Şəfəqdən qalxanlar
Qızım Ədibəyə
Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Kəndin başında, sıldırım bir qayanın döşünə sığınmış tənha evin kiçik pəncərəsindən ağsaçlı bir ananın intizarlı, iti nəzərləri həmin bu səhərin açılma saatlarını dəqiqəbədəqiqə izləyir, bir nöqtəyə baxmaqdan yorulmurdu. 20-ci ilin baharı – Sovet hökuməti təzəcə qurulan günlər idi. Kənd yoxsulları burjua-mülkədarların, bandit dəstələrinin şura idarələrinə hücumunu dəf etməyə gedirdilər. Bu təcrübəli kişilərin dəstələri cərgəsində on altı yaşlı Nadir də vardı. Tüfəng-qatar götürən vaxtı olmasa da, muzdur komitəsi ona silah verməsə də, Nadir komsomol şüarlarını çox eşitmiş, Qızıl Ordunun döyüşlərindən ruhlanmış, mübarizəyə qurşanmışdı.
Keçən yaz dağ kəndlərində Şura hökuməti elan olundu. Nadirin atası muzdur komitəsində işləyəndə qolçomaqlar onu gecənin birində güllə ilə vurdular. Şirzadın ölümü bu mahalda sinfi mübarizənin, yeni həyat uğrunda çarpışmanın bir timsalı kimi aləmə yayıldı. Uşaqdan-böyüyə, hər kəsin diqqətini cəlb etdi. Qəza komitəsindən gələn bir natiq camaata söylədiyi nitqində Şirzadın adını tez-tez çəkir, kəndlilərə izah edirdi:
– Yoldaşlar, köhnə kənd, istismar aləmi öz xoşuna təslim olmayacaq! Bizim yeni dünya, azad həyat bünövrəsi Şirzad kimi igid, mərd qurbanlarımızın qanı ilə yoğurulacaqdır.
Hər bir zəhmətkeşin, qocanın da, cavanın da silaha sarılması, sosializm dünyası yolunda döyüşə hazır olması lazımdır!
Yeni həyat, azadlıq, sosializm qurbanlarına əbədi eşq olsun!
Şura idarəsindən dağlara, qayalara yayılan xitablar muzdurların sədaqət, qüdsiyyət andı kimi səsləndi. Nadir heç kəslə məsləhətləşmədən aşılı çarıqlarını möhkəm bağladı, zoğal çomağını götürüb dəstəyə gəldi. Muzdurlar komitəsinin sədri Əhməd, onu dağlara gedən dəstə arasında görəndə təəccüblə soruşdu:
– Nadir, sən hara?
– Siz hara, mən də ora!
– Ədə, sən uşaqsan, get məktəbinə, atışmalı vaxtın deyil sənin, bala!
– Əhməd əmi, sizin yanınızda olacağam, məni qovma!
– Anan nə deyir?
– Anam deyir: "İgid oğul gərək atasının qanını yerdə qoymasın!" Anam sizə qoşulmağıma razıdır.
Əhməd cavanın üzünə baxdı, əzminə diqqət elədi, deməyə sözü qalmadı:
– Get, – dedi, – komsomolçularla danış. Onlardan aynlma!
Səadət həmin gün illərin intizarını, iztirabını çəkdi. Sərin payız səhərinin şəfəqlərində dağlara qalxan fədai dəstələrdə oğlunu görəndə ürəyi qəfəsdəki kəklik kimi çırpınmağa başladı:
– İlahi! Ya rəbbi! Balama qüvvət ver! İgidin qanını yerdə qoyma! Düşmənin əlini bağla!
Səadətin təhlükəli yerlərə yollanan oğlundan başqa on bir yaşlı qızı Nailə onunla qaldı.
Nailəni məktəbdə, mahnı dərslərində dindirib-oxudan müəllimə fəxrlə ananı sevindirirdi:
– Səadət xanım, – deyirdi, – bu qızın yaralı səsi, sədası bütün məktəbə hay salıb! Mən bunu musiqi dərsinə qoyacağam, özüm də müəllimlik edəcəyəm. İxtiyar verəsən gərək!
