Bilmərəm yazım ya yox!..

“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.

Çox üzr istəyirəm oxucularımdan ki, heç kəsə lazım olmayan sözləri burada yazıb xalqa başağrısı verirəm.

İyirmi beş ildir ki, İsmayıl bəy Krım vilayətinin Baxçasaray şəhərində oturub yazır, yazır, yazır.

Mən elə bilirdim ki, iyirmi beş il tamam olandan sonra dəxi dəftəri büküb gedəcək alış-verişə.

Amma genə yazır. Budur, “Tərcüman”ın 26-cı ilinin dördüncü nömrəsi qabağımda. Hələ kişi genə yazır.

Həqiqət, zarafat eləmirəm. Mən yəqin eləmişdim ki, dəxi İsmayıl bəy qəzetəçiliyinin vərəqini büküb gedəcək işinə.

Amma “Tərcüman” genə çıxır. Və irəlikindən dəxi gözəl çıxır. Əgər elə bu gün İsmayıl bəy qəzetini bağlasa, heç kəs gərək buna təəccüb eləməyə. Hər bir işdə və hər bir sənətdə insanı həvəsləndirən haman işin nəticəsidir.

Bu barədə “Tərcüman” nəyə fəxr edə bilər?

İyirmi beş ildi “Tərcüman” deyir, məsələn, müsəlman qardaşlar, məktəb açın. Məsələn, naxçıvanlılar deyə bilməzlər ki, biz “Tərcüman”ın belə nəsihətini eşitməmişik. Ondan ötrü ki, “Tərcüman”ı görməyən şəhərimiz yoxdur.

İyirmi beş ildir ki, “Tərcüman” deyir: Müsəlman qardaşlar, məktəb açın, amma indi bu saat Naxçıvan küçələrinin divarlarında bir belə elan vurulub:

Elan: Cəmi müsəlman qardaşlara elan olunur ki, bu il Naxçıvanda məşhur tasabaxan, duayazan və cadu eləyən molla molla ağanın təhti–nəzarətində “Kərimə” adında Adəm əsrindən qalma üsul ilə bir məktəb açılıb.

İnsaf əhli görür ki, “Tərcüman” qəzetəsi naxçıvanlılara heç lazım deyil imiş və bu iyirmi beş ilin müddətində heç lazım olmayıb.

Hələ Naxçıvan qalsın kənarda, keçək Tiflisə ki, Qafqazın mərkəzidir.

İyirmi beş ildi “Tərcüman” deyir ki, müsəlman qardaşlar, gedin dərsə, gedin sənətə, məşğul olun ticarətə, çalışın-vuruşun və özünüzü mədəni millətlərin cərgəsinə daxil edin.

Amma indi bu saat Tiflisdə müsəlmanlar çəkilib doluşublar bir məhəlləyə və adını qoyublar “Şeytanbazar” və səhərdən axşama kimi düzülürlər məhəllənin dar küçələrinə və əsnəyə-əsnəyə yol ilə keçən və hamama gedib-gələn urus xanımlarına və gürcü uşaqlarına tamaşa eləyirlər.

Keçək Kaspinin o tayına.

Götürək Aşqabadı. Keçən il molla Şükürün itən talaqqası odur bu saat Aşqabadda Müzəffəri uşkolunda Məşədi Bağır əminin əlindədir. Hələ məzəsi budur ki, soruşursan, rəhmətliyin oğlu, bu təzə üsul ilə açılan məktəbdə talaqqa nəyə lazımdır? Cavab verir ki, dərsləri təzə üsul ilə veririk, amma uşaqlara köhnə üsul ilə tənbeh eləyirik.

Maarif qədri bilən millətlər içində “Tərcüman” kimi bir qəzetənin iyirmi beş illik bayramı milli bir bayram sayılır.

Arzu edirəm ki, möhtərəm oxucularımız qoca Mollanın səsinə səs verib ucadan desinlər:

Yaşasın “Tərcüman”!

“Molla Nəsrəddin”, 27 yanvar 1908, № 4

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов