Danabaş kəndinin məktəbi
Страница 3 из 6 · 33%
– Ey əhli-qəryeyi-Danabaş…
Dəxi mən bilə bilmədim ki, bu şəxs nə dedi və nə demədi. Ondan ötrü bilə bilmədim ki, mən camaatın içindən kənar oldum. Kənar olmağım da bu tövr oldu ki, rus böyüklərinə qulaq asmaqda idim ki, gördüm daldan birisi mənim ətəyimi çəkir. Mən əvvəl elə başa düşdüm ki, mənim ətəyimi çəkən dadaşımdı, amma çöndüm dala və gördüm ki, dadaşım deyil, özgəsidi. Yəni özgəsi də deyil idi, bizim qonşumuz Kərbəlayı İsmayıl idi. Mən çöndüm və istədim soruşam ki, məni neyləyir Kərbəlayı İsmayıl? Amma bu kişi əlini atdı mənim çiynimə və bir elə qüvvətlə məni çəkdi ki, bir də gördüm ki, mən dəxi camaatın içində deyiləm.
Mən genə istədim getməyəm və qayıdıb dadaşıma deyəm; amma Kərbəlayı İsmayıl qoymadı. Bir qədər məni çəkə-çəkə aparıb, Kərbəlayı İsmayıl mənə təkid elədi ki, bir az ayaq götürüm və artıqəskik danışmayım. Mən bu barədə heç bir söz demədim; çünki razı idim ki, camaatın içindən çıxım, bəlkə rus böyüklərindən xilas olum və yaxam nəçərnikin əlindən qurtarsın.
Bir qədər gəldik, axırı yetişdik Kərbəlayı İsmayılın küçə qapısına. Qapı bağlı idi. Kərbəlayı İsmayıl qapını döydü və qapı əlüstü açıldı. Həyətə girən kimi mən mat qaldım; çünki həyətdə bir yekə cəmiyyət var idi. Adamlara bir qədər diqqət salıb baxdım gördüm ki, bu adamların çoxusu elə öz adamlarımızdı; məsələn: dayım Hacı Murtuza da burda idi, dayı oğlum Məşədi Fərəculla da burda idi, xalam nəvəsi Kərbəlayı Həsənqulu da burda. Hətta gözüm birdən dadaşıma da sataşdı. Baxdım, gördüm ki, elə dadaşım da burda imiş. Qalanlar da qonşu və rəfiqlərimiz idi.
Bu işlərin hamısı mənə vaqiə kimi göründü.
Məni görcək bu adamların hamısı gəlib cəm oldular başıma və dadaşım əlimdən yapışıb məni çəkə-çəkə apardı həyətin dibinə. Adamlar da bizim dalımızca gəldilər. Həyətin divarları alçaq idilər. Dadaşım cəld çıxdı divarın üstə və hər iki əlini uzatdı mənə. Adamların bilmirəm hansı əllərini mənim qoltuğuma salıb əvvəl mənə dedi, “qorxma” və sonra “ya Allah” deyib məni qalxızdı divarın üstə. Dadaşım da həmçinin mənə “qorxma” deyib və iki əlini qoltuğuma salıb yendirdi o tərəfə.
Bura Məhəmmədəli əminin həyəti idi. Həyətdə heç kim yox idi. Amma bir səs gəlirdi. Səs kişi səsi deyildi, övrət-uşaq səsi idi. Mən indiyə kimi bu işlərə təəccüb qalırdım; amma indi məni divarın üstə qovzayan kişi və dadaşım mənə “qorxma” deyəndən sonra başladım qorxmağa.
Məhəmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə kərmə qalağı var idi. Dadaşım əlimdən yapışıb çəkə-çəkə apardı haman qalağın yanına. Qalağın ağzı divara səmt idi. Elə ki keçdik qalağın ağız tərəfinə, mən yəqin elədim ki, bu gözlədiklərim hamısı həqiqət deyil, yuxudu.
Burada dörd övrət oturmuş idi. Əvvəl dəfə bu övrətləri mən tanıya bilmədim; çünki bunların dördü də başlarını uzatmışdılar qalağın içinə. Amma biz yetişəndən sonra dadaşım bunlara dedi “çəkilin” və bunların dördü də başlarını çıxardılar və üzlərini çöndərdilər bizə səmt. Hərçənd bu övrətlər dadaşımı görən kimi üzlərini örtdülər, amma mən bunların hamısını tanıdım. Bunların biri Şərəf xala idi ki, olsun Kərbəlayı İsmayılın övrəti, biri Səkinə gəlin bacım idi ki, olsun Hacı Murtuza dayımın gəlini və Məşədi Fərəcullah dayı oğlumun övrəti, biri Səkinə xala idi ki, olsun haman həyətin və haman qalağın sahibi Məhəmmədəli əminin övrəti, biri də qonşumuz Hüseynəli əminin övrəti Pəri xala idi.
