Kişmiş oyunu
Страница 1 из 2
Əhvalat vaqe olur 1891-ci ildə Gəncə quberniyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu və Mustafa. Bunlardan sinndə böyük Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə.
Vəlisoltan (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə?
Nurəli. Dünən kənddə deyirdilər ki, Novruzəli yeddi üç abbasıya satıbdır. Amma Novruzəlinin pambığı qolay pambıq idi.
Mustafa. Görsənən budur ki, pambıq rəvacdır. Hava bir az yumşansaydı, bir-iki put pambığım var, aparıb satardım.
Şirəli. Bu il pambıq yoxdur ki!.. Evi yıxılmış çor qoydu ki, vilayətdə pambıq tapılsın, tamam puça çıxartdı.
Vəlisoltan. Allah kərimdir. Naümid olmayın (əsnəyir). Nurəli, sən Allah bir nağıl başla. Gecələr çox uzundur, yatmaqla qurtarmaq olmur.
Nurəli (əsnəyir). Soltan ağa, hövsələm yoxdur. Bu gün heç bir şey deyə bilmərəm.
Cəfər (Nurəliyə). Adə, sən niyə özünü naza qoyursan. Sən Allah, əzilmə, bir hekayət başla. Soltan ağanın sözünü yerə salma, bizim üçün də bir məşğuliyyət olsun.
Hüseynqulu. De, de, Nurəli. Naz eləmə, başla.
Nurəli (gülür). Vallah, heç könlüm yoxdur. Əgər zornan deyirsiniz, baş üstə (öskürüb başlayır çubuğu doldurmağa və bir az dikəlib deyir):
Süxənəst çaşnizən ləbi-xəndan darəm.
Cani-mən guş konəm çünki süxən can darəm.
Amma raviyani-əxbar və naqilani-asar belə rəvayət ediblər ki, bir gün İsfahanda Şah Abbas öz barigahında əyləşib vəzirinə dedi: Ey vəzir, mənə bir yaxşı hekayət nağıl elə. Vəzir istəyirdi hekayəti başlasın…
Töylə qapısı açılır, Vəlisoltanın nökəri Kərim daxil olur.
Kərim. Ağa, iki erməni gəlib, cənabınızı soruşullar. Nə cavab verim?
Vəlisoltan. Yəqin ki, yenə təzəkəndlidilər; yəqin ki, olardı. Olan, belə də yaman ermənilər olar? Xəta elədik olardan bir öküz gətirib qoşduq cütə. Ayda üç dəfə gəlib, zəli kimi yapışıllar, gərək pulunu verəsən. Heç bilmirəm necə eləyim. Öküzü versəm, yaz ağzıdı, sabah cüt çölə çıxanda məəttəl qalacağam. Pul da hələ əlimdə yoxdur. Allahü əkbər, bu nə iş idi düşdük. Bu ermənilər məni təngə gətirdilər.
Nurəli. Soltan ağa, bular haman ermənilərdir ki, keçən həftə də gəlmişdilər?
Vəlisoltan. A kişi, necə keçən həftə? Sən deginən həftədə neçə yol gələrlər bir arıq öküzdən ötrü?
Nurəli. Soltan ağa, vallah, hövsələli adammışsan. Mən olsam, vallah, oların başına bir oyun gətirrəm ki, gəldiyi yolu da itirəllər.
Vəlisoltan. Söz yox, elədir. Mən indiyə kimin istəmirdim oları incidim, yoxsa oların mənə zoru yoxdur ki. Nə ilə isbat eləyəcəklər ki, mənim olara borcum var?
Nurəli. Vallah, Soltan ağa, heç zad vermə, it kimi qov getsinlər!
Cəfər. Vallah, Soltan ağa, heç zad vermə, qoy cəhənnəm olub getsinlər.
Vəlisoltan. Yaxşı, ondan nə çıxacaq ki. Bu gün vermərəm, sabah gələrlər.
Nurəli. Pi, sabah da vermə. Oların sənə bir zoru yoxdur ki?
Vəlisoltan. Bulardan heç zad çıxmaz. Sabah vermərəm, biri gün gələrlər.
Nurəli. Soltan ağa, bu sözlər bir pula dəyməz. Bu işə biz bir tədbir tökməsək, ermənilər sənin yaxandan əl çəkməyəcək. Mən oları yaxşı tanıyıram.
Cəfər. Xeyr, əl çəkməzlər.
Nurəli. Soltan ağa, əgər mən bu erməniləri sənin başından həmişəlik rədd eləsəm, mənə nə verərsən? Mən oların başına bir toy tutum ki, ta nə qədər sənin canın sağdı, olar Bərgüşad kəndinə ayaq basmasınlar.
Vəlisoltan. Hər nə istəyirsən verrəm; amma bu işdən ağlım bir zad kəsmir.
Nurəli. Nə səbəbə bir zad kəsmir?
Vəlisoltan. O erməniləri ki mən tanıyıram, olar öz başlarından əl çəkərlər ki, bu öküzün pulundan əl çəkməzlər.
Nurəli. Soltan ağa, and olsun bizi yaradan Allaha, mən olara bir elə tövbələtmə görsədim ki, öküz oların bilmərrə yadlarından çıxsın. Vəlisoltan. Yaxşı, Nurəli, sən olara neyləyəcəksən ki?
Nurəli. Sənin nə işin var; sən tamaşa elə, gör ki, nə eləyəcəyəm. Vəlisoltan. Ədə, Nurəli, birdən eşşəkliyinə salıb bir xata zad törədərsən, axırda peşmançılıq çəkərik.
Nurəli. Soltan ağanın başına and olsun ki, heç bir xata məndən baş verməz. Arxayın ol.
Vəlisoltan. Amma, Nurəli, vallah, bu ermənilər məni o qədər təngə gətiriblər ki, əgər buları mənim başımdan rədd eləsən, pambıq satılanda sənə bir mahud çuxa verrəm.
Nurəli (sevincək durur ayağa). Baş üstə, Soltan ağa. Amma mənim də siz ilə bir şərtim var. Kərim getsin ermənilərin ikisini də çağırsın, gəlsinlər bura. Amma mən gərək gizlənim ki, olar məni burada görməsin. Ondan sonra mən gələcəyəm bura və hər nə danışsam, hər nə eləsəm, siz gərək zarafat biləsiz və mənim fəndimi başa düşəsiz ki, ermənilər bir zad duymasınlar. Ə gədə, Kərim, get erməniləri çağır gəlsinlər.
Kərim gedir.
Cəfər. Ədə, Nurəli, genə nə bicliyin var?
Nurəli. Mən ölüm dinmə, tamaşa elə; gör nə işlərdən çıxacağam.
Vəlisoltan. Dinməyin, ermənilər gəldi.
Nurəli qaçır gizlənir, ermənilər daxil olur.
Ermənilər (birdən). Allah saxlasın.
Vəlisoltan. Ay Allah saxlasın. Xoş gəldiniz, buyurun əyləşin. Karapet. Eh, nə əyləşək, Soltan ağa. Bərgüşada yol döyməkdən çarıqlarımız yırtıldı.
Vəlisoltan. Ə kişi, hələ bir əyləşin, dincəlin, sonra gileyinizi başlayın.
Sərkiz. Nə əyləşinbazlıqdı? Quru-quru əyləşməkdən bizə bir qəpik nəf var?
Vəlisoltan. Hələ bir oturun, görək nə var, nə yox? Bilirəm, siz öküzün pulundan ötrü gəlmisiniz. O barədə xatircəm olun. Öküzün pulun tamam-kamal verməmiş mən sizi, inşallah, boş yola salmaram
Ermənilər oturullar.
Karapet. Ağa, Allah aqibətin xeyir eləsin, elə, vallah, biz də kasıb adamux; əgər lazım olmasa, bu qədər gəlib getmərux.
Sərkiz. Ağa, elə xacalat da çəkiruq; yəqin bil ki, lazım olmasa, buxantara gəlib getməruq. Elə bil, öz cibindən verirsən.
Vəlisoltan (nökərə). Ə gədə, Kərim, get çay hazır elə, gətir.
Kərim gedir, Nurəli daxil olur otağa və fikirli ermənilərin üzünə baxa-baxa gedib qısılır Şirəlinin yanına və başlayır onunla pıçıldaşmağa. Qalan kəndlilər və ermənilər Nurəliyə tərəf baxıllar. Mustafa həmçinin başın uzadıb başlayır Şirəli ilə və Nurəli ilə pıçıldaşmağa.
Vəlisoltan. Nurəli, nə var, nə pıçıldaşırsız?
Nurəli. Xeyr, Soltan ağa, heç bir şey yoxdur (Nurəli sonra Hüseynqulunun yanına qısılıb, başlayır onunla pıçıldaşmağa).
Vəlisoltan. Gədə, Nurəli, nə var axı? Nə bir elə gizlin sözünüz var ki, pıçıldaşırsız? Hüseynqulu, nə var, Şirəli, nə olubdu?
Şirəli. Xeyr, ağa, bir şey yoxdu.
Ermənilər diqqətlə baxıllar kəndlilərin üzünə, Cəfər də həmçinin başlayır uşaqlar ilə pıçıldaşmağa.
Vəlisoltan (qayım səslə). Olan, nə var axı? Nə xəlvət işiniz var ki, bizdən gizlin danışırsız? Hər nə sözünüz var deyin, biz də eşidək də. Burada ki, yad adam yoxdur.
Nurəli. Soltan ağa, bir tədbirimiz var, amma cürət eləmirik ki, cənabınıza ərz edək. Çünki bilirik ki, izn verməyəcəksiniz. Haman mətləbi öz aramızda hələlikdə gizlin götür-qoy eləyirik.
Vəlisoltan. Nə tədbiriniz var?
Nurəli. Xeyr, bir tədbirimiz yoxdur, daxı nə baş ağrısı verək. Siz ki, izin verməyəcəksiniz.
Vəlisoltan. Olan, axı bir de görək necə tədbirdir? Bəlkə elə yaxşı işdi; daxı niyə izin vermirəm?
Nurəli. Xeyr, əlbəttə, yaxşı tədbirdi, çox gözəl tədbirdi. Amma xeyr, daxı nə lazım baş ağrısı olsun? Siz ki izin verməyəcəksiniz, daxı nə lazım ki, söyləmək?
Vəlisoltan (guya ki, acıqlı). Vallahi ki, qəribə adamsız. Olan, siz bir mətləbi mənə deyin, mən də baxım görüm izin verməlidi, ya verməli deyil.
Ermənilər heyrətlə baxırlar.
Nurəli. Soltan ağa, doğrusu budur ki, bu saat, elə bu dəqiqə padşahlıq yolu ilə Qalaya Araz tərəfindən bir karvan kişmiş aparıllar. Aparanlar əvvəl-axır iki yava dəvəçilərdir. İkisi də piyada. Yoldan indi bu saat bizim kəndə gələn var. Dəvəçilərin özü ilə danışıbdır. Deyir dəvəçilər özləri kişmişi belə tərifləyirlər ki, guya o tayda indiyə kimi belə kişmiş əmələ gəlməyibdir. İndi biz uşaqlarnan elə haman mətləbi pıçıldaşırdıq. Soltan ağa, əgər sizin izniniz olsa, biz bu saat gedib, karvandan bir tay kişmiş gətirrik. Vallah, Soltan ağa, heç belə fürsət ələ düşməz; heç belə kişmiş olmaz. Əgər bir tay gətirsək, bütün qış bizə bəsdir.
Vəlisoltan. Pəh, pəh! Afərin, afərin! Nurəli, məgər kişmişi çöldə töküblər? Tayı sizə kim verər gedib gətirəsiz?
Nurəli. Soltan ağa, vallah, karvanda iki dəvəçidən artıq heç kəs yoxdur. Oların hərəsinin cibində bircə dana çuvalduz var. Vəssəlam. Amma biz altı-yeddi nəfərik, özümüz də, söz yox, tüfəng, tapança götürəcəyik. Əliboş ki, getməyəcəyik?
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-kismis-oyunu-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qorxma, osmanlıca yazmıram! Öz dilimizdə yazacağam. Yoxsa başdan “Etidaliyyun” sözünü görüb elə xəyal elərsən ki, biz də “osmanlılaşdıq”, yəni “ərəbləşdik”, yəni mötəbər qələm sahiblərinin cərgəsinə soxulduq. Maşallah, qəzetlərimizi görəndə adamın “tamahı” düşür: lap elə bil ki, təzə Osmanlıda çıxan “Hikmət” qəzetidir ki, mərhum Məlkümxan deyən kimi, maşallah adını da oxumaq olmur ki, biləsən bari nə qəzetidir.Bəli, yenə Osmanlı padşahının tərifi başlanır. Nə olar, qoy başlansın. Amma dəxi demə ki, “dünyanın yox yerdən vücuda gəlməyinə bais sultanımızdır”.
Hacı İbrahimov“Rusiyada Əbdürrəşid İbrahimov həzrətlərini tanımayan kimsə yoxdur”. Bu adamın barəsində Əhməd bəy Ağayev belə deyir. Və belə deyəndən sonra başlayır hacının hünərlərini və xidmətlərini birbir saymağa. Məsələn, İstambulda “Əsrari-Qasimi” elmlərini oxuyub qurtarandan sonra gəldi Peterburqa və başladı “Ülfət” qəzetini çıxartmağa. Axırda baş götürüb getdi Yaponiyaya və orada 35 nəfər məbus və mühərrirlərdən və vəzirlərdən islam dininə çöndərdi. Elə az qalmışdı ki, Yaponiya imperatoru da islamı qəbul edə ki, dəxi İbrahimov istixarə eləyib, artıq qala bilmədi və oradan düz Məkkəyə tərəf yola düşdü və “Tərcüman” qəzetini elə indiyədək təəccübdə qoydu ki, aya, görəsən, İbrahimov yaponlarla hansı dildə danışırdı; çünki İbrahimov öz dilindən savayı bir qeyri dil bilmir, yaponlar da müsəlmanca bilmirlər.Bunların heç birini mən hesaba qoymuram. Allah şahiddir ki, Əbdürrəşid İbrahimovu Rusiyada tanımayan yoxdur. Amma söz burasındadır ki, əgər sən elə belə deyib dursan, mən də deyərəm ki, İranda şeyx Fəzllulahı da tanımayan yoxdur. Ya gərək sözünü geri götürəsən, ya da gərək mətləbi açasan; yoxsa İstambulda təhsil tapmaq, sonra “Ülfət” qəzetini çıxartmaq və sonra da “Bəyanül-həqq” qəzetinə müxbirlik eləmək artıq bir iş deyil.
ŞeyxülislamMərizxana elə bir yerə deyirlər ki, orada naxoşlar müalicə olunur. Yevropada mərizxana çoxdur, amma İranda və müsəlman məmləkətlərində yoxdur və bunun da səbəbi var; səbəbsiz dünyada heç şey yoxdur. Səbəbi odur ki, əcnəbilər naxoş olanda onlar mərizxanaya və təbibə möhtac olurlar, amma müsəlmanlar naxoş olanda çağırırlar cindar Seyid Bağırı, o da naxoşun qabağında bir tas qurur, içinə su tökür və bir yazılı kağız salır və üfürə-üfürə başlayır oxumağa: “Bağladım, bağladım, çıxın cinlər, şəyatinlər”. Bu cindar işini tamam edir və pulunu alıb gedəndən sonra Qışlaqlı cənab filosof Baxış daxil olur və əlini cibinə uzadıb dərmanlarını çıxarır və bir-bir naxoşun qabağına açıb başlayır tərifləməyə: “Bad zəncburya, quş üzümü, toxmi-xərdəl, inəbüləq-ləb, cövzi-hindi, qaqleyi-kübar, qaqleyi-süğar və dörd dirhəm dərdi mülki-ərzəq. Bunları qarışdırıb naxoşa verəndən sonra nə olsa, haman saat kəsəcək”.Budur mərizxana, budur müalicə, budur təbib. Yoxsa Yevropada bir böyük imarəti mətəl eləyirlər və başdan-başa qravat düzürlər və dünyanın zəhərli və acı murdar davalarını gətirib ortaya yığırlar, çağırırlar binamaz həkimləri və naxoşları doldurub həftələr ilə, aylar ilə orada saxlayırlar ki, nə var, nə var “biz bu naxoşlara müalicə eləyirik”.
Helmi PaşaXəyalım möhtərəm oxuculara artıq başağrısı vermək deyil. Onsuz da hava istidir: nə uzun-uzadı yazmağa damağım var, nə uzun-uzadı oxumağa xalqın həvəsi var. Bir neçə söz müxtəsər ərz edib, qoyacağam qələmi yerə.Bircə bunu soruşmaq istəyirəm: nə əcəb Rusiya hökuməti razı oldu ki, Helmi paşa Rusiyanın müsəlman şəhərini gəzib dolansın, müsəlmanlarla görüşüb danışsın? Qəzetlərdən məlum oldu ki, Helmi paşa Peterburqun müsəlman camaatının içində oldu, onlarla qonuşdu, sonra Moskvaya, Kazana, Orenburqa və Samaraya getdi və müsəlmanların başçılarının məclisində söhbətlər elədi, nitqlər oxudu. Buna nə əcəb Rusiya hökuməti razı oldu?