Страница 2 из 4 · 25%

– Qızım, – dedi, – adam da özünə bu cür zülm elər? Sən ki bu gün alatorandan acsan... Bir ovuc düyü saxlamışdım Bişirdim, qızlar yedi. Faiq anası ölmüş gəldi, onun qabağına heç nə qoya bilmədim. Səni çox gözlədi, axırda kor-peşman qayıtdı. Bircə günlüyə izin alıbmış... O balaca torbada beş-on kartof, üç-dörd yumurta gətirmişdi... Yazıq uşaq gedəndən sonra bunu bilmişəm... Götür ondan, bir-ikisini qızart, sən də ye!

Sevinməyə bəhanə tapmış kimi gülümsədim:

– Çox sağ ol, xala, – dedim. – Faiq həmişə bizim dadımıza çatır. Bu saat kartof qızardıb yeyərəm, doğrudan da yaman acmışam...

Qarı mən sarıdan arxayın olub, öz otağına keçdi. Mən kartof soydum. Bişirdim, ancaq yeyə bilmədim. Tikə boğazımdan ötmürdü. Vanna otağına keçdim, uşaqların çirkli paltarını yudum. Əslinə baxsan, mən özüm də kədərimin səbəbini onlardan gizlətmək fikrində deyildim. Ancaq əhvalatı birdən-birə açıb söyləməyə dilim gəlmirdi. Doğrudur, qızlarım hələ balaca idilər, bütün ailəmiz üçün necə bir fəlakət baş verdiyini o qədər də yaxşı anlaya bilməzdilər, ancaq Bədirnisa xala son dərəcə həssas bir qadındı və həqiqəti ondan gizlətməyin mənası yoxdu...

Bütün gecəni yata bilmədim. Saat onacan dərslərini hazırlayıb yerlərinə girmiş və yuxulamış qızlar, bunun fərqinə varmadılar, ancaq Bədirnisa xala, oğlu cəbhəyə gedəndən bəri adətən səksəkəli yatırdı, yerinə uzansa da, çox vaxt gözünə yuxu getmirdi. O, mənim stol dalında bu qədər çox oturduğumu görməyə bilməzdi. Doğrudan belə oldu. Mən onun sakit addımlarla dəhlizə çıxdığını, mənim qapımın ağzından keçəndə ayaq saxladığını və oğrun-oğrun mənə sarı boylandığını, sonra da yanıma gəlmək istədiyini duyub, yerimdən cəld qalxdım və özüm onu qarşıladım:

– Niyə yatmırsan, Bədirnisa xala?

Onun sual dolu baxışları bir xeyli üzümə dikilib qaldı. Aydındı ki, nə isə ürəyinə dammışdı.

– Canına yazığın gəlsin, qızım, – dedi. – Olan-olub, keçən-keçib...

Bu dərdə mübtəla tək biz deyilik... Hər şey tanrının əlindədir.

Mən daha ona təsəlli vermədim: yalan demək üçün rola girməyi bacarmadım, yaxşı ki, o da mənə çox bənd olmayıb, yenə də səssizcə addımlarla öz otağına qayıtdı... Mən təkrar stolumun dalına keçdim. Evdə necə səssizlik idisə, öz otağında ah çəkirmiş kimi yavaşcadan köksünü ötürən qayınanamın səsi açıq-aydın gəlib qulağıma çatırdı. Mənim qarşımda kitab vardı, ancaq oxuduğum beynimə girmirdi. Mən yenə də düşünür və qəti bir fikrə gələ bilmirdim. Hər halda Müdhətdən aldığım məktubun məzmununu həm direktorumuza, həm də partiya bürosuna yazmalıydım. Kimdən və nədənsə qorxduğum üçün yox, yalnız öz vicdanım qarşısında təmiz olmaq üçün, yoldaşlarımın və dostlarımın üzünə şax baxa bilmək üçün. İndi hətta mənə elə gəlirdi ki, bu barədə bir az gecikmişəm, bilmədiyim və ya tanımadığım hansı bir bədxah isə məndən əvvəl artıq bu xəbəri təcili olaraq, canına yel dəyməmiş, lazımı yerlərə çatdırmışdır.

Tamam gücdən düşmüş halda, yuxum gözümdən tökülə-tökülə ərizə yazdım və paltarımı soyunmağa belə ərinib üzüqoylu çarpayıma sərildim...

Nə qədər yatdığımı bilmirəm. Mən uşaqları məktəbə yola salan qayınanamın səsinə oyandım. Tezcə qalxıb əl-üzümü yudum. Belə hallarda hesabla gərək səliqə-sahmanımı unudaydım. Ancaq qadınların zəif damarından məndə də vardı. Başımı darayıb, saçlarımı təzədən hörməyi və güzgüyə baxıb sir-sifətimi nəzərdən keçirməyi unutmadım. Dünəndən bəri məndə rəng-ruh qalmamışdı. Elə bil qaşlarımın arasındakı qara xalın da rəngi solmuşdu. Soyumuş çaydan yarım stəkan içib, əl boyda çörək payımı yeyə-yeyə tramvay duracağına yüyürdüm...

Bizim iş otağımız uzun və geniş dəhlizin sağ tərəfində idi. Qapımız pilləkənə açılırdı. Pilləkən isə birinci mərtəbəyə, laboratoriyamıza enirdi. İyirmi kvadratmetrlik işıqlı otağımızda dörd stul qoyulmuşdu. Mən Kirov prospektinə baxan hündür pəncərənin qabağında oturdum. O biri rəfiqələrim isə bir-birilə yanaşı divar boyu oturdular. Vaxtımızın çoxunu laboratoriyada keçirirdik. Təcrübələrimizin yekununu yazmaq üçün buraya gələndə, adətən, elmi mövzulardan yox, dərd-sərimizdən, Sovet Məlumat Bürosunun verdiyi son xəbərlərdən, yeni paltar modalarından, ən çox da ərzaq qıtlığından danışırdıq. Yaşca fərqimiz çox deyildi. Heç kim sirrini bir-birindən gizlətmirdi. Üçümüz evli idik. Yalnız yəhudi qızı Rima hələ ərə getməmişdi. Ona oğlan bəyəndirmək olmurdu. Kimin adını çəkirdiksə, üz-gözünü əyib, əlini tovlayır, “eh, siz də adam tapdınız!” deyib bizə arxa çevirirdi. Deyəsən ömürlük qız qalmaq fikrində idi. O, keçən ilin baharında namizədlik dərəcəsi almışdı, indi isə doktorluğa hazırlaşırdı. Bəzən ərə getməkdən söz düşəndə, qalın qaşlarını çataraq, pamada ilə rənglənmiş nazik dodaqlarını büzərək, kəsik saçlarını ikiəlli sığallayıb deyinirdi:

– Mən əyyaşlar üçün araq pulu qazanmaq fikrində deyiləm!.. Həyatda mənim idealımı tapmaq çətindir, oğlanların hamısı yağlı yer axtarır, mənimsə zəhləm alfonslardan gedir!..

Mənim sağ tərəfimdə oturan Tura isə ərini tərifləyir, Səməd Vurğundan sitat gətirirdi:

– “Əli bəy quş kimi yemləyir məni!..”

Sənin bəxtin gətirib, Tura, – deyə Rima təqdirdən çox təkdir eləyirmiş kimi, üz-gözünü daha da turşudub, əl güzgüsündə özünə baxabaxa damağını nırçıldadırdı. – Amma mən buna da yoxam, o səni quş kimi yemləyir, sən də ona naz satırsan. Süniliyə düşmənəm!

Doğrusu onun indiyəcən ailə həyatı qurmamağı məni həmişə təəccübləndirirdi. Axı, Rima heç birimizdən çirkin deyildi. Əksinə, boybuxunu və qaş-gözü (hələ mən onun necə ağıllı və çalışqan olduğunu demirəm) ən surətpərəst oğlanları da cəzb eləyə bilərdi. Mümkün deyildi ki, ona tez-tez elçi gəlməsin. Bəs nə üçün o, indiyə kimi ərə getməmişdi? Özü bu barədə bir söz deməsə də, biz bilirdik: vaxtını ötürmüşdü. Məlumdur ki, adətən qız gənc yaşlarında öz tayını tapmasa, sonralar, yəni kamala çatanda oğlanlara daha tənqidi yanaşır, onların xasiyyətlərində başqalarının görə bilmədiyi qüsurlar tapır və elçiləri də bir-birinin ardınca məyus yola salır. Rima təzə modalı geyimləri o qədər də xoşlamırdı. Ancaq həmişə təmiz və səliqəli geyinirdi. Mən onun əynində çox vaxt açıq mavi rəngdə yun jaket, tünd yaşıl yun parçadan tarım tikilmiş tuman, qırçınlı yaxalığı qar kimi ağaran və həmişə də ütülənmiş üst köynəyi görərdim. Bəzən jaket əvəzinə pencək geyər, qalstuk taxardı. Əgər dodaqlarını boyamasaydı, onu bu geyimdə daha çox oğlana bənzədərdilər. Hər saatı nədir, hər dəqiqəni faydalı bir işə sərf eləmək onun müqəddəs devizi idi. Azacıq boş vaxt tapan kimi, köhnə xurmayı portfelindən ingilis dili dərsliyini çıxardıb, dodaqlarını səssiz-səmirsiz tərpədərək yeni-yeni kəlmələr əzbərləyirdi. “Hər gün beş söz-normamdır”, – deyirdi. Bəzən isə altı-yeddi kəlmə öyrənirdi və belə hallarda özündən razı qalıb, portfelinin balaca gözündə saxladığı pamada ilə dodağının boyasını təzələyirdi, sonra da Sergey Yesenini qəribə bir məftunluqla oxuyurdu...

Mənim kədərli olduğumu hamıdan əvvəl o sezdi. Ərizələrimi kitabın arasından götürüb partiya bürosuna getmək istəyəndə, o, qapıda mənimlə üz-üzə gəldi. Biz, az qaldı, toqquşaq. Rima təəccüb ifadəsi ilə parıldayan gözlərini mənə dirəyib soruşdu:

– Nə yaman tez gəlmisən, Sema? Hələ işin başlanmağına iyirmi dəqiqə var ki. Sənə nə olub belə, rəngin-ruhun özündə deyil?

Mən onun böyründən sivişib keçmək istədim, o buraxmadı.

– Laboratoriya hələ bağlıdır, – dedi. – Nə əcəb belə tezdən?

O, gözlərini məndən çəkmirdi. Görünür, sir-sifətim doğrudan da çox dəyişmişdi. Rima qolumdan tutub içəriyə dartdı, qapını örtdü. Yenə israrla soruşdu:

– Yoxsa Müdhətdən bir xəbər var? Dünəndən gözümə birtəhər deyirsən...

Mən etiraf elədim:

– Düz deyirsən, Rima, qanım bərk qaradır. Müdhətdən məktub gəlib...

– Qara xəbər? – O, elə bil son dərəcə adi və əhəmiyyətsiz bir hadisədən danışırdı. Çoxlarının cəbhədə həlak olmağına dair alınan xəbərlər, ölüm hadisəsinə soyuqqanlı baxmağa camaatı alışdırmışdı. – Sən özün həmişə deyirsən ki, su qabı suda sınar... Deyilmi?

– Elədir, deyirəm... Səni inandırıram ki, ölüm xəbəri məni bu qədər sarsıtmazdı. Ondan da müdhiş xəbərdir.

Rima səksənmiş kimi başını bir az dikəltdi.

– Müdhəti sürgünə yollayıblar, – dedim.

– Nə üçün?

– Guya düşmənə könüllü əsir düşüb...

– Özü yazır?

– Özü. – Mən əlimdəki ərizəni ona uzatdım. – Burada hamısını yazmışam.

Rima stolunun dalına keçib oturdu. Kağızı açıb qabağına sərdi. Əllərini gicgahlarına söykəyib, oxumağa başladı. İndi də mən ondan gözümü çəkmirdim. Açıq havada gəzməyə çıxmadığından, onun kül rənginə çalan bənizi daha da solğunlaşdı.

– Bax, Sema, – dedi və oxumağına ara verdi. – Ərin də belə dərdləri var... Ancaq bu ərizəni nahaq verirsən. Axı sən nə üçün Müdhətin hərəkətinə cavabdeh olmalısan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов