Страница 1 из 3

Qatar vağzalda dayanıb köksünü ötürəndə zəng səsləndi. Deyəsən bu səs o qədər qüvvətli idi ki, dəmir yol ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Vağzal qapıları taybatay açıldı. Əlində çamadan, bağlama, patefon, kitab, xurcun, kağız torba, çaydan və qeyri azuqə, qucağında uşaq olan, ya tamam əli boş adamlar vaqonlara sarı yönəldilər. Biletini göstərən, şeylərini vaqona qoyanlar elə sevinir, elə möhkəm otururdular ki, deyəsən ölənəcən bir daha vaqondan yerə düşməyəcəklər.

Yola salanlar gedənlərdən çox idi. İnstitutda qış tətili başlanmışdı. Tələbələr dəstə-dəstə evlərinə yola düşür, qış istirahətinin bir saatını da hədər keçinmək istəmirdilər. Oğlan, qız bir-birinə qarışmışdı. Görüşən, ayrılan kim, vidalaşan kim.

Birinci dəfə idi ki, Rübabə Bakıdan çıxırdı. Birinci dəfə idi rayona gedirdi; birinci dəfə idi atasından ayrılır, "yad" bir oğlana qoşulurdu. İmtahan kitabçasında yazılan fənlər siyahısının qabağında boş yer qalmadığını görəndən sonra Vahid arxayınlaşmış, tətilə evə getməyə tədarük görmüşdü. Rübabə ona bir dəfə: "Getməyəcəksən!" deyəndə o uşaq kimi yalvardı, ailəni, xüsusilə balaca bacısını könlü istədiyini dedi. Vahidin bu görüşdən əsas məqsədi anası idi, ancaq ana sözünü Rübabənin yanında dilinə gətirmədi. Rübabəni də qonaq çağırdı. Rübabə atasından izin aldı. Əslinə baxsan Vahid qonaq çağırmasa da Rübabə onunla gedəcəkdi. Əvvəla, ona görə gedirdi ki, rayonu, kəndi görsün, vətəni yalnız coğrafiyadan tanımaq, kənd həyatını hekayə və romanlardan öyrənmək Rübabə üçün eyib olardı. "Kəndi qoy aqronomlar öyrənsin" deyən qızlara Rübabə istehza ilə baxırdı. O, öz ixtisasını, - ev tikmək, insanlara məskən qurmaq işini - xalqın zövqündən kənarda təsəvvür edə bilmirdi. "Biz nə qədər oxusaq, yenə yaxşı mühəndis xalqın özüdür. Bizim borcumuz elmin hökmü ilə xalqın istəyini birləşdirməkdir. Tikdiyimiz binalar kəndlinin, kolxozçunun zövqünə, məişətinə, güzəranına uyğun olmalıdır".

Rübabə ilə həkim qızlar arasında mübahisə olurdu. Onların bəzisi, institutu bitirib kəndə getmədiyini, rayonun mədəniyyətsizliyi, şəraitin pisliyi, bəzi kənd işçilərinin kobudluğu ilə bəraətləndirirdi. Böyükxanım adlı bir uşaq həkimi Rübabəni sadəlövh adlandırıb gülür və deyirdi:

– Ağzın isti yerdədir. Allah qoysa kəndə təyin olunarsan, onda görərsən... Birinci həftə qapına azı bir yüz elçi gəlməsə mənə söy! Başda rayon icraiyə komitəsinin sədri, ayaqda milis nəfəri, kommunxoz buxqalteri, məhkəmə katibi... Hərəsi elində məktub qapına gələndə onda halını soruşaram. Bənd olanların əlindən çamadanını da qoyub qaçacaqsan...

– A Böyükxanım, niyə gülməli söz danışırsan?! Rayonlarda az məsul qadın işçiləri var? Elə bunların hamısına məktub gəlir? Bəzi axmaqları niyə nümunə çəkirsən!

Böyükxanım ciddiyyətlə başını əyərək cavab vermişdi:

– Əlbəttə gəlir. Ancaq öz yerlilərinə o qədər girişə bilmirlər. Elə ki, qıraqdan geldi, işi bitdi. Ələ gətirməmiş qapısından çəkilməyəcəklər...

Rübabə bu mübahisələrdə qətiyyət göstərsə də, aciz qalırdı; çünki kəndi görməmişdi, gəzməmişdi. Doğrudur. Rübabə onların rəyinə inanmırdı. Bu fıkirləri şəhər mübtəlalığı, ərköyünlük, tacir əhvali-ruhiyyəsi sayırdı. Amma yenə də kəndi görmək, aydın təsəvvür almaq istəyirdi. Bunun üçün münasib vaxt indi idi. Vahiddən gözəl yol yoldaşı olmayacaqdı.

Bir də Rübabə şəxsən Vahidin ailəsini görməyi, onun ata-anası ilə yaxşı tanış olmağı çoxdan arzulayırdı. Bilirdi ki, qızın oğlana qoşulub getməsini söz eləyərlər. Bunları yadına salmaq istəmirdi; çünki nə öz ailəsinə, nə Vahidə və onun sadə atasına bunlar yaraşmazdı.

Kəndə getməyin üçüncü səbəbi Vahiddən ayrıla bilməməsi idi. Vahid ilə ünsiyyəti elə yerə gəlib çatmışdı ki, heç biri o birindən kənarda yaşamır, yaşaya bilmirdi. Tətil günləri tələbələrin sevdiyi, intizarını çəkdiyi bir vaxtdır. Ancaq Vahiddən ayrılmaq qeydi olduğu üçün Rübabə bu günləri arzulamazdı.

İllah da anasının vəfatı Rübabənin sevincinin yarıdan çoxunu itirmək deməkdi. Vahid de elə buna görə Rübabəni aparmaq, qüssəsini unutdurmaq mühitini, havasını təzələmək istəyirdi.

Vağzalda da, qohum-əqrəba yola salanda da ana kədəri Rübabəni tərk etmədi. Vaqonun pəncərəsindən aşağı baxanda özünə tərəf çevrilən ata baxışını, qoca xanəndənin gülər üzünü, nəvazişi və şəfqətli nəzərlərini, tanışların vida gülüşlərini, yaylıq oynadan əlləri gördü. Bunlar bir dəstə çiçək kimi sanki, pəncərəyə sarı tutulmuşdu. Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. Ancaq bu gül dəstəsinin ortası yox idi, orada qaralan boşluqmu idi, ya lalə sinəsinə çəkilən dağdı, matəm əlaməti idi? Rübabə o qaranlıq nöqtədən boylanan anasının solğun, həyəcanlı çöhrəsini gördü. Şirinxanım qızının uzaq səfərə getdiyini eşidib məzardan qalxmışdı... O, yenə xəstədir. Rəngi qaçmış, gözləri qızarmış, dodaqları ağarmışdı. Arıq, uzun və qüvvətsiz qollarını açıb zəif səs ilə yalvarır: "Qızım, Rübabə, səni sağlığımdakı kimi istəyirəm. Qızım, tez qayıt, qabağına gələcəyəm!".

İncə bir riqqət Rübabənin könlünü parçaladı. Baxışını anasının xəyalı simasından ayırmadı.

Səttarzadə qızının bir nöqtəyə dikilən gözlərindən qəlbindən oyanan kədəri oxudu. Rübabənin ürəyindən keçənlər sanki gizli bir yol ilə onun qəlbinə axdı. Atanın gözlərindən axan yaş balanın yanaqlarında işıldayan incilərə cavab oldu.

Rübabə vaqonun dəhlizinə çıxıb tamaşa eləmək istəyirdi. Vahid stansiyaları, kəndləri, şəhərləri göstərirdi. Kürdəmirdən sonra təbiət dəyişdi. Boz, çılpaq, quru və bəzən də mazutlu çöllər, təpələr əvəzinə məhsuldar torpaqlar, sıx məskənlər başlandı. Yol kənarları bağ-bağçalıq, otlaq idi. Naxır, sürü otlayırdı. Çaylar düzənliklərdə qıvrılaraq sakitcə axır, kəndin saf havası adamı həvəsə gətirirdi. Azuqə ilə yüklənmiş ovçular uzaqlara gedirdilər. Buludlu mülayim hava, qışı yox, payızı andırırdı. Bəzən açılan, bəzən inadkar uşaq kimi tutulan üfüqlər, ötəri səpələnən yüngül yağışlar sanki Vahidə, vətənin təbiəti haqqında söyləmək istəyirdi. Elə yer olmurdu ki, qatar dayananda Vahid düşməsin. Gah böyük və sarı heyvanlar, gah Şirvanın gülöyşə, şirin nan, qırqovul, kərpic kimi camış qatığı, təndir çörəyi, bandaxdan kəsilmiş Gəncə üzümü...

