Təzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar.

Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi.

Nədir bu şadlığa səbəb? Bu şadlığa səbəb təzə il bayramıdır? Nədir təzə ilin mənası? Təzə ilin mənası budur ki, İsa peyğəmbərin dünyaya gəldiyi gündən min doqquz yüz iyirmi yeddi il keçib, iyirmi səkkizə ayaq qoyur.

Vaqeən, çox böyük bir tarixdir. Bu elə bir yadigardır ki, bunun şərəfinə nəinki var-yoxunu içkiyə verib keflənib eyş-işrət etmək lazımdır, bəlkə bu yadigarın şərəfinə candan keçmək lazımdır. Və sözümün sübutu üçün bir neçə dəlil gətirmək istəyirəm.

Dəlili-əvvəl: İsa özü və onun əshab və ənsarı avam camaatın etiqadını ələ gətirmək üçün belə bir söz buraxdılar ki, İsa Allahın oğludur.

Bu sözə ancaq nəsarilərin bir parası inandı; amma yəhudi camaatı dirənib qırmızıca dedilər ki, ola bilməz ki, bir insan atasız dünyaya gəlsin və hətta bir para nadinc adamlar İsanın atasını da axtarıb tapdılar (Yusif Nəccar).

Amma söhbət buradadır ki, bir söz ki, qaragüruh arasında intişar tapdı, illər uzunu daha camaatın ağzından düşmədi və aradan neçə yüz il keçəndən sonra, Quranın sahibi də bu etiqada gəlmişdi ki, İsa doğrudan da peyğəmbərdi və Məryəmin oğludur və onum atası Allahın ruhudur.

“İnnəma əl-Məsih İsa ibn Məryəm rəsulullah... vəruhun minhü”.

Amma indi bu min doqquz yüz iyirmi yeddi il keçəndən sonra, o əsrin yəhudilərini adam yadına salanda lap yazığı gəlir. O biçarələr elə doğrudan da dirənib durmuşdular və deyirdilər: ay camaat! Ola bilərmi ki, bir insan atasız doğulsun?

Bu, belə.

Dəlili-sani: İsanın keyfiyyəti o səbəbdən daha böyük bir yadigardır ki, İsanın barəsində onun tərəfdarları ilk dəfə “merac” fırıldağını ixtira etdilər: bir-bir belə şayiə buraxdılar ki, İsa göylərə üruc edərmiş, yəni qanadlı quş kimi uçub göyə qalxarmış.

Allah avama insaf versin. Heç bir kəsin o vədə ağlına gəlmədi ki, imtahan üçün bir gün getsin və İsanın meracını öz gözü ilə görsün.

Dəlili-salis: İsanın “Mövlud” bayramının üçüncü qiymətli tərəfi budur ki, həmin tarixdən bu günədək milyonlarca zəhmətkeş xaçpərəst camaatı müruri-dühurla “ruhullah” və “merac” fırıldaqlarına alışıb və gecə-gündüz lotu və murdar keşişlərin astanalarına dəxil düşüb nicatiüxrəvi axtarmaqla işdən-gücdən avara olublar, mallarını və canlarını onlara fəda ediblər və xaçpərəst məzhəbləri arasında əmələ gələn dini mübarizələr nəticəsində milyonlarca günahsız zəhmətkeş xaçpərəst qanları tökülübdür.

Qalan sübutlu dəlillərimizə daha burada yer olmadı.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 yanvar 1928, №1

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Həmidə! (30 iyul 1923)

Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.

1 мин
Əzizim Həmidə! (12 avqust 1923)

Bakı*Səndən iki məktub almış və cavab yazmışam. Poçtla Şuşaya Müzəffərin adına 10 girvənkə qənd, bir girvənkə çay və üç cüt corab göndərmişəm. Kənd yerində geyəcəyin üçün bahalı corab almadım.

1 мин
Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

1 мин
Əzizim Həmidə! (28 avqust 1923)

Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol.Cəlil

1 мин

Стихи других поэтов · Сатира