Bir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama.

Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi.


Nömrə bileti aldım və girdim nömrəyə və xahiş elədim ki, on beş dəqiqədən sonra mənim yanıma bir nəfər kisəçi göndərsinlər.

Qabaqkı qaranlıq evdə soyundum, girdim içəri. İki krandan su şırıltı ilə tökülürdü hovuza; birindən isti su, o birindən soyuq su gəlirdi. Küncdə bir taxt qoyulmuşdu. Taxtın üstündə iki dənə su vedrəsi var idi. Hamam xeyli isti idi.

Bir neçə dəqiqə isti suda qaldım və vaxtında da kisəçi özünü yetirdi. Əlbəttə ki, kisəni və sabun torbasını atdı taxtın üstə, su vedrələrinin hərəsini aldı bir əlinə, hovuzdan doldurdu, tökdü taxtın üstə və üzünü çöndərdi mənə tərəf. Mən başa düşdüm ki, gərək gedəm orada uzanam. Və elə də eləlım. Bu kişi otuz-otuz beş yaşında qaraşın alçaqca bir adam idi. Belə məlum olur ki, bu adam hamama girəndə mənim nə millət olduğumu bilmədi; onunçun da salam vermədi. Amma özü müsəlmana oxşayırdı və həqiqətdə də müsəlman imiş.

Bu başladı mənim canımı ovmağa, sonra da kisələməyə. İnsanın canı rahatlanmağa başlayanda, həmişə adam bir kəs ilə söhbət eləməyə mayil olur; amma birdən-birə bilmədim bu kişi ilə nə danışım; bu da bir söz deməyib öz işinə məşğul idi. Bizim hər ikimizin əvəzindən danışan kranlardan tökülən su idi ki, hamamın ağ gəclə malalanmış divarlarına və səqfinə elə bir səs salmışdı ki, özgə bir danışığa macal vermək istəmirdi.

Bədənimi kisələyib üstümə bir neçə dəfə isti su tökəndən sonra bu kişi başladı başımı sabunlamağa və sabun torbasını püfləyə-püfləyə mənim üstümə o qədər sabun köpüyü çaladı ki, bu dəqiqə hamamda məni axtaran olsaydı, yəqin ki, tapa bilməzdi.

Kişi yumuşaq əlləri ilə sabunlu canımı sığallamaqda idi ki, mən bundan soruşdum:

– Adın nədi? – Kişi mənə cavab verdi:

– Sarı.

Mən dinmədim, amma bu adı nədənsə gözləməzdim. Doğrudur, demək olmaz ki, müsəlmanda Sarı ad ola bilməz; amma söz buradadır ki, Sarı erməni adı da ola bilərdi. Amma çünki hamam camadarlarını və qulluqçularını müsəlman görmüşdüm, özləri də hamısı iranlıdırlar, onun üçün də gözləyə bilərdim ki, mənə indi qulluq edən hələ bəlkə kəblayı və məşədi də ola.

Belə fikirləri eləyəndən sonra bir də soruşdum:

– Pəs əsil adın nədi? – Kişi yenə qısaca cavab verdi: “Sarı” və su vedrəsini yenə apardı doldurdu, gətirdi tökdü üstümə və öz işinə məşğul oldu.

Mən yenə üzümü kişiyə tutub dedim:

– Qardaş, bəlkə sən zarafat eləyirsən, mən axı Sarı ad eşitməmişəm.

Kişi bu dəfə yenə qəti cavab verdi ki, “Sarı”dı.

Mən yenə dinmədim. Kişi başladı əllərimi yumağa: sağ əlimi yudu, sol əlimi yudu və getdi yenə su gətirdi. Mən gözüyumulu çanaqdakı sudan ovcumla götürüb, gözlərimin sabununu təmizcə yudum və gözlərimi açdım, başladım diqqətlə kişiyə baxmağa. Xeyr, müsəlman olmağına, yəqin ki, müsəlmandı; amma iranlı ya qeyri iranlı olduğuna şübhəli qaldım.

Kişi sabunlu canıma yumşaq sabun torbasını kisə əvəzinə bir qədər də sürtüb və üstümə bir neçə qab isti su calayıb, öz vəzifəsini qurtardı, getdi kranların ikisini də burdu, suyu kəsdi, çünki hovuzdan daşırdı. Və əl ilə işarə elədi ki, durum girim hovuza. Çünki kranlardan gələn suyun səsi kəsildi, hamamda elə bir sükunət vaqe oldu ki, qulaqlarım başladı cingildəməyə. Mən qalxdım, oturdum taxtın üstə və üzümü tutdum kisəçiyə:

– Qardaş, mən hovuza girməyəcəyəm. Səndən mən yerdən-göyə kimi razı oldum. Amma and verirəm səni Həzrət Abbasa, bir məni başa sal görüm sənin adın nədi?

Kişi mənə belə cavab verdi:

– Nökərin Məşədi Əhməd. – Dedim:

– Necə Məşədi Əhməd? Pəs sən deyirdin Sarı?

– Xeyr, ağa, adım Məşədi Əhməddi, özüm də saraylıyam. Mən elə bildim sən sabun soruşursan. Mən elə bildim, sənin xəyalına gəlir ki, bu torbanın içindəki ucuz paltar sabunudu. Xeyr, ağa, əsl sarı sabundu, bir abbasılıq sabundu. Yoxsa siz tək ağaların canına mən ucuz sabun vurmaram. Arxayın ol, Allah səni salamat eləsin.

Bu sözləri deyə-deyə Məşədi Əhməd vedrələrin ikisini də doldurdu, gətirdi caladı üstümə, çıxdı qabaqkı evdən ağ qətifə gətirdi, tutdu qabağıma.

Çıxdım. Qurulandım. Geyindim. Məşədi Əhmədə zəhmət haqqı verdim və hamamdan çıxdım. Ondan sonra dəxi o hamama yolum düşmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов