O, çaldığı əsərinmi, yoxsa ürəyinə axan sevincinmi təsirindən nəşələnib bir xeyli yoldaşının üzünə baxdı.
Ədhəm yalnız bir neçə dəqiqə sükut etdikdən sonra fikirdən ayrıldı:
– Çaldığın əsər hansı kompozitorundur? – deyə Səbridən xəbər aldı. – Mən bu cür əsəri xatırlamıram. Kimindir?
– Sənin fikrincə kimin olar?
– Ya Bethovenin, ya da...
Səbri qaqqıltı ilə gülüb yoldaşının sözünü kəsdi:
– Deməli, biz ya Bethovendən oğurlamışıq, ya da...
Bu cavabı eşidəndə, Ədhəm qızardı:
– Yox, yox mən elə demək istəmədim. Qəhrəmanlıq simfoniyasını xatırladan bir üslubda yazılmışdır. Mənə elə gəlir ki, bu əsər dinləyənləri titrədəcəkdir – deyə. Ədhəm əvvəlcə Səbrinin üzünə baxdı, sonra gözlərini aşağı dikib dırnaqlarını qurdalamağa başladı.
Səbrinin qalın dodaqlarına nisbətən çox yaraşıqlı görünən inci dişləri yenə parıldayırdı. O, pianonun dalından qalxaraq, əli cibində gəzinmək istərkən, özü haqqında Ədhəmdən çoxdan eşitdiyi bir sözə işarə ilə qəsdən soyuqqanlı bir tərzdə dedi:
– Məndə yüksək və mənalı əsər yaratmaq istedadı yoxdur, deyilmi?
Ədhəmin ürəyi necə döyündüsə, alnı və yanaqları qan kimi qızardı. O, küskün bir səslə cavab verdi:
– Sən nə yaman kinlisən, Səbri! Altı il əvvəl dediyim bir sözü hələ unutmayıbsan.
Yalnız adi bir sövq-təbii ilə yoldaşına baxan Səbrinin gözü incə bir təfərrüata ilişdi. Ədhəmin papiros tutan barmaqları xəfif-xəfif titrəyirdi.
Səbri doğrudan da kinli imiş. O, əlbəttə xatırlayırdı və öz barəsində deyilmiş acı sözləri uzun illər boyu inadla yadında saxlayıb, yeri gələndə üzə vurur, Ədhəmdən intiqam alırdı:
– Məni yalnız bir şey qorxudur: Həsəd!.. Heyfsən, Ədhəm...
Ədhəm bu sözlərin ağırlığına dözə bilmədi:
– Yox, yanılırsan. Mən yalnız sevinə bilərəm...
İstəkli dostumun bu cür qüvvətli əsərini dinlərkən, ürəyimdə yalnız iftixar hissi...
Lakin o fikrini tamamlaya bilmədi. Udqundu. Səbrinin gözləri indi də bu qeyri-səmimi sözləri deyən dodaqlara zillənib qaldı.
II
Səbri təhsildən qayıtdığı gündən iki il keçirdi, amma yoldaşı Ədhəmlə birinci dəfə görüşürdü. Bunun səbəbi vardı. O, Ədhəmi həmişəki kimi yox, olduqca fövqəladə bir şəraitdə, gözəl bir əsər yazdıqdan sonra görmək istəyirdi. Çünki Səbri hələ Moskvaya yola düşəndə, Ədhəm ona istehza edirdi: “Təhsil gücünə kompozitor olacaq!” deyirdi. Həm deyirdi, həm də nəşə ilə gülürdü.
Ədhəmi bütün şəhər tərifləyəndə, Səbrini pisləyirdi. Ədhəm onun hər bir əsəri haqqında acı lətifələr düzəldirdi. O, istedadlı bir təlxək idi: həm özü gülürdü, həm də başqalarını güldürürdü. Bəzən Səbri özü də gülməyə məcbur olur və bu lətifələri uydurmağa vaxt tapan Ədhəmi alqışlayırdı. Bəlkə də səhv edirdi. Amma Ədhəm bu alqışlara layiq bir təlxək idi.
Hələ məşhur tənqidçi Ağazadə elə bil onunla əlbir idi. Hər şeyə dair məqalə yazmağı bacaran, teatrı, estradanı, sirki, tarixi, Azərbaycan ədəbi dilini və hətta ədəbiyyatını öz doğma ixtisası bilən bu tənqidçi musiqi haqqında az yazmamışdı. O, məşhur fransız ensiklopedisləri kimi geniş sahələri qavramaq istəyən, lakin onların qapısında süpürgə çəkməyə layiq olmayan bir tip idi. Qəzet sütunlarını, teatrın bahalı lojalarını, operanın bahalı cərgələrini böyük bir ehtiramla Ağazadəyə təqdim edənlər də vardı. Müxtəsər, “məşhur tənqidçinin” qələmi aləmə qan uddurduğu kimi, Səbriyə də göz verib işıq vermirdi. Cavan istedadları böyük məharətlə qəbrə gömən bu tənqidçidən kompozitorla dirijor arasındakı fərqi soruşsaydılar, o, sümüklü eynəyini düzəldib, ötgün səslə cavab verərdi:
– İkisi də bir sözdür. Mədəni ölkələrdə kompozitor deyirlər, amma yarımmədəni ölkələrdə dirijor.
Həmin bu məşhur tənqidçi, uzun müddət Səbrinin yazdığı əsəri dinləyənlər üzünə həsrət qoydu; ona məsləhət gördü ki, “aqronomluğa, bəlkə də ondan daha mədaxilli olan baytarlığa getsin”.
