Axır vaxtlarda bəzi müsəlmanların öz halal övrətlərini evdə qoyub, gedib əcnəbi övrətlərindən rəfiqə tutmaqları başlayıb artmağa. Cənab Mirzə Abdulla “Tərəqqi”nin 160-cı nömrəsində bu məsələyə əl vurub, müsəlmanların bu hərəkətlərinin adını qoyur “xəbt gətirmək”, yəni dəlilik.

Söz yox, o cür ki, cənab Mirzə yazır, – bu bir dəlilikdir, “aqilə, kamilə və mütəşəxxisə övrəti evdə gözüyaşlı qoyub, gedib ağılsız və kamalsız əcnəbi övrətini rəfiqə tutmaq” dəlilikdən də dəlilikdir. Amma yaxşı olardı ki, məqalə sahibi bizi başa salaydı ki, görək, aya, ağıl və kamalın mənası nədir və bizim halal övrətlər nəyin bərəkətindən o dərəcəyə qalxıblar ki, əcnəbi övrətləri bunların əlinə su tökməyə layiq deyildir. Bircə şərtimiz bu olsun ki, bu mübahisədə ortalığa murdarlıq söhbəti gətirməsin; çünki sən elə bircə bunu deyəsən ki, əcnəbi övrətləri əgər bizim xanımların əlinə su töksələr, xanımlarımızın pak əlləri murdarlanar, onda dəxi mən cavab verməyə aciz olaram.


Bəli, sən buyurursan ki, bizim halal övrətlərimiz ağıl və kamal sahibidirlər, mütəşəxxisdirlər; yəni əcnəbi övrətləri ağıl və kamal sahibi və mütəşəxxis deyillər.

Vəssalam? Yəni söhbəti qurtardınız, ya yenə sözünüz var? Çox əcəb, elə dəxi bir söz qalmadı, dəxi qurtardı getdi?

Bizim övrətlər dünyanın cəmi övrətlərindən ağıllı və kamallıdırlar, vəssalam. İndi dəxi bu söhbəti qurtaraq, keçək özgə mətləbə; ya da ki, əgər meyliniz çəkir, duraq gedək bir qədər dərya kənarında seyr edək.


Yox, qardaşım, yox ağam, yox sərvərim, taci-sərim, yox nuriçeşmim, yaxanızı qurtara bilməzsiniz. Gərək bizə başa salasınız görək, halal övrətlərimiz harada o ağlı və kamalı qazanıblar ki, əcnəbi övrətlər bu kamal çeşməsini tapa bilməyiblər?

Amma mən sənə bircə bu damdandüşmə sözü ərz edə bilərəm ki, evlərdə gözüyaşlı qoyduğumuz halal övrətlərin cəmisi əgər sən bikamal hesab elədiyin əcnəbi övrətlərinin bərabərinə qoyasan, – o vədə gərək bu əcnəbi övrətlərindən təvəqqə edək ki, əvvələn, bir əlifba kitabı alıb, qoysunlar bizim mütəşəxxis xanımların qabağına və bunlara yazı-pozu öyrətsinlər ki, ərləri bir gün evdə olmayanda iki girvənkə ətin və üç girvəngə çörəyin hesabını bilsinlər.

Saniyən, biz əgər həqiqətdə millətimizin tərəqqisinin tərəfdarıyıq, gərək bu əcnəbi övrətlərdən təvəqqə edək ki, halal övrətlərimizə uşağa tərbiyə verməyi təlim eləsinlər ki, mütəşəxxis xanımlarımızın uşağı küçəyə çıxanda heç olmasa rus praçkalarının uşaqları kimi tərbiyəli və rəğbətli olsunlar və burunlarını börkləri ilə silməsinlər.

Salisən, biz gərək əcnəbi övrətlərdən iltimas edək ki, mütəşəxxis övrətlərimizə bir az səliqə öyrətsinlər ki, xanımlarımızın qoltuqlarının tərinin qoxusu ərlərini iyrəndirməsin, və əgər söhbəti müxtəsər eləsək, gərək əcnəbi övrətlərindən təvəqqə edək ki, heç olmasa, altıyeddi il mütəşəxxis xanımlarımıza dərs versinlər, ağıl və kamal öyrətsinlər.

Sən bu işləri səhl sanma, əzizim!

Dövlətmənd bir müsəlman uşaqlarına dərs vermək üçün evinə bir müəllimə dəvət edir. Bir gün kişi evə gəlib, övrətinə deyir ki, “ay qız, Fatma, bu gün qəzetdə yazıblar ki, İran mücahidləri Məhəmməd Əlini taxtdan yendiriblər”. Fatma xanım gözlərini bir qədər ovuşdurandan sonra deyir:

– Mücahid nədir?

Bəli, mücahid flankəslərdir.

– Bəs İran nədir?

Bəli, İran da bir məmləkətdir.

– Bəs Məhəmməd Əli kimdir?

Di gəl bu Allah bəndəsini başa sal.

Amma kişi o biri otağa çıxıb, görür ki, müəllimə əlində qəzet oxuyur. Bunlar başlayırlar söhbəti, Fatma xanım da qapının dalında bir qədər qulaq asandan sonra başlayır göz yaşı tökməyə. Axırda da işlər öz qaydasınca gedir…

Cənab Mirzə Abdulladan təvəqqə edirik ki, bizi bağışlasın, o ağıl və kamal ki, halal övrətlərimizdə olmağını rəvayət edir, – əlbəttə, o özgə bir ağıl və kamaldır. Yaxşı olradı ki, o ağıl və kamalın nədən ibarət olmağını buyururdı. Bəlkə doğrudan, biz bundan bixəbərik.

Lağlağı

“Molla Nəsrəddin”, 26 iyul 1909, №30

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира