Страница 1 из 2

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.

Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

Bayatılar qədər xalq içərisində geniş yayılmış ikinci bir ədəbi janr bəlkə də yoxdur. Azərbaycan folkloru klassik Azərbaycan şerinin doğma qardaşı sayıla bilər. Bu iki qol hər zaman bir-birinə mütaqabil təsir göstərmişdir. Şübhəsiz ki, bunun səbəbi hər şeydən əvvəl folklor şerinin xalqımız üçün daha yaxın, daha anlaşıqlı və daha doğma olmasıdır. Xalqın ürəyinə yol tapmağa çalışan hər bir şair, xalq şerini uzun zamanlardan bəri sevə-sevə işlətdiyi obrazlar sistemindən, təfəkkür tərzindən özünəməxsus bir şəkildə istifadə edəcəkdir. Yeni şeiri yaradan mütləq əski şeiri bilməli, onu sevməlidir.

Bayatı özü də inkişaf edir, tematik vüsətini genişləndirir, yeni-yeni formalara girir; bu da məsələnin ikinci və mühüm cəhətlərindən biridir.

Bayatılar hər zaman Azərbaycan şerinin zəngin xəzinəsində son dərəcə görkəmli bir yer tutmuş və tutacaqdır. Ümumiyyətlə, bayatılar xalq şüurunun dərinliyini, xalq hissinin zənginliyini ən aydın və ən səmimi bir şəkildə ifadə edən sadə bir janr olmaqla bərabər, eyni zamanda əbədi təsir qüvvəsini hifz edən ən dərin şeir formasıdır.

Folklor şeirinin başqa janrları kimi bayatılar da fərdi yaradıcılıq məhsuludur. Belə olmasaydı, şübhəsiz, bu əsərlərin fikri-fəlsəfi məzmunu və emosional təsiri də səviyyəcə müxtəlif olmazdı. Müəlliflərini tanımadığımız bu həqiqi şeir inciləri, yəqin ki, bir zaman böyük bədii istedada malik olan adamlar tərəfindən yaradılmışdır. Hətta müxtəlif şəkillərdə təkrar edilə-edilə zəmanəmizə qədər gələn eyni bayatını belə müqayisə edəcək olsaq, bunların da müxtəlif bədii zövq sahibləri tərəfindən söyləndiyi dərhal aydınlaşar. Kədərini, sevincini, arzu və əməlini həyəcanlı, bədii formada söyləməyi bacaran bir qadın yaxud bir kişi nə üçün sənətkar adlanmasın? Uzun dastanlar yazmış və bir zaman adlı-sanlı şair sayılmış bəzi adamların əsəri indi artıq unudulduğu halda, dörd misralıq bir əsər yaşayır və kim bilir bundan sonra neçə əsr yaşayacaqdır! Bu əsərlər zamanın ağır imtahanından müvəffəqiyyətlə çıxa bildikləri üçün bunları yaradanlara sənətkar deməmək doğrudan da haqsızlıqdır!

¹ “Bayatılar” məcmuəsi, Bakı, 1943

Son zamanlara qədər tədqiqatçılar adət üzrə folkloru bütün xalqın məhsulu sayır, bu və ya başqa bir şairin əsəri kimi təhlil etmirdilər. Aydındır ki, həqiqi mənada xalq həyatı və xalq ruhu bu əsərlərin mahiyyətini təşkil edir. Lakin yazılı ədəbiyyatda olduğu kimi, folklorda da yaradıcının həyat hadisələrinə baxışı, əsas fikrin-ideyanın ifadəsindəki qüvvəti bu və ya başqa bir əsərin müxtəlif səviyyədə meydana çıxmasına səbəb olur; yəni qüvvətli bir sənətkarın əsərləri əbədi yaşadığı kimi, istedadca zəif bir şairin yaratdığı əsərlər uzun müddət yaşaya bilmir. Çox ola bilsin ki, vaxtilə söylənmiş bir sıra bayatı uzun müddət təsir göstərə bilmədiyindən və ifadə etdiyi fikrin məhdudluğu üzündən indi artıq xalqın hafizəsindən silinib getmişdir. Bizim şərti olaraq əbədi adlandırdığımız motivlərdən bəhs etməyən, yüksək fikirdən və gözəl bədii ifadə formalarından məhrum olan bir sıra bayatılar da, ayrı-ayrı yazılı əsərlər kimi, öz vaxtında müəyyən bir rol oynayaraq, öz dövrünü yaşayaraq unudulmuşdur.

Bayatılar folklor şeirinin ən aktual növlərindən biridir. Müasir ədəbiyyatda günün məsələlərindən bəhs edən siyasi-təbliği şeirlər nə qədər əhəmiyyətlidirsə, bayatılar da öz zamanında bir o qədər əhəmiyyətli və təsirli olmuşdur. Hadisəyə əlaqəsini tez və qəti bildirmək istəyən müasir şair kimi, bayatıların müəllifləri də əsərlərinin neçə müddət yaşayacağı haqqında düşünmədən gözləri önündə cərəyan edən hadisənin bədii ifadəsini vermişlər. Bunların bəzisi unudulmuşsa, bəziləri klassik irs kimi ədəbiyyat xəzinəsinə daxil olmuşdur. Bu da yenə yaradıcılığın qüvvətindən və bayatının xalq ruhundan dərin bir əks-səda taparaq hiss və həyəcanların həqiqi tərcümanı ola bilməsindən asılı məsələdir.

Bayatıların xalq yaradıcılığı adlanması da bu məsələ ilə əlaqədardır. Xalq tərəfindən qəbul edilən, ictimai zövqün və təsirin imtahanından çıxan bayatı dildən-dilə düşərək yaşayır və öz bədii-tərbiyəvi vəzifəsini yerinə yetirir. Lakin, o, həmişə canlı bir yaradıcılıq prosesi keçirir. Ayrı-ayrı dövrlərdə ayrı-ayrı adamlar tərəfindən, tamamilə başqa bir münasibətlə söylənir və buna görə də onun bədii təsiri də müxtəlif olur. Müəyyən bir münasibətlə çox yerində söylənmiş bir bayatının dərin təsir bağışladığını az görməmişik. Eyni zamanda bayatılar daima dəyişir və yaşayır, əvvəlki mətn çox vaxt gözəlləşir, kəskinləşir, bəzən də əksinə, bədii cəhətdən zəif bir şəkil alır. Bu nöqteyi-nəzərdən bayatıların, laylaların və mahnıların nə zaman və kimlər tərəfindən yarandığını təyin etmək məsələsi çətinləşir. Buna görədir ki, biz vaxtilə ayrı-ayrı ağıllı, həssas və bədii zövqə malik adamlar tərəfindən yaradılmış bu əsərləri xalq şüurunun bir ifadəsi kimi qiymətləndiririk. Bayatılar xalqın zəngin hissini, bədii təfəkkürünü ifadə edirlər. Nəcib insan hissləri, ən incə təbii ehtiraslar, səmimi və təmiz qəlb çırpıntıları, gözəl və hikmətli sözlər, kim bilir, neçə milyon ürəkləri, fikirləri fəth edərək, zəmanəmizə qədər gəlib çıxmışdır. Bayatıların tarixi yolu onların bədii qüdrəti ilə birləşərək öz əhəmiyyətini daha da artırmışdır.

Bayatıların çoxusu lirik xasiyyət daşıyır. Burada müəllif öz şəxsi həyəcan və iztirablarını ilk plana çəkir; hətta onun bəhs etdiyi bir matəm, çoxlarına aid olsa da, o, bu hadisəni öz şəxsi kədəri kimi ifadə etməyə çalışır. İlham, həm də qüvvətli bir ilham olmadıqca bayatı yarana bilməz. Bayatının müəllifi həqiqi mənada lirik şairdir. O əksəriyyətlə özünün daxili varlığını, özünün şəxsi münasibətini gizlətmir, əksinə, daha da yanıqlı və ürəyinin dərinliyindən gələn bir məftunluq hissi ilə dinləyicini sarsıtmağa çalışır.

Sevgiyə həsr olunmuş bayatıların çoxunda vəfa, həsrət və intizar motivləri böyük bir sənətkarlıqla tərənnüm edilir. Ümumən bayatıların ən qüvvətli nümunələrini sevgi lirikası adlandırmaq daha doğru olar. Burada həmişə incə insan hissləri dərin və səmimi bədii obrazlar vasitəsilə verilir:

Bu dağlar qoşa dağlar,
Verib baş-başa dağlar,
Yarım səndə gəzibdir,
Səni yüz yaşa dağlar!

Yaxud sevgilisini bütün başqa sərvətlərdən üstün tutan bir aşiqin misralarını oxuyun:

Qara at nalı neylər,
Qara qaş xalı neylər,
Sənin tək bir yarı olan
Dövləti, malı neylər?

Bu sadəcə bayatı nəcib insan məhəbbətini nə qədər yüksək və qiymətli bir sərvət kimi tərənnüm edir!.. Burada məhz xalqımıza xas olan sadə, lakin eyni zamanda dərin bir fəlsəfə vardır: insan dövlətdən, maldan müqayisəedilməz dərəcədə yüksəkdə durur!..

Bəzən sənətkarın ecazkar qüdrəti sayəsində bayatı geniş bir əhatə qüvvəsinə malik olur və daha dərin fəlsəfi əhəmiyyət kəsb edir. Buna görədir ki, həyata və dünyaya dərin, fəlsəfi bir baxış ifadə edən bayatıların ömrü daha uzundur:

Su gələr, axar gedər,
Qayalar yıxar gedər.
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.

– sözlərini oxuyarkən, bizim qarşımızda həqiqi, mütəfəkkir bir şairin xəyalı yüksəlir. Burada müəllif bəlkə də heç adını eşitmədiyi Heraklitlə səsləşir!..

Bayatıların ifadə etdiyi əhval-ruhiyyə olduqca müxtəlifdir. “Ağı” adlanan mahnılarda müəyyən dərəcədə kədər, göz yaşları və dərin həsrət motivləri vardır:

Dağlar dağımdır mənim,
Qəm ovlağımdır mənim,
Dindirmə qan ağlaram,
Yaman çağımdır mənim.

Ağzım aça bilmərəm,
Açsam saça bilmərəm,
Dalımda qəm yükü var,
Salıb qaça bilmərəm.

Səhər tezdən oyandım,
Dərədə, qəmə boyandım,
Daş olsaydım ərirdim,
Torpaq idim, dayandım.

Lakin belə bayatılarda da bədbinlik adlana biləcək bir əhval-ruhiyyənin hakim olduğunu düşünmək yanlış olardı. Folklor üçün bu xüsusiyyət heç də xarakterik deyildir. Çox qəribədir ki, o dünya ümidilə yaşayan adamların dünyagörüşü ilə zəhərlənmiş bayatı, demək olar ki, yox dərəcəsindədir. Nağıllarımızda, dastanlarımızda dini təfəkkürün dərin təsiri duyulmadığı kimi, bayatılarda da bu təsirin izi görünmür. Bayatı yaradan müəlliflərdə həyat eşqi, mübarizə və qələbə meyli son dərəcə qüvvətlidir. Bu xüsusiyyət onların əsas, istiqamətverici xüsusiyyətidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 мин
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 мин
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 ч 10 мин
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 ч 5 мин

Стихи других поэтов