Səbri gənc idi. Təcrübəsiz idi. Təlxəkliyi bacarmırdı. Ancaq onun, “məşhur tənqidçi” qədər olmasa da, hər halda özünə görə qənaəti vardı:
– Mənim biliyim çatışmır, Moskvaya gedib oxuyacağam.
O Ağazadə ilə məsləhətləşmədən təhsil almağa getdi. Dörd il oxudu, iki il də məşhur musiqi ustaları ilə birlikdə işlədi. Onların təcrübəsi ilə yaxından tanış oldu. Səbrinin qüvvətli istedadını görən qoca ustalar ona məsləhət gördülər ki, yenə vətənə qayıdıb yaradıcılığa başlasın.
Beynəlxalq yarışlardan böyük qələbə ilə çıxan gənc ustalar yetirmiş qoca müəllim Səbrinin alnından öpüb deyirdi:
– Xalqınızın zəngin musiqisi var. Böyük rus kompozitorları çox vaxt sizin musiqinizdən istifadə edərək, ölməz əsərlər yaratmışlar. Siz də bu yolla gedin. İlk əsərlərinizdə xalq ruhunun aydın izləri görünür. Yalnız bir nöqsanı vardır ki, səviyyəcə yüksək deyil. Gedin əziz vətənə, bir neçə ildən sonra yenə görüşərik...
Səbri Bakıya qayıdandan sonra iki il də rayonları gəzdi, kəndləri dolaşdı, tütək çalanları dinlədi, zurnaçılara qulaq asdı, aşıqları oxutdurdu, toy məclislərində, el bayramlarında böyük bir həvəslə iştirak etdi. Xalq dastanlarını, el qəhrəmanlarının maraqlı sərgüzəştlərini öyrəndi və şəhərə dönərkən, özü ilə bərabər insanı heyrətə salan zəngin materiallar da gətirdi. Bu gün çaldığı əsər, onun yazdığı “Azad insan” simfoniyası idi.
O, istehzalı təbəssümlərə məruz qalan balaca əsərlərdən sonra, müəllimlərini və dostlarını sevindirən bir simfoniya yaratmağa müvəffəq olmuşdu. Səbri dərin bir sevinc hissi duymağa haqlı idi...
III
Ədhəm, pianoda çalınan parçaların orkestrdə necə qüvvətli gurlayacağını düşünüb, Səbridən qat-qat zəif olduğunu gördü. Özü də duymadan, onun papiros tutan barmaqları xəfif-xəfif titrəyirdi.
– Əlbəttə, Səbri, – deyirdi, – mən də şəxsən sənin istedadlı bir gənc olduğunu bilirəm. Amma Ağazadə yenə sağdır. O, qəzetlərdə yenə yazır.
Səbri yoldaşının fikrini o dəqiqə başa düşdü.
– Mən şöhrət dalınca qaçmayacağam. Gecə-gündüz işləyib əsər yazacağam. Ağazadəyə gəlincə, o, sənin düşündüyün qədər də böyük təhlükə deyil.
Ədhəm cavab verməyə tələsdi:
– Axı hər halda tənqidçidi, tamaşaçılara istiqamət verir.
– Yanılırsan, dostum... Pis tənqidçilər tez unudulur, amma yaxşı əsərlər qalır. Mən çalışıb əsərlərimlə dinləyicilərə istiqamət verəcəyəm. Onun bədii zövqünü korlayan mahnılardan yüksək xalq musiqisinə doğru geniş bir yol açacağam.
Ədhəm bu dəfə istehza ilə qımışdı. Dostunun üzünə baxdı, sonra gözlərini yerə dikdi. O, nədənsə, istəyirdi ki, qarşısındakı adamın yenə də heç bir nüfuzu olmasın: hər addımda istehza ilə qarşılansın, onun şöhrətini kölgələndirməsin. Bu gün eşitdiyi əsəri xatırlayıb həyəcanlanır, ürəyinin dərinliklərində onu narahat edən bu yeni hadisəyə soyuqqanlı baxa bilmədiyini ixtiyarsız büruzə verirdi.
Birdən Səbri nəyi isə xatırlayıb gülümsündü. Ədhəm təəccüblə soruşdu:
– Niyə qımışdın? Olmaya elə düşünürsən ki, mən paxıllıq edirəm?
– Yox, qətiyyən! Yadıma bir şey düşdü.
– Nə?
– Əfşan hardadır? Düz üç il olar ki, görməmişəm... Aranız necədir?
– Əfşan?.. Buradadır. Həkim olub. Məni əvvəlkindən yüz qat çox sevir. Necə, nə üçün xəbər aldın?
– Maraqlanmaq olmazmı?
– Nə üçün olmaz. Təəccübümə səbəb odur ki, birdən soruşdun.
Səbri dinmədi. Üzündəki təbəssüm izləri yavaş-yavaş silinib getdi.
– Deyirsən çox sevir?
– Sualların qəribədir...
– Yaman qısqanc olubsan, Ədhəm, yaxşı deyil... Bu sənin üçün ayıbdır.
Səbri danışığına ara verib pianoya yaxınlaşdı, bir az əvvəl çaldığı əsərin bir hissəsini yenidən təkrar etdi. Sonra üzünü Ədhəmə çevirib üst-başına işarə ilə gileyləndi:
– Tələbəlik məni bu kökə saldı, özümə hələ də yeni bir kostyum almamışam... Qızlar yüz dəfə bismillah deməmiş üzümə baxmırlar... Bilmirəm konsert verəndə, belə çıxsam ayıb, olmaz ki?
Ədhəm təəccüblə soruşdu:
– Konsert verəcəksən?
– Olmaz?
Ədhəm çiyinlərini çəkdi.
– Nə deyim?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-konsert
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Стихи других поэтов
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!