Danabaş kəndinin məktəbi
Страница 5 из 6 · 67%
IV
Bəli, haman günü Danabaş kəndinin camaatı cəm oldular Hacı Namazalının meydanına. Nəçərnik öz qonaqları ilə çıxdı camaatın içinə. Qazı əvvəl başladı nəsihəti və xeyir-duasını, sonra nəçərnik özü başlayıb bir xitabə oxudu, dilmancı tərcümə elədi və dübarə nəçərnik əlinə bir kağız alıb başladı oxumağı, dilmancı üzünü camaata tutub başladı:
– Ey əhli-qəryeyi-Danabaş!..
Biz bayaq burada qalmışdıq.
– Ey əhli-qəryeyi-Danabaş! Nəçərnik ağa buyurur ki, hərdənbir mənim qulağıma bəzi ürəksıxan və qəm artıran xəbərlər gəlib çatır. Belə görükür ki, vilayətimizdə nadinc adam, şeytan adam çoxdu. Xudanəkərdə, əgər bu cür adamların biri düşsə mənim əlimə, yəqin ki, mən onun dərisini diri-diri soydurram! Nəçərnik ağa buyurur ki, bu qisim adamlar çünki özləri də Allah-taalanın yolundan çıxıblar, həmişə bu fikirdə olarlar ki, özgələri də düz yoldan azdırıb, zəhmətə və zillətə salıb özlərinə tay eləsinlər. Bu cür məzərrətli adamlar heç də məlum deyil nə qəsd ilə Danabaş əhlini başa salıblar ki, əbəda uşkola uşaq göndərməsinlər. Guya ki, uşkolda oxuyan uşaqların hamısına iki ilin ərzində qoşun məşqi verib və dava təlimi öyrədib göndərəcəklər Rusiyyətə ki, rus dövlətinin qoşunu çoxalsın, vaqeən bu sözləri ağıl sahibi heç ağzına alıb danışar?..
Camaat birdən səsləndi:
– Xeyr, danışmaz! Allah ağaya ömür versin!
– Nəçərnik ağa buyurur ki, mən dörd şəxsin məsləhəti ilə, – ki olsunlar Molla Həzrətqulunun, Hacı Namazalının, Mirzə Həsənin və qlava Pirverdinin, – bunların məsləhəti ilə bir siyahi tutmuşam və hər kəsin ki, uşkola göndərilməli uşağı var, onların hamısının adları bu siyahıdədir.
Camaat birdən səsləndi:
– Bəli, belədir. Allah ağaya ömür versin!
Sonra nəçərnik əlindəki kağızı verdi dilmancına və dilmancı genə başladı:
– Camaat! Qulaq verin və hər kəsin adını mən bu kağızda oxusam, adamların içindən çıxıb gəlsin cənab nəçərnikin hüzuruna.
Camaat səsləndi:
– Allah ağaya ömür versin!
Dilmanc başladı:
– Kərbəlayı İmamqulu Kərbəlayı Əli oğlu.
Camaatın içindən bir adam çıxdı qabağa: ucaboy, ağsaqqal, başında uca taskülah, əynində qədək arxalıq və ağ gen dizlik. Bu şəxs yeridi nəçərnikin qabağına və hər iki əlini qarnının üstə qoyub əvvəl bir başını atdı dal tərəfə, sonra ikiqat oldu, düzəldi və gözlərini dirədi nəçərnikin üzünə. Nəçərnik buna rusca bir neçə söz dedi və dilmanc bu cür tərcümə elədi:
– Kişi, get bu saat Zeynal oğluvu gətir gəl nəçərnikin yanına.
Kərbəlayı İmamqulu başını aşağı salıb özünü verdi adamların içinə. Dilmanc əlindəki kağızı yuxarı qovzuyub başladı oxumağa:
– Kərbəlayı Heydər Kərbəlayı Zülfüqar oğlu.
Adamları aralayıb qırx-qırx beş yaşında bir kəndli hazır oldu və üzünü nəçərnikə tutub ikiqat olandan sonra başladı:
– Ağa, mənim ərzim var.
