Axır vaxtlarda yenə bu cür söhbətlər tez-tez aralığa qoyulur ki, Qafqazda bir mədrəseyi-ruhaniyyə açmaq lazımdır ki, orada oxuyub qurtaran mollalar Avropa elmlərindən bir növ xəbərdar olsunlar. Və bu cür mədrəsəni müsəlman camaatı üçün mənfəətli qələmə verirlər və bu cür sözləri də danışanlar özlərini müsəlmanların xeyirxahlarına oxşatmaq istəyirlər.

Əgər biz bu əmrə etiqad eləsək, əgər biz bunu təsdiq eləsək ki, Qafqaz mollalarımız bir əlahiddə mədrəsəyə möhtacdırlar, onda gərək biz bunu da boynumuza alaq ki, guya xudanəkərdə, belə məktəb qurtarmayan ruhanilərimiz – naqisdirlər.

Vallah, adamı qoymurlar ki, dinməz-söyləməz oturub işinə məşğul olsun.

Mən müxtəsərcə burada bir söz ərz eləyim, əgər insaf əhlisən deyəcəksən: “belədir, Molla Nəsrəddin, sözün haqdır”. Əgər insaf əhli deyilsən, di qoy get işinə!

Mədrəsələr dünyada ondan ötrü qoyulublar ki, orada təhsil tapanlar oxuyub-yazmaq öyrənsinlər.

Bu bir aşkar mətləbdir ki, mollalara bir o qədər oxumaq və yazmaq lazım olmur. Çox yazmaq qəzetçi peşəsidir, çox kitab oxumaq bikar advokatların və dərin həkimlərin sənətidir. O ki, mollalarımızdır, bunların yazdıqları həftədə bir dəfə müxtəsər bir kəbin kağızı, ya talaq kağızıdır; əgər prixod mollasıdır, metrik dəftərinə səfər ayının dördündə anadan olan Sadığın adını yazmaq, atası Meşədi Hüseynin adını və anası Kəblə Fatmanın adını yazmaqdır; flan və flan, vəssalam, qurtardı getdi.

Bundan ötrü mədrəsə açmağın mənasını dəxi mən bilmirəm.

Bundan savayı hələ bir mətləb də var.

Mədrəsə, nə bilim darülfünun – bunlar hamısı şöhrətdir. Elm, nə bilim fənn, nə bilim maarif, təməddün – bunlar əvarizatdır. İnsanda gərəkdir bəxt olsun, bəxt, bəxt!

Burada sənə ikicə dəlil gətirib sözümü qurtarım: əvvəl götürək Nuxada Axund Molla Səbqəti. Hansı mədrəsədə təhsil tapıb? Heç bir yanda. Amma bəxtinə bax ki, həmi məktəb naziridir, həmi müəllimdir, həmi axunddur, həmi mərsiyəxandır; qədri-qiyməti də o dərəcədədir ki, Məşədi Əlibala Hacı Nəcəf oğlunun təziyəsində ev sahibi götürüb buna üç manat mərsiyə pulu, bir manat xətmi-quran və bir manat da mollalıq pulu verəndə axund bu pulların iki manatını sahibinə qaytarıb, üç manatını da utana-utana qəbul edir.

Bu nədir? Məhz xoşbəxtlik; çünki cəmi cavanmərdlər, səxavət və şücaət sahibləri – ali vücuddurlar, yəni xoşsəadətdirlər.

İkinci dəlilim sənə mübarək Sabunçu ruhanisinin macərasıdır ki, bu zat on sənədən ziyadədir ki, mollalığa intixab edilmişdir, lakin mollalığa təsdiq olunmaq üçün imtahan verməsi lazım idi; amma özünün elmi-məlumatı fövqəladə olduğu üçün imtahanı özünə layiq bilmirdi.

Amma indi təsdiq olundu; bəli, təsdiq olundu.

Hə, bəli! Bəxt, bəxt, bəxt!

Mənim də bəxtim olsa idi, iki nəfər güclü və pullu adam gedib qazı yanında vəsatət elərdi ki, bəli, flan… o söz!..

Arifsən həyə, anlarsan. Və əgər istəsəniz bu zatın savadının dərəcəsini biləsiniz, bir nəfər Sabunçu selski sudyasına yazdığı kağızı eynən burada çap edim ki, siz də oxuyun və görün ki, hər bir şey dünyada qabiliyyətnəndir, Allah vergisidir; mədrəsə-flan lazım deyil:

“Cənab müstətab mollayi-Əbdülcabbar selski sud Sabunçu damiqbalə təvəqqə və xahiş olunur, cənabından bir vərəqi-dəftəri “Mədrəseyi-Təməddün” hesabi odun yazıb irsal etsiz rəfxanə bir sacın odun mədrəsə üçün Mir Ağa Seyid Musa oğlu alıb fisacın 46 manat qırx altı manat yanvarının 16-sında təfil vermişəm mədrəsə müdiri və xadimə. Baqi 1912, 21 yanvar və şüşə mədrəsə 5 ədəd 1 b”.

Bu da təsdiq olunmuş ruhanilərimizin qələmlərinin əsəri!

Dəxi bil ki, mədrəsə-flan artıq işdir. İnsanda istedad lazımdır, yəni zehn və qabiliyyət, şüur və dərrakə lazımdır; yoxsa mədrəsə-zad artıq işdir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 5 fevral 1912, №5

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (Şuşa, 7 iyul 1931)

Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.

1 мин
Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)

Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.

1 мин
Həmidə! (12 yanvar)

Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar.Cəlil

1 мин
Həmidə! (2 fevral)

Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.

1 мин

Стихи других поэтов · Сатира