Müsəlmanların “millət duması”
Ramazan ayının əvvəllərindən başlanmış axırına qədər Qafqazın və İranın cəmi uyezd və quberniyasında, hətta 6 evlidən ibarət olan qəryəsində də millət duması namında bir şura olacaqdır.
Qərardadlar:
Hər quberniya və uyezddə də kəndlərdə yerin kifayət qədərində vüsətli olduğuna baxıb özlərinə məxsus camaatın müsəlmanca oxumuşlarından birini sədr seçib onların təhti – sədarətində Zemski uçrecdeniyalar, yəni məhəlli şuralar olacaqdır. Və məclisin baxmağa ixtiyarı olduğu işlər 22 bənddən ibarətdir.
Şurada sərf edilmək üçün maliyıtı öz öhdəsinə almaq sədrin borcudur. Məsələn: Hübubat qəbildən buğda, maş, noxud, paxla, çəltik, mərcimək, küncüt, çətənə, darı və arpa. Məkulat qismindən yağ, pendir, şor, qurut. Mənsucat qəbilindən corab, şal, dolaq, yun və dördayaqlı qismindən qoyun, inək, at, dana bu kimi heyvanlar və əşyalar cümləsi sədrin, yəni mollanın ixtiyarında olacaqdır.
Şuralara mütəəllib və lazım olan məkanları məscidlərdə qərar verib və Ramazan ayı qurtarınca məscidləri təmiz saxlayıb camaatı xoş dil ilə dindirmək sədrin ixtiyarındadır və genə kəndi şurasını mütəəlliq olmayan məscidlərə adam qoymamaq üçün bir para tədbirlər etmək də sədrin borcudur və camaatı məscidə gəlməyə təşviq etmək də sədrin vəzifəsidir.
Əhalidən sursat almaq və dünyasından kəsib axirətinə yamaşdırmaq sədrin öhdəsindədir.
Məhəllə şuralarına məxsus olan xeyrat və ehsanatı dilənçi və dərviş kimi moizələrdən qurtarıb yeyib yığışdırmaq sədrin vəzifəsidir. Sədri-məclis borcludur ki, dilənçi və dərvişi bir tikə də çörək yeməyə qoymayıb dərvişlik və dilənçilikdən qurtarsın.
Camaatın straxovaniya məsələsinə yetişmək, qızdırma bağlamaq, nüzlə yazmaq və bu kimi işlər ilə camaatı müəzzi və misri naxoşluqlardan hifz etmək genə sədrin vəzifəsidir.
Bikarçılıq məsələsini həll etmək və bikarçılıqdan azıb iş həvəsində olan kimsələrə müqəddəs olan tənbəlliyin faydalarını bildirmək, iş görməyin məzərrətini axşama kimi minbərlər ayağında bikar oturub gün batanda çıxıb sual ilə evə çörək aparmağın qiyamət günündə savabını bildirmək, dünya malının məhz murdar citə olduğunu camaata söyləyib, amma özü iki əl ilə qarmalamaq genə sədrin vəzifəsidir.
Qanunda göstərilən vəchlə elm-maarifin intişarına çalışmaq, xaric elmləri qəbahətli qoymaq, oxumuşları laməzhəb etmək, adamın qulağına gündə bir fitnəamiz söz buraxmaq, məsələn, dar şalvar geymişləri, bihörmət etmək, rusi baş qoyanda dəstəmaz düşməz demək, minbərdə peyğəmbərin imamın nəüzübillah dilindən hər gündə min tövr yalan söyləmək – genə məhəllə şurasında olan sədrin ixtiyarındadır.
Camaatı bikar qoymaqla hər tövr cinayətlərə vadar etmək, dövləti həbsxanalardakı padşahın pulunu məhz müsəlmanlar əlinə keçirmək üçün həbsxanaları bikarlıqdan oğurluq edən camaat ilə doldurmaq, camaatın əhvalı-səhiyyələri xüsusunda tədbirlər etmək, məsələn, soyuq vuranda qan götürmək, baş ağrıyanda başın yan damarlarına beş-on zəli saldırmaq kimi sözləri tövsiyə etmək də sədri – məclisin öhdəsindədir.
