Şuşadan çəkilən teleqrammadan oxucularımız görəcəklər ki, general Qoloşapov Şuşadan geri çağırılıb. Qoloşapovun əzl olunmağının əhvalatını nağıl etmək istəyirəm.

Kişinin çörəyinə bais müfti və şeyxülislam cənabları bir tərəfdən, bir tərəfdən də Dağıstan müsəlmanlarının nümayəndələri oldular. Müfti və şeyxülislam cənabları faytona minib, sərdarın yanına Qoloşapovdan şikayət etməyə gedəndə mən də orada idim. Nə qədər dedim getməyin, gəlin bu daşı ətəyinizdən tökün – mənə qulaq verən olmadı. Axırı müfti əfəndi mənə cavab verdi:

– Niyə getməyək, ay Molla? Bizim müsəlman qardaşları Şuşada qırsınlar, biz duraq baxaq? Sənin qeyrətinə nə gəlib?

Mən gördüm ki, müfti əfəndi doğru fərmayiş edir, dedim:

– Eybi yoxdur, gedirsiniz, gedin. Amma barı biriniz gedin; ikiniz də birdən getməyin. – Dedilər:

– Niyə? – Dedim:

– Ondan ötrü ki, cənab canişin sizi görüb qorxar.

Şeyxül islam əfəndi buyurdu ki:

– Qorxar, yazaram Bakıdan flan molla və Danabaş kəndindən də filan molla dua yazıb göndərərlər (Mollaların adını şeyx cənabları söylədi, amma mənim yadımdan çıxdı).

Bəli, faytonu sürdülər. Mən faytonun dalınca sərdar imarətinin yanına kimi qaçdım ki, işdi, canişin qorxsa, mən bir çarə edim; çünki mən özüm də mollayam, hər bir dərdə əlac edə bilərəm.

Canişin cənabları akoşkadan faytonu görcək, qapıçılara buyurdu ki, qapıları açsınlar.

Xülasə, canişin həzrətləri əli titrəyə-titrəyə qələmi götürüb, Qoloşapova hökm elədi ki, durmayıb gəlsin. Hətta teleqramı verdi müfti əfəndi özü oxudu. Məlumdur ki, müfti əfəndi rusca kamil oxuyub danışa bilir; hətta çox vaxt qazı və mollalarla rusca danışır.

Qərəz, haman saat teleqraf göndərildi. Müfti və şeyx cənabları qəhvə içməyə məşğul oldular və aradan səkkiz dəqiqə keçmişdi ki, Şuşadan Qoloşapovdan belə cavab gəldi: Ay sərdar, başına dönüm, axır mənə mühəvvəl olunan hökmlərin dörddən birini əmələ gətirmişəm. Belə iş olar ki, məni indiki vaxtda çağırırsan?

Canişin cənabları yenə qələmi götürüb yazdı: Çox danışmaq istəməz. Ağa buyurur sür dərəyə – sür dərəyə!

Yenə səkkiz dəqiqə keçməmişdi, Ağdamdan cavab gəldi: Sizin hökmünüzə binaən Şuşadan çıxıb, indi Ağdamdayam və gözləyirəm ki, atları qoşsunlar, minib Yevlaxa tərəf yola düşüm.

Müfti və şeyxülislam həzrətləri canişinə “spasibo” – deyib, istədilər yola düşələr. Mən bu heyndə sərdarın imarətinin akoşkasına dırmaşıb, bu işlərə tamaşa edirdim. Cənab şeyx məni görüb dedi:

– Ay Molla, sən Allah, düş aşağı, sərdar səni görər, biz xəcalət çəkərik.

Dedim:

– Cənab şeyx, bir yavığa zəhmət çək, qulluğunuza bir neçə söz ərz edim.

Dedi:

– Nə demək istəyirsən?

Mən yavaşca başladım:

Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,
Səd heyif keçən gün!
Şükr eylədik Allaha yetişdikcə ziyanlıq,
Olduq yenə məmnun.

Hər bir iş üçün xatimə bəxş oldu bu afaq,
Əfsürdə biz olduq.
Çaldı bizə bir özgə səyaq ilə fırıldaq,
Qəmli günə qaldıq.

Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar,
Boylə fələk olmaz!
Yox boylə iki dilli, yaman üzlü cəfakar,
Bir zərrə utanmaz!

Verdi bu hamı qonşulara sənətü dövlət,
Dünya, sənə lənət!
Səsləndi, gedin siz yatın həmmamdə rahət,
Bicadı bu zəhmət!

İslam uşağı yatsın ayağında fələqqa,
Bu növ idi təlim.
Vursun buların başına həm Mirzə Tərəqqa,
Eylin onu təkrim

Ey-vay, bu fələk qoydu bizi löğməyə həsrət,
Qaldıq biz adamsız!
Verməz dəxi bir parça çörək tapmağa fürsət,
Get yatgilə şamsız.

Öz bildiyini qıldı müsəlmanlara dövran,
Əl işdən üzüldü.
Çaxçax başın ağrıtdı, kefin çəkdi dəyirman,
İş həcvə düzüldü.

Bu çərxi-sitəmkarın aman məsxərəsindən!
Bais, balan ölsün!
Baxmış bu müsəlmanlara qəm pəncərəsindən,
Çərxin üzü dönsün!

Əvvəl bu fələk cümlədən əymişdi damağı,
Qəm kasəsi daşdı.
Axırda bizim başımıza vurdu çanağı,
Su başdan aşdı.

Bir rus görəndə oluruq xar yanında,
Quzu, keçiyik biz.
Keçməz sözümüz bir pula sərdar yanında,
Çünki nəçiyik biz?!

Tanrı buna şahid –
Quzu, keçiyik biz.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 4 avqust 1906, №18

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (28 noyabr 1923)

Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.

1 мин
Əzizim Həmidə! (18 dekabr 1923)

Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.

1 мин
“Kommunist” qəzetəsi idarəsinə

Rəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara.“Molla Nəsrəddin” məcmuəsi müdiri:

1 мин
Əzizim Həmidə! (2 fevral 1924)

Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.

1 мин

Стихи других поэтов · Сатира