İran kimindir?

Tutaq ki, sən deyəcəksən “İran İranındır”.

Əgər sən belə desən, mən də səndən soruşaram ki, əgər İran İranındır, bəs İranın Culfa gömrükxanası kimindir? Sən cavab versən ki, İranındır, mən də sənə deyərəm, bəs niyə gömrükxananın rəisi xaricilərin bayramını tətil eləyir, amma müsəlmanın ən möhtərəm bayramında gömrükxana açıq olur? Qorxuram sən soruşasan ki, niyə bəs gömrükxanada işləyəndə hamballar rəisə şikayət etmirlər? Mən sənə cavab verərəm ki, hamballar şikayət eləyirlər, amma nə rəis hambalların dilini bilir, nə hamballar rəisin. Soruşacaqsan ki, bəs orada mütərcim yoxdur? Mən sənə cavab verrəm ki, mütərcimi ondan ötrü qoyublar ki, hambalları anbarlarda həbs eliyəndə mütərcim dilmanclıq eləsin. Soruşacaqsan ki, gömrükxananın anbarları o dərəcədə rütubətlidir ki, tacirlər ora mal qoymurlar ki, çürüməsin, nə tövr orada insanı həbs etmək olar?

Olar, olar, əzizim, mal çürüyər, amma hambal çürüməz.

Hələ bu mətləb qalsın.

Sən deyirsən ki, İran İranındır. Çox gözəl. Bəs Astaradan Ərdəbilə gedən Müzəffəri yolu kimindir?

Sən deyəcəksən ki, İranın “Şirkəti-ümumi”sinin yoludur.

Mən də deyirəm ki, xeyr, bu yol Rusiya təbəsi Vurtmanındır. Sən soruşacaqsan ki, bu necə olan işdir? Mən deyəcəyəm ki, İran quldurlarından bir nəfər Hacı Həsən ağa Məlikov saxta vəkalətnamə ilə bu yolu satıb Vurtmana və əvəzində bir az rüşvət alıb və halonki Vurtman ildə həştad min manat icarə verə-verə ildə dörd yüz min manat bu yoldan mədaxil götürür. Sən soruşacaqsan ki, bəs Ərdəbildə əyləşən və cənnətin açarlarını ciblərinə qoyan millət sahibləri nəyə məşğuldurlar?

Niyə məşğuldurlar? Məsələn, Dağıstanda nicat nüsxələri paylayan müqəddəslər nəyə məşğuldurlar?

Bunlar məşğuldurlar avam camaata vəz etməyə ki, məsələn, hər kəs uşağını rus dərsinə qoysa, yeddi arxası cəhənnəm əhlidir, hər kəs polad qələmlə yazı yazsa, cəhənnəmdə onun hər bir barmağından bir ilan asılacaq, hər kəs əcnəbi dili danışsa və paltarını avropalıların paltarınaoxşatsa, cəhənnəmdə onun dili qursağından aşağı düşəcək, hər kəs qəzet oxusa, istəyir müsəlman qəzeti, istər qeyri bir dildə qiyamət günü ona şəfaətçi olmayacaq.


Bəs əzizim, dəxi demə ki, İran İranındır! Xeyr! İran indi Təbrizdə Mir Haşımındır, Ərdəbildə Rəşidülmülkündür, Tehranda Şeyx Sadığındır.

Lağlağı

“Molla Nəsrəddin”, 2 mart 1908, №9

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (18 mart 1923)

Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.

2 мин
Cəlil (22 mart 1923)

Hər şeyi atıb şəhərə köçməyə ürəyim gəlmir. Burada da mənim üçün dözülməz, ağır şərait yaranmışdır. Burada bir neçə idarə vardır, biri o birinin qərarını rədd edir, camaatı bir-birinin canına salırlar. Lap hərc-mərclikdir.Bütün ili kəhrizləri icarəyə götürmədim, nəticədə sökülüb dağıldılar, su kəsildi, kənddə yoluxucu xəstəliklər törədi. Kəndlilər açıqdan-açığa boyunlarına aldılar ki, kəhrizlərdən istifadə edə bilmirlər. Buna görə də nahiyə icraiyyə komitəsinin iştirakı ilə belə qərar çıxardılar ki, kəhrizliləri köhnə sahiblərinə qaytarsınlar. O biri tərəfdən də mərkəzdən bu haqda su mühəndisi Petrova gələn sərəncamda deyilirdi ki, əgər fevralın birinə kimi kəndlilər kəhrizləri təmizləməsələr, onda o, kəhrizləri inanılmış adamlara verə bilər.

1 мин
Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923)

Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur.Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.

1 мин
Əzizim Həmidə! (7 iyun 1923)

Yevlaxdan vurduğun teleqramı sən gedən günün ertəsi saat 6-da alıb xatircəm oldum. Bilmirəm yolun qalan hissəsini necə getdiniz və indi kefiniz necədir?Bu gün, cümə axşamı Yusifxanla qəbiristanlığa gedib qəbir üstə gül apardıq. Yusifxan kimi məni də qəm-qüssə götürüb, amma onu yalqız qoymuram. Bu saat o bizdə oturub. Səndən xahiş eləyirəm, sənə yalvarıram ki, necə olur-olsun, başını bir işə qat, özünü ələ alıb səbr elə. Belə eləsən, mən səni daha artıq istəyəcəyəm. Kiçicik bir fürsət olan kimi gələcəyəm. Kəhrizlidə çox qalma və dağlıq yerlərdən birinə get. Özünü heç bir təsərrüfat qayğısı ilə əziyyətə salma, cürbəcür rüşvətxorların törətdikləri murdar işlərin fikrini çəkmə və Blaqovidovanın nağıl etdiklərini xatırla. Fikirləş ki, sovet hökumətindən gizlənən rüşvətxorların işinə qarışmaq nə qədər çətin məsələdir.

1 мин

Стихи других поэтов · Сатира