Страница 1 из 3

– Vahid! Vahid!

Vahid dönəndə Gəldiyevin başıaçıq, yeməkxanadan çıxıb ona əl elədiyini gördü. Onlar görüşdülər. Gəldiyev Vahidin qolundan tutub içəri çəkdi:

– Hara gedirdin belə?

– Evə sarı.

– Hələ tezdir, evdə hazır olmaz, əyləşin, nahar yeyək.

– Sağ ol, iştaham yoxdur.

– Otur, iştah diş altındadır. Yaxşı vostoçni kababları var, yanında sumağı.

Gəldiyev Vahidin etirazına qulaq asmadı, kabab, ona münasib də dəm- dəsgah gətirtdi. Vahidə döndü:

– Lavaş istəyirsən, ya təndir çörəyi?

– Təfavütü yoxdur.

Gəldiyev iki barmağını qoşalaşdırıb, xörək verənə dedi:

– Hər ikisindən gətir! - Sonra dostyana söhbətə başladı: - Balığı at dəryaya, balıq bilməsə də xaliq bilər. Sən məni özünə qannıbıçaq sayırsan... Vahid başını tərpətdi:

– Heç vaxt!

– Yox, dadaş, biz də axı kilosu filan qədərə buğda çörəyi yeyirik. Azdan- çoxdan başa düşürük, danmağa gəlməz! Amma, mən səni qınamıram, haqqın var... - Gəldiyev çəngəlindəki kabab tikəsini ağzına qoymamış Vahidə tərəf əyildi, az qala onun qulağına dedi: - Haqqın var... çünki aralıqda gedib-gələn şeytan elə toxum səpdi ki, hər kəs olsa inciyərdi. Nə isə keçib. - Tikəsini sumağa batırıb ağzına qoydu: - Biz bolşevikik, bolşevik arasında söz də olar, sov da olar, mübahisə də olar. Amma elə ki, işdən kənar məqamə düşdü, gərək hamısını yaddan çıxardasan. Necə deyərlər: "Drujba-drujba, slujba-slujba..."

İllah da sənin mənə andın yoxdur, bu çörək... bir yerdə işləmirik, hərəmiz bir yandayıq, aramızda incikliyə bəhanə tapılmaz, ikincisinə qalanda, Vahid, sənin mənə andın yoxdur, bu çörək... - Çörəkdən bir çimdik qırtıb qırağa atdı, andını dayandırıb ətrafına göz gəzdirdi; divardakı şəkilərə baxdı, mötəbər bir şey görmədiyindən əlini yenicə qırxılmış üzünə qoydu: - Sənin mənə andın yoxdur, bu Kərimi öz əlinlə qəbirə qoyasan ki, həmişə xatırını saxlamışam, həmişə əlimdən gələn qədər xeyirxahın olmuşam, elə də varam. - Bu sözdən bir az utanan kimi oldusa da davam etdi: - Baxma o zamankı nümayiş məsələsinə. Onda bizi qorxutmuşdular. Hökumet işidir, hamısını açıb demək olmur. Hələ partiyaya keçməmisən. Səni müqəssir eyləməsəydik, bütün institutun adı batardı. Çox adam güdaza gedərdi. Onun ucundan da bütün rayon, rayondan da şəhər təşkilatı öz qaydasıynan!.. Əlac yox idi, bir adamı müqəssir eləmək hara, bütün bir təşkilatı zapaçkat hara? Çox işlər siz bitərəflər bilmirsiniz, biz bilirik... - Yenə Vahid tərəfə əyilib, pıçıldadı: - Sən bitərəf adamsan, nə vecinə! – Bitərəf deyirsən?

– Komsomol özü də bitərəf təşkilatdı. Hər halda firqəçi deyilsən ki, yaxandan tutalar. Doğrudur, səni müqəssir elədik axırda da gördün dalında durduq. Bunun özü zaranee düşünülmüş tədbir idi. Rəsmiyyətə görə yazdıq, sonra da pozdurduq... - Kərim bir stəkan suyu başına çəkib mətləbə yanaşdı: Sən gərək bunu nəzərə alıb inciməyəsən, şərait elədi.

