Содержание
  1. I
  2. II
  3. III
  4. IV

Страница 4 из 6 · 50%

III

Bu əhvalatdan bir neçə ay əqdəm dövlət tərəfindən hökm çıxmışdı ki, İrəvan quberniyasında üç uşkol açılsın. Bu uşkolların xərci dövlət xəzinəsinin öhdəsində idi. Və bir də ki, bu uşkolların üçü də qərardadın məzmununa görə lazım idi kəndlərdə təyin olunsun, nəinki şəhərdə. Bu cür məktəbləri bina eləməkdən dövlətin muradı bu idi ki, dəhat əhlinə savad öyrədib və bir para elmlər təlim edib, bir tövr gözünü açsın, ta bəlkə camaat mürurnan tərəqqi tapıb, həmi bu dünyada öz məişətini keçirdə, həmi də əxz elədiyi elm və ədəb səbəbinə ibadətini dürüst əmələ gətirib Allaha yavıqlıq eləyə.

Bu uşkolların hər birinin illik xərci iki min yüz əlli manat mülahizə olunmuşdu. Bu qədər xərcin müqabilində dövlət tərəfindən məsləhət görülmüşdü ki, məzkur uşkolları böyük və tərəddüdlü kəndlərdə açsınlar ki, məktəbə çox uşağın yolu olsun və məsrəf olunan pullar puça çıxmasın. Odur ki, bu üç uşkolun birini təyin elədilər Çarxlı kəndində; əlbət o səbəbə ki, bu kənd ya çox yekə kənddi, ya da ki, tərəddüdlü yerdi. Birini təyin elədilər Mahmud kəndində; söz yox, əlbət bu kənd də ya tərəddüdlü kənddi, ya çox böyük kənddi. Birini də təyin elədilər Danabaş kəndində, hərçənd Danabaş kəndi tərəddüdlü deyil, amma çox yekə kənddi. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdır. Hələ o vədə evlərdən çox gizlətmişdilər. Və bir də ki, bu on üç ilin ərzində azından gərək yüz ev artmış ola.

Əhvalatı qubernator yazmışdı nəçərnikə, nəçərnik də Danabaş qlavası Pirverdi bəyi çağırıb xəbər vermişdi və habelə qlavaya dil cavabı hökm eləmişdi ki, əvvələn bitəxir məktəbdən ötrü səmtli dam mühəyya olunsun. Və saniyən nəçərnik qlavadan soruşmuşdu, çox uşaqmı Danabaş əhli uşkola göndərər? Pirverdi bəy nəçərnikə bu barədə cavab verir ki, uşkoldan ötrü nə qədər imarət lazım olsa, mümkündür tapmaq, uşaqdan da yana nəçərniki arxayın eləmişdi ki, Danabaş kəndindən azından uşkola altı yüz uşaq göndərərlər.

Qlava kəndə qayıdıb Danabaş əhlinə xəbər verir ki, nəçərnik ağa belə buyurubdu və camaata təklif eləyir ki, əvvələn uşkoldan ötrü bir dam və altı yüz uşaq hazır eləsinlər.

Haman günün sabahı Danabaş kəndindən nəçərnikin yanına iki yüz adam tökülür və nəçərnikə ərz-bəndəçilik eləyib mütəvəqqe olurlar ki, nəçərnik ağa onları başa salsın görsünlər, aya Danabaş əhlinin dövlət yanında [nə] xəyanəti müşahidə olunub və cənab qubernatın və ağa nəçərnikin qulluğunda onlardan nə günah baş verib ki, padşah tərəfindən Danabaş kəndinə belə şiddətli qəzəb sadir olubdur?

Nəçərnik camaatın sözünün cavabında başlayır kəndlilərə bir qədər nəsihət eləyir ki, əvvələn, uşkoldan ötrü altı yüz uşaq lazım deyil; ancaq hələlik yüzü də kifayət elər. Və bir də nəçərnik camaatı başa salır ki, bu qərardad dövlət tərəfindəndir, nəinki nəçərnikin öz xahişidir.

Bu sözləri deyəndən sonra nəçərnik camaata hökm eləyir dağılıb getsinlər kəndə və xəbər verir ki, bir neçə gündən sonra özü gələcək Danabaş kəndinə. Camaat dağılandan sonra nəçərnik hökm yazıb Danabaş kəndindən dörd adam istəyir şəhər divanxanasına; qlava Pirverdi bəyi, prixod mollası molla Həzrətqulunu, Hacı Namazalını və Mirzə Həsəni. Haman günü bu əşxasın dördü də divanxanada hazır olur və nəçərnik bunları öz otağına aparıb əvvələn təvəqqə yolu ilə bunlara deyir ki, Danabaş camaatını ipə-sapa gətirib yumşaltsınlar və uşkol işindən yana səy-təlaş eləsinlər, ta bəlkə uşkol bir tövr ilə Danabaş kəndində bina tuta. Nəçərnik sözünü deyib qurtarandan sonra bu əşxasın dördü də birdən deyir:

– Allah nəçərnik ağaya ömür versin! Biz can-dil ilə hazırıq nəçərnik ağaya qulluq eləməyə.

Nəçərnik bunların bu cür cavablarından xoşhal olub, artıq razıçılıq eləyəndən sonra bunlara xəbər verir ki, getsinlər kəndə və camaata dəlil-nəsihət eləsinlər; o özü də, yəni nəçərnik, bir neçə gündən sonra gələcək kəndə.

Nəçərnikin kəndə gəlməyi bizə məlumdu. Və bu da bizə məlumdu ki, nəçərnik yanınca gələn qonaqları ilə düşmüşdülər Hacı Namazalının evində. Ancaq bunu bilmirik ki, onnan gələn qonaqlar kim imişlər. Biri qazı idi, bu hələ məlumdu. Biri haman şəhərin padşah məktəbxanasının rəisi idi. Biri haman şəhərin məktəbxanasının müəllimi idi. Biri öz dilmancı idi. Biri haman mahalın pristavı idi. Biri bir özgə müəllim idi. Biri öz vəkili idi. Qalanlar da yasavul və atlılar idi.

Pəs gəlib çıxdıq haman günün əhvalatına ki, atlı çaparaq Hacı Namazalını gəlib xərməndən gətirdi kəndin içinə. Salaq yadımıza haman günün əhvalatını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Məmmədəli! (29 yanvar 1911)

Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.

1 мин
Əzizim Məmmədəli! (1 mart 1911)

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.

1 мин
Əzizim Məmmədəli! (14 may 1911)

Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.

1 мин
Həmidə! (10 oktyabr 1911)

Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil

1 мин

Стихи других поэтов