Əvvələn, hər kəs deməsin ki, mən dünyada az bilirəm. Zira ki, hər nə qədər az bilsə, yenə hamıdan çox bilir.

Saniyən, çalışıb-vuruşmaq ilə, zəhmət və məşəqqət ilə heç bir işdə qabağa getmək olmaz; çünki hər iş öz qaydası ilə gedəcək və hər nə ki olacaq – elə də olacaq və hər nə ki olmayacaq, – olmayacaq.

Salisən, həmin təzə 1908-ci ildə də “Molla Nəsrəddin” öz məsləkində davam edib yazacaqdır; yəni hərdənbir xalqın üstə güləcək və hərdən də bir xalqı öz üstünə güldürəcək.

Rabiən və bundan da əlavə “Molla Nəsrəddin” köhnə sayaqla hürriyyət və ədalət baydağı altında çalışıb, hənanın rəvacına səy edəcək və dörd arvad alanların azadlığı yolunda haqq sözü müzayiqə etməyib, hamamda həcəmət aldırmağın intişarına çalışacaqdır.

Və xamisən, yeddi yaşa çatmamış qız uşağını ərə verməyi və on iki yaşa çatmamış oğlan uşağını evləndirməyi rəva görməyəcəkdir.

Bir balaca nəsihət.

Söz yox, oxucularımızın heç birisi rusca bilmir (amma adam adını hıqqana-hıqqana yazsa, pis olmaz) və ola bilər ki, oxucularımızın bir parası cibinə beş manat qoyub gedə poçta. Poçt çinovniki öz gavur dilində soruşacaq ki, “şto xoçeş”; yəni nə istəyirsən? Oxucularımız məəttəl qalıb baxacaq çinovnikin üzünə və bilməyəcək nə desin.

Biz belə məsləhət görürük ki, dəxi çinovnikə heç bir söz demək lazım deyil… Məhz lazımdır pulu qoymaq çinovnikin qabağına və bircə bunu rusca demək ki: “Tiflis, Molla Nəsrəddin rabatay”.

Dəxi özgə bir danışıq lazım deyil. Vəssalam.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 23 dekabr 1907, №48

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Danabaş kəndinin məktəbi

IBu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir.

32 мин
Təsbeh barəsində bir neçə söz

Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə sifariş edə, açar göndərir.Nəzərəli xan İkramüddövlə belə bir qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı – dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb “yox” deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz.

4 мин
Qəssab

Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir.Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim:

5 мин
Zırrama

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:– Molla əmi, yəqin ki, məni tanımırsan?

6 мин

Стихи других поэтов · Сатира