Yazmaq lazım gələndə hər bir yazıçı təzə söz axtarır ki, yazsın. Amma təzə söz tapılmayanda köhnə sözləri yazmağa məcbur olur.

Köhnə sözlərin biri Bakı küçələrinin zibilli olmağıdır. Doğrudur, Şəhər idarəsi bir həftə bundan əvvəl bir belə qərar çıxartdı ki, küçələri təmizləmək lazımdır, amma haman qərarı mətbəədə çap edəndə zalım oğlu mürəttib səhvən “təmizləmək” yerinə “təmizləməmək” yazmışdı. Onunçün də ev sahibləri elə güman ediblər ki, Şəhər idarəsi küçələrin zibilli qalmağını xoşlayır və halon ki, belə deyil.

Xalq çox vaxt bir işdən narazı olub şikayətlənir, ancaq çox vaxt özü də bilmir ki, nədən şikayətlənir.

Məsələn, gecələr droğ arabaları saat üçdən başlamış gurultu və nəriltiylə keçib xalqı yuxudan sərasimə oyadır və qoymur yatsın, amma camaat bunu başa düşmür, Şəhər idarəsinin buna yol verməyi o səbəbdəndir ki, xalq bir az huşyar və sayıq yatsın: məlum işdir ki, küçələrin hər küncündən sənin pəncərəvə bir oyaq göz baxır ki, görsün sən yatmısanmı?

Doğrudur, bədən tərbiyəsində sağa və solda əyilmək həmişə lazım gəlir, amma, əzizim, bircə şərti unutmamalı: sağa (yaxud sola tərəf) əyiləndə atalar sözünü yadına sal ki, deyərmişlər: “əyilmə, quyuya düşərsən”.

Köhnə sözlərin biri də “məşhur papaq” söhbətidir: bir ovqat bu barədə çox danışıldı və deyəsən yaddan çıxdı, getdi və Bakı küçələrinin zibili kimi yenə ha papaqdır ki, hər bir müəllim şura xidmətçisinin başında görürsən.

Amma burada bir məzəli fəqərə yadıma düşdü.

Bu günlərdə Mərkəzi İcraiyyə komitəsinə şikayətə gələn Naxçıvan kəndlilərinin biri şikayət edirmiş ki, Naxçıvan hökuməti məcburən onun başına “kepka” qoydurubdur.

Söz yox ki, Mərkəzi İcraiyyə komitəsi sədri yoldaş cavab verib ki, kəndliləri papaq qoymamağa məcbur etmək böyük səhvdir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 noyabr 1929, №47

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира