Politika aləmində bu günlərdə iki əhəmiyyətli hadisə əmələ gəlib: Bolqariya hökuməti Osmanlı sultanının itaətindən çıxıb, müstəqil hökumət olmağını rəsmi surətdə elan etdi və Avstriya hökuməti Bosniya və Hersək vilayətini sahibləndiyini Avropaya xəbər verdi. Bosniya və Hersək Osmanlı vilayətlərindəndir.

Dəxi bu barədə biz nə yazaq? Allah mərdümazara lənət eləsin. Hələ mən bu Avstriyanın və Bolqariyanın bir işinə təəccüb eləyirəm: indi hələ zorbazorluq eləyirlər. Onunla işim yoxdur; çünki dünyanın qaydası bunadır. İndi gəl sən bunların bicliyinə bax: Avstriya günahı Bolqariyanın boynuna yıxır, deyir ki, Bolqariya cızığından çıxmayaydı, mən də Osmanlı torpağını zəbt eləməyəydim; Bolqariya da deyir ki, mən də Avstriyanın acığına çızığımdan çıxdım. O niyə xalqın yerini zorlayır, mən də zor eləyəcəyəm…

Xülasə, bunları zarafat üçün yazırıq. Amma doğrudan da, Avstriya və Bolqariya indi az qalıblar elə belə danışalar; çünki əllərində heç bir bəhanə yoxdur.


Mən səhərlər yerimdən durub, akoşkadan küçəyə baxıb görürəm ki, bir gürcü bir ulağın üstə iki səbət qara üzüm çatıb, çığıra-çığıra satır. Mən buna heç təəccüb eləmirəm. Bir yandan da eşidəndə ki, bir balaca hökumət, yainki böyük hökumət Osmanlının bir tərəfini sahibləndi – buna da təəccüb eləmirəm. Nə kəndlinin üzüm satmağına təəccüb eləyirəm, nə Osmanlının xırdalanmağına.

Doğrudan, bəlkə Osmanlı hökumətinə göz dəydi? Axır keçən vaxtlarda Osmanlı adı gələndə zəlzələ olardı? Allah bədnəzərdən saxlasın.


Heç sözüm yoxdur, hələ bunlar da heç. İndi bundan aşağı bir neçə söz deyəcəyəm; amma zarafatnan deməyəcəyəm. Vallah, billah doğru və ciddi danışacağam.

Bu işlərin hamısına biz gərək təəssüf edək və məhəbbətimizi osmanlı qardaşlarımızdan uzaq eləməyək. Təəssüf edək ki, bunlar insaniyyət və mədəniyyət yoluna təzə qədəm qoyduqları yerdə Avstriya və Bolqariya hökumətlərinin hərəkətlərindən nəhayət dərəcədə məyus oldular. Amma burda bircə mətləb var.

Kimdir müqəssir?

Doğrudur, Avstriya, Bolqariya düz iş tutmayıblar; doğrudur, bunlar insaniyyət və beynəlmiləl qanunlarını pozublar. Amma yenə axtaraq, görək kimdir burda günahkar? Niyə bu işlər belə olur? Niyə elə dünyada hər nə bəla var, – müsəlmanların başına gəlir?

Biz deyirik ki, Avropa hökumətləri xəyallarında qoyublar cəmi müsəlman hökumətlərini yer üzündən götürüb, özlərinə müti eləsinlər. Amma mən deyirəm ki, Avropa hökumətləri gözləyirlər ki, nə vaxt müsəlman hökumətləri öz-özlərini yer üzündən götürsələr, o vədə onlar da müsəlmanları sahiblənsinlər.

Düşmən bizə zor eləyəndə bir ona lənət oxuyub, otururuq yerimizdə; amma bunu yadımızdan çıxardırıq ki, güclünün peşəsi zəifi ələ gətirməkdir. Avstriyadan küsürük ki, bir tikə vilayətimizi zəbt elədi; amma indi Avstriya yeddi milyonluq qoşununu Osmanlı sərhəddinə yeritsə, gərək yalvarıb döşənək ayağına və deyək ki, “halal xoşun olsun”.

Bolqariyadan narazıyıq ki, niyə Suri-İsrafil çalınana kimi bizə baş yendirmədi? Amma gözümüzün qabağında ola-ola bunu indiyə kimi fikirləşməmişik ki, osmanlı zülmündən xilas olandan indiyədək məşrutə sayəsində Bolqariya hökuməti üz qoyub tərəqqiyə. Bunu düşünməmişik ki, Bolqariyada hökumət qanununa görə altı yaşından on iki yaşına kimi uşaqlar məcburən gərək məktəbə gedələr. Hələ min səkkiz yüz həştad səkkizinci ilin statistik hesabına görə, Bolqariyada yüz yetmiş iki min oğlan uşağı və qırx min qız uşağı ancaq mübtədi məktəblərdə dərs oxuyurmuşlar, savayı orta və uca məktəblərdə. Bəli, bir balaca Bolqariyada.

Amma biz?... Bolqariya və Avstriya bizi təsxir eləyəndə biz darülfünunlarımızda, məsələn, bir kitabı açırıq tələbənin qabağına və deyirik: “Hey, oxu” və tələbə də səcdəyə düşən kimi, başını aşağı əyib, yırğalana-yırğalana oxuyur: “Fəsli-çəharüm. Dər təsxiri-afitab. Şəxsi ki xahəd təsxiri-afitab konəd, bayəd hər ruz dübarə qüsl konəd və caməhayi-zərd ya sürx bepuşəd və təzimi-afitab konəd. Bəd əz on şürudər təsxir nümayəd və bayəd ruzi dü bar daxili-məndil şəvəd və bəin əcza bexur konəd: kəndiri-səfid, zəfəran, müşk, güli-sərv, həlileyi-zərd və güli-ənar və udi-qumar və kəfi-dərya bərabər kuftə və puxtə hər ruzi pəncahü yekküm şəvəd, cəmi künuz və dəfain ərz dər nəzəri-vey bəcilvə dər ayəd və ruhi-afitab besurəthayi xub beyayəd və ba u besüxən məşğul şavəd”.

Vəssəlam. Dəxi nə istəyirsən? Gözəl surətləri aldın ixtiyarına, istəyirsən hər gün birini siğə elə; yoxsa nə bilim, Bolqariya belə gəldi, Avstriya elə getdi. Cəhənnəmə getsin hər ikisi.

Başım ağrıyır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 29 sentyabr 1908, №39

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kərbəlayı

“Tərəqqi”nin 201-ci nömrəsi xəbər verir ki, uşaqlarımız küçələrdə toz-torpaq içində gəzirlər və məktəbə getmirlər.Hərçənd söz köhnə sözdür, amma bu məsələyə dair mənim bir təzə sözüm var və bu təzə sözün xatirəsi üçün istəyirəm bu köhnə məsələ barəsində bir qədər söhbət edim.

3 мин
Əvvəlinci söz

Ermənilərin katalikosu bir neçə gün bundan qabaq Üçkilsədə qırx min erməni camaatının içinə çıxan kimi əvvəlinci sözü bu olub:– Balalarım, məni buraya gətirən bircə şeydir, o da məktəbdir. Məktəbdən savayı dəxi dünyada özgə bir niyyətim yoxdur.

2 мин
“Nicat”

Budur beş ildir – hər gün eşidirəm “Nicat”, “Nicat”. Bir gün eşidirəm ki, Bakıda “Nicat” cəmiyyəti dünyada hər nə qədər ki, sahibsiz müsəlman balaları var, – hamısına “nicat” paylayır. Bir gün qəzetdə oxudum ki, “Nicat” cəmiyyətinin başına yüz əlli min artist cəm olub və ildə yüz əlli min dəfə teatr oynayıblar və “Nicat” sandığına yüz əlli on yüz min manat pul cəm olunub. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin.Bu beş il müddətində “Nicat” xüsusunda bu tərifləri eşidəndən sonra bir gecə kələmdolması yeyib bərk yuxuya getdim və bir belə vaqeə gördüm: gördüm ki, həzrətin xidmətinə müşərrəf olub durmuşam ağanın qulluğunda.

2 мин
“İrani-nov”

“İrani-nov” qəzetinin 23-cü nömrəsində “Əhlül-elm Məhəmməd Əli Tehrani” imzası ilə bir felyeton dərc olunub ki, ibarət olsun “Təcəddüdi-aləmi-islam” adlı uzun məqalədən.İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyziyad oldular, amma bizim Qafqaz oxucularımız da bu xoşbəxtlikdən binəsib olmasınlar, – deyə biz [özümüzü] borclu bildik məqalədən heç olmasa iki kəlmə danışaq.

2 мин

Стихи других поэтов · Сатира