Yaxud kəndli qadınlar

Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.

Və heç kəs məni başa sala bilmir ki, axır bu nə qiyamətdir?

Axır bir zalda beş yüz arvad ola bilər, hamısı da üzü açıq?

Və bunu görüb hər bir kəsdən soruşdumsa: bu nə qiyamətdir? Mənə cavab verən olmadı. Mən də köhnə əsrin adamıyam, o əsrin adamıyam ki, bir şəriət hamısı bir yerdə bir övrəti üzü açıq görəndə, ona min lənət oxuyurdu.

Ax, fəda olum sənə, haradasan, indi bir gəl tamaşa elə bu üzü açıqlara, gəl bir gör necə yoldan azıblar, necə tüğyan edirlər, gör nə dərəcədə qəflətdədirlər ki, heç xəyal eləmirlər ki, Allah taala öz nazil etdiyi məshəfi-şərifində belə azğın qadınlar barəsində nələr, nə fitvalar təyin edibdir: vəqtülü təqtilən, yəni belə yoldan azmış qadınlar barəsində əmr olunur ki, hər yerdə tapıldılar, gərək qətlə yetirilsinlər.

Xudaya, bu nə qiyamətdir?

Hələ üzü açıqlıq bəs deyil, hələ neçə yüz zəhmətkeş kəndli qadınlar ortalığa çıxıb nitq də söyləyirlər.

Kişilərtək nitq söyləyirlər… Nə danışırlar? Birinin dediklərini eynən yadımda saxlamışam.

“Min ildən artıqdır ki, biz pərdə dalındayıq, min ildən artıqdır ki, biz hərəmxanələrdə dustağıq, zalım kişilərə qulluq, müstəbid fazillərin təfsirlərinin qurbanıyıq, hiçab çomağının altındayıq, dəxi bu qədər bəsdir, dəxi bu qədər kifayətdir”.

Qeyri bir qadın nərə təpə-təpə deyirdi: “Bax, bizim qənimimiz, indiyədək bizi əsarətdə saxlayan həmin çarşaf olubdur. Biz bunu nəinki yad kişilər yanında, hətta yavıq qohumlarımızdan da gizlənmək üçün örtmüşük. Və belə gizlənməyə bizi mollalar məcbur edibdir, bizi Quranın ehkamı məcbur edibdir”. Bu sözləri deyə-deyə həmin qadın belə bir cuşə gəldi ki; əlindəki qara çarşafı cırdı, tikələrini yerə tulladı.

Küçə ilə bir gün keçərkən, mat və müəəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbaləb dolu idi.

Aya bu nə qiyamətdir?

Qadınlar yığıncağıdır.

Nə olub? Buraya nə üçün cəm olublar? Və nə istiyirlər.

Öz dərdlərini bir-birinə söyləməyə yığışıblar, öz hüquqlarını ələ gətirməyə cəm olublar, öz min illik dərdlərini, həsrətlərini izhar etməyə toplaşıblar.

Nə hüquq? Necə hüquq?

Mən bu işə lap müəəttəl qaldım, çünki mən bir köhnə adamam, bir piri-kuhənsaləm və indiyədək ağıllı şəxslərdən eşitdiyim budur ki, qadın həmişə kişinin itaətində gərək olsun, səbəb budur ki, qadın ağıl və kamalda, qabiliyyət və zəkavətdə kişidən aşağı hesab olunur. Necə ki, fürqani-kərimin bəqərə surəsində zikr olunubdur ki, ərəb dilində: “Və lirricali əleyhinə dərəcətün” yəni bunun məzmunu budur ki, kişilərin dərəcəsi övrətlərdən artıq tutula gərək. Səbəb budur ki, cənab Allah bunu öz fürqani-məcidində xəbər veribdir, ondan ötrü xəbər vermiyibdir ki, dabanı çatdax kəndli zəhmətkeş qadınlar qurultay məclislərində hazır olub xüdavəndi-aləmin ehkamını tənqid edələr, ondan ötrü xəbər verməyibdir ki, bir para Allahsız yazıçılar Quranı və kitabı məsxərəyə qoyalar, ondan ötrü xəbər veribdir ki, bu ehkam nə qədər dünya durubdur, o qədər də daim durub dəyişilməsin, necə ki, xüdavəndi-aləm cəllə-cəlaləhu genə öz mübarək kitabının əhzab surəsində xəbər veribdir ki, mənim ehkamım dünya durduqca baqidirlər, baqi əbədidirlər, necə ki, haman ayeyi-mübarəkənin mənası həmin məzmuna mütabiq gəlir: “Və limən təcidə lisünnətallahi təbdilən” ya Məhəmməd Allah təalanın hökmü və iradəsi cəmi əzmindən ötrüdür ki, təğyir və təbdil oluna bilməz və olunmuya da gərək.

