Nataşanın ölümü
Mənim körpə Nataşam oynaq bir kəpənəkdi,
Kəndlərində Nataşa gözəlliyində təkdi.
Gözlər dəniz kimi göy, saçlar sarı, sapsarı,
Öyünərdi bu qızla ətrafın qovaqları.
Nataşa dərsin deyə çöllər əlvan geyərdi,
Göl onu görən kimi “Gəldi pərim!” deyərdi.
Nə qədər mehribandı dağ-daş gül-çiçək ona,
Böyük, kiçik, bütün kənd vermişdi ürək ona.
Gülər üzlü qızların oydu başının tacı,
Salamlayardı onu körpə vişnə ağacı;
Öz əliylə Nataşa bağ salıb, gül sulardı,
Köpək onu görəndə quyruğunu buladı,
Qanadlanıb üstünə uçardı çil-çil fərə,
Ancaq vəhşi faşistlər kəndə gələndən bəri
Nataşa gülməyirdi, gülməyirdi gözləri.
Partizan atasını düşünürdü gecələr,
Dağ qəlbinə düşsə qəm, dağ əriyər, incələr.
Bir axşam kənd içindən kəsilərkən əl-ayaq,
Yuxuya gedən zaman təbiət, qəmli torpaq,
Birdən köpək uladı, ana qalxdı yerindən,
Nə var, hənirti gəlir kiçik həyətlərindən?
Nataşa dedi: “Ana, həyətdəki nə səsdir?
Bəlkə canavar gəlib? Ah, bəlkə də nemesdir?”
Donur yazıq ananın vücudunda al qanı:
“Faşist adlı məxluqun yoxdur qəlbi, vicdanı!”
Gedər son çoşqamız da... (Ana cumur xəyala)
Çıxım görüm nə vardır yoxlayım lamahala.
“Ana, səni vurarlar, gəl getmə, qayıt geri,
Mən uşağam, mənimlə olmaz bəlkə işləri” –
Ağ gecə köynəyində yüyürür həyətə qız;
Birdən güllə açılır, cəllad olar amansız.
Ah! – deyərək sərilir o körpə quş torpağa,
Dönür ana ürəyi əsən titrək yarpağa.
Cumur çölə.
Nataşa vurulmuş gicgahından,
Buludlara girir ay bu körpənin ahından...
Bir gövhər tapşırmağa ana torpaq altına
Qollarında balası, gəlir qovaq altına.
Gecə keçmiş yarıdan, üstü balaca daşlı,
Təzə qəbrin önündə ana gözləri yaşlı
Dayanırkən vücudu birdən alışdı yandı;
Ölümün yuxusundan elə bil ki, oyandı.
Dedi: “Saxlama nakam Nataşanın yasını,
Alar partizan İvan qızının qisasını”.
Sürətlə cumdu evə, alışdırdı daxmanı,
Bir yanan evi süzdü, bir qəbri, bir ormanı.
Daldı bir an uzaqda gurlayan top səsinə,
Sonra düzəldi getdi partizan dəstəsinə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-natasanin-olumu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Noheyi-iştikaBəxtiyar bir çocuq kimi şən-şən,Daha dün söyləyib-gülərdin sən.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,