İkinci hissə, beşinci fəsil
Страница 1 из 3
Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.
Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:
– Nə var, nə yox?
Rəis onun yersiz sualını eşitməməzliyə qoydu və yanındakılarla məşğul oldu. Verdiyev bu etinasızlığa dözməyib qonşu otağa, katibənin yanına keçdi.
– Nə var, nə yox?
– Sağlığın.
– Bizim məktəb haqqında göstərişdən-zaddan almamısınız?
– Nə göstəriş olacaq?
– Yox ey, komissarlar sovetindən-zaddan? Bəlkə siz onlara bir məlumat vermiş olasınız?
– Məlumat verəndə ümumi olur. Təkcə sizin məktəb haqqında yox!
Verdiyev katibənin sözünü axıra qədər eşitmədi, rəisin yanına qayıtdı. Rəis soruşdu:
– Mənə aid qulluğunuz?
Verdiyev yumşaq kursunu altına çəkdı:
– Yoldaş Zülfüqar, komissarlar sovetində bizim məruzəmizi siz qoymuşsunuz? Rəis güldü:
– Bu gün səndən qəribə sözlər eşidirəm. Mən qoyası olsam, bilirsən ki, məruzənizi öz idarəmizdə qoyaram. Komissarlar sovetində mən nəçiyəm sənin məruzəni eşidəm?
– Yox, yenə də, siz ilə məsləhətləşirlər axı.
– Məruzəniz olacaq?
– Ayın beşində.
– Görünür kömək eləmək istəyirlər. Sevinməli hadisədir.
– Axı mən öyrənmək istəyirəm ki, necə eləyək?
– İşləri yaxşı Hazırlayın, hazır gedin.
– İş sarıdan hazıram. Ayrı cəhətdən. Necə qurmaq məsələsi var.
– Nə quracaqsınız?
– Məruzəni!
Zülfüqar ayağa qalxdı:
– Qurmaq! Qurmaq asılıdır məruzəçidən. Faktlar, rəqəmlər gətirin, vəziyyəti, sonra da gələcək üçün tədbirləri deyin! İndi məruzələr qısa, sadə, işgüzar olmalıdır. Gurultulu nitqin vaxtı keçib! Hələ vaxt var.
Verdiyev onun getmək istədiyini bilib ayrıldı. Plan idarəsinə yol aldı. İşçilər yığılıb, hökumət sarayı tikilişinə baxmağa getmişdilər.
Verdiyev Bakı komitəsinin mədəniyyət şöbəsinə gəldi. Referantdan xahiş etdi:
– Yoldaş Nemətova deginən Verdiyev gəlib.
Referant xəbər gətirdi ki, məşğuldur.
Verdiyev orada dayana bilməyib məktəbə gəldi. Nemətov zəng elədi:
– Müavindir? Mənə şöbə müdiri lazımdır. Bəs haçan görə bilərəm? Bir onca dəqiqə vaxtını alacağam. Bilirsiniz, danışan direktor Verdiyevdir, inşaat institutundan... Komissarlar sovetində məruzəm var, istəyirdim bir az ustanovka alım. Siz onun kabinetindəki telefon nömrəsini deyə bilməzsiniz? Telefon ilə ustanovka vermir? Yaxşı...
Verdiyev adam göndərib, layihə bürosundan "vacib iş üçün" Gəldiyevi çağırtdı. Muxtarı da yanına səsləyib oturdu:
Görəsən bizim məruzəmizi qoymaqdan sovnarkomun fıkri nədir?
Muxtar dedi:
– Elə iş var? Yəqin bizimlə yaxşıca məşğul olmaq, kömək eləmək fıkrindədirlər. Biz də gərek ləyaqətlə çıxaq qabağa.
– Sən yəqin bilirsən kömək üçün qoyublar?
– Ayrı nə üçün qoyarlar.
Gəldiyev dilləndi:
– Muxtar deyəndir. Ancaq bu prosto kömək deyil. Nəzərə alın ki, bir tərəfdən də partiyamız mədəni işlərə çox diqqət yetirir. Mənim zənnimcə, burada ayrı məqsəd də var.
Verdiyevin ürəyinə şübhələr gəldi:
– Ayrı nə məqsəd?
Gəldiyev gülümsər gözləri ilə onun üzünə baxdı və bir sirr söyləyimiş kimi, əlavə etdi:
– Orden məsələsi.
Muxtar anlaya bilmədi:
– Nə orden?
– Naqradit eləyəcəklər. İnstitut yaxşı kadrolar verir, görmürsünüz, konstitusiyada da ziyalı-miyalını fəhlə ilə bərabərləşdiriblər.
