Страница 5 из 5 · 80%

Bunlar nə qədər şirin və xoş idise də məşğul olmağa vaxt yox idi. Vahidi tapmaq, danışmaq lazım idi.

Şər qanşınışdı. Bu zaman Vahid yataqxanada olardı. Rübabə oraya getmək istədi. Fikrinə gəldi ki: "Tələbələr söz eləyərlər". Aşağıya, dəftərxanaya düşdü. Süpürgəçidən başqa kimsə yox idi.

Telefonla yataqxanaya zəng vurdu, dalandardan soruşdu. Dalandar axtarınağa getdi. Rübabə telefon qabağında intizar içində çox gözlədi. Bir də səs eşidildi:

– Alo, 14-cü otaqda Nayıbov olmur, gedib. Rübabə yəqin elədi ki, Vahid şeylərini yığışdırıb, yola düşüb.

Bu xəbər deyəsən bir çəngəl kimi onun ruhunu çəkib bədənindən ayırdı. Sanki bütün ümidləri puça çıxdı, dayandığı yerdə dondu, sinəsindən soyuq bir ah qopdu. İxtiyarsız dəhlizin xəlvət tərəflərinə yeridi, portfelini qucaqladı, üzü pəncərəyə dirsəklənib dayandı. Könlünə anlaşılmaz bir qubar gəldiyini, gözlərinə xəyali bir pərdə endiyini, nəfəsinin ağırlaşdığını, əsəblərinin titrədiyini, sanki vücudunda bütün qüvvələrin tükəndiyini hiss etdi. Gözləri yaşardı. İsti dodaqlarını gəmirdi. Zehnində odlu bir həsrət dilləndi: "Vahid! Vahid!..".

Heç yerdən cavab gəlmədi. Yalnız dolu gözlərindən iki inci yanaqlarına yuvarlandı. Qız ovucları ilə üzünü örtdü: "Vahid, məndən də incidin? Mənim nə günahım? Nə üçün görüşmədən getdin? Yoxsa tərk etdin. Etibarsız!".


Rübabə institutdan çıxanda nə qədər özünü toxtatmaq, bikefliyini gizlətmək istəyirdisə olmurdu. Anlaşılmaz bir sükut, üzüntülü bir intizar onun hərəkətlərindən sezilirdi. Divar dibi ilə yavaş-yavaş yeriyir, qaşlarının düyünü açılmır, ürəyindəki boşluq qapanmırdı. O, ha çalışırdı ki, özünü iki il bundan əvvəlki, Vahidi görməmişdən, tanımamışdan əvvəlki kimi tox və toxtaq saxlasın, olmurdu. Deyəsən heç o, Vahidsiz yaşamamışdı. Onsuz bir dəqiqəsini xatırlamırdı. Deyəsən Vahid onun həmişəlik və əvəzsiz munisi olmuşdu. Bütün gecəni fikir-xəyal ilə keçirdi. Ancaq yaxşı bilirdi ki, qovrulmağın, ya ağlamağın xeyri yoxdur. Bu saat Vahidə əldən gələn köməyi etmək lazımdır...

Səhər dərsdən qabaq oturub bir məktub yazdı:

"Vahid, salam! Etibarsız! Nə üçün görüşməmiş getdin? Beləmi rəftar edərlər? Muxtar ilə danışdım. O da bərk etiraz edir. İşini bakı Komitəsinə bildirəcəyik. Verdiyev ilə ağızlaşdım. Daha qəti danışacağam.

Şad xəbər: bütün sinfimiz direktorun əmrindən narazıdır. Komsomolun kömək edəcəyinə şübhəm yoxdur. Mümkün qədər tez qayıt. Gedib kənddə qalma. Atan barədə kağız-kuğaz düzəlt, gəl, təşkilat bizim tərəfımizdədir. Ruhdan düşmə, ürəyinə salma... Gözləyirəm.

Rübabə"

Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar təəccüb elədi. Komitə üzvlərinin belə bir əmr hazırlandığını xəbər verən işarələrinə Muxtar heç bir zaman inanmamışdı! "Komitədə müzakirə etmişik. Tərbiyəvi təsir ilə, komsomol cəzası ilə kifayətlənmək fıkrindəyik" demişdi. Birdən-birə, həm də komitədən xəbərsiz Verdiyevin belə bir əmr verınəsi təəccüblü idi.

Deyəsən onun vəziyyətindən xəbər tutduğu, yaxud nəsə məsləhətləşmək istədiyi üçün Kərim Gəldiyev onu çağırdı. Zəng çalınan kimi Muxtar telefon dəstəyini götürdü. Kərim salamsız-kəlamsız, bir qədər də hirsli danışdt:

– Komsomol, nə oturmusan orda, dur bura gəl.

– Yanımda yoldaşlar var.

– Yola sal, gəl!

Muxtar Gəldiyevin otağına girəndə bir neçə nəfər tələbənin ayaq üstündə dayandığını gördü. Dərsə gecikmişdilərmi, iclasa gəlməmişdilər, ya hansı tapşırığı yerinə yetirməmişdilərsə, Gəldiyev onları danlayırdı. Onlar üzr gətirmək istəyəndə macal vermir, acıqlanırdı?

– Yaxşı, yaxşı! Obyektiv səbəblərlə öz nöqsanlarının üstünü örtmək bolşevikə yaraşınaz, bəsdir. Səhvi namusla boynuna almaq əvəzinə, müxtəlif bəhanələr də gətirmək istəyirlər, bilirsiniz belə povedenya üçün adamı...

Gəldiyev cümləsini bitirmədi, guya hirs onu kəsirdi. Sanki dayananların heç bir sözünü eşitməmək üçün qətiyyətlə dedi:

– Gedin izahat yazın, iclasda müzakirə eləyəndə danışarsınız, di gedin!

Gəldiyev Muxtarı görəndə yanındakıları aşkarca qovdu:

– Di çıxın! Çıxın, işimiz var, mane olmayın!

Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. İstərdi ki, adamlar onun ən adi sözünün, ən sadə hərəkətinin dalısında "xüsusi bir məna" duyub ehtiyat etsinlər, özlərini yığışdırsınlar. Bu, ona anlaşılmaz bir hakimiyyət zövqü verməkdən başqa onun vəzifəsinin, işinin də əhəmiyyətini qat-qat artırırdı. O, az danışır, ancaq danışığına çox məna verirdi. Bir adama onun dik baxmağı, yanakı baxmağı, gözucu nəzər salmağı, ya oğru güdən kimi tünd baxmağı, ayrı cür mənalar verirdi. Elə tələbə olurdu ki, Gəldiyevin işini başa düşmür, bu cür baxışına məna verməkdə, səbəb axtarmaqda çox düşünür, çətinlik çəkirdi. Gedənlərin dalısınca qara müşəmbə ilə şpallanmış qapını bərk basıb qayıtdı. Cibindən çıxardığı bir dəstə açarla dəmir seyfın qapısını açdı. Səliqə ilə qalanmış qovluqlar üstündən "Kommunist" qəzetini götürdü. Muxtara tərəf uzatdı.

– Oxumusan?

– Yox!

– Təəssüf, çox təəssüf ki, oxumamısan, buyur oxu! - Kərim səsinə ağır təmkin və zəngin məna ahəngi verərək dedi: - Mən deyəndə ki, sinfi sayıqlıq bu saat hər bir kommunistdə, komsomolda əsas keyfiyyətdir, sizlər, siz komsomolçuların bəziləri xırda burjua səhlənkarlığı ilə qulaqardına verirsiniz. Siz elə bilirsiniz bu sözləri biz özümüzdən deyirik. Elə bilirsiniz ki, bunları biz patalokdan alıb sizə deyirik. Daha başa düşmürsünüz ki, bunlar hamısı partiyanın gündəlik direktivləridir.

Bunlar hazırkı siyasi momentin zəruri tələbləridir. Bunlarsız bir dəqiqə yaşamaq, işləmək, kütlələrə rəhbərlik etmək olmaz. Bunlarsız beynəlxalq vəziyyətin mürəkkəbliyində oriyentasiya olmaz! Yoldaş Muxtar, bəs haçan bunları siz öz komsomol üzvlərinizə başa salacaqsınız, haçan?

Muxtar qəzetin sayıqlıq haqqındakı baş məqaləsini oxuya-oxuya Gəldiyevin qəzəbinin səbəbini sanki bilmək istədi:

– Nə olub yenə?

Gəldiyev sanki məhz belə bir sual, sanki lap bu sualın özünü axtarır, gözləyirdi. Səsini ucaltdı, əl-qolunu ölçərək eşik otağa, komsomol komitəsinə tərəf işarə ilə dedi:

– Nə olacaq? Bu siyasi momentdə, sinfi mübarizənin bu kəskin şəraitində komsomolçular səfərbər olub, partiya komitəsinə kömək etmək əvəzinə, tədbirlərimizə açıqcasına mane olurlar, aralıqda söz gəzdirirlər. Burjuaziyanın dəyirmanına su tökürlər, Bəlkə də düşmən əlində alətə çevrilirlər.

– Axı nə olub?

– Dünən direktor əmr verib, bir müzür ünsürü institutdan kənar edib, bu gün ayrı-ayrı komsomollar rəhbərliyin əmrini, necə deyərlər, təftiş etmək istəyirlər: "Niyə, nə üçün? Kəskin əmrdir, filan!".

Sən o məqaləni diqqətlə oxu, Muxtar, - sonra da əli ilə otbiçən kimi yarımdairə hərəkət cızaraq, havanı qətiyyətlə kəsdi: - Lap kənar olunmalıdır! Barəsində lazım gəlsə, ən qəti tədbir götürmək lazım gələcək. Biz daha nyançit eləməyəcəyik. Lenin demişkən: "Az olsun, yaxşı olsun". Qoy dörd yüz olmasın, üç yüz olsun, lap bərkə qalanda iki yüz komsomol olsun, amma yaxşı olsun. Qızıl qvardiya kimi olsun, tərəddüd eləyən, maymaq olmasın. Sinfi şüurca mağmun adamlar olmasın.

– Bizim komsomol təşkilatımız sağlara təşkilatdır.

– Əsasən, əlbət ki, amma içində Vahid kimi ünsürlər hələ var. - Gəldiyev əlini stola vurub, təkrar etdi: - Yoldaş komsomol, hələ var!

Siyasi məsələlərdə güzəştə getmək olmaz! Hələ tökülüb qalıb, düşmən hələ bizim aramızda çalışır, yatmayıb. Biz hələ çoxlarını ifşa edə bilməmişik. Hansı ki, vacibdir. Hələ sıralarımızı lazımınca təmizləyə bilməmişik.

Muxtar özünü saxlaya bilmədi:

– Vahidə nə olub axı, ay yoldaş Gəldiyev? Doğrusunu başa düşmürəm ki, Vahid bu ağır cəzaya, bu ağır ittihamlara nə üçün hədəf olub? Mən bunu başa düşmürəm!

Kərim qulaq asmaq istəmədi. Şəhadət barmağı ilə qəzetə işarə etdi, ucadan dedi:

– Sənə dedim o məqaləni oxu! Diqqətlə oxusan, başa düşərsən!

– Mən bu məqaləni radio ilə eşitmişəm, indi də oxuyuram. Amma Vahid kimi qabiliyyətli bir gəncin bizim institutda nə üçün təqib olunduğunu başa düşmürəm.

Kərim stol dalından keçib, Muxtarın qabağını kəsdi, başını yanakı tutub təhdid ilə soruşdu:

– Sən buna təqib deyirsən?

– Təqibdir, təqib deyilsə, doğrudan da bu adamın bir mühüm günahı varsa, açın bizə də deyin! Bütün tələbələrə deyiləsi deyilsə, yoldaş Gəldiyev, mən burada komsomol katibiyəm, heç olmasa mənə deyin! Siz komsomolçulardan gileylənirsiniz, nahaq gileylənirsiniz.

Əksinə, partkom üzvlərinin rəftarı bizə aydın deyil. Vahidin qovulması tələbələr arasında suala, danışığa, narazılığa səbəb olur, açıq danışırlar. Siz bəyəm bunu görmürsünüz?

– Narazılığı bəlkə təşkil edən var, bəlkə burada da bir düşmən əli var, yoldaş komsomol? Düşmən hiyləgərdir. Bu saat hər vasitədən istifadə edib, sizin bəzi komsomollar kimi, şatayuşşiləri özünə tərəf çəkmək istəyir. Kapitalist əhatəsinin qanunu belədir, yoldaş komsomol! Qafil olmaq cinayətdir. Dörd tərəfimiz kapitalistdir, hansı ki, hər dəqiqə bizə qarşı vuruşur, biz qalib gəldikcə sinfi mübarizə kəskinləşir. Biz indi hər addımda düşmən axtarmalıyıq. Lap evimizdəki o ata-anamıza, arvadımıza da inanmamalıyıq! Çünki bəlkə düşmən agentidir. Çox da ki, ata, ya anadır. Zahirə baxmaz! Bəli, bəli! Sənə deyirəm siyasi məqalələri yaxşı oxu! Oxu, görərsən orada yazılıb ki, sinfi düşmən necə hiyləgərdir. Necə rəzildir, necə alçaqdır.

Muxtar bir qədər susdu, sonra Gəldiyevin sözünə şərik oldu:

– Burada doğru yazılıb ki, sinfi düşmən hiyləgər, maskalıdır. Bütün bunları oxuduqca, doğrusu acığınız tutmasın, Kərim Gəldiyev, sizin hərəkətlərinizdən şübhələnirəm, düşmən eli bəlkə sizin bu təlaşınızda, bu canfəşanlığınızda, doğrudan da düşmən əli var axı, yoxsa bir gəncin dalınca bu qədər zurna-balaban çalmaq heç yerdə görünməyib.

Gəldiyev ayağa qalxır, bir əlini telefon dəstəyinə, o birini sağ cibinə qoyub, Muxtara baxır, gözü qızarır:

– Mən qulaqlarıma inanmıram! Sən məndən şübhələnirsən? Ədə, komsomol, məndən şübhə?

Muxtar ayağa qalxıb yumruğunu kürsüyə döydü:

– Lap səndən şübhələnirəm. Bəyəm sən Marksın bacısı oğlu zad deyilsən ki! Çox sənin kimi cibində bilet gəzdirən təsadüfi adamlar yüzlərlə cavanlarımızı cürbəcür çirkab ilə ləkələyib. Məktəbdən, zavoddan kənar ediblər. Bu bəyəm gizli bir işdir? Odur Ukrayna traktorçusu, odur Kuban yazıçısı, odur Bayıl fəhləsi, hərəsinə bir iftira yaxanlar kimlərdir? Belə düşmənlər doğrudan da var!..

– Mən qulağıma inanmıram, üçillik partiya üzvü Kərim, gör dünənki uşaqlar sənin üzünə nələr deyirlər! Gör komsomol təşkilatı nə zibillənib...

– Lazım gəlsə, bundan da artığını deyə bilərəm. Arxayın olun, sizin gənclər arasına şübhə toxumu səpməyinizi biz duymuşuq və lazımi təşkilatlara da xəbər vermişik. Vaxt gələr, müzakirə olunar, görərik: bu institutda komsomollar artıqdır, ya bəzi adını kommunist qoyanlar?

– Sən yəni belə dil açmısan?

– Mənim dilim həmişə açıq olub, açıq da olacaq!

– Olsun, baxarıq!

– Baxarıq.

– Görərik.

– Sağlıq olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов