Страница 6 из 9 · 56%

Tahir bu fikirdə ikən, qoluna bir əl toxundu. Başını qaldırıb baxdı. Səməndər idi:

– Hə, dost, demə ki, görmədim, – dedi.

– Nəyi?

– Lətifə ilə gəzdiyini...

Tahir, yoldaşının səmimiyyətlə dediyi bu sözlərə yalnız səssizcə gülməklə cavab verdi:

– Gedək, gəzək!.. – Səməndər Tahirin qolundan tutdu. – Elə mən də onun yanındakı qızı gözaltı eləmişəm, – deyə Tahirin qulağına pıçıldadı. – Hər şey qızdan asılıdır. Fikir verdinmi, Katerina açarı necə götürüb qoynunda gizlətdi? Elə bil o bu açarla, düşdüyü qaranlıq zindanın qapısını açıb, işıqlı dünyaya çıxmaq istəyirdi!

– Məhəbbət elədir də... Mən ha deyim filankəs məndən ötrü dəlidivanədir, nə olsun?

– Əlbəttə, gərək onun da sənə könlü ola...

Onlar foyeyə çıxanda Tahir uzaqdan Lətifəni görüb Səməndərə cavab verməyi belə unutdu.

Bu sadə gənclərin söhbətini dinləyən bir nəfər kişi öz arvadına deyirdi:

– Bu uşaqlara bax, bayaqdan fikir verirəm, elə ağıllı söhbət eləyirlər ki...

Səməndər bu sözlərin özlərinə dair deyildiyini hiss edib bir daha dinmədi. Tahirə üz tutub işarə ilə onu kənara çəkdi:

– Bizə qulaq asırlar... – dedi və fikirli-fikirli əlavə etdi: – Aşna, məhəbbətlə zarafat olmaz!

Onlar teatr salonundan çıxıb fəhlə qəsəbəsinə gedəndə, Tahir artıq Lətifəni hər gün uşaq kimi xırda suallarla məşğul etməməyi, hər dəfə onunla qabaq-qabağa gəlməyə can atmamağı daha düzgün hesab edir və bundan sonra hər addımını ölçüb-biçəcəyinə söz verirdi.

...Cəmil isə heç yana getməyib, evdə tək qalmışdı. O, Tahirlə mübahisə eləyəndən sonra çox pərt idi. Bir başqasından yox, məhz xətrini istədiyi yaxın dostundan eşitdiyi əsassız, amma ağır ittihamlar onun könlünə bərk toxunmuşdu. Nə üçünsə Tahirdə şübhə doğuran, ancaq əsil həqiqətdə yoldaşlıq səadətini hər şeydən yüksək tutan və ani əhvali-ruhiyənin təsirinə düşüb hissə qapılmayan Cəmil, adətən çox şeyi ürəyinə salardı. O, Tahirə cavab vermişdisə də, yenə rahat olub, bir yerdə qərar tuta bilmir, tez-tez əlinə kitab alıb oxumaq istəyirdisə də, fikrini toplaya bilməyib yenə ayağa qalxır, bəzən eşiyə çıxır, ümumi yaşayış evinin dal tərəfindəki xali küçədə gəzinir, sonra yenə evə qayıdıb, dalı üstündə çarpayısına uzanır, gözlərini otağın tavanına zilləyir, düşünür, daşınır, axırda özünün heç bir günahı olmadığını görür, daha da qanı qaralırdı. Ona ən çox yer eləyən bu idi ki, Tahir, onun bir il qabaq gəldiyini bilə-bilə, Lətifəni sevməyə ondan da artıq haqlı olduğunu başa düşə-düşə, onu bu haqdan məhrum eləmək istəyir, buna hətta vəfasızlıq adı verir, hələ bir onun üstünə hücum çəkib komsomolçuluğunu da şübhə altına alırdı.

“Bəlkə günah özümdədir? Bəlkə mən sirrimi Tahirdən nahaq gizlətmişəm? Bəlkə mən bunu əvvəldən ona desəydim, indi aralıqda heç belə söz də olmazdı?” deyə düşünən Cəmil, yenə kitabı kənara atıb ayağa qalxdı, bayaq getdiyi yolla xali küçəyə döndü, səkiyə qalın kölgə salmış yasəmən ağaclarının yanı ilə yavaş-yavaş addımlayaraq, təkdənbir gəlib-gedən adamlardan belə üzünü gizlətməyə çalışaraq, iki-üç dəfə var-gəl elədi. O, Lətifəni sevirdi, özü də çoxdan Bakıya gəldiyi gündən sevirdi. Bəs nə üçün bunu təkcə dostlarından deyil, Lətifənin özündən də gizlədirdi? Cəmil, ağır təbiətli bir oğlan idi, qıza ürəyini açanda ondan yalnız müsbət cavab alacağına əmin olmaq istəyirdi. Doğrudur, Cəmil Lətifənin ona könlü olduğuna inanırdı, ancaq rədd cavab almaq qorxusu onun cəsarətini azaltmışdı. Bir də Cəmil, Tahir kimi, hər dəqiqə Lətifənin xəyalı ilə yaşamır, yaşaya bilmirdi. Çünki buruqda olarkən, bütün fikri-zikri işdə idi. O, birillik təcrübəsindən başa düşmüşdü ki, istehsalatda iş vaxtı kənar fikirlərlə məşğul olmaq yaramaz. Bundan təkcə onun özünə deyil, bütün yoldaşlarına, usta Ramazana, ümumən neft istehsalına ziyan dəydiyini bilirdi. O, buruğun böyük mexanizmində özünün xırdaca bir vint olduğunu anlasa da, bu vintin sərrast işləməyindən də çox şey asılı olduğunu dərk etmişdi. O bilirdi ki, buruğun qurtarmağı hamıya səadət gətirir: fəhlə yoldaşları mükafat alır, briqadanın adı yaxşılığa çıxır, trest tədricən də olsa, kəsrini ödəyir, dama-dama göl olan kimi, bəlkə buruqlardan alınan neft də bir yerə toplanıb Bakının, respublikanın üzünü ağardır. Cəmilə elə gəlirdi ki, o diqqətsiz işləsə, yalnız özünün xəyalları ilə yaşasa, yalnız öz xeyrini düşünsə, başqalarına, birinci növbədə onun namusla çalışan, buruğu öz həyatının ayrılmaz bir hissəsi sayan fəhlə yoldaşlarına ziyan dəyər və bunun nəticəsində o heç kimin üzünə dik baxa bilməz. Bu şüur onda vərdiş və etiqad halına gəlmişdi. İndi artıq Cəmil öz daxili qüsurları ilə mübarizə ehtiyacı duymurdu. Onun fikrincə Tahir hələ bunları başa düşmürdü, amma istehsalata isnişdikcə, tədricən başa düşəcəkdi. Axı, Cəmilin özündə də bu vərdiş birdən-birə əmələ gəlməmişdi, o da vaxtilə hər şeyi tez və asan bir yolla başa vurmaq, sonra kinoya, teatra getmək, Lətifəni tez-tez görmək istəyirdi. “Mən bu barədə niyə Tahirə heç nə deməmişəm? Niyə onu başa salmamışam?” Bu sual Cəmili xeyli düşündürdü, sakit və ilıq gecədə xoş bir ətir qoxusu saçan ağacın dibində dayanarkən, o, dərindən nəfəs aldı və yenə fikrə cumdu. Birdən o anladı ki, daha gecdir, bundan sonra Tahirə deyəcəyi xeyirxah sözlərin müsbət təsiri olmayacaq, əksinə, Tahir bu sözləri bir intiqam kimi qəbul edəcək və aralarındakı inciklik daha da artacaq, qüvvətlənəcəkdir.

O yenə otağa qayıtdı. Dəhlizdəki divar saatında on iki olmuşdu. Deməli, bir azdan sonra Lətifə teatrdan qayıdacaqdı.

Cəmil yenə qərar tutub dayana bilmədi. “Gedib Lətifəni görəcəyəm... Ürəyimi açıb deyəcəyəm... Bir ildir, düz bir ildir mən onu sevirəm” – Cəmil bu qədər səbir edə bilmədiyinə özü də təəccüb elədi: “Deyəcəyəm!” – deyə ucadan səsləndi. Lakin o, qapının ağzında divar saatının çıqqıltısını eşidə-eşidə duruxdu: “Axı mən ona necə deyim ki, səni sevirəm? Birdən o mənə ağır cavab versə?..”