Vaveyla va şəriəta! Gör yer üzünü zülmət nə dərəcədə bürüyübdür ki, gör insanlar necə qatildirlər ki, bu beş günlük dünyanı qənimət bilməkdən, onunla lazımınca istifadə etməkdən, xüdavəndi-aləm bizə təyin qıldığı sövm və səlatı əda etməkdən, gör bu bədbaxtın qızları nə məşqə düşüblər! Pəs sən ki, gözəl oğatını sərf edəcəksən bu kənddən o kəndə, bu şəhərdən o şəhərə qurultaylara çapmağa sən ki, gözəl saatlarını həsr edəcəksən nitqlər söyləməyə, sən ki, qiymətli fürsəti fötə verib uzun-uzadı mübarizələrdə bulunacaqsan, pəs onda on yeddi rükət yomiyyə namazını kim qılacaq? Pəs rəməzanəl-mübarək ayının min rükət nafilə namazını kim qılacaq, pəs bistyekküm, nüzdəhhum bistseyyum gecələrinin altı yüz otuz altı rükət namazını bir gecədə kim qılıb qurtaracaq, pəs şair min-min rükət sünnəti namazları kim qılıb qurtaracaq?

Əfsus, genə əfsus?

Dünən bir dünyagörmüş adamdan bu işləri məsələ elədim.

Dedim: – And verirəm səni o Allaha ki, hətta bir para firqəvilər də onun varlığına etiqad edirlər, bir məni başa sal görüm, bu nə qiyamətdir? Və bu kəndli qadınları nə səbəbə məscidi və mənbəri buraxıb bu məşqlərə düşüblər?

Dünya görmuş adam sağ əlini qoydu sol çiynimə və bir dərin ah çəkib dedi:

– Əzizim, əgər mənim sözümə qailligin olacaqsa – deyim.

Dedim: –De.

Dünyagörmüş adam mənə belə dedi: – Əbəsdir.

Soruşdum: – Nə əbəsdir?

Dedi: – Sənin təlaşın.

Dedim: – Bir azca açıq söylə.

Dünyagörmüş adam (özü də iman əhlinə oxşuyurdu) genə bir dərin ah çəkib dedi:

– Sən ki, xahiş edirsən mən bir az açıq söylüyüm, mən, bir az yox, lap da açıq söyliyəcəyəm, ancaq mənim açıq sözüm tək iki kəlmədən ibarətdir.

O iki kəlmə – Oktyabr inqilabıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Din məsələsi

Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi: biri doğma oğlu Qasım, – səkkiz yaşında, biri də ögey oğlu Nəcəfqulu, – on yaşında.Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşardıq. Mən on yeddi yaşında idim və elə olurdu ki, hərdənbir Qasımı da döyərdim, hərdənbir Nəcəfqulunu döyərdim.

2 мин
Bakı müsəlmanları

Ay gözüm Bakı müsəlmanları, ahay igidlər, yaşasın Bakı müsəlmanları! Ay, hay, ho, ho!.. Hay, can, Bakı müsəlmanları! İgidin adı gərək. Məsələn, necə ki, deyirlər: “Flankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. Canımsınız, Bakı müsəlmanları, indi tamam Rusiyada hər nə danışıq var, hər nə söhbət və bəhs var, – hamısı sizin barənizdədir. Demək ki, illərlə çəkdiyiniz zəhmətləriniz, əməyiniz, çaylara tökdüyünüz müsəlman qanları puça çıxmadı; yenə hər nə isə bir səmərə bağışladı.“Novoye vremya” qəzetində Menşikov yazır ki, Bakı müsəlmanları pis adamdırlar; ondan ötrü ki, hər gün küçə və bazarda parta-part salıb bir-birini qırırlar və qoymurlar ruslar öz evlərində rahat yatsınlar. Menşikov yazır ki, “Bakı müsəlmanları hərçənd gecə və gündüz birbirini qırmaqdadır, amma bunların əsl fikri o deyil ki, yəni axırda birbirini lap qırıb qurtarsınlar, xeyr, bunların fikri budur ki, “parta-part” səsi ilə rusları narahat eləsinlər və axırda ruslar da bunlardan bir az inciyib Bakıdan çıxıb getsinlər”.

1 мин
Ana dili

Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:

1 мин
Murdar

İrəvan şəhərinin yavıqlığında Toxmaxangöl adlı müsəlman kəndinin dağılmaq xəbərini “Zaqafqaziya” qəzetində oxuduq.Əhvalat belədir ki, otuz il bundan qabaq bir neçə müsəlman, şəhər yerini icarəyə götürüb, başlayıblar əkinçiliklə güzəran eləməyə və həmin yerdə dam-daş tikdirib, bir balaca kənd salıblar. İndi şəhər idarəsi müsəlmanlara deyir ki, “çəkilin gedin buradan!”. Kəndlilər soruşurlar ki, “biz ki, icarə pulunu tamam-kamal veririk, nədir bizim günahımız ki, bizi kəndimizdən qovursunuz?”. Şəhər idarəsi cavab verir ki, “kefimiz belə istəyir”. Müsəlmanlar möhlət istəyirlər ki, özlərinə bir özgə yer tapsınlar və evlərini öz əllərilə söküb dirək-pərdilərini və akoşkalarını çıxardıb aparsınlar. İdarə möhlət vermir və bir neçə gün bundan qabaq bir dəstə adam göndərib kəndi dağıdır.

2 мин

Стихи других поэтов