– İncimək nə üçün? Uman yerdən küsərlər.

Gəldiyev onun üzünə tərs-tərs baxdı:

– Sən nə qədər ummasan da, mən səni unutmamışam. Bir məktəbdə oxumuşuq, sinif yoldaşı olmuşuq, demişik, gülmüşük, ikinci də ona görə ki, səni bacarıqlı oğlan bilirəm.

Gəldiyev ehtiyatında olan bütün yağlı, şirin sözləri xərcə verirdi; çünki bunların hamısı ancaq müqəddimə idi. Gəldiyevin əsil məqsədi Vahidə elədiyi yaxşılığı xəbər vermək, boynuna minnət qoymaq idi, çay stəkanmı iki əlli tutub, qabağına çekdi.

– Sən gərek ki, saray inşaatında çalışırsan, hə?

– Bəli.

– Neçə alırsan?

– Mühəndis maaşı alıram.

– Altı yüz, hə?

– Bir az artıq.

– Bircə yerdə işləyirsən?

– Bircə yerdə.

Gəldiyev yeni bir xəbər söyləyirıniş kimi ahəstə dedi:

– Dünən raykomda söhbət var idi, söz burada qalsın, bəzi yoldaşların irəli çəkilmək məsələsini qoydular, məndən soruşdular... - Dediklərinin təsirini yoxlamaq üçün susdu, Vahidin marağını gözlədi.

Vahid isə kürəyini stola söykəyib, ardına qulaq asırdı. Gəldiyev stolunu bir az yaxına çəkdi, müsahibinə tərəf əyildi: - Hə, mən də fikrimi dedim, bəyəndilər. Yoldaşlar haqqında müzakirə açıldı. Bizimkilər birtərəfli düşündülər. Biz bolşevikik axı, insana qayğı məsələsini gərək yadımızda saxlayaq. Məsələn, sən özün yaxşı oğlansan, xatirini də istəyirəm. Komsomolçu, yeni mütəxəssis, niyə gərək elə gündə beş-altıca saat işləməklə kifayətlənəsən? Yerində lap açıq dedim.

Dedim, dəlləklər altı yüzdən artıq alır. Vahid kimi kadronu bir tikintidə bənd eləmək insaf deyil. Sən ayda min beş yüz, min iki yüz alsan, həm dövlətə çox xeyir verərsən, həm də qabaqda xeyir işin var, toy eləmək üçün korluq çəkməzsən.

– Onu kim deyir?

Gəldiyev gülümsədi:

– Heç kəs demir, arifə işarə bəsdir. Bu saat bir cüt qadın çəkməsi neçə yüzə başa gelmir, toy eyləyən ayaqyalın gəlin gətirnəyəcək ki!

Bunun xərci var, paltarı var, zinəti var, üzüyü-müzüyü var, çalanı- çağıranı var... Kooperativçi deyilsən ki, oğurlayasan. Sən sovet mühəndisi, cibin dolu ola gərək.

– Onsuz da keçinmək olar.

– Yox, yoldaş Vahid, səhv eləyirsən! Bəy balaları keçmişdə toy eləyəndə yeddi mahal o yana hay salır, şadyanalıq başlayırdı. Biz komsomolçu və fırqəçilərin toyu da torjestvenni, daha şən olmalıdır.

Əsil jiznin ləzzətini biz çəkməliyik, biz bəhrə almalıyıq, gözəl məclisi biz qurmalıyıq.

– Gözəl məclis gurultulu olmaya da bilər, gurultular çox vaxt peşmançılıq ilə qurtarır.

– Bu söhbətlər qalsın sonraya, Vahid, səni bu yerə, məsul yerə çağıracaqlar, mühüm bir məsələ üçün... onda görərsən mən sənin xətrini istəyirəm, ya yox...

Vahid Gəldiyevi diqqətlə dinləyirdi. Onun sözlərinin, zahirən səmimi görünən söhbətinin arxasında mütləq bir hiylə durduğunu güman edirdi. Raykoma çağırılmaq məsələsi Gəldiyevin işidirsə, hər halda burada bir fənd var, onsuz deyil!

