Dördüncü məclis
Страница 1 из 4
-ƏVVƏLİNCİ PƏRDƏ*
Hacı Həsənin evi, İskəndərin otağı, H a c ı H ə s ə n və övrəti. K ə r b ə l a y ı F a t m a x a n ı m fikirli oturublar.
H a c ı H ə s ə n. Ay qız, Fatma, Nazlının əl-ayağını hazırla, bu gün gərək köçürək şeyxin otağına.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay Hacı, elə bu tezlikdə?
H a c ı H ə s ə n. Bəli, elə bu tezlnkdə….
K ə r b ə l a y ı F a t m a x a n ı m (bir az fikir eləyəndən sonra) Ay hacı, vallah bilmirəm nə eləyim? Lap məəttəl qalmışam: bilmirəm şeyx bu qədər arvadı nə eləyir? Elə gündə birini alır. İndi də bizim qızı istəyir.
H a c ı H ə s ə n. Yəni gündə birini alanda bir xlafi-şər iş görmür ki? Allahın əmridi, alır.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Hacı, yaxşı deyirsən, amma qorxuram Nazlı atılıb- düşə. Bir də, vallah, hacı, doğrudan, Nazlı hələ lap uşaqdı.
H a c ı H ə s ə n (hirsli). Axmaq-axmaq danışma! Uşaq olmağını ya olmamağını mən səndən yaxşı bilirəm. Zilhəccə ayının 18-də doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dəxi bilmirəm uşaq nəyə deyirsən? Sözü oyza-buyza atmaq lazım deyil. Bir yolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Yox, vallah, Mir Bağır ağaya verməkdən ötrü demirəm! Özün bil, öz qızındır. Hər kəsə istəyirsən ver. Ancaq bilirəm ki, Nazlı atılıb-düşəcək.
H a c ı H ə s ə n. Cəhənnəmə-gora atılıb-düşəcək! Qız tayfası axmaq bir şeydi; xeyrini-şərini nə anlayır?! Kefli İskəndərin bacısı ondan artıq olmayacaq ki! Hələ o gərək allahına şükür eləsin ki, Şeyx Nəsrullah kimi bir vücuda ərə gedir. Bir belə müqəddəs şəxslə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. Bu bir mərhəmətdi ki, xudayi-taala bizə göndərir və bunların hamısı keçəndən sonra, sən özün gərək biləsən ki…. (yavaşca) şeyxi incitmək olmaz. Axı gərək başa düşəsən nə deyirəm.
K ə r b ə l a y ı F a t m a x a n ı m (yavaşca). Başa düşürəm.
H a c ı H ə s ə n. Doğrusu, Fatma, mən bu iki gündür, deyəsən, elə bir təhər olmuşam: gözlərim qaralır, hərdən bir başım da gicəlir.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay hacı, allah kərimdi, heç zad olmaz.
H a c ı H ə s ə n (fikirli). Nə bilim? (Bir az dayanıb). Di durma, Fatma, get. Nazlıya nə lazımdı de (övrət çıxır, Hacı başını aşağı salıb fikrə gedir. Bir az keçib, qapıya tərəf baxır, guya bir şey görür və hövlnak ayağa durub soruşur). Nə istəyirsən? (cavab gəlmir. Tez-tez öz-özünə deyir). Əstəğfürullah rəbbi və tube ileyh, bismillahür-rəhmanür-rəhim, (sonra ucadan çağırır). Fatma, Fatma!
İskəndər girir içəri və təəccüblə soruşur.
İ s k ə n d ə r. Ata, nə istəyirsən?
H a c ı H ə s ə n (İskəndərə). Bura gəl, bura gəl. Gəl yapışım əlindən, dizlərim titrəyir (oturur, İskəndər yapışır atasının əlindən). Bismillahür-rəhmanür-rəhim. Deginən mənə bir stəkan su gətirsinlər.
İ s k ə n d ə r. Ata, qorxma, heç zad yoxdur, ancaq bir az ağlın qaçıb.
H a c ı H ə s ə n (yapışıb İskəndərin əlindən). Yox, İskəndər, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlərim qaralır.
İ s k ə n d ə r. Qorxma, heç bir şey deyil, ancaq adam dəli olanda elə bir azca gözləri qaralır. Dəxi bundan başqa bir şey yoxdu. Qorxma, bircə bu var ki, sənin başına hava gəlib.
H a c ı H ə s ə n. Yox, yox, inşallah, heç zad olmaz. Deginən bir stəkan su gətirsinlər.
İ s k ə n d ə r. Su gətirsinlər; amma dəli olana su xeyir eləməz. (Ucadan). Əli, Əli!
Əli gəlir içəri.
Bir stəkan su gətir. (Əli çıxır).
H a c ı H ə s ə n. İskəndər, sən məni lap qorxudursan. Axı mən özüm bilirəm ki, ağlım başımdadı. Ancaq deyəsən ki, gözümə bir şey görsəndi. Elə kəfənli adam kimi bir şey idi. Gəlib durmuşdu qapıda. Bəlkə sənin də gözünə bir elə şey sataşıb?
İ s k ə n d ə r. Yox, ata, mənim gözümə bir şey sataşmayıb. Dəli adamın gözünə elə şeylər görsənər.
Əli su gətirir, Hacı Həsən alıb içir və deyir:
Allah Yezidə lənət eləsin!
H a c ı H ə s ə n (İskəndərə). İskəndər, vallah, deyəsən mənnən zarafat eləyirsən. Mən burada hər bir zadı ayın-şayın görürəm. Nədən deyirsən ki, mənim başıma hava gəlib?
İ s k ə n d ə r. Ondan ötrü ki, Şeyx Nəsrullah sizə tələ qurmaqdan ötrü beyninizi doldurub ki, ölüləri dirildə bilər, sən də inanıb var-yoxunu istəyirsən verəsən İsfahan lotusuna!
H a c ı H ə s ə n (bir qədər fikir eləyib). Yaxşı, bir saatlığa, tutaq ki, mən dəli olmuşam; bəs Mir Bağır ağa ki, alim adamdır, o niyə bəs ölülərin dirilməyinə inanır? Elədə o da dəlidi?
İ s k ə n d ə r. Yox, Mir Bağır ağa dəli deyil, ancaq eşşəkdi.
H a c ı H ə s ə n (dikəlib hirsli, ucadan). Kəs səsini, namərbut! (Bir az baxıb). Bəs telğqrafçı Heydər ağa niyə inanır, elədə o da dəli olub?
İ s k ə n d ə r. Yox, dəli odmayıb. O da o səbəbə inanır ki, qulaqları çox uzundur.
H a c ı H ə s ə n. Hə, elədə, dünyada səndən savayı hamı dəlidi, hamı eşşəkdi, bircə sən ağıllısan. Elədə Hacı Bəxşəli də dəlidi, Hacı Kazım da axmaqdı, Hacı Kərim də səfehdi. Hamı dəlidi, bircə İskəndər ağıllıdı.
İ s k ə n d ə r. Dünyada uzunqulaq məgər azdı? Nuhun gəmisində hər heyvandan hərəsindən bircə dənə var idi, amma indi gör bircə Həmədanda nə qədər eşşək var?
H a c ı Hə s ə n (hirsli). Axmaq, axmaq danışma!
K ə r b ə l a y ı F a t m a x a n ı m (girir içəri və durur bir tərəfdə). Hacı, mən sənin qızının öhdəsindən gələ bilmirəm; sən özün bəlkə onu dilə tutasan.
H a c ı H ə s ə n (bir az fikirdən sonra). Arvad, Fatma, sən məni, allaha şükür, tanıyırsan; bilirsən ki, hirsim tutanda gözümə heç zad görsənmir. Get dinməz-söyləməz qızıvın əl-ayağını qayır. Axşam gərək köçürək. (Fatma xanım çıxır. Hacı Həsən onun dalınca). Dayan, dayan! (arvad dayanır). Qızına de ki, razı olmasın gəlim onun qabırğalarını sındırım! (Fatma xanım çıxır; İskəndər bir az atasına baxandan sonra "tfu" eləyib çıxır).
H a c ı H ə s ə n (hirsli onun dalınca ucadan). A səni əkib-doğan tünbətün düşsün! Axırda işi bu yerə yetirdin? (İskəndərin dalınca hirsli çıxıb, yenə qayıdıb gəlir yerinə)
Ə v v ə l i n c i a z a r l ı ("ay, vay" eləyə-eləyə və öskürə-öskürə, rəngi qaçmış bir kişi əlindəki ağaca söykənə-söykənə girir içəri). Salam əleyküm. Ax! Vay! Vay! Heç ayaq üstə durmağa taqətim yoxdu. Hacı ağa, allah oğlanlarını saxlasın, mənə bir əlac. İndi az qalır bir il tamam olsun ki, bu zəhrimar naxoşluq yapışıb yaxamdan, əl çəkmək bilmir. Ay, ay, vay! Ay, vay! (öskürür). Bax, hərdənbir döşümün burasından ki, bir ağrı tutmur, dəxi qoymur nəfəsimi alım. Gecə səhərə kimi öskürmə qoymur yatım. Dua yazdırmaqdan yoruldum. Dəllək usta Cəfərə yol döyməkdən dəxi yorulmuşam. Aman günüdür, ay hacı (öskürür). Mənə əlac. Allah sizə ömür versin. Dəxi sizin qapınıza pənah gətirmişəm: ya gərək şeyx cənabları bu saat mənim canımı ala ki, bir yolluq ("uy, uy" eləyib əlini qoyur döşünə, öskürür) dincələm, ya gərək mənə bir əlac eləyə. Şeyxin qədəmlərinə fəda olum. Heç zad istəmirəm, elə bircə mənə mərhəmət nəzərilə baxsa, yaxşı olaram; yoxsa, heç bir şeyim yoxdur. Elə allah-taalanın mənə mərhəməti bəsdi. Ax … ay … vay! Nəfəsim kəsildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-oluler-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.
QırmızıBizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.
“Tərcüman”Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.
Mozalan bəyin səyahətnaməsiOxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.
Стихи других поэтов
Bir namə yazaram canan elinəƏhvalım canana yetişərmola?
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
ÇustÇust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.
هر کس ز خزانه بُرد چیزیگفتند مَبَر که این گُناه است