Doqquz yaşında
Divanə könül, dəxi usan, yal ağarıbdır,
Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,
Başdan bu həvavü həvəsi sal ağarıbdır,
Əvvəl nə isə indiki əlhal ağarıbdır,
Layiqdi ki, bundan sora saqqal ağarıbdır.
Ay hacı, qadan alım, bir gün sən bu sözləri oxuyurdun, mən də sənin akoşkavun qabağından keçəndə eşidirdim, sabahkı günü xəbər çıxdı ki, sən Nurməhəmmədin doqquz yaşında Səkinə adlı qızına elçi göndərib istəyibsən. Sonra mən eşitdim ki, Səkinənin anası qızına deyib “Səni hacıya ərə verirəm”, sonra da eşitdim ki, Səkinə deyib “Ay ana, necə ərə verəcəksən?” sonra da eşitdim ki, anası deyib: “Bala, gedəndən sonra bilərsən”, sonra da eşitdim ki, Səkinə başlayıb ağlamağa və anasına deyib ki, “Sən Allah, ay ana, bir məni başa sal görüm ər nəyə deyirlər?” və sonra da eşitdim ki, anası hələ bir xubunca döyüb.
Ay Hacı, qadan alım, bir gün mən genə sənin akoşkavun qabağından keçirdim, sən genə oxuyurdun:
Məhvəşlərə xoşdur nə ki, oğlan danışsa,
Yüz fəxş deyib hərzəvü hədyan danışsa,
Ağsaqqal əgər ayeyi – Quran danışsa,
Başdan-ayağa hikməti – Loğman danışsa,
Axırda deyər söyləmə naqqal ağarıbdır.
Ay hacı, balalarına mənim canım qurban, sabahkı günü xəbər çatdı ki, sən doqquz yaşında Səkinə qıza sifariş göndəribsən ki, “bala, niyə mənə gəlmirsən, mən belə sənə qırmızı çarqat alaram, mən sənə bazar halvası alaram, mıncıq alaram, kişmiş-noxud alaram”. Sonra da eşitdim ki, Səkinə anasına deyib: “Ay ana, niyə dadaşım mənə kişmiş-noxud almır, hacı alır?”. Sonra da eşitdim ki, anası cavab verib: “Qızım, hacı səni istəyir, onun üçün alır”. Sonra da eşitdim ki, Səkinə deyib: “Ay ana, hacı niyə pəs kişmiş-noxudu alıb göndərmir?”. Sonra da eşitdim ki, anası cavab verib: “Bala, sən gərək əvvəl hacıya ərə gedəsən, sonra kişmiş-noxudu doldurasan ciblərinə”. Sonra da eşitdim ki, “Ay ana, sən Allah məni başa sal görüm ər nəyə deyirlər?”.
Və sonra da eşitdim ki, anası Səkinəni genə bir xubunca döyüb.
Ay hacı, qadan alım, bir gün mən genə sənin akoşkavun qabağından keçirdim və sən genə oxuyurdun.
Yalın ki, ağardı sənə müştaqi-zən olmaz,
Rəftarına ya söhbətinə heç dözən olmaz,
Başdan ayağa yaşilü alə bəzən, olmaz,
Bostanda çürür, rəğbət edib, bir üzən olmaz,
Hər meyvə kimi tağı ölüdür, kal ağarıbdır.
Ay hacı, balalarına qurban olum, sabahkı günü xəbər çıxdı ki, cənab axundun evinə bir kəllə qənd və yarım girvənkə çay göndəribsən ki, bu işi tezliklə düzəltsin və sonra eşitdim ki, cənab axund qızın atasını çağırıb və sonra da eşitdim ki, qızın anası deyib: “Vallah, axund ağa, Səkinənin ağlamaqdan gözləri kor olub”. Sonra eşitdim ki, cənab axund...
Əstəğfürullah rəbbi və ətubi ileyh.
Qadan alım, hacı, sonra da eşitdim ki, Səkinənin atası Nurməhəmmədi çağırıb ona yüz otuz manat veribsən və deyibsən ki, iki min manat da Səkinəyə kəbin kəsdirəcəksən və sonra eşitdim ki, Nurməhəmməd gedib Səkinəni bir xubunca döyüb və sonra eşitdim ki, Səkinə ağlaya-ağlaya deyib: “Dadaş, sən Allah məni bir başa sal görüm, ər nəyə deyirlər?”.
Ay hacı, qadan alım, bir gün genə mən sənin akoşkavun qabağından keçirdim, gördüm ki, bir qız uşağının ağlamaq səsi sənin evindən gəlir və eşitdim ki, qız uşağı ağlaya-ağlaya sənə deyir: “Ay əmi, səni həzrət Abbas, məni ötür gedim evimizə, indi dayıqızım gəlib bizə məni gözləyir ki, mən gedim qəcəmədaş, beşdaş oynayaq. Sən Allah məni ötür gedim “ və eşitdim ki, sən Səkinəyə deyirsən: “Ay qız, gör sənə necə konfetlər almışam” və eşitdim ki, Səkinə deyir: “Elə bu konfetləri də aparım yarısını verim dayıqızıma”, və eşitdim ki, sən genə qıza yalvarırsan... və sonra eşitdim ki, oxuyursan:
Keçdi o ki, zovq eylər idin gah səfərdə,
Evdə oturanda meyü məhbub nəzərdə,
İndi dəxi yox tabü təvan canü cigərdə,
Kəh yanını ver balışə, gəh çıx günə ver də,
Çək kürkün əhvəcin başa donbal ağarıbdır.
Qadan alım, ay hacı, sonra çox sözlər eşitdim... Eşitdim ki, daşlar ağlayır, quşlar yas qurub, çöllər qara geyib, dünyavü aləm matəm tutub... Sonra genə çox sözlər eşitdim...
Dəli
“Molla Nəsrəddin”, 15 dekabr 1906, №37
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-doqquz-yasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Xüruci-Dəccali-ləin vəqti xahəd bud ki, mərdüman bazənan dər kar məşvərət könənd…”.Bu sözlər yazılıb “Əbvab” kitabının əvvəlinci cildinin 73-cü səhifəsində və mənası da budur ki, Dəccalın xürucu o vaxt olacaq ki, kişilər övrətlərlə məşvərət eləyələr.
QonaqlıqŞamaxı realnı məktəbinin direktoru Leontiyef buradan dəyişilib özgə şəhərə gedir.İndi hamının fikrinə gələ bilər ki, görəsən, bundan soraya Şamaxıya təzə təyin olunan direktor müsəlmanlar ilə nə cür rəftar edəcək?
MöcüzəƏgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.
İttihadMəsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər.Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər.
Стихи других поэтов · Сатира
Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,Səd heyf, keçən gün!
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,