Содержание
  1. I
  2. II
  3. III
  4. IV

Страница 1 из 6

I

Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir.

Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə.

Bu xəbəri gətirən də bizim xərmən qonşumuz Kərbəlayı Mirzəli idi. Əgər bu xəbəri tək bircə Kərbəlayı Mirzəli gətirmiş olsaydı, ola bilərdi birdən-birə inanmayaq; çünki ağla sığmaz ki, bu qədər adam birdən gəlsin kəndə. Niyə? Nə səbəbə? Kəndi çapıb talamayacaqlar ki? Və bir də nə belə vacib iş ittifaq düşübdü ki, bu qədər adam elə hamısı birdən gəliblər kəndə?

Həqiqət söz ərz eləyirəm ki, Kərbəlayı Mirzəlinin sözünü əvvəl dəfə biz heç başa düşmədik; amma sonra hər gələn təsdiq elədi. Hələ nəinki təsdiq elədi, bəlkə bir neçəsini də üstə qoydu; məsələn: Kərbəlayı Mirzəlidən sonra Qasım əmi gəldi. Rəhmətlik dadaşım (Allah əzizlərinizə rəhmət eləsin) əhvalpürsan olandan sonra Qasım əmi Allaha and içib başladı kəndə gələnləri saymağı: nəçərnik, köməkçi, qazı, qazaq, silistçi və miravoy sud.

Qasım əmidən sonra Məşədi Yarməmməd gəldi. Bu kişi gələnlərin adlarını dəxi də özgə cür söylədi. Məşədi Yarməmməd Allaha da and içdi, bəlkə peyğəmbərə də and içdi ki, kəndə gələnlər nəçərnikdi, qoburnatdı, şeyxül-islamdı, seğlədardı, liğərdi, üç ayaqdı, üç qoldu… Qərəz, çoxu yadımdan çıxıb, mən deyirəm ki, nə qədər yer üzündə böyük var idi, hamısını saydı.

Bu səda bizi lap mütəhəyyir elədi. Hələ bundan əlavə bizi işimizdən avara elədi. Mallar gəm sürürdülər. Bu xəbəri eşidəndən sonra malları boşladıq, məşğul olduq xəbər gətirənlərin söhbətinə. Mallar da daraşdı küləşi yeməyə. Bir az vaxtda bizim yanımıza altı-yeddi adam cəm oldu; çünki xəbər gətirənlər çömbəldilər çardağın kölgəsində, biz də bunların başına yığışıb qulaq asırdıq. Bir qədər də kəndlilər kəndə gələnləri barmaqları ilə sayıb, söhbəti çöndərdilər özgə səmtə ki, aya, görək pəs bu böyüklər nə səbəbə gəliblər kəndə.

Bu məsələ asan məsələ deyil. Kim deyə bilər nədən ötrü nəçərnik, qazı, uşkol, qazaq, atlı və qeyriləri gəliblər kəndə? Bizim kənddə nə qədər müsinn adam var, heç biri bütün ömründə bu cür əhvalat nə görübdü və nə də eşidibdir.

Doğrudu, kəndə nəçərnik də gəlib, silistçi də gəlib, liğər də gəlib, qazı da gəlib, bəlkə qoburnat da gəlibdi; amma nəinki hamısı birdən. Odur ki, Kərbəlayı Mirzəli, Qasım əmi, Məşədi Yarməmməd, rəhmətlik dadaşım (Allah əzizlərinizə rəhmət eləsin) nə qədər fikirləşdilər, bir yana çıxarda bilmədilər. O ki Məşədi Yarməmməddi, o belə güman eləyirdi: bu adamların kəndə gəlməkdən qəsdləri saldat tutmaq idi; amma bu rəyə qeyriləri şərik olmadılar. O səbəbə ki, əgər böyüklər saldat tutmaqdan ötrü bu gün gəliblər kəndə, pəs daha qazı niyə gəlibdi? Bəli, tutaq ki, qazını nəçərnik gətirib kəndlilərimizə nəsihət eləsin ki, bəlkə bu əmr yumşaqlıq ilə yeriyə, iğtişaş olmaya.

Bu belə.

Pəs uşkol niyə gəlib, mirovoy sud niyə gəlib?

Rəhmətlik dadaşımın mülahizəsinə görə böyüklər kəndə ondan ötrü gəlmiş imişlər ki, görsünlər vilayət dinclikdirmi? Xalq bir-biri ilə necə yola gedir?

