Rus-Yapon davasından sonra, Qafqaz millətlərinin burnuna bir cüzvü hürriyyət qoxusu dəyən kimi, qəzetlər hərə öz millətini alqışlamağa başlamışdılar. Habelə o vaxt Bakıda çıxan türk qəzetləri də bir səs ilə bağırırdılar:

– Yaşasın belə millət, yəni yaşasın bizim türk milləti!

O vədə mənim o alqışlara bilmirəm nədənsə gülməyim gələrdi. Amma, necə ki, adam adama deyər: balam, gülmə, öz başına da gələr. İndi də bu gün mən də üzümü öz millətimə tutub, doğrudan da deyirəm:

– Yaşasın belə millət!..

Bu gün millətimi alqışlamağa səbəb türkcə “Kommunist” qəzetində (nömrə 177) dərc olunan “Ayrım” imzalı “İşıqlı Gəncə qaranlıqları” sərlövhəli məqalə oldu. Burada məqalə sahibi yazır ki, Gəncə qəzasında bütün Dəstəfur dairəsində yalnız bircə nəfər savadlı kənd ispalkomu var və sonra yazır: “Belə bir dairədə nə kimi bir iş gözlənilə bilər?”.

Həmin məqalədə, sair nöqsanları göstərən kimi, məqalə sahibi bunu qeyd edir ki, “bütün kəndlər arasında yol deyiləcək şey yoxdur”.

Mən, Molla Nəsrəddin əmi, “Kommunist” qəzetində bu məqaləni oxuyandan sonra özümü borclu bildim burada bu bir neçə sözu yazıb oxucularımızın nəzərinə yetirəm ki, hər bir kəs ki, “Ayrım” yoldaşın məqaləsini nəzərindən keçirəcək, iştibah etməsin və agah olub bunu bilsin ki, dünyada xah Dəstəfur dairəsi ispalkomları olsun, xah qeyri dairələrin ispalkomları olsun – onlardan hər bir işi gözləmək də olar, gözləməmək də olar; o da baxır sən gözlədiyin işə. Aya, görək nə iş gözləyirsən?

Əgər sən gözləyəcək iş elə bir işdir ki, onu məhz savadlı adam aşıra bilər, onda mən qabaqcadan səndən üzr istəyirəm; çünki həqiqətdə, əgər bisavadlığı sən qüsur sayırsan, onda mən Azərbaycan torpağımızın cəmi dairələrinin ispalkomları barəsində yanında özümü xəcil və şərməndə elam edirəm. Sən gərək bilmiş olasan ki, bizim müqəddəs torpağımız padşahlar, xanlar və şəriətmədarlardan bizə çatan bir torpaqdır ki, keçmiş zamanlarda o əsrin qəzetləri savadsız və yolsuz Dəstəfur dairələrini görə-görə “yaşasın” – deyib həmişə alqışlayıblar və o əsrin vaizləri və şəriətmədarları, millətin huş-guşunu ancaq cənnətə tərəf cəlb edib, yolsuzluğu və savadsızlığı bir eyib sanmayıbdırlar.

Torpağın hakimləri də avamın qaranlıqda qalmağını öz vəziyyətləri üçün lap da müsaid görüblər; onunçün də cəhalət qaranlığını bir ispiçka işığı ilə də işıqlandırmağı lazım görməyiblər.

Xub, bu ki, belədir, bir surətdə ki, keçmiş qələm sahibləri və şairləri də bizim bu gözəl vətəni “yaşasın” – deyib tərif və tövsif ediblər, mən də öz tərəfimdən Dəstəfur dairəsinin və cəmi Azərbaycan dairələrinin savadsız və yolsuzluğuna “Ayrım” yoldaşla tamaşa edib deyirəm:

– Yaşasın belə millət!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 avqust 1928, №32

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Erməni və müsəlman övrətləri

Biz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.İndi baxıb görək ki, niyə buna razı olmuruq?

7 мин
Gülmək

Birinin üstünə gülmək pis şeydir. Biz uşaqlıqda birinin üstünə güləndə anamız bizə deyərdi: “Balam, gülməyin, yoxsa axırda sizin də üstünüzə gülərlər”. Və anamız bizi öyrətmişdi: bir kəsin üstünə güləndə yapışardıq qulaqlarımızın ucundan çəkərdik ki, bizim də başımıza gəlməsin və üstümüzə gülməsinlər.Biz Qafqaz müsəlmanları indiyədək iranlıların üstünə gülərdik ki, yazıqlar dalı qalıblar.

1 мин
Millət qurbanları

Ay Molla Nəsrəddin baba, sən axır bir təcrübəli qoca kişisən, sən Allah bir məni başa sal görüm, millət yolunda can və malı fəda eləmək nə sözdür?Məsələn, belə tutaq ki, birisi deyir “mən millət yolunda canımı və malımı fəda etmişəm”. Mən ha fikirləşirəm, heç bu sözlərin mənasını başa düşə bilmirəm.

3 мин
Qafqaz şeyxülislamına iki dənə açıq məktub

Əvvəlinci məktubCənab şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş-iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxudursunuz.

3 мин

Стихи других поэтов · Сатира