Səadətin sevinc və nisgildən gözləri yaşardı:
– Müəllimə, – dedi, – qızın atası yoxdur, çətin dərsi başararmı?
– Nailənin atası da, anası da var. Sovet məktəbi onu isti qucağında doğma bala kimi bəsləyib böyüdəcəkdir. İndi Şura zamanıdır. Sən fikir çəkmə. O qızın hər zəhmətini biz müəllimlərin boynuna qoy! Nailənin gələcəyi var!
Ehtiyac, tənhalıq, sıxıntı ilə iki bala böyüdən Səadət heç vaxt heç kəsdən balaları haqqında bu şirin sözləri eşitməmişdi. Bu sözləri eşidəndə o, özünü əzəmətli bir dağa söykənmiş kimi duydu. Sinəsini qabardan iftixar hissi ilə müəlliməyə razılıq elədi:
– Allah Sovetin bayrağını uca eləsin, müəllimə! Nailə gecə-gündüz qoşma deyib bayatı çağırır. Ona sizin kimi bir havadar lazımdır, bacım. Allah işinizə faraş versin. Bizim uşaqlar da sizin sayənizdə bir günə çatsın!
Müəllimə Səadəti ehtiramla yola saldı. Nailənin qayğısını öz övladı kimi çəkməyə başladı. Məktəbdə verilən dərsdən, valideyndən eşidilən nəsihətdən, qonum-qonşu, yar-yoldaşda görüb-götürülən ibrətdən başqa da, adi gözlə görünməyən, seçilməyən, sezilməyən bir tərbiyə də, kövrək uşaq qəlbinin həyəcan vurğularında ahənglə səslənən, həzin kaman təranəsi qədər təmiz və müqəddəs bir tərbiyə də var!
Uşaq zehninin bakir, kövrək, həssas, sakit və güclü bir aləmi, kimsə ilə hesablaşmayan, kimsə ilə məsləhətləşməyən, çox şeyləri ölçüb-biçməyən, leysan selindən doğub-kükrəyən, coşan, aşıb-daşan, sahilləri ağzına alan təbii tələbləri var.
Nadiri döyüş ehtirası ilə dağlara çağıran, Nailənin sinəsində qaynayan həzin ürək təranələri də bu tələblərdən idi.
Nadir düşmənlərə qarşı döyüşlərdə vuruşub igid bir komandir olanda Nailə də inqilabi mahnıları çalıb-çağıran bu müğənni kimi böyüdü, kənddə, mahalda şöhrət tapdı. Bu uşaqların heç birini heç kəs familiyası ilə tanıyıb çağırmırdı. Döyüşçüdən də, müğənnidən də söhbət gedəndə sadəcə "Səadətin uşaqları" deyirdilər. Biri komandirə təşəkkür edir, bir başqası müəllimi tərifləyirdi, çoxu da heç kəsi yox, ancaq uşaqların özünü, fərasətini deyib, sevinirdi.
Səadətin balaları iki-üç il ərzində kəndin, hətta mahalın şöhrətli cavanlarından sayıldılar...
Çox çəkmədi ki, həmin gün – fədai dəstələri dağ kəndlərinə hücuma getdiyi səhər gəlib çıxdı. Ancaq həmin səhər, həmin yaz, həmin hava, həmin məkan olsa da, bu səhərin əvvəlkindən fərqi çox idi.
Bu səhər nə Nadir o Nadir, nə Nailə o Nailə, nə də möhnətkeş Səadət o Səadət idi!
İndiki yaz səhəri, deyəsən, bütün nisgil, həsrət, iztirablardan silinib-təmizlənmiş, ayaz göyləri kimi münəvvər, günəşli bir səhər idi. Bu səhər hətta Səadətin görmədiyi, gözləmədiyi sevincli bir səhər idi. Əhməd kişi köç yolunda məktəbli cavanları mərkəzə yola salanda uca bir kürsü qoymuş, özü beş pillə yuxarı çıxmış, valideynlərin neçəsini, Səadəti də çağırmış, cavanlara xeyir-dua üçün ilk sözü ona vermişdi.
Səadət çox işgüzar, zəhmətsevən, təcrübəli, ünsiyyətli qadın idi. Ancaq onun natiqlik məharəti yox idi. Heç vaxt, heç yerdə, heç münasibətlə danışmamışdı! Bununla heç maraqlanmamışdı da.
Əhməd kişi onun qolundan tutub pilləkənə qaldıranda təkidlə tapşırdı:
– Səadət, bacım, bu gün sən danışacaqsan! Özünü yığışdır, danışacaqsan!
Səadət bir sağma, bir soluna, bir də çantası-çamadanı əlində yola düşən balalarına baxanda, deyəsən, sinəsinə çoxdan çəkilmiş ağır bir pərdə qalxdı. Ürəyinin bütün guşələrinə bir nur şəfəqi yayıldı. Əhməd kişinin təkidi bu işıq içində bir də səsləndi, daha bərkdən səsləndi: – "Səadət, bacım, danışacaqsan! Özünü yığışdır, danışacaqsan!"
Sanki bu xitablar qadının qəlbinə qüvvətli bir təkan verdi: Səadət dinləyənlərə, cavanlara baxdı... Qəlbini dolduran iftixar və sevinclə dilləndi:
– Bu gün də danışmayıb haçan danışacağam! Əhməd qardaş, bizim balalarımız dəftər-kitab götürüb mərkəzə, böyük məktəblərə oxumağa gedirlər. Şükür, mən ölmədim, balalarımızın bu gününü gördüm!
Balalarım, sağ olun! Sizə uğurlar, sizə bəxtiyar günlər! Sizə böyük gələcək, sizə Sovet hökumətinin azadlıq nemətindən gələn ağ günlər!
Əziz balalarım, sizin o kitablardakı sözünüz, o kamanl-sazınız yeni həyatın, yeni dünyanın ən xoş mahnıları olsun! Biz bu mahnıları eşidək, fəxrlə əl çalaq!
Səadət özü əl çalmamış, eşidənlər əl çaldılar.
Nailə də, Nadir də qalxıb analarım qucaqladılar, and içdilər.
Kənd camaatı cavanları böyük məktəbə yola salanda bahar günəşi üfüqdən yenicə boylanır, sürət qatarının hərəkət intizarını xəbər verirdi. Səadətin sevinc, riqqətlə dolu ana səsi hər yerdə eşidildi:
– Uğur olsun, balalar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-sefeqden-qalxanlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."
Beş almışam!Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."
DüzəlmədiUtancaqlıq!Kimdən soruşsan deyər ki, utancaqlıq yaxşı xasiyyətdir. İnsanın qanacağını, mərifətini, abır-həyasını göstərir. Beləsinin hər yerdə hörməti, izzəti var. Adı yaxşılığa çəkilir, ünvanına bir irad tutan olmur.
Pul tapmışdımUşaqlıqda adamın yaddaşı iti, zehni açıq, marağı çox olur. Gördüyün, eşitdiyin, düşündüyün hər şey güzgüdəki kimi həkk olunub həmişəlik qalır.Hər səhər anam məni məktəbə yola salanda dalanın axırına qədər aparır, köç yolundan ötürüb sonra qayıdırdı. Yolu hoppanandan sonra dükan qabağındakı səki ilə getmək asan idi, qorxulu deyildi. Çünki qabaqda nə at, nə fayton, nə maşın, nə də araba var idi. Başıaşağı səki ilə gedirdim. Bağça-bağa yaxınlaşmamışdım ki, gördüm ayağımın altında bir şey işıldayır. Əyilib baxanda bir abbasılığı gördüm və götürdüm. Xəyalıma gəldi ki, bu kimin cibindən düşüb. Sağıma-soluma baxdım, gedib-gələn görmədim. Pulu cibimə qoyub sevincək dərsə yollandım.
Стихи других поэтов
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Dəniz, Heminquey və mənÖnümdəDünyanın qaragözlü pərisi,