Страница 2 из 2 · 50%

Tamarin

Əfv edərsiniz, general, mən belə söz demədim.

General

Məntiqinizdən bu nəticə çıxır cənab şair...

Tamarin

Qəhrəman rus ordusu heç bir cəbhədə basılmamışdır.

General

Bəs komandirlər necə?..

Tamarin

Siz ifrata varırsınız, zat aliləri... Komandanlar çox zaman istedadsız adamlardan...

Rayevski (Tamarinin ətəyindən çəkib)

Mişel, sus!..

General (bir an sükut edərək)

Məncə bir şey aydındır...

Tamarin

Mən atəş xəttinə gedə bilərəm... Onsuz da duyuram ki, ölüm günümə çox qalmamışdır...

General

Heç kim sizi öldürmək fikrində deyil... Əlahəzrət imperator rəhmdildir... Biz – onun sadiq təbəələri də sizi xilas etmək istəyirik.

Tamarin

Şeyx Şamillə vuruşmağa da bunun üçünmü yollayırsınız?

General

Sizcə, bu vəhşi dağlılarla vuruşmaq hər bir mədəni rusun müqəddəs borcu deyilmi?.. Nə üçün susursunuz?

Tamarin

Mən razıyam... Gedirəm, zat aliləri...

General

Unutmayın ki, qəhrəmanlıq göstərsəniz, böyük rütbələrə çata bilərsiniz...

Tamarin (güclə hiss edilən bir istehza ilə)

Əlbəttə, əlbəttə...

General

Bir də, o şeirdir, nədir, buraxın getsin... Belə əhəmiyyətsiz işə qiymətli vaxtınızı sərf etməyin... Hələ eşitdiyimə görə bir dərnəyiniz də varmış...

Tamarin

Dərnək?

General

Bəli, bəli... Gizlin sui-qəsdçilər dərnəyi... Özü də yeddi nəfərdən ibarət... Bu qüvvə azdır, çox azdır, cənab paruçik... Ən adi bir çocuq marağından doğan bu dərnəklər həm yüngül, həm də mənasız və gülməlidir... Sizə məsləhət görmürəm... Senat meydanını xatırlayın!.. Dar ağacı, gərək ki, o qədər də arzu olunası bir şey deyildir.

Tamarin

Yoldaşlarımızın evində şadyanalıq etmək də qadağandırmı, zat aliləri?

General

Diqqətli olun!.. Siz də, paruçik Rayevski, bu xüsusda yoldaşlarınıza köməyi əsirgəməyin.

Rayevski

Baş üstə, general.

General

Yenə təkrar xatırladıram. Əlahəzrət imperator rəhmdildir... O sizi on illik katorqaya göndərmək istəyirdi... Sizi ölümün pəncəsindən mən xilas etdim.

Tamarin

Təşəkkür edirəm... Məni katorqa əvəzinə, yenə ölümə göndərdiyiniz üçün sizə hədsiz təşəkkürlər.

Rayevski (yenə Tamarinin ətəyindən çəkir)

Mişel, ehtiyatlı ol...

Tamarin

Gedə bilərəmmi?

General

Artıq mən sizi saxlamıram...

Tamarin (təzim edərək)

Görüşənə qədər... (Rayevski ilə bərabər gedir)

General (Tamarinin dalınca)

Bu gənc, həqiqətən qorxuludur... Qafqaz dağlarındakı mənasız ölüm onu ağıllandırar. (Zəngi vurur)

Katib (gəlir)

Buyurun, zat aliləri...

General

Paruçik Rayevskini öz yanımda adyutant vəzifəsinə təyin edirəm... Onun əmrini yazın!

Katib

Bu dəqiqə, zat aliləri... (Gedir)

General (düşüncəli bir tərzdə gəzinib papiros çəkir)

Ax, Şamil, Şamil... Dağlarda qopardığın bu fırtınanın sonu hələ də görünməyir.

Hacı Murad (birdən içəri atılır)

Axşamın xeyir, yaranal...

