Məhərrəmlikdə çığır-bağır salan və başlarını yaran bambululardan mənim xoşum gəlmir. Çünki onlar savadsız və nadandırlar. Mənim xoşum elmli və ədəbli intelligentlərdən gəlir. Çünki bunlar məhərrəmlikdə başlarını yarmayırlar. Çünki bunlar oxumuş adamlardırlar. Ancaq bunlar bir yüngülvarı yas saxlayırlar. Çox ədəbli və üslublu təziyədarlıq edirlər.

Doğrudan da nə vəhşilik, baş yarmaq və nə cana qıfıl keçirmək, bunların heç birinə nə Allah razıdır, nə imam.

Bir bax, gör oxumuşlarımızı!

Bəs, onlar niyə başlarını yarmırlar? Maşallah onlara! Gör necə ədəbli və üstublu rəftar edirlər. Onlar heç nə şaxsey gedir, nə ağ köynək olur. Çünki onların bəzisi darülfünunda tərbiyə tapıb, çoxları da qeri-mədrəsələrdə elm təhsil ediblər. Bunu qanıblar ki, imama qurban olum, imamı istəmək ondan ibarət deyil ki, güneyli bambuluları kimi atılıb düşəsən və rus, erməni, yəhudi qonşuları üstünə güldürəsən.

Bir bax, oxumuşlarımıza və onlardan ibrət götür. Gör necə qəmgin və təmkinli düşüblər dəstə qabağına və dəsmallarını gözlərinə basıb, ürəkdən ağlamasalar da, gör necə özlərini ağlayana oxşadırlar. Hələ sən bunu deyirsən, mən öz gözüm ilə görmüşəm ki, həkimlərimizdən bir əlində dava-dərman baş yaranların yanınca gedirlər ki, çox bərk şəhid olan keçəl-küçəllərin, toyuq oğrularının yarasına məlhəm bağlasınlar.

Xeyir, xeyir, nəüzü billah! Baş yarmaq və zəncir vurmaq vəhşiliyinə biz oxumuşlar şərik deyilik. Hətta Bakıda on-on beş il bundan qabaq qaziləriimiz də deyirdilər ki;

Baş yarmaq heç yanda buyurulmayıbdır. O vədə qəzetlərimizdə yazırdılar ki, baş yarmağın vərəqəsini bükmək lazımdır. Ancaq məscidlərə cəm olub, şəbeh dəstgahı düzəltmənin eybi yoxdur. Xülasə, təziyəni məsciddə saxlamaq lazımdır. Onun üçün də indi bizim intiligentlərimizin çoxusu doğrudur, baş yarmağın tərəfdarı deyillər. Amma növhə məclislərimizdə həmişə yuxarı başda əyləşib, həmişə sinəzən oxunan vaxt bunlar da ədəbli və üslublu qalxızıb, sinə vurublar ki, avam camaatın nəzərində nüfuzdan düşməsinlər.


Xülasəyi-kəlam, mən baş yaran və zəncir vuran lotu-potulara şərik deyiləm. Bu vəhşiliyin çoxdan vaxtı keçibdir. Ancaq mən mərhəba deyirəm həmən oxumuşlarımıza ki, məhərrəm ül-haram günlərində məzlum Kərbəla təziyəsində həmişə mömin və müqəddəs hacı və kərbəlayılar ilə həmcəlis olub, imamın yolunda göz yaşını (soobşa) axıdıblar.

Dəli

“Molla Nəsrəddin”, 4 iyul 1925-ci il, №27

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Küflə qurdu

“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.

2 мин
Bisavad

“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.

1 мин
İp

İrəvandan bir belə kağız aldıq:“Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”.

1 мин
Poçtxana

Mən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gənə dəmir yolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana elə bil ki, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var. Tiflisdən Gəncəyə gedən var, Şəkidən Şirvana gedən var – dəxi poçt nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdiver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər.

5 мин

Стихи других поэтов · Сатира