Dilmanc razı olmadı Kərbəlayı ərzini eləsin; və onun sözünü nəçərnikə tərcümə elədi, nə də ona qulaq verdi. Və onun sözünü bu cür rədd elədi:
– Artıq-əskik danışma. İndi ta elə vaxt deyil, cənab nəçərnikin vaxtı yoxdu nağıl-hekayətə qulaq asıb özünü də, camaatı da məəttəl eləsin. Qoy ərzin qalsın sonraya və bu saat get oğlun Süleymanı gətir nəçərnikin qulluğuna.
Kərbəlayı Heydər genə bir nəçərnikin üzünə baxıb başını saldı aşağı və kor-peşman özünü soxdu camaatın içinə. Dilmanc çağırdı:
– Yarməmməd Kərbəlayı Nabatəli oğlu.
Adamları aralaya-aralaya ortalığa qırx beş-əlli yaşında bir kəndli çıxdı, başında yekə papaq, əynində köhnə qədək arxalıq, ayağında çirkli və gen dizlik, ayaqyalın və beli açıq. Yarməmməd ikiqat olub düzəldi və üzünü tutdu dilmanca tərəf:
– Ağa, mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi. Həyə inanmırsan, gəl elə bu saat gedək öz gözlərinlə də gör ki, mən yalan demirəm. Niyə, mənə nə olub sinnimin bu vaxtında yalan deyim? Xeyr. Və bir də ki, yalan niyə deyirəm? Əgər yalan desəm, adam başıma qəhətdi? Bir adam tapa bilmirəm, gərək elə gəlib səni tovlayam? Allaha and olsun…
Dilmanc dəxi səbr eləmədi və qoymadı Yarməmməd sözü uzatsın.
– Artıq-əskik danışma və bizi başdan, beyindən eləmə! Tez get oğlun Həsəni gətir nəçərnikin hüzuruna.
Yarməmməd hər iki əlini göyə qalxızıb üzünü gah nəçərnikə, gah dilmanca tutub istədi ağzını aça, amma dilmanc qoymadı və ucadan dedi:
– Sənə mən deyirəm nağıl-hekayət oxuma, tez oğlunu gətir nəçərnikin hüzuruna bigüfti-gu!
Adamların bəzisi başladı gülməyə və bəzisi danışmağa. Camaatın səsi istədi ucalsın. Amma qlava Pirverdi bəy özünü kəndlilərin içinə verib, xalqı bir təhər sakit elədi. Bu heyndə ortalığa bir qoca kişi yeridi və üzünü gah nəçərnikə, gah dilmanca tutub, alçaq səslə başladı:
– Nəçərnik ağa, ərzim var. Nəçərnik ağa, bu kişi Yarməmməd mənim tufarbatufar qonşumdu. Mən də ki, Allah eləməsin sinnimin bu vaxtında nəçərnik ağanın qulluğunda yalan danışam; çünki yalan danışmaqlıq çox pis işdi. Və bir də ki, görürsünüz mən əgər durub yalan-yalan danışam…
Dilmanc qoca kişinin sözünü kəsib dedi:
– Ay kişi, Danabaş kəndində nə çox lağlağı var imiş! Adam sözü qısa deyər. Tez ol sözünü de və çıx, qoy, get!
Qoca kişi üzünü gah nəçərnikə və gah dilmanca tutub başladı:
– Mən deyirsən Qurana əl basım ki, bu kişinin oğlu, yəni Yarməmmədin oğlu Həsən elə bu saat yorğan-döşək içində yatıbdı. Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşuva demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de gəlsin bizim uşağa baxsın. Mən də, axır genə qonşudu, adam… yaxşı olmaz, çünki…
Dəxi dilmancın səbri çatmadı və üzünü sol səmtə çöndərib qlavanı çağırdı ki, qoca kişini aralıqdan rədd eləsin. Qlava haman qoca kişinin peysərindən bir yumruq yendirib soxdu adamların içinə. Camaatın qiylü-qalı genə qalxdı. Pirverdi bəy genə özünü camaatın içinə verib, bir qədər səs-sədanı sakit elədi və dilmanc başladı kağızı oxumağı:
– Məşədi Fərəcullah Hacı Murtuza oğlu.