General (tapançasını çəkərək)

Kimsən?

Hacı Murad

Əl saxla, yaranal, mən Hacı Muradam...

General

Necə?.. Hacı Murad?.. Quş-quşluğu ilə buraya səkə bilməzdi, sən...

Hacı Murad

Bəli, bəli... Quş-quşluğu ilə səkə bilməzdi, amma Hacı Murad gələ bilər... Amma qorxmayın: adam öldürməyə gəlməmişəm.

General (bağırır)

Eyyy!..

Hacı Murad (olduqca soyuqqanlı)

Yaranal, boğazını ağrıtma... Mən Hacı Muradam... Sualıma düz cavab versən, and olsun Allaha, and olsun peyğəmbərə, sənin mübarək cəsədini, bu ayna kimi parıldayan daz kəlləni rusetin padşahına çox görmərəm.

General (atmaq istəyir)

Çəkil!..

Hacı Murad (cəld onun üstünə atılır, yumruqla vurub yerə salır)

Yenə deyirəm, yaranal... Ehtiyatlı ol: Mən Hacı Muradam... Eşitməyibsənmi? Dağıstan imamı Şeyx Şamilin nayibi igid Hacı Muradı hələ tanımayıbsanmı?.. (Yerdən generalın tapançasını götürüb stolun üstünə qoyur) Bax, zədələndi... Amma peşkəş eləsən, götürərəm... Zağlı tapançadır... Bax, mənimki pas atmışdır...

General

Vəhşi!..

Hacı Murad

Vəhşi olduğumu özüm səndən də yaxşı bilirəm... Ancaq mənim adımı eşidəndə dizlərin əsdi... Düzmü deyirəm?..

General

Böyük imperatorumuz bu hayıfı səndə qoymaz...

Hacı Murad

O, mənə nə eləyəcək?

General

Hamınızı məhv edər...

Hacı Murad

Düz deyirsən, yaranal, bütün insanların ölümü də onun könlündədir... Bayquş xaraba sevər...

General qapıya qarşı yönəlmək istəyir

Hacı Murad (astaca addımlarla, azca axsaya-axsaya onun qabağını kəsir)

Hara?..

General

Tfu!.. Gör nə baxır, elə bil vəhşi məni yeyəcəkdir...

Hacı Murad

Mən müsəlmanam, yaranal, donuz əti yemirəm... Nə sənin yanına, nə də eşiyə adam buraxılmayacaq. Hər tərəfdən qapı kəsilmişdir... O biri otaqda xanımınız yatmışdır, onu yuxudan oyatmadım... Vəhşi olsaq da, azdan-çoxdan qanacağımız var... Biz özgələrinin istirahətini pozmuruq... Amma siz, yaranal, bütün bir ölkəni qan dənizində boğmaq istəyirsiniz... Məni buraya Şamil yolladı... Onun tapşırığına diqqətlə qulaq as...

General

Demək sən ultimatum verirsən?

Hacı Murad

Ultimatum-batım?.. Yox, ondan yox... Biz deyirik ki, gözəl-göyçək cavanlarınızı nahaq yerə qırdırırsınız... Sizin padşah bizi yer üzündən sildirməyə razı olsa da, biz heç kimin ölümünü istəmirik... Birinci şərtimiz: dağlılardan tutulmuş əsirlər bu gün azad olunsun... İkinci şərtimiz: qoşun geri çəkilsin... Bu şərtlərə sabahdan gec əməl olunsa, öz baxtınızdan küsün, yaranal...

General

Düşünməyə vaxt lazımdır...

Hacı Murad

Çox gözəl... Elə isə, əmr verin hücum dayandırılsın!..

General

Xeyr... Biz hücumu dayandırmaq fikrində deyilik...

Hacı Murad

Eləmi?

General

Bəli, bəli... Biz qoşunu geri çəkməyə öyrəşməmişik.

Hacı Murad

Danışığımız uzun çəkdi, yaranal... Sizdə üç-dörd kağız-kuğuz var, zəhmət çək onları tap...

