Etidaliyyun
Qorxma, osmanlıca yazmıram! Öz dilimizdə yazacağam. Yoxsa başdan “Etidaliyyun” sözünü görüb elə xəyal elərsən ki, biz də “osmanlılaşdıq”, yəni “ərəbləşdik”, yəni mötəbər qələm sahiblərinin cərgəsinə soxulduq. Maşallah, qəzetlərimizi görəndə adamın “tamahı” düşür: lap elə bil ki, təzə Osmanlıda çıxan “Hikmət” qəzetidir ki, mərhum Məlkümxan deyən kimi, maşallah adını da oxumaq olmur ki, biləsən bari nə qəzetidir.
Bəli, yenə Osmanlı padşahının tərifi başlanır. Nə olar, qoy başlansın. Amma dəxi demə ki, “dünyanın yox yerdən vücuda gəlməyinə bais sultanımızdır”.
Və bir də mən bilmirəm ki, bu təşvişə səbəb nədir və bilmirəm kim sənin sultanını pisləyir ki, sən ona rədd yazırsan və bu tərifi və təhsini kimə yazırsan?
İndiyə kimi yuxarıda dediyim sözlər “min babət” heçdir; o sözü ki, doğrudan və ciddən yazmaq istəyirəm, yəni zarafatı kənara qoyub yazmaq istəyirəm, o sözlər haman aşağıdakı sözlərdir ki, indi ərz edirəm.
Əgər İranı bir dəqiqəliyə Avropa ilə tətbiq eləsək, yəni tutuşdursaq, çox məzəli nəticə qabağımıza çıxar.
Məsələn, bu cür danışaq: necə ki ağalara məlumdur, Avropada hər nə qədər firqə var, hər nə qədər məslək və əqidə əmələ gəlir – bunlar hamısı bir cür qayda və qanun ilə başa gəlir; yoxsa başı çuvaldan deyil. Amma İranda bunlar ittifaqi bir şeydir: bir gün flan ağa flan məclisdə plovdan qabaq bir söz fərmayiş edib, dəxi qurtardı getdi.
– Yəni bu sözü ağa fərmayiş elədi?
– Bəli, bəli.
– Yəni sən öz gözünlə eşitdin?
– Bəli, bəli.
– Yəni sən öz qulaqlarınla gördün?
– Bəli, bəli, səhihdir.
Demək olar ki, indi İranda papaqların fasonu o qədər artıq deyil, nə qədər ki, cürbəcür məsləklər moddadır; məsələn, məşrutəpərəst, məşruəpərəst, inqilabiyyun, ictimaiyyun.
Çox gözəl, indi siz məgər bilirsinizmi ki, iranlı, məsələn, “ictimaiyyun” deyəndə nə demək istəyir? Məgər iranlı məşruə ilə məşrutəyə təfavüt qoyur? Xeyr, qoymur və çox yaxşı eləyir ki, qoymur; çünki təfavüt qoyanlar da heç özləri bilmirlər ki, niyə təfavüt qoyurlar. Yenə sözümüz burada deyil; sözümüz buradadır ki, qoy neçə-neçə firqə olur-olsun, neçə məslək olur-olsun, lakin bu məsləklər haradan baş verir, – mən onu bilmək istəyirəm və hünər istər ki, bir Allah bəndəsi məni başa sala, görəm ki, bu məsləklər haradan törəyir?
– Hələ gözün aydın olsun!
– Hə, nə var?
– Nə olacaq, canına sağlıq. Deyirlər İranda bir firqə də əmələ gəlib.
– Sən Allah?
– Vallah.
– Onun adı nədir?
– Etidaliyyun.
Doğrudan, lap elə bil ki, Avropadır; elə bil ki, məsələn, Almaniyada Marksdır. Haman Marks ki, ictimayyun-amiyyun məsləkinin banisi və atası hesab olunur. Doğrudan, bu İranda dəxi nələr qaldı ki, baş verməmiş olsun?! Heç Almaniyadan geri qalmır.
İndi mən axır müntəzir qaldım! Axır bir de görüm ki, bu təzə firqənin yaradıcısı kimdir? Yəni kimdir etidaliyyun firqəsini icad edən?
Tehranda Vəzirzadə və kargüzar Rəhimzadə cənabları, Təbrizdə də Siqətül-islam həzrəti-aliləridir.
İndi görək bu firqənin məramnaməsi nədir.
Əvvəl bu lüğətə baxaq: “Etidaliyyun – “dal” sözündən əmələ gəlir. Məlumdur ki, mollaların yan ciblərindən savayı, bir dənə gizlin dal cibləri də olur. Cəmiyyəti-xeyriyyəyə, ya maarif işlərindən ötrü pul yığanda mollalar əllərini yan ciblərinə salıb və ciblərinin torbalarını çıxarıb çörək qurusunu silkirlər divarın dibinə və and içirlər ki, “vallah, bir qəpiyim də yoxdur”. Amma pulları dal ciblərində gizlədirlər.
Odur təzə firqənin adını qoyublar “etidaliyyun”, yəni camaatın pulunu dal ciblərinə qoyanlar.
Vallah, o qədər sözüm var ki, qorxuram hamısını yazam, çox uzun ola. Burada pis adamlara bir lənət oxuyub durub yataq; çünki gecənin yarısıdır.
Ya Allah…
Molla Nəsrəddin
“Molla Nəsrəddin” 1910, №17
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-etidaliyyun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Belə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm.Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram.
Alım-satımMən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.
İslamMənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım? Atam ölüb, qalmışam yetim sahibsiz. Deyirlər ki, get dərdini müsəlman qardaşlara söylə. Mən də deyirəm canım, qoy dərdini özüm çəkim. Müsəlman nəyə deyirlər? Necə nəyə deyirlər, dəli-divanə olmamısan ki! Dünya doludur müsəlman ilə. Üç yüz milyondur. Hə, başa düşdüm, oçen xoroşo. İndi de görüm bizim islam, sizin islam? Dəli, dəli danışma, bizim islam, sizin islam nədi? Doğrudan da Allah adamdan alanda qabaqca ağlını alır. Oğlan islamın mənası budur ki, düz, sadiq, bir-birinə mehriban, bir-birinin qaydına qalan, bir-birinin namusunu çəkən. Başa düşdün yoxsa düşmədin?Bəli, başa düşdüm. Bunu bayaqdan deyəydin da! Ay rəhmətliyin oğlu, məni dağa-daşa salırsan. İndi sən deyirsən ki, gürcü, rus, cuhud, erməni, firəng, yapon... Yox canım, bunlar kafirdirlər. Mən Şüsteri demirəm, mən müsəlman deyirəm ki, təharətin, nəcasətin, kəcalətin, rəfafətin, məzaqətin, nikahətin, təlaqətin, kəsalətin, nə bilim nəyin, nə bilim nəyin qəvaidinə aşina olsun, ehkamını yerinə yetirsin.
Təzə ilBir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.
Стихи других поэтов · Сатира
Когда бы объявил аллах, что за безделье онИз рая гурий выгнал вон с гылманами зараз,
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Füzulini beştətməYoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”