Qəzetlərdə nəzərimizə çatdı ki, Amerika hökuməti yer üzündə əqvam arasında, bir “sülhi-əbədi” binasını qoymaq tədbirindədir. Ax, nə gözəl tədbir?!

“Sülhi-əbədi”, – yəni türkcəyə çöndərsək, “həmişəlik barışıq” deməkdir. Onun üçün də mən yuxarıda bu tədbirə “gözəl” ad qoyuram; çünki dünyada sülh və asayişdən gözəl nə ola bilər? Amma, di gəl görək, Amerika hökuməti cənabları bu müqəddəs tədbiri nə yol ilə, nə vasitələrlə həyata keçirmək istəyir? Çün bu barədə qəzetlər də bir söz yazmır – mən də bilmirəm ki, Amerika hökuməti bu xeyir işin baş tutması yolunda nə metodlar işlədir və nə çarələr qurur.

Bu qədər var ki, hər bir kəs öz fikrini meydani-müzakirəyə qoymağa azaddır və çün ola bilər ki, bu müqəddəs məsələyə dair Molla əminin əqidəsini soruşan ola, biz bu xüsusda oxucularımızla bir az söhbət eləmək istərdik.


Dünyada “sülhi-əbədi” iki yol ilə baş tuta bilər: bir yolu budur ki, yer üzündə yaşayan cəmi millətlər–təkcə bir dinə sitayiş eləyələr və şayəd, bizdən soruşan oldu ki, biz cəmi millətlər üçün vahid; hansı dini təklif edirik, biz pak olan islam dinini göstərə bilərik, nəinki o münasibət ilə ki, biz özümüz də bu müqəddəs dinə mənsubuq – haşa və kəlla, biz məhz “sülhi-əbədi”nin baş tutması mülahizəsincə bu təklifdə bulunuruq; zira, nə qədər ki, dünyada islam dini bərqərardır, – o qədər də “kafir” və “əhli-iman” ədavəti zahirdə ya batində hökmfərma olacaqdır:

“Fəiza-lüqətimulləzinə kəfəru fəzərbürrüqab; yəni o yerdə ki, kafirlərlə mülaqat etdiniz, onların boyunlarını vurub qətlə yetirdiniz” (Quranın “Məhəmməd” surəsi, 5-ci ayə).

Əgər küreyi-ərzin namüsəlman qövmləri mənim bu təklifimi qəbul eləməsələr (ola bilər də ki, eləməyələr), onda da labüddür ki, millətlər qeyri bir vahid dinə gələlər: ya İsa peyğəmbərin dininə, ya Musanın, ya Buddanın və yaxud sair bütpərəst ayinini, yaxud yeni “beynəlxalq” din olan bəhayi dinini qəbul eləyələr.

Deyəsən, bu da bir az çətin olacaq; çünki qeyri dinlərin əhkamından xəbərim yoxdur, ancaq onu bilirəm ki, dinin əhkamı, nə qədər dünya vardır, dəyişilə bilməz; “vələn təcəddlis-sünnətullah təbdilən” (quran ayəsidir); dinlər də habelə; heç təfavütü yoxdur.


Amma, əvvəl-axır, deyəsən, “sülhi-əbədi”nin bircə yolu vardır: dilim qurusun bilmirəm, deyim, ya deməyim? Nəuzübillah bir dəqiqəliyə belə mülahizə eləyək: yer üzündə heç bir din yoxdur; yəni cəmi millətlər dinsizdir; yəni bu millətlərin heç birini cənnət və cəhənnəm ilə aldadan keşiş və mollalar və xaxamlar yoxdur və habelə nə kafir var, nə iman əhli var, nə sünnü, nə şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə Rtodoks, nə rus, nə müsəlman, nə kilsə, və nə məscid, nəuzübillah, nə isna əşəri, nə şafeyi, nə həmbəli, hənəfi, babi, malakan, priqun, şeyx, dərviş, ilan-qurbağa və bu növ zir-zibil (üzr istəyirik).


Bu dinsizliyin bircə eybi budur ki, dəxi huri və qılman və abikövsər əldən gedir. Tək bu eybi olmasaydı, vallah mən özümü gözüyumulu dinsizlər cəmiyyətinə yazdırardım.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 13 yanvar 1928, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qeyrət

Möhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).

4 мин
Şor

Bir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür.Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub.

2 мин
Müftilik məsələsi

İndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir.On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir.

1 мин
Mübarəkbadlıq

Rusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.

2 мин

Стихи других поэтов · Сатира