General

Nə kağız?

Hacı Murad

Padşahınızın fərmanları... Nə bilim, hər nə varsa... Mən savadsızam, özün axtar...

Atay (gəlir)

Hacı Murad, tez ol!.. Qoşun gəlməyimizdən xəbər tutdu...

Hacı Murad (gözünə dəyən, əlinə keçən bütün kağızları toplayıb qoltuğuna vurur)

Hələlik, salamat qal, yaranal... Allah səni padşahınıza çox görməsin... Şərtlərimizi unutma... Bu gün səni bu kökə salan Hacı Muraddan qorx, yaranal...

General

Get Şamilə söylə ki, mən ölsəm də, böyük rus imperiyasının gücünü zəiflədə bilməzsiniz...

Hacı Murad

Sən də padşaha yaz ki, Dağıstan igidlərinin hamısını qırmaq olar, ancaq Şeyx Şamili inadından döndərmək olmaz... Hələlik... (Atay ilə bərabər yüyürüb gedir)

General (özünü itirmiş halda gəzinir, zəngi basır, daxil olan bir zabitə)

Bu nədir?.. Siz yatmışsınızmı?

Zabit

Xeyr, zati-aliləri... Onlar gözlənilmədən hücuma keçdilər... Birdən hamının üstünü aldılar.

General

Bu gün mənim mənzilimi kim mühafizə edirdi?

Zabit

Dmitrinin manqası...

General

Gedin, onu mənim yanıma göndərin... Özünüz də iki həftə həbs olunursunuz... Aydındırmı?

Zabit

Dediyinizə əməl olunacaqdır, zat aliləri... (Təzim edib gedir)

General

Sanki mən qarışıq bir röya görürəm... Hacı Murad, Hacı Murad... Şamilin sağ əli...

General

Sənin şüurun özündədirmi?

Dmitri sükut edir

Sualıma cavab ver!

Dmitri

Zat aliləri, Hacı Murad bütün qaravul dəstələrini qılıncdan keçirmişdir.

General

Bəs nə üçün yalnız səni sağ buraxmışdır? (Dmitrini möhkəm şillələyir) Nə üçün sən sağ qaldın?

Dmitri

Haqlısınız, general, mən belə şillələrdən çox yemişəm... Ordu həyatıdır, soldat da döyülmək üçün yaranmışdır...

General

Get!.. Səninlə sabah danışaram...

Dmitri təzim edərək gedir

Birinci zabit (tövşüyə-tövşüyə yüyürüb gəlir)

Zat aliləri!.. İcazənizlə...

General

Nə olmuşdur?

Birinci zabit

Paruçik Avdeyev öldürülmüşdür, zat aliləri...

General

Necə? Kim?

Birinci zabit

Üç gün əvvəl bizim ixtiyarımıza keçmiş aulda dağlılar üsyan qaldırmış, paruçik Avdeyev də bir dağlı qızı tərəfindən vəhşicəsinə öldürülmüşdür. (Əlindəki qılıncı generala uzadaraq) O, can verərkən, qılıncını açıb sizə yolladı.

General (qılıncı alaraq)

Bu dəqiqə paruçikləri mənim yanıma çağırın!..

Rayevski (Tamarinlə bərabər qayıdıb gəlir)

Zat aliləri, bu nə işdir?.. İndi siz nə əmr edirsiniz?

General

Bu dəqiqə eskadronlarınızı hazırlayın, tez!..

Rayevski

Nə?

Tamarin (təzim edərək)

Baş üstə, general (Gedirlər)

General (hazırlaşır)

Paruçik, üsyan qaldıran aulun daşı-daş üstündə qalmamalıdır... Gedək... (Onlar cəld qapıya yönəldikləri zaman müdhiş səslə gurlayan top güllələri atılır, general dayanır) Aha, bir də, bir də. Mən dağlıları yalnız bu top nərəsilə itaətə gətirəcəyəm... gedək!

Gedirlər

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов