Страница 2 из 2 · 50%

Müdirə:

– Siz gedin, – dedi, – rahat olun, biz bu məsələni aydınlaşdırarıq...

Qeysər səndəlidən qalxdı, sakit addımlarla qapıya yanaşdı. O, indi səhvini anlamağa başlayırdı. Əvvəlləri Hidayət ona, bütün keçmişini unutmuş, bir adam kimi görünürdü. Ancaq indi, Qeysər yanıldığını ürəyində etiraf etməyə məcbur oldu.

Hidayət əski bir zabit idi. Boş vaxtında qadınlarla əylənməyi sevən bir adamdı. Bunu Qeysər sanki birdən xatırladı: “Bu barədə heç kəsə bir şey demərəm” sözlərini fikrindən keçirdi. Sonra birdən:

– Yox, – dedi, – hidayətlər çoxdur, başqalarını əyləncə alətinə çevirmək istəyənlər çoxdur; stolundan, nüfuzundan şəxsi ehtirasları üçün istifadə edənlər, bizə əskidən yadigar qalıblar. Müdirənin dediyi günə də az qalıb...

– Əlbəttə biz belə adamları idarələrimizdən asanlıqla təmizləyəcəyik, – deyə müdirə, sürətlə qapını açan Qeysərə baxdı – indi sıra bizə gəlir...

Qeysər başı ilə bu fikri təsdiq edib, şöbədən çıxdı.

IV

O gün qəzetdə belə bir məqalə dərc olunmuşdu: “Okruq sığorta idarəsi müdiri Hidayət Xəlilov köhnə bir mülkədar ailəsindən olub, əski hərbiyyə məktəbində təhsil almış, üç il Nikolay ordusunda, Aprel inqilabına qədər də “müsavat” ordusunda hərbi vəzifə daşımış bir adamdır.

O, Gəncədə əks-inqilabi qüvvələrə yardım edərək, bolşeviklərlə mübarizədən çəkinməmişdir. 20-ci ildə Türkiyəyə qaçmış və 24-cü ildə qayıdaraq yerli hökumətə verdiyi ərizəsində bütün köhnə fikirlərindən əl çəkdiyini göstərmişdi. Əvvəlləri idarələrdə kargüzarlıq, sonralar da bəzi yaxşı vəzifələrdə işləmişdir. Bu yeni vəzifəsində o, iki ildən artıqdır ki, çalışır.

Xəlilovun indiki hərəkətləri də köhnə fikirlərindən daşınmadığını göstərir: evinə qulluqçu adı ilə gətirdiyi bir qızı, az yaşlı olmasına baxmayaraq, kimsənin xəbəri olmadan ikinci bir arvad olaraq almışdır. O, bu hərəkətlərilə Şura hökumətinin qadınlar haqqındakı siyasətinə zərbə vurmağa çalışır.

Xəlilov sığorta idarəsindən bir sıra qadınlara, xəstə olmadıqları halda, artıq pul vermiş və kurorta göndərmişdir”.

V

Qeysər artıq ailə haqqında əvvəlki qədər düşünmürdü. Yalnız, kluba gəlib-gedərkən yoldaşlarını başa salardı:

– Burada yalnız Hidayət deyil ki?! Belə adamlar çoxdur. Onları hamıdan artıq özümüz tanıyırıq. Heç qorxmayın! Daha biz kişilərdən asılı deyilik, öz əməyimizlə çörək qazana bilərik. Hərgah bu adamlar yenə də idarələrimizdə qalsalar, sizi əmin edirəm ki, gələcəkdə daha pis günlər görəcəyik.

Qeysər bu sözlərinə cavab ala bilmədi, qadınlardan bir neçəsi, onun fikrinə şərik olmadığını söylədi. O vaxt Qeysər, fikrinin səhv anlaşıldığını duydu:

– Müqəssir olmayanlarla belə rəftar eləmək olmaz, onları başqa qərəzlərdən müdafiə edin!.. Mən Hidayət kimilərini deyirəm. Bizə lazım olmayan belələridir.

Qeysər öz-özünə dedi: “Bu yazıqlar hələ də qorxurlar, mən tanıdığım bir neçə arvadın əri Hidayətdən də pisdir. Onlar bunu açıb söyləyə bilmirlər. Yəqin “Kişidir, hər halda onun ixtiyarı bizdən çoxdur,” – deyə düşünürlər”. Nə etməli? Sonra səhvlərini başa düşərlər”.

VI

İki may günü idi.

Qeysər təhkim olunduğu kənddən qayıdırdı; yolda dəstə ilə gedən yoldaşlarına rast gəldi. Onlar çayın qırağındakı meşəyə gəzməyə gedirdilər. Bu gün hamı gülür, hamı sevinirdi.

Qeysər faytondan düşdü, qozlada oturmuş qoca kişiyə:

– Mənim şeylərimi evimizə apar! – dedi.

Fayton yorğun atların ardınca şəhərə doğru sürünməyə başladı...

Onlar qarmon çalan bir qadının dörd yanını bürüyüb oynaya-oynaya meşəyə doğru getdilər.


May günəşi, uca dağların qarını əridib, çayları coşdurur, kanalları da bahar suları ilə doldururdu. Şəlaləli çaylar, dəli bir hiddətlə iri daşları, kökü çürümüş ağacları yerindən qoparıb axıdırdı. Buna heç fikir verməyən qadınlar meşəyə çatan kimi, dalda bir yerə çəkilib çimməyə hazırlaşdılar. Gətirdikləri yemək şeylərini, qazanları kölgəli bir ağacın dibində qoyub soyundular, köpüklü dalğalar arasında üzməyə başladılar. Qadınların mərmər vücudunu yuyub şütüyən sular, onları axıda bilmirdi. Bu sərt və coşqun dalğalar, uzaqlardan qoparıb gətirdiyi çör-çöpləri aparır, qara torpağa qatırdı.

Qadınlar kölgədə toplandılar, tez paltarlarını geyindilər. Hərəsi bir iş ilə məşğul olmağa başladı.

Bu anda qadınlardan biri Qeysərə yaxınlaşdı, gülə-gülə soruşdu:

– Hidayətin işini sənə dedilərmi?

– Yox, nə oldu ki?

– Vəzifədən çıxartdılar, işini də məhkəməyə verdilər.

– Doğrudanmı?

– Doğrudan...

– Buna nə sözüm ola bilər? İndi bir az ağlı başına gələr.

Qadınların bəzisi suda yuyunarkən də Qeysərdən danışırdı. Ancaq o özü bu danışıqların fərqinə varmamışdı.

– O, evdən əl çəkməz, ev onundur!..

– Bu saat o, ev arayıb axtaran deyil ay canım!..

Bu cümləni söyləyən qadın haqlı idi; Qeysər bir də ev qadını olmayacaqdı. O, qadınlar şöbəsində işləyirdi, evi də unutmuşdu.

...Qeysər bu yeni xəbəri eşidəndə iyirmi dəqiqə əvvəl çimdiyi suların sərt dalğalarını, axıb uzaqlara gedən çör-çöpləri xatırladı. Onun fikrincə Hidayət bu xırda, lazımsız, çürük ağac parçalarından o qədər də fərqli deyildi...

1929 — fevral, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов