Yeni əlifba nə istəyir
Bizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi.
Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir.
O hallar bunlardır:
Birinci hal: neçə yazıçımız varsa, o qədər də yazı qaydalarımız var. Hər kəs kəlmələri kefi istədiyi və ağlı kəsdiyi kimi yazmaqdan çəkinmir. Məsələn, bir kəlməsini dəyişəndə, aşağıda yazılan şəkillərin hamısını yazıçılarımız öz yazılarında göstərmişlər:
“Oluram”, “alıram”, “ölürəm”, “aluram”, “almıram”, “olmuram”, “olmayıram”, “almıram”, “almadım”, “olmadım”, “ölmədim”, “almacağam”, “ölməyəcəyəm”, “almayacağam”, “ölməgəm”, “alınmışdır”, “alunmışdır”, “alınarsa”, “almar sə”, “alunursə”, “alunurse”.
“Odun” kəlməsini dəyişdirdikdə yenə o kimi hallar görünür:
“Odunək”, “odunuk”, “ödünük”, “ödun ük”, “oduna”, “ödünə”, “udunə”, “ödünə”, “ödunu”, “odunu”, “odun ilə”, “ödün ilə”, “ödündən”, “odun dən”.
Bunlardan başqa, “gəlib”, “qulub”, “təmənna”, “təmanne”, “hətta”, “hətte” kimi bir çox misallar gətirmək olar ki, yazıçılarımız yazılarında göstərmişlər və indi də göstərirlər.
Yeni əlifba hökm edir ki, yazıda bu qarışıqlıqlara axır verilsin, çünki bu əlifbada dilimizdə olan səslərin hamısı vardır.
İkinci hal: yazıçılarımız özgə millətlərdən aldıqları kəlmələri türkləşdirə bilmirdilər, çünki ərəb əlifbası bu işə mane olurdu. Məsələn: “nəmaz”, “kol”, “koloft”, “kələft”, “bolbol” və yüzlərcə kəlmələri türkün tələffüz etdiyi “namaz”, “qul”, “külfət”, “bol-bol” kimi yaza bilmirdi. Çünki belə yazanlara “savadsız” deyirdilər.
Yeni əlifba isə bu kimi kəlmələri türkləşdirməyə həm imkan verir, həm də məcbur edir.
Üçüncü hal: özgə millətlərdən aldığımız kəlmələri hər kəs bir cür tələffüz edirdi, hər kəs bir cür türkləşdirirdi. Bu isə dilimizə böyük pozğunluq salırdı. Məsələn: “məhəbbət” kəlməsi “məhəbbət”, “mühəbbət”, “mühibbət”, “möhübbət” kimi tələffüz olunurdu.
Yeni əlifba bu kimi kəlmələrin doğru tələffüzünü tapıb bir cür yazılmasını və bir cür söylənməsini bərkə-bərk istəyir.
Dördüncü hal: biz ərəb, fars kəlmələrinə, şivələrinə və tərkiblərinə elə alışmışıq ki, öz dilimizin gözəl qanunlarını və qaydalarını o tərkiblərə tabe edib dilimizi öldürürük. Məsələn: yazıçılar
“Ruhanə və cesmani tərbiyə”, “əzabi şədiq”, “vəzifeyi mədəniyye”, “odabaye əsar”
əvəzinə
“Ruh və cism tərbiyəsi”, “şiddətli əzab”, “mədəniyyət vəzifəsi”, “əsr-ərbək ədibləri” yazmaqdan çəkinmirlər, çünki qorxurdular onlara “Siz dili bilmirsiniz”, desinlər. Yeni əlifba isə tələb edir ki, bu kimi tərkiblər və əcnəbi qaydalar dilimizdən büsbütün atılsın, dilimiz azad olub təmizlənsin və dirilsin.
Hələlik bunlardır yeni əlifbanın istədikləri!
C.
“Yeni yol”, 28 sentyabr 1922, № 2
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yeni-elifba-ne-isteyir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Xaçpərəst voskresenyesi və müsəlman cüməsi”Yer üzündə dinlərin ən əlası babilikdir. Ancaq heyif ola ki, şura əsrində yaşayanlar bu gözəl dinin qədrini bilmədilər.
TəmizlikMən uşaqlıqdan eşitmişdim ki, təmizlik yaxşı şeydir. Hətta şəriət də təmizliyi xoş tutur (izaleyi-nəcasət).Sonralar, böyüdükcə görürdüm ki, təmizlik doğrudan da, yaxşı şeydir. Hətta hər barədə geridə qalan İran şəhərlərində də bəzən təmizlik asarını görərdim və bunu da görərdim ki, təmiz olan məkandan azarbezar uzaq gəzir və natəmiz yerləri və insanları azar-bezar dost tutur.
Olaydı-olmayaydıNə olardı ki, dünyada yaxşılıqdan başqa heç bir şey olmayaydı; nə yalan, nə palan, nə oğurluq, nə quldurluq, nə zülm, nə sitəm–bunların heç biri olmayaydı!..Gərək əyrilik olmayaydı – düzlük olaydı; bahalıq əvəzinə ucuzluq olaydı; cibgir uşaqlar məktəblərdə gizlənəydi və Bakının bazar-küçələrindən zibil ildə bir dəfə süpürülüb təmizlənəydi.
Gəl savaşaqUşaqlar küçədə oynaşanda bir nadinc uşaq o biri uşağa naqafil bir təkan vurur; bunun mənası budur ki “gəl savaşaq”.Kitay hökuməti Şuralar İttifaqı öz işinə məşğul olduğu yerdə buna bir təkan vurub deyir: “Gəl savaşaq”.
Стихи других поэтов
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,