“Vışka” qəzeti 11 noyabr nömrəsində yazır ki, Yaponiyada paravozun təmiri 6 gün çəkdiyi yerdə bizlərdə haman paravozun təmiri 30 gündən 80 günə kimi çəkir.

Buradan mən bir müşabihə götürürəm, bir dindar adamı və bir də dinlə işi olmayan Allah bəndəsini. Bu iki adama iş tapşırsan flan vaxta hərəsi öz işini qurtarsın. Əlbət ki, ikincisi işini qabaqkından tez qurtaracaq: səbəbi budur ki, işin şirin yerində qabaqkı dindar yoldaş cibindən saatını çıxarıb deyəcək: bəh, namazımın vaxtı keçdi.

Bu müşabihəni mən burada o səbəbə göstərdim ki, bizim dəmir yol təmirxana işçiləri namazçıdırlar, amma Yaponiya işçiləri namaz və niyazla işləri yoxdur.

Bu münasibətlə Lenin yoldaşın bir tarixi sözü yadıma düşdü:

“Bizlərdə çox danışmaq adət olubdur. Və halon ki, çox danışmaqdansa – çox iş görmək lazımdır”.

Yenə qəzetin haman nömrəsində yazır ki, Şura hökuməti qadınları təzə yaşayış yaratmağa hazır edə-edə onları təzə yaşayışı mühafizə etməyə də hazırlayır.

Bu halı Bərdə qadınlar təşkilatı müdirəsi diqqətə almalıdır; tək bir üzüaçıq gəzmək kifayət deyil, lazımdır qara camaata öz rəftarlarınla göstərmək ki, üzüaçıq gəzən qadın Şura hökumətində hər növ təərrüzdən və sataşıb dolaşmadan təmindir. Onunçün də Bərdə Kənd Şurası Dadaş Məcid oğlunun bir bərdəli gəlinin namusuna təcavüz etməsi, indiyədək Bərdə işçi-qadınlarını rahat buraxmayaydı və müqəssirə görkəmli divan tutulaydı, bir surətdə ki, idarəmizə çatan səhih məlumata görə qadınlar təşkilatı üzvlərinin tamamının bu cinayətdən xəbərdardırlar.

Bir də deyirlər ki, bir para bizim yazıçıların, şairlərimizin İstambulda müsavatçıların kitabına yazıları dərc olunub və bunlar şagird kitabçalarında üç rəngli bayraqdan təhəssüratını qeyd edirlər.

Əgər bir belə şey həqiqətdə varsa, bu adamların başına soyuq dəyibdir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 noyabr 1929, №46

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müzəffər! (6 fevral 1923)

Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.Hələlik. Xudahafiz, əziz uşaqlar.

1 мин
Həmidə! (18 mart 1923)

Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.

2 мин
Cəlil (22 mart 1923)

Hər şeyi atıb şəhərə köçməyə ürəyim gəlmir. Burada da mənim üçün dözülməz, ağır şərait yaranmışdır. Burada bir neçə idarə vardır, biri o birinin qərarını rədd edir, camaatı bir-birinin canına salırlar. Lap hərc-mərclikdir.Bütün ili kəhrizləri icarəyə götürmədim, nəticədə sökülüb dağıldılar, su kəsildi, kənddə yoluxucu xəstəliklər törədi. Kəndlilər açıqdan-açığa boyunlarına aldılar ki, kəhrizlərdən istifadə edə bilmirlər. Buna görə də nahiyə icraiyyə komitəsinin iştirakı ilə belə qərar çıxardılar ki, kəhrizliləri köhnə sahiblərinə qaytarsınlar. O biri tərəfdən də mərkəzdən bu haqda su mühəndisi Petrova gələn sərəncamda deyilirdi ki, əgər fevralın birinə kimi kəndlilər kəhrizləri təmizləməsələr, onda o, kəhrizləri inanılmış adamlara verə bilər.

1 мин
Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923)

Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur.Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.

1 мин

Стихи других поэтов · Сатира