Rübabəni ən çox maraqlandıran kəndlilər, yerli camaat idi. Bunların bəzisi qiyafəsini dəyişməmişdi, lakin çoxusu təzə dəb ilə paltar geymişdi. Ancaq bu libas onların kənd xüsusiyyətini örtmürdü, əksinə, daha da qabarıq göstərirdi. Demək olar ki, onların çoxunda paltara bir laqeydlik, etinasızlıq gözə çarpırdı. Görürdün, gözəl və yenicə mağazadan alınmış kostyum geyinən bir kolxozçu unlu torbanı, ya meyvə səbətini qoltuğuna vurub budur gedir. Bir başqası yun şalvarını uzun-boğaz çəkmənin quncuna güc ilə yerləşdirmiş, kostyum üstündən qayış bağlamışdı...

Bunlar vaqona girəndə nə danışdıqlanın, nə hərəkətlərini dəyişirdi. Rəftarlarında sərbəstlik, təbiilik hakim idi. Öz evlərinə gəlirmiş kimi arxayın, zarafatlaşa-zarafatlaşa vaqonda özlərinə yer eləyirdilər. Oturan kimi hamı ilə yoldaşlaşır, tanış olur, əhvallaşırdılar:

– Əmioğlu, səfəriniz haradır, allah qoysa?

Rübabə bunların sadəliyinə, güləşqabaqlığına baxdıqca xoşu gəlirdi. Vahiddən soruşurdu. Vahid onları yaxşı tanıyırdı:

– Kəndli, - deyirdi, - çox böyük sinifdir. Qədim sinifdir. Fəhlə sinfi iki- üç əsrlik yol gəlirsə, bunlar neçə min illərdir yoldadırlar, kəndlilər həmişə əkib-becərib, biçib, yığıb, xırman vaxtı isə taxılı özgəsi aparıb. Həmişə başlarına döyüblər. Bunlara yaz əkinçi, qış dilənçi deyiblər. Sabir bəy zülmünü yaxşı göstərib:

Vur, vur ki, gətirınəyibdir arpa!

İnsan dözməz bu şarpa-şarpa?

İnqilabın böyük qələbələrindən biri bunların ayılmasıdır. Görürsən, Rübabə, onlar vaqona girəndə ev yiyəsi kimi tərpəşirlər. Keçmişdə vaqonlarda kəndli cınqırını çəkə bilməzdi, indi az qalırlar konduktora qanun öyrətsinlər.

Rübabə xoş bir hiss ilə dedi:

– Nə qədər sadədirlər. Camaat içində öz evlərindən, arvad-uşaqlarından danışırlar.

– Onlar zəhmətlə böyümüşlər. Əmək indi onlara vacib vərdişdir.

Ürəkləri, süfrələri, qapıları, əlləri dilləri kimi açıqdır. Səmimiyyətləri, səxavətləri, qonaqpərəstlikləri, dostluqları qəribədir. Başını kəs, istədiyindən dönməz. Ərəblər neçə əsr babalarımızın başına qamçı, qapaz yağdırıb, dediklərinə inandıra bilmirdilər. Qılınc zoruna "Allahü-əkbər" dedirdiblər. Kəndli yaxşı başa düşür ki, "Allahü-əkbər" filan onun əkin- tikininə faydasızdır.

Biz bunların sadəliyindəki səmimiyyəti saxlamalıyıq. Sadəlövhlük, avamlıq qalıqlarını isə atmalıyıq. Görürsən, ayaqqabılarını, libaslarını, papaqlarını təzələmişlər. Bu asandır, başlarını təzələmək isə mürəkkəbdir, çətindir. Ona görə də ziyalılarımızın mühüm işi kənddədir. Kəndlini başa saldıqca, özü başlayır köhnə adətlərlə mübarizəyə!

– Məsələ yalnız köhnəlikdə deyil. Hər köhnəni köhnə olduğu üçün atmaq, hər yenini yeni olduğu üçün tutmaq uşaq xasiyyətidir. Yeni köhnədən yaxşı deyilsə, yeniliyin mənası yoxdur. Saç burmaq, dodaq boyamaq Avropadan gəlmə adətdir, amma yaxşı adət deyil! Xalqın gözü sərraf gözüdür. Onun min illər boyu davam edib gələn yaxşı adətləri də var. Qocaya hörmət eləmək, qonağın hardan gəlib, haraya getdiyini soruşmaq, müsibətə düşən adamın başına yığılıb təsəlli vermək, kömək əli uzatmaq... Bunlar hamısı köhnə şeylərdir, ancaq təki bu köhnəlik insanlarda çox olaydı, həmişəlik olaydı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xatalı adam

– Kərim, sən hayanda olursan?– Necə bəyəm?

19692 мин
Sevinc haqqında

Həkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?

19694 мин
Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 мин
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 мин

Стихи других поэтов