Muxtar istehza etdi:
– İnstitut işçiləri yəni nə qəhrəmanlıq göstəriblər?
Gəldiyev ciddiyyətini saxladı:
– Yoldaş Muxtar, şərt o deyil ki, vətəndaş müharibəsində səngərə yatıb atışasan, qıçının da birini qoyub gələsən. İndinin səngəri buralar, kadr ocaqlarıdır. - Şəhadət barmağını göy məxmərli stola döydü: - Buradadır! Mədəni cəbhədir! Adam öz evində öz övladı ilə başara bilmir, böyük institutda bizim kimi mühəndislər hazırlamaq özü böyük qəhrəmanlıqdır. Buna sən, mən fikir verməsək də partiyamız və hökumətimiz yaxşı görür. Görür və qiymət qoyur!
Gəldiyevin söhbətindən Verdiyevin kefi duruldu:
– Ağıl kəsən sözdür, qardaş.
Muxtar çiyinlərini çəkdi:
– Yaman nikbin adamlarsınız. Axırı xeyir olsun.
Gəldiyev ayrı sübutlar gətirdi.
– Bəs demirsən, niyə komissarlar soveti qoyur, ayrı idarə yox?
Muxtar dedi:
– Mühəndislər hazırlığı ilə komissarlar soveti, plan idarəsi məşğul olur.
– Bağışla, burada bir kadr məsələsi deyil. Elə olsaydı, çağırıb deyərdilər, ay filan-filan olmuşlar, ildə bizə yüz yox, iki yüz mühəndis verəcəksiniz. Gedin başınıza çarə qılın. - Gəldiyev ahəngini dəyişdi, bir müəllim kimi izah elədi: - Sadə rəhbərlik deyil, məsələn, mənim proyekt büroda çalışmağım, qurtaran tələbələrin bəzisinin işi. Bilirsən, bəzi yoldaşları irəli çəkmək, qiymətləndirmək məsələsi var. Yoldaş direktor skronıniçit eləyir, hərçənd, Azərbaycanda - Şərqin qapısında ali mühəndis məktəbi zarafatdırmı? Bu barədə bütün dünyaya gərək səs düşə! Kadro, kadro!
Muxtar güldü:
– Demək istəyirsən ki, Verdiyevi dünya miqyasına çıxarırlar?
– Yox, bir Verdiyevin adı deyil. Əlbəttə, direktorun əhəmiyyəti öz yerində, amma mədəni inkişaf məsələsi var.
Verdiyev özünü saxlaya bilmədi:
– Mən də o fıkirdəyəm. Az vaxtda topdağıtmaz ali məktəb qurmuşuq. Gəldiyev görür, yuxu bilməmişik, istirahət bilməmişik, sağ olsunlar kişilər, qiymət qoyurlar.
Gəldiyev dedi:
– Amma, aşna, daklada əməlli hazırlaş ha!.. Elə olsun ki, qulaq asanlar razı getsinlər.
– Əməlli deyəndə, partiyaçı yoldaşlarsınız, ustanovka verin, kömək- filan! Ondan sonra pis danışsam, mən cavabdeh!
– Ustanovka var, asandır.
– Hə, asandır? Üç gündür Nemətovun dalınca düşmüşəm, hələ bir misqal ustanovka ala bilməmişəm.
Muxtar dedi:
– Ustanovka məlumdur, nöqsanlar üzərində dayanmaq, əməli işə əsas yer vermək lazımdır.
Gəldiyev etiraz elədi:
– Ay Muxtar, taraz ilə aran yoxdur. Biz burada naqrada məsələsindən danışırıq...
– Çox da danışırıq. Bizim danışığımıza nə verərlər?
– Havayı danışınırıq. Bir şey bilməsək danışınanq.
Gəldiyev son sözünü açıq deyilməsi mümkün olmayan bir xəbər kimi dedi: "Bir şey bilməsək danışmarıq!".
Muxtar bunu duydu və susdu. Gəldiyev davam etdi:
– Odur ki, nöqsan-möqsan... bir də, yoldaşlar, mestkom iclasından tutmuş divar qəzetinə kimi hər yerdə nöqsandan danışılır. Bəsdir, axı pis deyə-deyə pisi çıxmasın. İş gör hara yetişib ki, bal satan oğlu da institutu tənqid edir. Zənnimcə, bu məruzəni dastijenilər üstündə qurmalıyıq. Burada bu neçə müddet ərzində təşkilatın usanmadan apardığı işi göstərməliyik. İnstitut rəhbərliyinin fəaliyyətini, kadrları qeyd etməliyik. Hərçənd məruzəçiyə öz barəsində danışmaq yaxşı düşünür, hər halda ayrı-ayrı yoldaşlar çıxış eləyə bilərlər.
Verdiyev dedi:
– Gərək təhsil məsələsində də çox dayanaq; yuxarılarda həmişə maraqlanırlar, işin keyfiyyətinden soruşurlar.
Gəldiyev yadma bir şey düşmüş kimi, onun sözünü ağzında qoydu:
– Əlbəttə, işə onlar vasitəsilə qiymət verəcəklər. - Baş barınağı ilə geriyə, dərs otaqlarına, tələbələrə işarə etdi: - Onlar vasitəsilə! Otliçniləri hesaba almaq lazımdır. Dekanlara tapşırın, düzəltsinlər.
Adamlar gedəndən sonra Verdiyev kabinetində tək qaldı. Ayaq üstə, əli cibində, üzü pəncərəyə tərəf dayandı.
Deyəsən, bütün şəhər onun qarşıdakı məruzəsini gözləyirdi. Hər şey onun əhəmiyyətini xatırladırdı. Binalar, yollar, küçələr, səkilər, daş pilləkənlər, ağır sütunlar, naxışlı qapı tağları, bağ-bağça hasarları - hamısı bir söz deyirdi: "Məruzə! İnşaat!"
Verdiyev öz məruzəsini elə buradan başlayacaqdır; çoxlarının il uzunu söylədiyi rəsmi, quru məruzənin, hesabat nitqinin əksinə olaraq, tribunaya qalxan kimi bir udum su içəcək, əlini pəncərəyə sarı uzadıb, göstərəcəkdir:
– Görürsünüz, bu geniş asfalt, müntəzəm daşsız-çınqılsız, tikansız, tozsuz-torpaqsız küçələri! Görürsünüz? Bəzəkli imarətlərə baxırsınız, yoldaşlar? Bağlar, xiyabanlar, parklar, stadionlar. Bunlar özbaşına yaranmır, əl ilə tikilmədən əvvəl baş ilə tikilir! Hər məhsulun bir fabriki olduğu kimi, imarət tikən, bina tikən başların da fabriki vardır ki, o da haqqında danışacağımız və şəhərimizin cavan təşkilatlarından olan inşaat institutudur.
Verdiyev dəftərini çıxarıb, yadına düşənləri qeyd edirdi. Telefon səsləndi:
– İslam qədəş, döşünü hazırla!
– Necə, yoxsa segah oxuyacağam?
– Necə, oxumazsan? Sən də oxumayacaqsan, bəs kim oxuyacaq?
– Nə münasibətlə?
– Bundan yekə münasibət? Döşünün düzəlməyi münasibətilə.
– Döşümə nə olmuşdur ki?
– Elə dərd o idi ki, bir şey olmamışdı. Nə olsa bundan sonra olacaq.
– Nə olacaq?
– Nə olacaq. Həm qızışacaq, həm sərinləyəcək!
– O nə sözdür, a Qurd oğlu, açıq de!
– Kalinin yoldaş o parıldayanın birini yapışdıranda...
– Qoy görək, ay Qədir, sən allah! Biz nə eləmişik ki, orden verələr.
– Bura bax, İslam, bu qədər də təvazö yaramaz axı. Bu bizim öz qüvvəmizə inanmamağımız kimi çıxır ey! Bütün şəhər bilir ki, kadro yolunda siz nə zəhmət çəkirsiniz. Sabah-biri gün də bayramdır, hökumət çağırıb zəhmətinizi qeyd edəcək, daha bunu danmaq, ya xısın-xısın danışmaq nə üçün?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-aciq-kitab-ikinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakının isti iyul günlərindən birində, uca, çoxmərtəbəli, daş binanın qabağında adam əlindən keçmək çətin idi.Güman etməyin ki, bir mərasim, ya yığıncaq var idi. Bu dəhşətli istidə nə mərasim? Göydən tökülən, daş-divardan, asfaltdan qalxan təndir havasına dözüb-dayanmaq mümkün deyildi. Ancaq buraya yığılanlar məcbur idilər. Cavanların aylardan bəri həsrətlə gözlədiyi gün gəlib çatmışdı. İçəri otaqlarda sənət institutuna qəbul imtahanı gedirdi. Yüzlərlə cavanlar gözləyirdilər.
Gör fələk nə sayırTalib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
Biri var idi, ikisi yoxYoldaş!Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.
Xoşbəxtlik barəsindəİstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Стихи других поэтов
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
RübailərEy badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,
Arzularım, ümidlərimÖmrüm payız ilə, qış arasında,Yol saldım dağ ilə, daş arasında.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.