İkinci hissə, ikinci fəsil
Страница 1 из 2
Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar Səttarzadənin konserti".
Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda sətirlərini oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet alanlar cürbəcür adamlar idilər.
Bunlardan bəzisi Səttarzadə adına hörmət edib, bilet alanlar idi.
Səttarzadə respublikanın məşhur musiqi xadimlərindən biridir. Ancaq çox qocalmışdır. Altmışdan yuxarı yaşı var. Onun gənclik qüdrəti, məharəti çoxdan yox olub getmişsə də, kişidəki həvəs, musiqi eşqi, camaat qabağına çıxmaq meyli daha da artmışdır.
Həyatın amansız qanunları var, insan ömrü boyu əlləşir, vuruşur, hünərini, qüdrətini, qabiliyyətini göstərir, nəyə isə nail olmaq istəyir. Buna tədricən nail olur. Axırda bütün ömrü boyu qazandıqlarını təslim etməli, qoyub getməli olur. Ölünün, deyərlər, rəhməti, ya lənəti apardığında yox, qoyub getdiklərində olur. İnsan öz əməyinin ümidli əllərə düşdüyünü görəndə ölüm də rahat və əyləncəli gəlir.
Səttarzadə çox həyəcan ilə öz gəncliyini xatırlayır. Sonradan kor olanlar gün işığından danışan kimi, o da itirdiyi cavanlıqdan həsrətlə danışır. Təklikdə, ya evdə nə qədər sakit, sönük görünürsə, adam içində, ictimai yerlərdə öz xələflərini görür. Qocalıq kədərini bu təsəlli ilə söndürür. Mümkün etdiyi məclisdən qalmır. Cavan çalğıçıların müvəffəqiyyətlərilə sevinir, onları çəkə-çəkə səhnəyə aparır. Camaatın qabağında əlini sıxır, alnından öpür. Camaat Səttarzadənin xatirini əziz tutur. Əsil tamaşaçılar onu görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha xatırlayırlar. Belə qabil xadimlərimizin olduğuna sevinirlər. Həm də kədərlənirlər; çünki qocalıq küləyi Səttarzadənin sənət bağını soldurmaq da, barmaqlarını zəiflətməkdə, titrətməkdədir.
Bu elə bir kədərdir ki, dünyada hiss və şüuru olan hər bir kəsi ağrıdır. Çox yox, iyirmi-iyirmi beş il bundan qabaq tarı bağrına basanda bülbülləri cuşə gətirən, kainatın bütün zərifliklərini, gözəlliklərini incə səs tellərində ifadə edən bir sənətkar indi tərk-silah olunmuş bir əsgər kimi zəif görünür.
Onun məclislərində yer olmazdı. Cəld uşaqlar dama dırmaşar, qadınlar çəpərlərə tökülüşər, gənclər qapı-pəncərələrdə az qala bir-birinin başına çıxardı. Onun qəlbi atlananda, sədəfli tarı rəqqasə kimi xurdişə gələndə barmaqlarını görmək olmazdı. Deyərdin simlərin böyrünə yüz bülbül qonub, hərəsi bir cür nalə çekir. Çox zaman kənd qızları barmağının üzüyündən, cavanlar kəmərindən, saatından keçərdilər. Bilməzdilər nə dil ilə sənətkara razılıq etsinlər...
Hanı o Səttarzadə? Gənclik heç kəsdən, Səttarzadədən apardığı qədər aparmamışdır. Bu itki o qədər ağır və aydındır ki, yalnız Səttarzadəni yox, onu eşidənlərin hamısını ağrıdır.
İndi Səttarzadənin müsamirəsinə gələnlərin çoxu ondan, gənclikdə aldıqları kimi ləzzət almağa yox, bəlkə bu ləzzəti yada salmağa, bir də qocaya öz ixlas və məhəbbətlərini ifadə etməyə gəlmişdilər.
Bəziləri də muğamat sözünü eşidib gəlmişdilər. Onlar o qədər mahnı eşitmişdilər ki, bezmişdilər. Musiqi aləmindən muğamatın qovulduğunu düşünür, səbəbini bilmir, soruşınağa da cürət etmirdilər. Elanda "muğamat" görüb, bilet dalınca yüyürmüşdülər.
Bəziləri də sadəcə "müsamirə" sözü üçün gəlmişdilər. Bunlar o adamlardılar ki, şəhərdə bir tamaşa buraxmazdılar. Boş olan axşamlar başlarından ağrı tutar, kütlənin mədəni istirahətini təmin edə bilmədiyi üçün incəsənət idarəsini tənqidə başlayarlar. Bunlar nə musiqi, nə tamaşa, nə məclisin məzmunu ilə maraqlanarlar. Bunu onlara nöqsan tutmaq da olmaz; çünki məzmun ilə qeyri-məzmunun təfavütünü seçməzlər. Bunlar ya libaslarını səyyar sərgidə göstərmək üçün, ya filan qızı (ya oğlanı) fəth edib ələ gətirdiklərini nümayiş,etdirınək, ya da məclisdə söhbət düşəndə "görmüşəm", "getmişəm", "eşitmişəm" demək, "mədəni" adlanmaq üçün can atırdılar. İlk cərgədə oturarlar, dal cərgədəkiləri adam hesab etməzlər. Tez-tez dönüb baxar, onların qabaqda kimlər oturduğuna diqqət yetirib- yetirmədikləri ilə maraqlanarlar. Bunlar, demək olar ki, müsamirədə çıxış etməli olanlardan az hazırlaşmazdılar. Libaslarından, bər-bəzəklərindən başqa, necə tərpəşəcəklərini, tənəffusdə necə kürsüdən ağır-ağır qalxıb çıxacaqlarını, əvvəl hansı ayaqlarını atacaqlarını, yaylığı hansı əllərinə alacaqlarını, bir tanış gördükdə necə kübarcasına, gözucu salam verəcəklərini, ibarələr lüğətcəsindən necə istifadə edəcəklərini, rus sözlərinin axırında səslərini necə alçaldacaqlarını məşq edirlər.
Məşhur artistlərin çıxışında intizar keçirərlər, çıxışın qurtarmasını gözləyərlər, dərhal əllərini bir-birinə döyüb şaqqıltı salarlar, artist gəlmək istəmədikdə ayaqlarını da yerə döyər, qışqırarlar. Bəzən elə şirin söhbət mövzusu taparlar ki, tənəffüs heç yadlarına düşməz. Gözləri səhnədə olsa da, etina etməz, başlarını cütləşdirib, danışarlar:
– Sən öləsən, arvad həmişə konsertə gəlməyə can çəkir. Onun ucundan gecikirəm.
– Sabir öz hekayələrində bu barədə göstərib.
– Sən Sabiri deyirsən. Füzulinin podval məqaləsini oxumuşam.
– Hansı məqaləsidir, adə, gözümə dəyməyib?
– İki arvadlılar barəsində. Ruscasını oxumuşam. Bizim dildə yoxdur.
– Həlbət ki, ruscası yaxşıdır. Bizdə şair yoxdur ki, o kişilərin Plexanov kimi, İvan Qroznı kimi şairləri var.
– İvan Qroznı? Deyəsən bu şair mənə tanış gəlir.
– Gürcüdür də, Qruziyadandır. Hələ mən uşaq idim, bunların şeirlərini əzbər bilirdim, nədir o, tülkü ilə qarğanın poeması, lap qiyamətdir!
– Azərbaycancası yoxdur?
– Var, Füzuli perevod eləyib, ancaq ruscasının ləzzətini vermir. Azərbaycanca elə-belə danışasan, şeirdə qafiyə məsələsi var axı.
– Əyə, sən ki, bu zəhrimar şairliyi bilirsən, niyə yazmırsan?
– Yazsam, axı indikilərin çörəyinə bais olaram.
– Yox, zarafatsız, sən yaz!
– Zarafatsız deyirəm, şairlərə bais oluram. Odur ki, qoymurlar. Adamın qabağına daş dığırlayırlar.
– Əşi, sən qəşəng yazandan sonra kim nə deyəcək?!
– Sözdür danışırsan da. İndi ki açıldı, deyim: bir poema yazmışdım, özü də belə (baş barınağını dikəldib, göstərir) mirovoy, töküldülər üstümə, qoymadılar üzə çıxa.
– Nədən yazmışdın?
– Götürmüşdüm Fərhad adında bir əsgəri. Səngəri vurub dağıdır, çıxır üzə, bomba ilə düşmənin yeddi batareyasını batırır, bir pulemyotla bir diviziya qırır. Bir diviziya da qaçır. Apardım redaktora.
– Redaktor nə dedi?
– Söz tapmadı, dedi: apar, yazıçı Mirzə Maarifə.
– Mirzə Maarif necə, bəyəndi?
– Bəyəndi-bəyənmədi bilmirəm, amma çox güldü.
– Yəqin çox xoşuna gəlib! Verdimi çapa?
– Yox!
– Bəs nə dedi?
– Dedi ki, gərək qızıl əsgərin adını dəyişəsən.
– O niyə? Fərhad yaxşı addır ki?
– Dedi, Fərhadı qarala, Əlinin qəzəb oğlu yaz! Deyəsən qarabağlıdır, ona görə...
– Səni ələ salıb.
– Yox əşi, tanışdır, elə adam deyil.
– Ondansa həzrət Abbas yaz da. Bəs axırı nə oldu?
– Gördüm nəm-nüm eləyir. Götürdüm, yerinə redaktordan şikayət yazdım!
– Bəs axın?
– Cavab gözləyirəm. Gərək bu günlərdə gələ.
– Gələr, gələr inşallah, poçta tez-tez get! Qoy ləngitməsinlər...
Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir. Ya görüş təyin etmişlər, ya güdməyə gəlmişlər. Belələrinin Səttarzadəyə xeyri olmadığı kimi, maneçiliyi də yoxdur. Onların çoxu dal cərgələrdə oturar, gəlib-gedənə göz yetirərlər. Zalda dünya dağılsın - oxusunlar, çalsınlar, ya heç oxumasınlar, çalmasınlar, onlar üçün fərqi yoxdur. Bunlar otuz, qırx nəfərin səsləndiyi xora çığır-bağır adı verirlər. Özü də bu "çığır- bağırın" əvvəlcədən bir şey üçün - solo oxuyan qızın nəfəsini dərməsi üçün hazırlandığına inanmırlar.
Müsamirədə bu cür adamların olduğuna hamıdan artıq darıxan Vahid idi. Vahid Rübabə ilə sağ tərəfdə, beşinci cərgədə oturmuşdu. Müsamirənin başlanmasını gözləyirdilər. Sarıyanız, ucaboy, şıq geyimli bir kişi gözucu salam verib, onların yanından ötdü. Vahid Rübabəyə döndü:
Deyirsən danışma. Görürsən bunu! Səhnədən də tanıyırsan, yəqin onu şəxsən tanımayanlar yüksək rəydədirlər.
– Mahir aktyordur. Baş rollarda çıxır.
– Mən də bəyənirəm, ancaq yüngüldür. Bəlası budur. Yalnız səhnədə deyil, həyatda da artistdir. Halbuki mən istərəm artistin də alim kimi, ədib, diplomat, filosof kimi qırılmaz təmkini, zəngin daxili aləmi olsun. İçində küləklər əsınəsin. Artistin demədiyi də mənalı olmalıdır.
Doğrudur, artistliyə görkəm, zahiri elamətlər də lazımdır; lakin zaldakılar yalnız göz və qulaqdan ibarət deyillər. Onlarda zərrə seçən bir hiss var. Qəlb, zövq, diqqət var. Artistdən ağırlıq, vüqar istəyirlər.
Yüngüllük insanın qiymətini də yüngül edər. Biz xalq içində artistin hörmətini daha da qaldırmalıyıq. Onda analar keçmişdəki kimi həyasız qızlarına yox, ismətli qızlarına artist deyərlər...
Adamlar dəstə-dəstə gəlib, yerlərini tuturdular. Gəldiyev səhnə tərəfdən keçib, Vahidgilin yanından tünd yel kimi ötdü. Vahid onu gördü, özünü görməməzliyə vurub, nəzərini yayındırdı.
Gəldiyev müsamirənin lap əvvəlindən burada idi. Nə üçün gəldiyini özü də bilmirdi. Onu bilirdi ki, yetişən kimi vurnuxub Rübabəni axtardı və tapdı da. Lakin o, Rübabəni belə tapmaq istəmirdi. Dal qapıdan baxıb onu qoşa, uzun hörüklərindən tanıdı. Ürəyində dedi: "Ay zalım qızı, gözəllər karvanına qatılsan da səni seçərəm".
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-aciq-kitab-ikinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Beləsi iki cür olur. Biri teatrda yaxşı sənətkar, mahir aktyor!Biri də həyatda özünü böyük mövqedə olanlar arasında göstərmək iddiasında, meylində olanlar. Mən bunlardan birini tanıyıram. Heç bu tanışlığıma da peşman deyiləm. Çünki kişini görəndə ürəyim açılır. Vallah, başdan-ayağa tamaşadır. Teatrdan, kinodan, sirkdən, konsertdən artıq tamaşadır. Adama ləzzət verir, baxmaqdan doymursan.
Sözün yeri varŞəfiqə xanımla Şirin xanımın qonşuluq, dostluq münasibətləri təmiz, möhkəm və fərəhli idi. Hər ikisinin yeganə balası bir yaşda, bir boyda idi, bir bağçada tərbiyə alırdı. Analar görüşəndə, hər şeydən əvvəl, uşağın kefini soruşardılar:– Ziyafət necədir?
İki qız, bir oğlan– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.
Yad adamMən bu idarəyə təzə gəlmişəm, özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki öz qaydası ilə.Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma.
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Gər səninçün qılmayam çak, ey büti-nazik bədənGər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
Hali-vətənUcundadır dilimin,Həqiqətin böyüyü.