Camaatın əkinlərinə, buğdalarına nəzarət yetirmək, hər gün müayinə etmək və xırmanları çıxmağa bir az qalmış çuvalları nökərin əlinə verib başının üstündə hazır etmək genə sədrin borcudur. Camaatın axirət işlərinə nəzarət etmək: Əqəllən, gündə yüz dəfə istibra və qüsl, təyəmmüm məsələsini deyib (əx bix... ta səri-həşfə befişarət) kəlməsini təkrar etmək sədrin ixtiyarındadır.
Hərgah bir şəhərdə bir şuradan artıq camaat olsa lazımdır o halda sədr yığılıb şuraların adına qürə atsınlar. Hər birisinə hansı şuranın adı çıxsa o şurada isə məşğul olmalıdır.
Dumanın qanunnaməsinə müvafiq rəftar edib, vergi almaq üçün camaatın arasına intibahnamələr buraxıb aşağıda on ikinci bənddə yazıldığı kimi iki qəst vergi almaq gərəkdir.
Sədi – məclis bu şuralara daxil olan üzvlərin cümləsindən bilatəfavüt hər on beş gündə vergi alıb əvəzində: get, filankəs, dünyada sənə dövləti-İbrahim qismət olsun deməyə borcludur.
Bu məclisdə vergi vermək ixtiyarı müsavi olsa da camaatın qüvvəsincə təfavülü olacaqdır. Dövlətli beş manat verdikdə gün ruzusuna möhtac olan da əqəllən bir beş-on qəpik verməyə qanunən məcburdur.
Quberniya və uzeyd şəhərlərindən başqa olan yerə sədrin ixtiyarı vardır ki, toyuq və cücə də vergi bədəlinə qəbul etsin.
Şuraya daxil olmaq ixtiyarı o adamlarda olacaqdır ki,
heç olmazsa ildə bir-iki dəfə sədri görüb xoşnud etmiş ola.
Şuraya daxil olan üzvlər gərək iki dizi üstə oturub ağızlarını göyə açıb sədri-məclis hər nə söz söyləsə yorğun öküz kimi gözlərini bərəltsinlər.
Sədr olmaq qafil və alimnüma mollaların haqq və vəzifəsidir. Fikri açıq ziyalı mollaların ixtiyarı yoxdur ki, bunların işinə qarışsın.
Bu sədrlərin ixtiyarı vardır ki, bir nəfəri nahaq yerə minbərdə təkfir edib camaatın gözündən salsınlar.
Sədrin ixtiyarı vardır ki, bir yerin ya bir kəsin siğəsini bir kəllə şəkər alıb özgəyə oxusunlar və heç bacarmadığı yerdə kəbin də kəsib işləri bugünkü tərzə salsın.
Sədr laəqəll 125 firəng arşınından əmmamə bağlayacaqdır. Bundan artıq bağlamaq öz ixtiyarındadır. Hərgah bir nəfər söyləsə ki: “Cənab peyğəmbərin əmmaməsi bu böyüklükdə deyil idi”, ixtiyarı vardır desin ki, indi zəmanənin təqazası budur, xaricilərin qabağında bizim böyüklük və zinətimiz gərək bundan da artıq olsun...
Sədrin ixtiyarı vardır ki, məclisdə çörək sərf edəndə qıçların da uzatsın, gəyirtisi məclisin o biri tərəfində tapança səsi versin və bir nəfər bir məsələ sual edəndə bir-birləri ilə böyük bəhs açsınlar, axırda gün batsın, məsələ sahibinin də məsələsi yadından çıxsın.
Sədri-məclis Sağsağan
“Molla Nəsrəddin”, 02 sentyabr 1907, № 33-34
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-muselmanlarin-millet-dumasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakı*İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə.
Səfərəli Qənbərli YoldaşaMəlumunuz olsun ki, mən bu günlərdə Mərkəzi İcraiyyə Komitəsi üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən xahiş edirəm:Əvvələn – biz oraya gələn vəqt sizdən mümkün olsa bəndəni tapasınız ki, görüşək və sonra mən ora gələn vəqtədək həmin məlumatı toplayasınız ki, mən görüşəndə mühazirə eyləyəsiniz.
Həmidə! (28 dekabr 1928)Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.
Yoldaş Əliyev (2 fevral 1929)Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə:1) Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik.
Стихи других поэтов
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Əgərçi xoşdu mənə ətri, həm səfası gülünТы восхитительно свежа, полна благоуханья, роза.Непостоянная душа, неверное созданье, роза.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,