Sabahısı gün Vahid səhər işə gedəndə "Vışka" aldı, birinci səhifədə hökumət qərarını oxudu. "Yeni Bakı şəhərinin plan layihəsini çəkmək üçün müsabiqə" elan olunmuş, üç mükafat təyin olunmuşdu.

Vahid belə bir xəbər eşitmişdi, ancaq indi sevindiyindən qərarı dönə- dönə oxudu, sanki özü haqqında yazılmış bir şey kimi hər sətirə diqqət yetirdi. Xəyalmda dedi: "Fürsətdir!"

Bakı soveti inşaat şöbəsinin müdiri Mikayılov doğrudan da Vahidi çağırdı. Qabağına sual vərəqəsi və kağız qoydu, onu əlavə işə, yaxın bir inşaata təyin etmək istədi.

Vahid razılıq vermədi:

– Mən bir yerdə işləyirəm, bəsimdir.

Mikayılov dedi:

– İndi bir yerdə işləyən mütəxəssis azdır, bilirsən ki, adam çatmır, o da mütəxəssis. Sizi məsləhət görürlər, boyun qaçırmağına dəyməz.

– Yoldaş Mikayılov, iki yerdə işləyə bilməyəcəyəm. Bəsimdir, axşamlar da məşğulam.

– Nə ilə məşğulsan?

– Evdə işləyirəm.

– Evdə nə iş, yoxsa şeir-zad yazırsan?

– Şeir olmasa da, ondan pis şey yazmıram. Xəyalımda bəzi niyyətlər var.

– Yaradıcılıq yaxşı şeydir, amma təklif olunan iş sənin iki, ya üç saatdan artıq vaxtını almaz.

– Məsələ saatda deyil, bir xasiyyətim var, cismen işdən ayrılsam da, xəyalımda ayrıla bilmirəm. Saat üçdə evə qayıdıram, iş, layihə, tikinti, daş, kərpic, maşın, fəhlə de zehnimdə mənimlə gəlir. Özümü onlardan ayıra bilmirəm. Bütün bu iş aləmi mənimlə süfrə başına oturur, mənimlə yorğan- döşəyə girir, zehnimi bunlardan qurtara bilmirəm.

– Bu yaxşı deyil, dincəlməlisiniz!

– Bəzi xeyirli niyyətlərim var.

– Bəlkə müsabiqədə iştirak etmək istəyirsiniz?

– Bəlkə elədim!

– Bu gözəl fıkirdir, sizə mane olmaq cinayətdir. Onda biz düşünək, başqa yoldaş tapaq, bağışla.

Səhər Gəldiyev inşaat şöbəsinə gəldi. Mikayılovun bir adamla söhbət etdiyini gördü. Mikayılov qarşısındakına inşaat haqqında məlumat verirdi. Geldiyev vacib işi olanlar kimi oturdu. Mikayılovun başı ayılanda kürsünü yaxına çəkdi.

– Bəs Nayıbovu çağırmadınız?

– Çağırdıq, gedəsi olmadı.

Gəldiyev qaşlarını düyüb, təəccüblə soruşdu:

– Niyə?

– Ayrı işi var, məşğuldur!

Gəldiyev hirsləndi:

– Canım, işi-zadı yoxdur, mən yaxşı bilirəm, bir smen işləyir.

– Özü xüsusi çalışır, deyəsən "Yeni Bakı" müsabiqəsində iştirak edəcək, qoy mane olmayaq.

Gəldiyev içi boşalmış maşın kimi dayandı. Nitqi kəsildi, deyəsən onun ürəyinə gələn, uzaq bir güman saydığı şeylər həqiqət olurdu.

– Nə bildin?

– Özü deyir.

Gəldiyev əlini tovladı:

– Hay, hay!..

Mikayılov soruşdu:

– Necə bəyəm, bacara bilməz?

Gəldiyev istehza ilə dedi:

– "Əbləh köpək qaysavadan pay umar". Hələ şübhə altından çıxmayıb, özünü doğrultmayıb, istəyir dövlətdən mükafat alsın, hay, hay!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов