Şeytanın barmağı
Təmsil
Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.
Elə bu vaxt kor şeytan yoldan aralı, kiçik bir təpənin dalında oturub, balalarını yemləyirdi. Kəndlinin arabasını da görür, səsini eşidirdi. O öz-özünə deyirdi: “Ey xəbis insan, nə qədər ki, mən varam, sən heç vaxt öz həyatından razı qalmayacaqsan, əzab-əziyyət ömürlük sənin yoldaşın olacaq. Mən hər yerdə, hər zaman sənin keyfinə soğan doğramasam rahat ola bilməyəcəyəm. Mənə lənət oxuduqca, özünə ziyan verəcəksən!..”
Kəndli yıxıldığı yerdən qalxanda, üz-gözü qana bulaşmışdı. Nə qədər çalışıb-çapaladısa da, arabanı çökəkdən çıxara bilmədi. Öküzləri açdı. Arabanı qaldırıb, yola tərəf sürmək istədi. Amma gücü çatmadı. Yazıq-yazıq ətrafına boylandı, köməyə çağırmaq üçün adam axtardısa da, heç kəs gözünə dəymədi.
Şeytan onun fikrini dərhal başa düşüb, tez-tələsik insan cildinə girdi, təpənin dalından çıxıb, kəndliyə sarı gəldi, qəmgin bir görkəmlə salam verdi.
– Ay bədbəxt! – deyə başını bulayıb, nırçıldadı, kəndlinin dərdinə şərik oldu. – Axı, nə üçün gəlib bura düşmüsən? Düz yolla gedə bilməzdinmi? Mən olmasaydım kim imdadına çatacaqdı?
Şeytan kəndli ilə köməkləşib arabanı yola tərəf çəkməyə başlayanda, qəsdən təkəri daha dərin bir çökəyə saldı. Bu dəfə arabanın oxu xariltı ilə dibindən qırıldı. Kəndli yanıqlı-yanıqlı əlini dizinə çırpıb, ucadan deyindi:
– Lənət sənə kor şeytan!.. Bu nə işdi mən düşdüm?
Şeytan yenə təəssüflə başını bulayıb, ah çəkdi:
– Doğrudan da adamın sənə yazığı gəlir. Neyləyim, qardaş? Əlimdən gələni əsirgəmədim. Günün bu istisində yoldan da qalıb, sənə kömək elədim. Başqa çarən yoxdur, gərək özünü tez kəndə yetirib, ayrı bir ox gətirəsən, mən də burda oturub, öküzlərin keşiyini çəkəm.
Kəndli yenə kor şeytana lənət deyə-deyə yola düzəlib, uzaqlaşdı. O, dərəyə enəndə, şeytan libasını dəyişdi, balalarının yanına gəldi. “O gedib-qayıdana kimi şər qarışacaq, sonra da boz qurd gəlib öküzləri təhərə çəkəcək” – deyə sevinclə düşündü.
Şeytanın balalarından biri məyus-məyus köksünü ötürüb, anasından soruşdu:
“Ay ana, de görüm sən niyə belə bədbəxtsən? Niyə insan övladı, bir balaca işi düz gətirməyəndə, sənə lənət oxuyur? Sən ki, burdaca oturub bizi yemləyirdin. Axı, günahın nə idi ki, o, səni yamanlayırdı?
Şeytan özünə məxsus bir hiyləgərliklə gülümsədi, tək gözünü qıyıb, uşağına mənalı-mənalı baxaraq dedi:
– Bala, kəndli tayfası çox bic tayfadır. O, öz düşmənini səndən də, məndən də yaxşı tanıyır. Doğrudur, mən burda oturmuşdum, sizi yemləyirdim, amma barmağım öküzün quyruğunun altında idi. Axırda onu elə qıdıqladım ki, soncuq atıb, arabanı yoldan kənara çəkdi. Mənə də elə bu lazım idi. Bəs necə eləyə idim? Gərək mənim barmağım bir iş görsün, ya yox? Əkin əkən deyiləm, biçin biçən deyiləm. Allahın dərgahından qovulalı ayrı sənət tapa bilmirəm. Bəs necə olsun? İnsan yaxşı-yaxşı işlər görsün, mən də durum baxım?
Şeytanın balası təəccübdən donub qaldı. Deməyə söz tapmadı. Amma fikir onu götürmüşdü. Sonradan-sonraya, ürəyinə nə gəldisə, yeməyinə ara verdi:
– Ana, – dedi, – belə çıxır ki, kəndli səni yerində söyürmüş. Olmazmı ki, bu çirkin əməlindən biryolluq əl çəkəsən, özünə başqa bir peşə tapasan?
Şeytan dedi:
– Olmaz, bala, olmaz. Əgər mən bu əməlimdən əl çəksəm, onda şeytanlıqdan çıxıb adam olaram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-seytanin-barmagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..
Böyük aşıqAzərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlərDeni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.
Dahi sənətkarI**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Стихи других поэтов
Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Aşıq Sadıqla deyişmə (II)Sadıq**Adəmdən Xatəmə
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.