Bu övrətlərin dördü də dadaşıma hörmət qoydular; çünki çəkildilər kənara, dallarını çevirdilər bizə və çadralarını da bir qədər qalxızdılar yuxarı; belə ki, qıçları qaldı açıq. Bu heyndə qalağın içindən bir uşaq başı çıxdı eşiyə. Bu uşaq haman qalağın sahibi Məhəmmədəli əminin oğlu Cəfər idi. Cəfər məni görcək sevincək və ucadan dedi:
– Buy, Hüseynqulunu da gətirdilər!
Cəfər bu sözləri deyən kimi qalağın içindən bir baş da çıxdı eşiyə. Bu da dayım Hacı Murtuzanın nəvəsi və dayı oğlum Məşədi Fərəcullanın oğlu Qasım idi. Qasım da məni görcək sevincək və ucadan dedi:
– Buy, bibi oğlu, sən də gəldin?
Qasım bu sözləri hələ deyib qurtarmamışdı ki, genə qalağın içindən bir baş da çıxdı. Bu da Kərbəlayı İsmayılın oğlu Kərimqulu idi. Bu da məni görcək sevincək və ucadan dedi:
– Buy, Hüseynqulu, səni gətirdilər?
Söz yox, biz durub gözətləsəydik, yəqin ki, qalağın içindən çox baş genə çıxacaq imiş; amma dadaşım qoymadı və uşaqların üstə çığırıb bunları soxdu genə qalağın içinə və üzünü tutdu mənə ki, mən də girim ora.
Mən, doğrusu, belə işi Allahdan istəyirdim; dadaşım deyən kimi başımı əyib özümü soxdum qalağın içinə. Burda biz gördüyümüz üç uşaqdan savayı genə üç uşaq var imiş ki, hamısı olsun altı; mən girdim, olduq yeddi uşaq.
Qalan üç uşaq da bizim qonşularımız idi. Biri Həsən idi – Yarməmmədin oğlu. Biri Nəcəfəli idi – Kərbəlayı Qurban əminin oğlu. Biri də qonşumuz Hüseynəli əminin oğlu Yusif idi.
Mən qalağın içinə girən kimi dayım nəvəsi Qasım yapışdı yaxamdan və çəkdi özünə tərəf ki, mən gedib onun yanında oturum. Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. Dadaşım məni qalağın içinə soxandan sonra, özü də başını uzatdı içəri və bərkdən-bərk bizə dedi ki, məbada-məbada biz buradan çıxaq gedək özgə yana və bunu da bir neçə dəfə təkrar elədi ki, biz, əlbəttə, sakit və sakit durub, nə danışaq və nə də səs eləyək. Nə mən dadaşımın cavabında bir söz dedim, nə də yoldaşlarım danışdılar. Ancaq yazıq Kərbəlayı Qurban əminin oğlu Nəcəfəli hər iki əlinin dal səmtini aparıb basdı gözlərinin üstünə və başladı ağlamağa. Dadaşım üzünü çöndərdi Nəcəfəlinin tərəfinə və dedi:
– Səfeh oğlu səfeh, niyə ağlayırsan?
Nəcəfəli ağlaya-ağlaya və bədənini sağ və sola bura-bura, əzilə-əzilə, mızıldaya-mızıldaya başladı anasını çağırmağa. Dadaşım başını qalağın içindən çıxardıb çəkildi durdu ayağa və yox oldu. Haman dörd övrət genə başlarını qalağın içinə uzadıb başladılar bizə təskinlik verməyə. Əvvəl övrətlər üzlərini tutdular öz oğlanlarına; məsələn, Şərəf xala üzünü tutdu Kərimquluya. Səkinə gəlinbacı Qasıma, Pəri xala Yusifə, Səkinə xala Cəfərə. Övrətlər azdan-çoxdan dedilər və sakit oldular; istəyirdilər çıxıb getsinlər ki, Cəfər, Nəcəfəli kimi, hər iki əlinin dal tərəfini qovzadı basdı gözlərinin üstə və başladı ağlamağı. Anası Səkinə xala istədi qalağa səmt qayıdıb oğlunu sakit eləsin. Cəfərə baxıb Yusif də onun kimi başladı zırınpanı. Yusifdən sonra Kərimqulu başladı ağlamağı. Qasım da başladı ağlamağı. Yazıq Nəcəfəli də bunlara baxıb başladı ağlamağı. Mən əvvəl istədim ürəyimi bərk tutum və ağlamayım və ağlamazdım da; amma baxdım gördüm ki, uşaqların bir neçəsi ağlaya-ağlaya deyir ki:
– Vay, ana, bizi saldat aparacaqlar.
Bu sözləri eşidən kimi mən də başladım ağlamağı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-danabas-kendinin-mektebi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.
Əzizim Məmmədəli! (1 mart 1911)Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.
Əzizim Məmmədəli! (14 may 1911)Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.
Həmidə! (10 oktyabr 1911)Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil
Стихи других поэтов
Şanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,