Qərəz, kəndlilər bu cür söhbətdə idi ki, bir atlı çaparaq kəndin içindən çıxıb kövşənə səmt getməkdə idi. Biz hamımız bir az xof elədik; özgələri bilmirəm, mən çox qorxdum. Amma Allah rast saldı ki, atlı keçdi, biz bir qədər dikləndik atlını gözdən itirməyək, görək hara gedir. Atlının belə çaparaq getməyindən biz yəqin elədik bu iş boş iş deyil, burda, əlbəttə, bir əməl var. Baxdıq, baxdıq ta o qədər ki, atlı zəmiləri keçib və arxları sıçrayıb düz getdi, çıxdı Hacı Namazalının xərməninə. Elə yetişməyə bənd idi, haman dəqiqədə qayıtdı geri; amma tək qayıtmadı, bir adam da yanınca gətirirdi. Hərçənd fasilə uzaq idi, amma yerdə gələnin boyundan və börkünün ucalığından biz seçdik ki, atlının yanınca gələn elə Hacı Namazalı özüdür. “Bəli, kişinin evi yıxıldı, Allah baisin evini yıxsın!” – Biz hamımız ah çəkib, belə başa düşdük.

Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman günü idi ki, atlı Hacı Namazalını xərməndən gəlib apardı nəçərnikin yanına. Bəli, o günü mənim qorxum intiha mərtəbədə idi. Hətta bu da yadımdadı ki, tayamızın dal tərəfindən itimiz yuvaya nisbət bir deşik qayırmışdı. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. Hacı Namazalını atlı gətirəndə mən o dərəcədə qorxdum ki, qaçıb özümü soxdum haman itin yuvasına.

Elə mən daxmaya girməkdə, xərmənimizdə kişilər də tayanın dalına keçməkdə. Mən əvvəl elə başa düşdüm bunlar məni axtarırlar. Amma bunların hamısı məni gördülər, heç soruşmadılar da ki, mən bu daxmaya nə səbəbə girmişəm. O vədə bu işləri başa düşmürdüm, ağlım kəsmirdi, amma indi yəqin edirəm ki, elə onlar da qorxurdular. Bu yaxşı yadımdadı ki, Kərbəlayı Mirzəli tez-tez oğru pişik kimi küləşin yanından başını uzadıb, yola tərəf baxırdı ki, görsün atlı və Hacı Namazalı girdilər kəndə, ya yox.

İndi mən bir şeyə təəccüb qalıram. Mən ona təəccüb qalıram ki, əgər mən qorxurdum, mən uşaq idim, mənə məzəmmət yapışmazdı. Mən bunu nə o vədə başa düşdüm, nə də indi başa düşürəm ki, hələ bu yekəlikdə kişilər nə səbəbə qorxurdular.

Mənim yaxşı yadımdadır ki, Kərbəlayı Mirzəli də qorxurdu. Qasım əmi də qorxurdu, rəhmətlik dadaşım da qorxurdu, bir-iki cahıl-cuhul var idi, onlar da qorxurdular. Nə qədər ki, atlı və Hacı Namazalı hələ kəndin içinə girməmişdilər, Kərbəlayı Mirzəli necə ki, ərz elədim, əllərini qıçlarına söykəyib və belini ikiqat eləyib, diqqətlə və ehtiyatla yola baxmaqda idi; ta o qədər ki, atlı və Hacı Namazalı girdilər kəndə və Kərbəlayı Mirzəli düzəlib bir-iki qədəm qabağa yeriyib söylədi: “Allah axırın xeyir eləsin”.

Yanımızdakı kəndlilər indiki halətdə qaldılar lap mat və məəttəl və mətləbi hər yana çöndərdilər, heç bir nəticə bağışlamadı. Güftgu çox uzandı və hamıdan çox danışan rəhmətlik dadaşım ilə Kərbəlayı Mirzəli idi; hamıdan da az danışan Qasım əmi və qeyri cahıl-cuhul idi. Hamıdan çox qorxan mən idim. Hamıdan artıq təəccüb qalan mən idim və Mirzəli idi; yazıq kişi əllərini oyza bururdu, buyza bururdu.

Söz yox, şək düyünü öz-özünə açılardı əgər ki, xərmənimizdəki kəndlilərin biri kənd içinə gedib və əhvalatı öyrənib, bir doğru xəbər gətirəydi. Dəxi o qədər yadıma gəlmir nə səbəbə heç kəs kəndə getmək istəmirdi. Məhz bu yadımda qalıbdı ki, rəhmətlik dadaşım Qasım əmiyə dedi ki, bəlkə o gedib xəbər gətirə; amma bu barədə Qasım əminin cavabı bu oldu ki, bir qədər başını bulayıb, çəkilib çömbəldi tayanın kölgəsində.

Mənim zehnimə görə bu adamların hamısından cürətli genə rəhmətlik dadaşım idi. Mən and içə bilərəm ki, əgər dadaşımın işi olmasaydı, heç Qasım əmiyə üz tutmazdı ki, gedib görsün nə var, nə yox. Amma dadaşım əgər kəndə özü getsəydi xərmən, mallar başına qalardı və işdən avara olardıq. Sözün sədaqəti budur ki, ərz eləyirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Məmmədəli! (29 yanvar 1911)

Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.

1 мин
Əzizim Məmmədəli! (1 mart 1911)

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.

1 мин
Əzizim Məmmədəli! (14 may 1911)

Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.

1 мин
Həmidə! (10 oktyabr 1911)

Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil

1 мин

Стихи других поэтов