Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi: biri doğma oğlu Qasım, – səkkiz yaşında, biri də ögey oğlu Nəcəfqulu, – on yaşında.

Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşardıq. Mən on yeddi yaşında idim və elə olurdu ki, hərdənbir Qasımı da döyərdim, hərdənbir Nəcəfqulunu döyərdim.

Qasımı döyəndə uşaq əllərini gözlərinin üstünə basıb ağlayaağlaya qaçardı dədəsinin üstə və şikayət edərdi. Kərbəlayı Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. Bir dəfə az qaldı qulağımın biri dibindən çıxsın.

Amma Nəcəfqulunu da hərdənbir döyərdim və bu da qaçardı dədəliyinə şikayətə. Kərbəlayı Heydər əmi çıxardı küçə qapısına, sağ əlinin şəhadət barmağını yuxarı qovzayıb, ancaq mənə bircə bunu deyərdi ki: “Qırışmal! Uşağı döymə!”.


Bilmirəm, haradan danışmaq istəyirdim, yadımdan çıxdı…

Hə, din məsələsindən danışıram. Rus qəzetlərində oxuyuruq ki, Rusiya vəziri dinləri bihörmət edənlər üçün iki cür tənbeh qoymaq istəyir: xaçpərəst dinini təhqir edənlərə artıq tənbeh olunacaq, amma qeyri dinləri təhqir edənlərə yüngül tənbeh olunacaq (söz yox ki, bu cümləyə müsəlman dini də daxildir).

Qəzetlər yazırlar ki, padşahlıq duma vəzirin həmin qanunaməsini təsdiq eləyir.

Əgər bir qara saldat gəlib dura bir müsəlman baqqalının dükanının qabağında və deyə ki, məsələn, “mənim dinim səninkindən yaxşıdır”, biz gərək bunun sözünə etina eləməyək, çünki bu avam və nadan bir saldatdır. Buna bir ovuc kişmiş, ya bir papiros vercək “spasibo” – deyib qoyub gedər.

Amma padşahlıq dumada əyləşən üzvlərin çoxu elmli və tərbiyəli adamlardır. Bəs bunların din barəsində etdiyi rəftarını hara yazaq?

Bu məsələni bu saat yaza-yaza qonşumuz rəhmətlik Kərbəlayı Heydər yadıma düşür: doğma oğlunu döyəndə qulaqlarımı elə çəkərdi ki, az qalardı dibindən çıxsın; amma ögey oğlunu döyəndə ancaq mənə deyərdi: “qırışmal!”. O vədə bu işləri başa düşmürdüm; Çünki on yeddi yaşında idim. On yeddi yaşında müsəlman uşağı nə başa düşəcək? Amma indi başa düşürəm. İndi üçüncü dumanı görürəm və bu işləri də bir az başa düşürəm.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 mart 1908, №10

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Erməni və müsəlman övrətləri

Biz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.İndi baxıb görək ki, niyə buna razı olmuruq?

7 мин
Gülmək

Birinin üstünə gülmək pis şeydir. Biz uşaqlıqda birinin üstünə güləndə anamız bizə deyərdi: “Balam, gülməyin, yoxsa axırda sizin də üstünüzə gülərlər”. Və anamız bizi öyrətmişdi: bir kəsin üstünə güləndə yapışardıq qulaqlarımızın ucundan çəkərdik ki, bizim də başımıza gəlməsin və üstümüzə gülməsinlər.Biz Qafqaz müsəlmanları indiyədək iranlıların üstünə gülərdik ki, yazıqlar dalı qalıblar.

1 мин
Millət qurbanları

Ay Molla Nəsrəddin baba, sən axır bir təcrübəli qoca kişisən, sən Allah bir məni başa sal görüm, millət yolunda can və malı fəda eləmək nə sözdür?Məsələn, belə tutaq ki, birisi deyir “mən millət yolunda canımı və malımı fəda etmişəm”. Mən ha fikirləşirəm, heç bu sözlərin mənasını başa düşə bilmirəm.

3 мин
Qafqaz şeyxülislamına iki dənə açıq məktub

Əvvəlinci məktubCənab şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş-iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxudursunuz.

3 мин

Стихи других поэтов · Сатира