Adamlar başladı boylanmağa və ortalığa heç kəs çıxmadı.
Dilmanc dəxi ucadan çığırdı:
– Məşədi Fərəcullah Hacı Murtuza oğlu.
Genə adamlar başladılar sağa-sola baxmağa, ortalığa heç kəs gəlmədi. Amma qlava Pirverdi bəy sol səmtdən dilmancın yanına yeriyib baş əydi və dedi:
– Ağa, Məşədi Fərəcullah özü çox kasıb adamdı və sənəti də çarvadarlıqdı. Mən belə xəyal eləyirəm ki, Məşədi Fərəcullah bu gün kənddə olmuya; çünki bir-iki ulağı var və özü də kasıb adamdı, ola bilər ki, bu gün kirə aparmış olalar.
Pirverdi bəyin sözündən sonra camaatın səsi başladı ucalmağa, hər yandan bir səs gəlirdi və hər ağızdan bir söz çıxırdı. Bir tərəfdən camaat başladı çığırmağa ki, Məşədi Fərəcullah bu gün kənddədi, özgə yana getməyib; qeyri tərəfdən də adamlar bu sözlərin əksini dedilər ki, xeyr, yalandır, Məşədi Fərəcullah bu gün kənddə deyil. Kəndlilər səs verib başladılar mərəkəni. Aralığa bashabas düşdü, bu onu-o bunu təkanlayır, biri danışır, biri çığırır, daldakı adamlar istəyirlər özlərini soxsunlar qabağa və qabaqdakılar da dəxi irəli yeriyib, gəlib çıxıblar böyüklərin qabağına.
Pirverdi bəy çox səy elədi, amma camaatı bir qaydaya sala bilmədi. Axır nəçərnik atlılara çağırıb hökm elədi camaatı versinlər dalı. Bir qədər səs-səda yatdı və nəçərnikin müqabilində bir müsinn və ucaboy kəndli hazır oldu. Qiylü-qal dəxi də sakitləşdi. Haman şəxs haman Hacı Namazalı idi ki, biz qabaqda aşina olmuşuq. Hacı Namazalı sağ əlinin kəfəsini sinəsinin üstə və sol əlinin kəfəsini sağ əlinin üstə qoyub ikiqat olub başladı:
– Nəçərnik sağ olsun, bu sözlər hamısı ki, burada deyildi, bu sözlər xilaf sözdü. Sən özün bilirsən ki, sənin ərzində xilaf qulluqlar eləmərəm, yalan sözlər dilimə gətirmərəm. O şəxs ki, olsun Məşədi Fərəcullah ki, indi dilmanc ağa çağırdı o, əvvəl budur ki, heç əslində çarvadar deyil. Onlar özləri bir ocaqdılar. Onun rəhmətlik babası İsfəndiyar Danabaş kəndinin rüknü idi. Müxtəsər, baş ağrısı olmasın, kim deyir ki, Məşədi Fərəcullah çarvadardı? Kim deyir ki, o bu gün Danabaş kəndində deyil? Xeyr, bular hamısı iştux sözdü. Allaha and olsun Məşədi Fərəcullah bu gün burdadı da və özləri də yaxşı güzəran sahibidirlər. Ancaq…
“Ancaq” sözünü deyəndən sonra Hacı Namazalı üzünü çöndərdi əvvəl sol səmtə, sonra da sağ səmtə.
Dilmanc hacının hərəkətindən bir zad başa düşüb, yeridi nəçərnikin yanına və nə dedi, nə demədi ki, nəçərnik uca səslə Pirverdi bəyi çağırıb, başladı onun üstünə çığırmağı və dilmanc tərcümə elədi ki, nəçərnik ağa buyurur bu saat Məşədi Fərəcullahı tapıb gətirsin buraya.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-danabas-kendinin-mektebi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.
Əzizim Məmmədəli! (1 mart 1911)Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.
Əzizim Məmmədəli! (14 may 1911)Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.
Həmidə! (10 oktyabr 1911)Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil
Стихи других поэтов
Şanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,