Cümhuriyyət
(Respublika)
Vətəndaşlar!
Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz müsəlmanları məşğul edən tək bircə məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir.
(Borcumuz)
Vətəndaşlar!
Belə olan surətdə biz tək Avropa aləmindən və mətbuatından az-çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir onları bir yerə cəm edib, belə-belə məsələlərdən söhbət açsın, taki bilməyənlər bilib, eşitməyənlər eşidib, dünyanın övzasından və əhvalından bəqədri-imkan xəbərdar olsunlar.
(Mənası)
Vətəndaşlar!
Cümhuriyyət, yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri.
(Tarixi)
Pis olmaz ki, cümhuriyyət deyilən üsuli-idarənin tarixini də müxtəsər surətdə yada salaq.
Vətəndaşlar!
Cümhuriyyət üsul, idarəsi təzə deyil: qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar və lakin həmin qədim zamanlarda bir tərəfdən ağalıq və digər tərəfdən qulluq o dərəcədə idi ki, ədalətin və müsavatın yoxluğundan və ümumiyyətcə millətlərin avamlığı bərəkətindən qədim cümhuriyyət idarələri davam edə bilmədilər. Axirül-əmr nadan məxluqat öz yaxalarını yenə zalım padşahlar ixtiyarına verdilər.
Qədim əsrlərdən keçəndən sonra gəlib çıxırıq orta əsrlərə və burada cümhuriyyəti görürük Şvetsariya məmləkətində. Bu həmən cümhuriyyətdir ki, indi də davam edir.
Təzə əsrimizin cümhuri hökumətlərinin biri Amerika cümhuriyyətidir ki, tarixi-miladiyyənin XVIII əsrinə kimi ingilis hökumətinə tabe idi və məhz, XVIII əsrdə ingilisdən ayrılıb, “Cəmahiri-müttəfiqə” adı ilə şöhrət tapdı ki, rusca dəxi deyilir. Severo-Amerikanskie Soedinennıe Ştatı.
Amerikadan sonra gəlib çıxırıq Firəngistana ki, burada üç dəfə inqilab üz verəndən sonra axırda cümhuriyyət idarəsi payidar olub, həmişəlik möhkəmləşdi. Firəngistan inqilabları ittifaq düşüblər birincisi miladiyyə tarixinin 1789-cu ilində, ikincisi 1848-ci ilində və axırıncısı 1870-ci ilində.
Firəngistandan da keçdikdə Amerikanın orta və cənub məmləkətləri və habelə Portuqaliya və Braziliya padşahlıq idarəsini dəyişib, cümhuriyyət qəbul ediblər.
Bu saydığımız cümhuriyyətlərdən savayı, necə ki, Afrikada, habelə də Avstraliyada kiçik cümhuriyyətlər var ki, onların hamısını burada saymağın lüzumunu görmürük.
(İdarə)
Vətəndaşlar!
Qabaqda ərz olunub ki, cümhuriyyət üsulu mocibincə məmləkətin idarəsi camaatın öz ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özünə padşah adı qoyub, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir.
Cümhuriyyətlərin bəzisində vəzirlər məhz prezidentə tabedirlər; bəzi cümhuriyyətlərdə vəzirlər məclisi-məbusana tabedir. Bəhərhal, xah vəzirlər, xah bunların rəisi hesab olunan prezident millətin yanında cavabdehdirlər.
(Seçki)
Vətəndaşlar!
Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərtləri var, odur ki, cümhuriyyət seçkisinə dördüzvlü, yainki dördhissəli seçki də, deyilir:
Bu şərtlərin əvvəlincisi ümumilikdir, yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkiyə iştirak etməlidir, bilatəfavüti-sinif, cins, din; yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də, müsəlman da, xan da və rəiyyət də durmalıdır.
Bu dörd şərtlərin ikincisi seçkinin müsavi olmağıdır; yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Demək, hər ikimizin səsi bərabərdir.
Üçüncü şərt seçkinin düzbədüzlüyüdür. Bunun mənası budur ki, bir para seçkilərdə, məsələn, kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin.
Dördüncü şərt seçkinin gizli olmağıdır; yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi.
Çünki aşkardır ki, çox adam var ki, utanmağı və ya qorxunu mülahizə edib, ürəyi istədiyi adamı qoyur kənara, istəmədiyinə rəyi verir.
(Azadlıqlar)
Vətəndaşlar!
Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismdir. Əvvələn, etiqad azadlığı; yəni hər bir fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib, qeyri bir dini qəbul etməyə azaddır. Yoxsa nəinki köhnə və çürük idarənin əsrində, məsələn, islamı tollayıb xaçpərəstliyi qəbul edənə ənam verilirdi, amma xaçpərəstin islam dini qəbul etməyə ixtiyarı yox idi. İkincisi – yığıncaq azadlığı; yəni camaatın bir yerə cəm olmağına heç bir surətdə maneçilik ola bilməz.
Üçüncü – birləşmək azadlığıdır.
Dördüncü – çap eləmək, beşinci – danışmaq, altıncı – siyasi partiyalar düzəltmək və yeddinci – dilbir olub, həmtədbir olmaqdır.
(Axırı)
Budur cümhuriyyətin ən vacib əsasları!
Vətəndaşlar!
Bir tamaşa edin bu nemətlərə, bu gözəl nemətlərə!
Bir tərəfdən də yada salınız zalım padşahların və onların polislərinin cövr və zülmünü!
Vətəndaşlar!
Əgər bizdə insanlıq hissi hələ ölməyibsə – və güman edirəm ki, ölməyib, – o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək:
Yaşasın cümhuriyyət!
Axırı
Bahar, 1917-ci ildə, Tiflis
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-cumhuriyyet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Biri vaqe olub min üç yüz il bundan qabaq İraq səhrasında, o biri də vaqe olub həmin iyun ayının 16-da gecə saat 11-də, Kürdəmir vağzalında.Qabaqkı möcüzün təfsili belədir: zəmani ki, həzrət İmam Hüseyn başladı İraq davasına hazırlaşmağa, Ümmisəlimə çox yalvar-yaxar elədi ki, “bala, getmə İraqa, səni orada şəhid edəcəklər!”. İmam bu sözə çox təəccüb elədi və soruşdu ki, “Ey mənim anam! Sən haradan bunu bilirsən ki, məni orada şəhid edəcəklər?”.
Ruzi-aşuraAğama ərz olsun ki, məhərrəmül-həram ayının onuncu günü aşura günüdür və həmin gün – illərin və ayların ən müəzzəm günüdür; ondan ötrü ki, aşura günü İmam Hüseyn qətlə yetişibdir. Həmin günün dəxi də bir neçə fəziləti var ki, bu gün matəmi-İmam Hüseyn münasibətilə aşuranı möhtərəm qarelərimizə tərif etməyi fərz bilirik.Əvvələn, tarixi-müqəddəsə müraciət edib görürük ki, məhərrəmül-həramın onuncu gününə bari pərvərdigarın qədimdən iltifatı var imiş. Belə ki, Adəm peyğəmbərin tövbəsini Allah həzrətləri o qədər qəbul etmədi ki, məhərrəmin onu daxil oldu və məhz onuncu günü qəbul etdi.
İran meyvələri, yaxud əli qələmli vaizlərHərdəm əz in bağ bəri mirəvəd.Gözəl məmləkət, müqəddəs vilayət, mübarək torpaq, dindar millət, pakdamən əhali, Əli şiələri...
Pak neft və murdar neftİngiltərə vaizi ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qismdir: bir qismi murdar və bir qismi pakdır.Vaizin mülahizəsincə murdar neftlərin cərgəsinə Şuralar nefti də daxildir.
Стихи других поэтов
Badi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.