Mıncıq
Birisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər.
Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar.
Hələ bunlar qalsın, bunlarnan işim yoxdur.
Rəməzanül-mübarəkin iyirmi birində getmişdim məscidə. İrandan təzəlikdə təşrif gətirən Molla Nəcəfqulu vəz buyururdular. Mən qapıdan girən kimi cənab axunddan bu sözləri eşitdim:
– Bəli, şeytani-məlun Allahın dərgahından qovuldu və onun erkək övladı çox idi, amma qız övladı bir idi və adına Tərtəbə xanım deyirlər və bu Tərtəbə xanım həmişə övrətləri aldadır və övrətlərə deyir ki, mollalara pul verməyin və bu Tərtəbənin özü də mollalara pul verməz və bu Tərtəbə xanımın sözünə baxan övrətlər də Tərtəbə xanımdılar. Allah Tərtəbə xanıma lənət eləsin! Allah onun sözünə baxan övrətlərə də lənət eləsin!
Bu sözləri eşidəndən sonra biçarə övrətlər hərəkətə gəldilər və öz aralarında bir qədər pul yığıb, bir uşaq çağırdılar və pulları bir dəstmala qoyub, göndərdilər minbərin yanına. Bəlkə yazıq övrətlərin çoxusu bu pulları necə çətinliklə ələ gətirmişdilər ki, kişiləri qonaqlığa gedib, evə ət almayan günü pendirə verib, uşaqlarına yavanlıq eləsinlər. Ya bəlkə yazıq övrətlərin çoxusu bu pulları iki min zəhmətlə ələ gətirmişdilər ki, qapıya dərviş ya təzə seyid gələndə çıxardıb bunlara versinlər; ya uşaqları azarlayanda aparsınlar Zöhrə xalanın yanına və Zöhrə xala desin: “Uşağın burnunda çöp qalıb” və Zöhrə xala uşağı alsın qucağına və burnundan püfləsin, cəviz yekəlikdə bir noxud ya lobya, qarpız toxumu uşağın burnundan düşsün və uşağın anası haman cəm elədiyi pulları versin Zöhrə xalaya.
Məsciddən çıxanda bir qırmızısaqqal kişi o biri qırmızısaqqal kişiyə deyirdi:
– Maşallah olsun, Allah bədnəzərdən saxlasın, Molla Nəcəfqulu çox dərin molladır. Görürsən, şeytanın qızının adını bilir.
Mən bir istədim haman qırmızısaqqal kişiyə deyəm: “A kişi, niyə bir o “dərin” molladan soruşmursunuz ki, o dediyi sözlər hansı kitabda yazılıb və kimdən rəvayətdir?”. Sonra öz-özümə dedim: “Bər nəyayəd zi göştəqan avaz”.
Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində çılpaq dolanan vəhşi insanlar qızıllarını aldanıb Avropa lotularına verəndə yenə əvəzində iki qəpiklik mıncıq alırdılar; amma indi, iyirminci əsrdə görürsən ki, dünyanın bir səmtində adamlar az qalırlar ki, ölünü diriltsinlər, az qalırlar ki, şeytana papaq tiksinlər, az qalırlar ki, havaya uçub, aydan və ulduzlardan xəbər gətirsinlər, amma… Amma dünyanın o biri səmtində Qafqaz və İran “hindi”ləri öz əyallarının ruzisini növbənöv libasa girmiş quldurlara paylayanda barı əvəzində onlardan iki qəpiklik mıncıq da istəmirlər.
Məsciddən çıxıb, davam gətirə bilmədim və qaçıb mollanı tərifləyən qırmızı saqqal kişini çağırdım və dedim:
Ta ki, sən oldun əsiri vəzi-yarın, ey yazıq,
Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Yüz cəfa gördün, vəli heç bir şikayət etmədin,
Görmədin yarın vəli namusü arın, ey yazıq!
Nə ümid ilə yenə molla sənə vermiş fərib
Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey yazıq!
Güzgüdə görsən əgər quli-biyaban halını,
Ta kəsilməz bir nəfəsdə ahü zarın, ey yazıq!
Aldı əqlü huşunu alimnümalar sözləri,
Getdi əldən yox yerə məcmui-varın, ey yazıq!
Lotular vəzinə qoymazdım səni bənd olmağa
Məndə olsaydı əgər kim, ixtiyarın, ey yazıq!
Yolkəsəndən çəkməsən əl, pəndimi guş etməsən,
Saxla yadında: olar nalə mədarın, ey yazıq!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 noyabr 1906, №32
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-minciq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oktyabr bayramında əmələlərdən kəndlərə nümayəndə göndərilmişdi ki, kəndlilərin əhvalını yoxlasınlar və görsünlər əkinçi qardaşların məişəti nə cür keçir.Əmələ nümayəndələri kəndləri gəzəndən sonra elə qəribə-qəribə xəbərlər toplayıb, gətirdilər ki, o xəbərləri qəzetələrdə oxuyanda çoxları ola bilər ki, təəccüb edələr və bəlkə inanmayalar.
Kitab məsələsiÇox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir?Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm.
Fars konsuluDeyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar.Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik.
Allah, bədnəzərdən saxla!Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.
Стихи других поэтов · Сатира
Yatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Səndə yoxBoşboğazlara*Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.