I

Azadlıq umurdun bu sən, bu meydan,
İlahi dilində inləyir kaman.
Nə deyir qolları bağlanan imkan,-
qan, qan, qan!

Nə əvəz edəcək ölən kəsləri,
Dəyməmiş biçdilər tər həvəsləri.
Layla əvəzimi güllə səsləri?
Nə deyir daş əlin yazdığı fərman,
Torpağa gömülən neçə qəhraman,
Ölüm sabahına o sökülən dan,-
qan, qan, qan!

Bir sirrin yolunda yüz xəyal eylər
Verdiyin daş deyil, ürəkdi,Tanrım.
Bu nakam istəklər, nakm talelər,
Nalələr nəyinə gərəkdi, Tanrım?

Torpağın bağrı da od tutub yanır,
Var edə bildikmi biz o yoxları.
Bakının üstündə ruhlar dolanır,
Nakam şəhidlərin nakam ruhları.

Səbəbi nə oldu tökülən qanın,
Neçin yurdun adı Qarabağ oldu?
Qarabağ...Qarabağ...Azərbaycanın
Yaralı köksündə qara bağ oldu...

Demə varlığını illət əyibdir,
Dərdlə öcə düşüb, millət əyibdir.
Xalqımın köqsünə güllə dəyibdir,-
Qan axır şerimin misralarından,-
qan, qan, qan!

II

Dayanma, nə dayansa da,
Gələn vaxt-vədə yansa da.

Zülüm ərşə dayansa da,
Bu qan yerdə qalan deyil.

Yoxsa bu sönən od-ocaq,
Kim söndürüb, neçin sönüb
unutacaq?
Hələ çoxunu tutacaq,-
Bu qan yerdə qalan deyil.

Çətin yata, coşub bu qan,
Haqqı haqqa goşub bu qan.
Yəgin göydən düşüb bu qan,-
Bu qan yerdə qalan deyil.

Bu nə görüm, nə görəcək,
Ha yaxanı kənara çək,
Toxum kimi göyərəcək,-
Bu qan yerdə qalan deyil.

Uca zirvə çəndə qalmaz,
Dərd, dərdi çəkəndə qalmaz.
Nahaq qan tökəndə qalmaz,-
Bu qan yerdə qalan deyil.

Bu nə cəza, bu nə günah,
Unutdunmu Allah, Allah?!
Göyə bülənd olan bu ah,
Aman, yerdə qalan dəğil,
Bu qan yerdə qalan deyil.

Bir Ay adı, bir gün adı
Tapındığım görkün adı.
Yerdə qalmaz Türkün adı,
Yerdə qalmaz yurdun adı,
Yerdə qalmaz qurdun adı,-
Bu qan yerdə qalan deyil.
Bu qan yerdə qalan deyil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви