Bu gün İrandan gələn məktubları oxudum və qəzetlərdə yazılan İran əhvalatını gördüm – dərin fikrə getdim.

Öz könlümdə bu saata qədər İranın vüquatını nəzərimə gətirib fikirləşdim, fikirləşdim ki, biləm nə səbəbə İran bu halətə çatdı.

Çox fikirdən sonra başladım məktubları açıb oxumağa.

Əvvəlinci məktub Bakıdan yazılmışdı. Məzmunu budur:

“Bu gün cəmi Bakının qoçubaşları cəm olmuşdular Qasım bəy məscidinə ki, nahaq qanlara bir çarə qılsınlar. Ağaların bir-ikisi minbərə çıxıb mərsiyə oxudu və camaat ağladı. Bir-iki adam da nitq söylədi ki, adları qəzetdə oxunsun, sonra dağıldılar və inşallah bundan sonra Bakıda adamdan savayı bir toyuğun da burnu qanamayacaq, vəssəlam”.

Məktubu oxuyub topladım səbətə, ondan ötrü ki, bunun İrana dəxli yoxdu.

İkinci məktub Tehrandandır və məktubu yazan bizim həqiqi dostumuzdur.

Məktub sahibi yazır: “Dü əncüməni-büzürg ki yeki beismi “Əncüməni-xidmət”, digəri beismi “Əncüməni-fütüvvət” əzüməra və əyan dərhal dər Tehran təşkil şüdə ki zahirən tərəfdari pişrəft məqasidiməşrutə-tələbanənd və batinən onçe ki dər qüvvət və qüdrət darənd əzxatabiyi – məmləkət və bərhəmzədəni-övzai-məclis və həmdəsteyi badüşmənani –vətənkutahi müfərmayənd”.

Kağızı oxuyub qoydum kənara, amma genə bilmədim ki, İran nə səbəbə bu günə qaldı.

Üçüncü məktubu açdım. Bu da Batumdan gəlib. Məktubda yazılıb ki, İran hacıları dəryanın kənarına düzülüb bikarçılıqdan dəryaya daş atırlar ki, qolları açılsın (məktub çox uzundu, gələn həftə bu barədə danışarıq inşallah).

Amma genə bilmədim ki, nə səbəbə İran bu günlərə qaldı!

Dördüncü məktubu açdım. Bu da Nəcəfül-əşrəfdəndir. Məktubu yazan bir səmimi dostumuzdur ki, neçə ildi Nəcəfdə ticarətə məşğuldur.

Məktub sahibi yazır:

“Bəzi üləmayi-Nəcəf və Kərbəla əzqərari-əxbari-səhihə imruz məşğuli-rüşvəgiriftən –əzdüvəli-mücavirə, məxsusən ingilis şüdəənd və şəbü ruz baingilisha dər müşavirə və xəlvət mibaşənd”.

Bu məktubu oxuyandan sonra dayandım və genə yarım saata qədər fikir elədim.

Bu fikirdə idim, iranlı aşnalarımdan Mirzə Əbülhəsən adlı bir şəxs zəngi çalıb istədi məni görsün. Qəbul elədim. Qonaq içəri girdi, oturdu və mən Nəcəfdən gələn kağızı ona nişan verdim. Rəfiqim dedi yalandı. Dedim nə səbəbə? Cavab verdi ki, Kərbəla və Nəcəfül-əşarət üləmasından belə xəyanət baş verə bilməz. Dedim: Niyə baş verə bilməz? Cavab verdi ki, o cür millətdust və vətənpərəst üləmalar heç vaxt vətənə xəyanət eləyə bilməzlər. Soruşdum ki, bəradər, dünya xəlq olunandan indiyədək sənin üləmaların vətən məhəbbətlərini nə vaxt və nə ilə büruzə veribdirlər?

Mirzə Əbülhəsən cavab verdi ki, haman üləmalar millətin və vətənin tərəqqisi yolunda indiyədək növ-növ pürqiymət kitablar yazıblar. Dedim, məsələn. Dedi: Məsələn: kitabi-”Xabnamə”.

Haman saat gedib kitab şkafını açıb “Xabnamə” kitabını gətirdim ki, görüm, bəlkə elə doğrudan da, bu kitabı yazan millətin və vətənin tərəqqisi yolunda bu kitabı yazıb. Kitabın ortasından açdım 34-cü səhifəyə rast gəldim. Bir yerindən oxudum: “Əgər kəsi muş dər xab binəd, bezin bədkar düçar gərdəd və əgər muşani-büsyan dər xab binəd ömri-büsyar yabəd”.

Dedim, əzizim, budurmu millət və vətən yolunda yazılan kitab? Dedi – Bəli. Dedim –Çox sağ ol, dəxi hansı bu cür kitablardan vətən yolunda yazılıb?

Dedi – Məsələn, “Cameüd-dəvat”. Dedim – Çox sağ ol, dəxi? Dedi –”İxtiyarat”. Dedim – Çox sağ ol, dəxi? Dedi – ”Əcayibül-məxluqat”. Dedim – Çox sağ ol, dəxi? Dedi – ”Filnamə”. Dedim – Dəxi?

Rəfiqim başladı bu cür kitablardan genə bir neçəsini saymağa. Dedim – Dəxi bəsdi, indi başa düşdüm.


İndi mən qaldım ki, nə səbəbə İranın əhvalı bu yerə gəlib çatıb.

Oxucularımızdan hər kəs istəsə bu mətləbi necə ki, lazımdır başa düşsün, təvəqqə edirik bu yuxarıda yazılan kitabları tapsın və əvvəlinci səhifəsinə baxsın görsün bu kitabları yazanlar kimdir?

Bir şey yadımdan az qaldı çıxsın:

Yazıq iranlıların öz dərdləri guya ki, özlərinə bəs deyil, bir tərəfdən də bu gəncəli Məhəmmədovlar qır kimi yapışıblar biçarə iranlıların yaxasından və bilmirəm ki, nə istəyirlər.

Amma bundan sonra Məhəmmədovların kefidi ha!

“Molla Nəsrəddin”, 16 dekabr 1907, №47

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Uşaq teatrı

Bu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır.Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur.

1 мин
Pulların danışığı

Əgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.

1 мин
Ərzaq vergisinin nöqsanları

Bu sözü biz demirik, bunu “Bakı fəhləsi” qəzeti 33-cü nömrəsində yazır. Yazır ki, keçən ilin naloq işləri bir neçə nöqsanlar ilə keçdi. Lazımdır tədbir tökmək ki, bari bu üzümüzə gələn il haman nöqsanlar dəxi təkrar olunmasın.Bu sözü haman yuxarıda söylədiyimiz qəzet deyir, biz demirik. Vəbalı deyənin boynuna.

2 мин
Əslinə mütabiqdir

Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.

1 мин

Стихи других поэтов · Сатира