İkinci hissə, beşinci fəsil
Страница 2 из 3 · 33%
Verdiyev məsələnin yəqin olduğuna inandısa da Qədirdən söz almaq istədi:
– Əsli olmaz əşi!
– Sənə söz deyirəm, kostyumun sol döşündən bir deşik aç! Əlbəttə ki, hələlik bir deşik!
– Havadan deyirsən bunu?
– Havadan? Havadan niyə! Bəs nə üçündür, sənin məruzəni komissarlar sovetində qoymaq? Hökumətin işi-gücü qurtarıb gəlsin bir məktəbin məruzəsini eşitsin? Axı özün yaxşı bilirsən ki, dünənəcən sənin məruzəni komsomol iclasında da qoyan yox idi. İndi iş dəyişib, kadroya əhəmiyyət artıb! Qədəş, sağ əlin başımıza, ulduzun parıldayır.
Ürəyi arxayın olsun deyə, Verdiyev şəhər komitəsi mədəniyyət şöbə müdirini gördü:
– Yoldaş Nemətov, - dedi, - hökumət məruzəmizi qoyub, dünən də gəlmişdim, məşğuldunuz. Dedim, ustanovka alım, əliboş çıxmayım.
Nemətov cavan, lakin bacarıqlı bir oğlan idi.
– Ustanovka ilə, - dedi, - əl dolmur, əli doluluğunuzu işiniz təmin etməlidir. Məsləhətə qalanda, məncə, nöqsanlardan danışın, özü də hamısını açıq danışın! Cürətlə!
– Bəs müvəffəqiyyət?
– Müvəffəqiyyət nə varsa məlumdur. Özgə şəhərdə danışmırsınız ha. Göz qabağındadır. Nöqsanınızı söyləyin ki, tədbir görsünlər, kömək eləsinlər.
– Nöqsanı şübhəsiz deyəcəyik. Binamız darısqaldır. Kabinetlərdə texniki vəsaiti gərək artıraq...
Nemətov hirsləndi:
– Bəzi müdirlərdə bir xasiyyətdir, müvəffəqiyyət gələndə, şəxsən özlərindən danışırlar, nöqsan deyəndə binanı, laboratoriyanı göstərirlər. O qədər işçiniz, tələbəniz, dərslər, təşkilat... hamısı nöqsansızdır?
Hamı kommunizmə çatıb?
– Növbə ilə, yoldaş Nemətov, mən bir az nizama salmamışam, nöqsan əlbəttə ki, deyiləcək!
Nemətov davam etdi.
– Nə idi o Nayıbovun məsələsi? Ayıbdır, ay yoldaş direktor! Dillərdə deyilir. Adi bir komsomolçu ilə tutaşınaq... özü də biriniz, ikiniz yox, hamınız! Rüsvayçılıqdır.
– Burıu lap düz dedin. Eşidəndə istəyirəm lap qalxam ağzından öpəm. Mən o Vahid üzərində lap möhkəm dayanacağam. Arxayın ol, planım var. İstəyirəm institutumuzun əhəmiyyətindən bir giriş verəm.
– Tarix açmaq lazım deyil. Cəmisi on beş-iyirmi dəqiqə vaxtınız olacaq. Verdiyev inana bilmədi:
– Necə, necə?
– Bəli, iyirmi dəqiqə!
– İyirmi dəqiqəyə mübahisəyə çıxarlar?
– Artıq vaxt ala bilsəniz, sevinin!
– Canım, iyirıni dəqiqədə heç giriş söyləyə bilmərəm.
– Vacib nə varsa onu deyərsiniz. Qısa, aydın. Ora yığılanların min işi var. Bir iclasda bir neçə məsələyə baxılır, tək siz deyilsiniz.
Nemətovun əvvəlki söhbəti Verdiyevi şübhəyə salsa da, axırıncı sözlərindən orden məsələsi beyninə batdı.
– Hə, az vermələrindən bəllidir. Görünür ya mükafata təqdim etmək fıkirləri var, istəyirlər rəsmi olsun, ya da kadro hazırlığının maştabını artırmaq-filan məsələsi var. Öz planları var, məruzə də elə-belə məlumat kimi qoyulur...
Verdiyevə bir şey də aydın oldu: deməli, Vahidin məsələsi yuxarılara çatmışdır. Ürəyinə gəldi ki, bəlkə hərif ərizə verib. Bunun üstündə institutu danlamasalar yaxşıdır... Çağırmaq, dindirmək, heç olmasa könlünü almaq lazımdır!
Verdiyev katibinə üç tapşırıq verdi:
– Telefonunu öyrən, saat ikiyə mühəndis Vahid Nayıbovu çağır; saat üçün yarısına təsərrüfat müdirini, makinaçını, saat üçə də bütün dekanları. Düz saat ikidə Vahid direktorun yanında idi. Verdiyev Vahidi çox mehriban qarşıladı:
– Keyfin sazdırmı? Səndən incimişəm, incimişəm ona görə ki, gəlib yoxlamırsan, kömək eləmirsən.
Vahidə qəribə geldi:
– Yoldaş direktor, nə kömək edə bilərəm. Qapımza az qala yasavul qoyursunuz, gələn necə gəlsin?
– Yox, sən gələ bilərsən, komsomol üzvüsən, özün də aktivsən; üçüncüyə qalanda... - Verdiyev o yan-bu yana baxdı, alçaqdan dedi: - Üçüncüyə qalanda yerlimsən, İsa bulağının suyundan içmişik axı...
– Bunlar düzdür, ancaq məni heç vaxt çağırmamısınız.
Verdiyev bu cavabı heyrətlə qarşıladı:
– Budur ha, gərək çağıralar? Bəs sənin bir komsomolçu kimi təşəbbüsün harda qaldı? Bəs sənin qabaqcıllığın harda qaldı. Bəs demirsən görüm məni yetişdirən məktəbdə nə var, nə yox?
Vahid hərifın sözə basdığını anladı:
– Yoldaş Verdiyev, deyəsən bu gün siz bütün nöqsanlarınızı etiraf etmək niyyətinə gəlmisiniz.
– Nə olar. Mənim də bir direktor olaraq nöqsanım var. O zaman sənin işinlə lazımınca maraqlanmamağım, məşğul olmamağım, filan...
Vahid macal vermədi:
– Direktor olaraq yox, bir kommunist olaraq, sizin təəccüblü işləriniz çoxdur. Adamın heç bir etimadı...
Verdiyev Vahidin dərinlərə gedəcəyini duyub, qolundan tutdu, gətirib divanda oturtdu. Zarafatyana dedi:
– Gəldiyevi mənə calama, onu mən də yaxşı tanıyıram. Keçənə güzəşt deyərlər. Sənə iş tapşıracağam. Çıxar qələmini qeyd elə... Əlli Gəldiyevi mən yerlimə qurban edərəm. Çıxart qələmini!
Vahid dedi:
– Yadımda qalar, buyurun.
Verdiyev əvvəlcədən fikirləşməmişdi, heç bir iş tapşırmaq fıkrində də deyildi. Söhbətin bu istiqamətdə getdiyi az qaldı onu pis vəziyyətdə qoysun. Deyəsən qeybdən yadına saldılar. Dikəldi:
– Zad edərsən, məktəbin tarixi ilə maraqlanırlar. Necə bir köhnə tələbə, bu işə sən bələdsən, ona görə çağırmışam. Bəlkə kitab çıxdı, zəhmət çək qəzetləri varaqla, dərsdən və başqa məsələlərin gedişindən bizim barəmizdə nə məqalə çıxıbsa; siyahısını mənə ver.
– Bu işi kitabxana işçiləri daha yaxşı bacarar. Mən, bir də kənaram, bacarmaram.
– Nə oldu, gündə əlində qəzet olmur?
– Qəzetdə mən tarix axtarmıram ki...
Verdiyev hirsləndi, ancaq hirsini yeməyə məcbur oldu:
– Gör də, nə bacararsan, tap! Bizə kömək elə!
– Bacardığım qədər.
Vahid çıxanda Verdiyev onun dalınca baxdı, ürəyində dedi: "Bu köpək oğlundan gözüm su içmir, rahat durmayacaq". Təsərrüfat müdiri içəri girəndə Verdiyev qoymadı:
– Oradan makinaçını da çağır.
Gəldiyev də layihə bürosundan gəlmişdi. Verdiyev üzünü əyləşənlərə tutub dedi:
– Beş günlüyə məruzəyə hazırlaşmaq üçün harda mənə bir dinc şərait düzəldək.
Gəldiyev dedi:
– Odur, Mərdəkanda bir otaq tutun, maşını da aparın, maşinistkanı da. Diktovat eləyin, yazsınlar.
Verdiyevin ağlı kəsdi, bu işin xərcindən ehtiyat elədi:
– Hesabdar hanı, görəsən buna pul xərcləməyə bizim ixtiyarımız var, ya yox? Smetada nəzərə alınıb, ya yox?
Təsərrüfat müdiri dinməmiş Gəldiyev cavab verdi:
– Niyə yoxdur, liçni iş deyil ki. Tədris-mədris, komandirovka... o qədər maddə var ki!
Təsərrüfat müdiri də "mümkündür" deyəndən sonra Verdiyev makinaçıya, şoferə tapşırdı, onları yola salmamış, əllərində qovluqlar fakültə dekanları gəldilər. Verdiyev onlardan son sülsün hesabatını, müvəffəqiyyətləri istəmişdi, Riyaziyyat, yer quruluşu, rəsmxət, rus dili, fəlsəfə dərslərinin qiymət siyahısı oxundu. Birinci "A" sinfində riyaziyyatdan on bir adam kəsilmişdi. "V" sinfində fəlsəfədən beş adam, ikincidə rəsmxətdən yeddi adam yetirmirdi. Dekanlar dalbadal siyahıları oxuyanda Gəldiyev mane oldu.
– Dayan, dayan! Hara oxuyub keçirsiniz? Bu sifralar ilə, yoldaş Verdiyev, sizi sovetə nədir, heç mestkom iclasına da qoymazlar.
Verdiyev onun rəyinə böyük əhəmiyyət verirmiş kimi dedi:
– Danış, danış yoldaş Gəldiyev!
– Nəyi danışım. Danışmalı budur ki, "A" sinfində cəmi otuz adam var. On biri zəif alıb, bunu eşitsələr sizə nə deyərlər. Oborota götürərlər!
Verdiyev "A" sinfinin müvəffəqiyyət cədvəlini aldı, dekandan soruşdu:
– Matematikanı onlara kim deyir?
– Vəzirbəyli.
Gəldiyev direktorun fikrini anladı, ondan qabağa düşdü:
– Çağırmaq lazımdır.
Vəzirbəylini dərsdən çağırdılar. Verdiyev siyahını onun qabağına qoyub soruşdu:
– Bu sizin nömrələrdir?
Vəzirbəyli qoca, dünyagörınüş bir alim idi. Moskvada təhsil almışdı. Çox cəhətdən müdiriyyətin işini bəyənmirdi.
– Bəli!
– On bir adam zəif alıb?
– Zəif tələbələrə zəif qiymət verilib.
Gəldiyev saydı:
– Bir, iki, üç!.. On bir! Düz on biri yetirmir. Verdiyev Vəzirbəylidən soruşdu:
– Yoldaş professor, bunlar niyə yetirmir?
– Çünki dərsi bilmirlər.
– Niyə bilmirlər?
– Çalışmamışlar.
– Niyə çalışmamışlar?
– Tələbələri çağırın, soruşun.
– Tələbə öz yolunda, ancaq siz bir professor olaraq, görək müvəffəqiyyətsizliyin səbəbi ilə ciddi maraqlanmısınız, ya yox?
– Mən müvəffəqiyyətsizliklə yox, müvəffəqiyyətlə maraqlanıram; təəssüf ki, bu tələbələrdə görə bilməmişəm. Görünür müxtəlif səbəbləri var! Verdiyev dedi:
– Fərz edək ki, biz dərs vermirik, fabrikdə dəzgah dalında oturub corab toxuyuruq. Otuz corabdan on birini xarab toxusaq, brak adlanar, ya yox?
– Adlanar.
– Çox gözəl. Belə gözəl şəraitdə, studentlər stipendiya alırlar, özləri sağlam, cavan adamlar. Özü də yeni briqada sistemi. On bir adamın zəif çıxmasına nə ad qoyaq?
Vəzirbəyli də təəssüf elədi:
– Əlbəttə, biz istərdik ki, bir nəfər də zəif olmasın. Biz tələbkarlıqla onları oxutmalıyıq.
– Sizcə, bu zəifin səbəbi nə olar?
– Müxtəlif səbəblər ola bilər. Hamını bir ayaqdan götürmək olmaz. Tələbə konserv qutusu deyil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-aciq-kitab-ikinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakının isti iyul günlərindən birində, uca, çoxmərtəbəli, daş binanın qabağında adam əlindən keçmək çətin idi.Güman etməyin ki, bir mərasim, ya yığıncaq var idi. Bu dəhşətli istidə nə mərasim? Göydən tökülən, daş-divardan, asfaltdan qalxan təndir havasına dözüb-dayanmaq mümkün deyildi. Ancaq buraya yığılanlar məcbur idilər. Cavanların aylardan bəri həsrətlə gözlədiyi gün gəlib çatmışdı. İçəri otaqlarda sənət institutuna qəbul imtahanı gedirdi. Yüzlərlə cavanlar gözləyirdilər.
Gör fələk nə sayırTalib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
Biri var idi, ikisi yoxYoldaş!Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.
Xoşbəxtlik barəsindəİstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Стихи других поэтов
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
RübailərEy badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,
Arzularım, ümidlərimÖmrüm payız ilə, qış arasında,Yol saldım dağ ilə, daş arasında.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.