...Cəmil onun yolunu çox gözlədi. Əslinə baxsan səbirsizliklə gözlədiyi üçün də hər dəqiqə ona bir saat qədər uzun göründü.

O ağaca söykənib dayanmışdı. Qəsəbənin üstündəki açıq səmada üzən ayın işığı ağacın sıx yarpaqlarına toxunub parça-parça olmuş, yerə tökülmüşdü. Ətraf o qədər sakit idi ki, uzaqlardan gələn tramvayın güyültülü səsi aydın eşidilirdi.

Qızlar tramvaydan düşüb, təpənin döşünə qalxan daş pillələrə sarı gələndə, Cəmil Lətifəni lap uzaqdan tanıdı. O, Zivərlə yanaşı yeriyirdi. “Ayrılmasalar, mən ona heç nə deyə bilmərəm”. Cəmil də yavaş-yavaş, uzaqdan-uzağa onları izləməyə başladı. Qızların söhbətini bütün varlığı ilə dinləyən Cəmilin qulağına bu sözlər gəlib çatırdı:

– Gedək bizə... Evinizə telefon eləyib deyərsən.

– Yox, Lətifə onsuz da nigaran qalıblar. Anamı tanımırsan?

Lətifə onun qoluna girdi və pillələrin sonuna çatanda sağa tərəf çəkdi.

– Gedək!.. – dedi və bir daha onu buraxmadı.

Onlar bir-birindən ayrılmadılar. Cəmil kor-peşman geri qayıtdı. yenə xali küçədə bir xeyli gəzindi. Sonra ümumi yaşayış evinə gəldi. Yoldaşlarının hamısı qayıtmışdı. Otaqdakı lampanı söndürüb yatmışdılar. Küçədə yanan fanar Səməndərin də, Tahirin də üzünü işıqlandırırdı. Onlar sakit-sakit nəfəs alaraq dərin yuxuya getmişdilər.

Cəmil ən çox Tahirin üzünə baxırdı. Tahir gülümsəyirdi. Cəmilə elə gəldi ki, onun bütün sifətində xoşbəxt bir ifadə var.

“Bəlkə də mən gecikmişəm?” deyə Cəmil həyəcanla düşündü və dırnaqlarının ucunda, nəfəsini çəkmədən çarpayısına yanaşdı...

4

Lalə ilə Qüdrət isə gecə saat ikiyə qədər mübahisə edib, tamaşa haqqında uzun-uzadı mülahizə yürütdülər. Lalə, Katerinanın intiharını min bir dəlillə təkdir edir, bunu iradə zəifliyi adlandırır, amma Qüdrət əksinə, bu ölümün yeganə çıxış yolu olduğunu iddia edirdi.

– Diqqət yetirsəydin, görərdin ki, Katerina öləndən sonra dirilər ona qibtə edirlər. Çünki o qaranlıq mühitdən, intihar ilə də olsa çıxış yolu tapmaq hünər istəyirdi.

Lalə isə deyirdi ki:

– Əgər o, dini adətlərə və ailə zülmünə qarşı çıxmış olsaydı, ölümə də qalib gələ bilərdi.

Qüdrət öz kitabları arasından “Tufan” əsərini tapıb, misallarla fikrinin doğruluğunu sübut etmək istərkən, yemək otağından telefon zənginin səsini eşidib ora yönəldi. Laləni xəbər aldılar, Mədəndə qazılıb qurtarmaqda olan bir buruqda bədbəxt hadisə üz vermişdi. Təcili tədbir lazımdı.

Lalə telefonun dəstəyini yerinə qoymadan, trestə zəng edib maşın istədi və tez-tələsik geyinib siqnal gözləməyə başladı.

Ərlə arvad arasındakı mübahisə də kəsildi. Onların istirahət günləri çox vaxt belə keçirdi. Ancaq heç biri bundan şikayətlənmirdi. Çünki lazım olan günlərdə, vəziyyət tələb edəndə evə gəlməyib mədənlərdə gecələməyə öyrənmişdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 мин
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 мин
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 ч 10 мин
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 ч 5 мин

Стихи других поэтов