Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx.

"Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."

Hacılar haca gedər,

Bilmirəm necə gedər?

Bir yumurta içində

Qırx dənə cücə gedər...

Bu rəqəmlərə son zamanlarda gözəl bir rəqəm də əlavə olunub: elmlə, dərslə, qələbə ilə bağlı bir rəqəm...

Beş!

Bu rəqəmi alqışlamayan yoxdur. Böyük, kiçik, oxumuş, avam, şəhərli, kəndli...

Telefon səsləndi. İlqar dəstəyi götürdü:

– Kimdir?

– Kim lazımdır?

– İlqar, sənsən, niyə evdə oturmusan? Səni gözləyirik, tərpəş!

– Nə var, bəyəm?

– Nə olacaq, konsertə gedirik, komiklərin konsertinə.

– Sizin də lap kefiniz gəlib, canım, bu imtahan vaxtında konsert nədir?

– Eh, imtahan! Nə olsun, dincəlmək, gülmək də lazımdır.

– Nadir, əslinə baxsan, sənə-mənə gülmək yox, ağlamaq lazımdır.

– Necə bəyəm?

– Bəyəm, eşitməmisən, müəllimlər indi çox ciddi soruşurlar?

– Soruşmaq həmişə var da.

– Müəllimlər indi sənin-mənim xatirimə proqramdan keçmirlər. Nöqtəsinə qədər soruşurlar. O gün Məhəri elə bərkə qısnayıblar, bildiyini də yadından çıxarıb. Bu saat gəlirəm məktəbə, orada ol, hamısını sənə danışım!

Bu telefon söhbətindən sonra konsertə getmək baş tutmadı. Nadir özünün də, yoldaşlarının da biletini baası Gülaraya verdi:

– Halal-xoşunuz olsun, – deyib məktəbə qaçdı.

Doğrudan da, İlqar məktəbdə idi, eyvanın məhəccərinə söykənib, sinif yoldaşları ilə söhbət edirdi.

Nadirin gəlməyi onun halına təfavüt eləmədi. Hamı eşitsin deyə, bir az da ucadan danışıb Nadirin üzünə baxdı:

– Bu xına o xınalara bənzəməz! Təzə direktor imtahanların çoxunda oturur. Hər kəsə məhəl qoymadan şıdırğı suallar yağdırır: hansı əsər, neçənci il, baş surət necədir, niyə, hardan oxumusan?

İlqar Məhərin ədəbiyyat imtahanından iki alıb çıxdığını təfsilaü ilə danışanda Nadir quruyub qalmışdı. Görürdü ki, müəllimlər də tələbi artınblar. Belə zamanda konsertə, gəzməyə, o yan-bu yana gedib vaxt keçirmək adamı dərsdən eləyər, sinifdə qoyar.

Nadir yoldaşının xəbərdarlığından çaşmış kimi sual verdi:

– İndi neyləmək lazımdır?

– Sizi bilmirəm, mən birbaş mərkəzi kitabxanaya qaçıram. Gələn imtahana hələ vaxt da var. Gecə-gündüz oturub oxuyacağam. Qardaş, üzüqara olmamaq, müəllimlərin başını aşağı eləməmək üçün hazırlaşmaq lazımdır.

Həmin axşam kitabxanada qiraət salonunda yoldaşlar görüşdülər. Yuxarı siniflərin proqramına dair nə kitab varsa, masa üstünə yığıb bir-bir əldən çıxartmaq istədilər.

Nadir də, İlqar da bir sinifdə, bir müəllimin yanında, hətta bir sırada, əyləşib oxuyurdular. Ancaq bu iki yaşıd yoldaşın hazırlaşmağında çox fərq vardı.

Nadir cəld, zirək və zehinli şagird idi. Oxuduqlarını ehtiyat kimi xatirinə yığmaq, üst-üstə bildiyi məlumatı sıra ilə təkrarlamaqda mahir idi.

Ona elə gəlirdi ki, kitab səhifələrində yazıları öyrənsə, imtahan cavablarında ifadə eləsə, bəsdir və yaxşı qiymət alacaqdır. Ancaq İlqar bu fikirdə deyildi, o, dərsliyi oxumağı, bütün səhifələri diqqətlə əldən çıxarmağı, hətta məlumat ehtiyatını da zehninə yığmağı vacib bilirdi. Bundan başqa, oxunan hər məsələnin dərin, düyünlü sirlərini açmağı, çətin yerlərdə lüğətə, yoxlama kitablarına, müəllim məsləhətlərinə müraciət etməyi, hətta özünə sirli görünən uzaq, mübhəm məsələlərə əl atmağı da lazım bilirdi. Hərdən belə hallarda Nadir onu danlayırdı:

– Ay kişi, kimdir soruşan, müəllimin sualına ucdan-qulaqdan cavab verdin bəsdir, deyəcək ki, dur get!

Tələbə yoldaşlar bir həftədən çox mərkəzi kitabxanadan çıxmadılar, müxtəlif məzmunlu kitabların birini qoyub, o birini götürdülər. Hərdən də bir çətin suala rast gələndə, künc otaqda oturan qocaman məsləhətçiyə, şəhərdə ədəbiyyat mənbələrini yaxşı bilən çeşməkli kişiyə müraciət etdilər. Heç nəyə, heç kəsə, soyuğa-istiyə baxmadan imtahan materiallarını əldən çıxarmağa çalışdılar, nəhayət, vaxt gəlib çatdı.

Bilet çəkib imtahan kürsüsünə keçəndə, elə bil, təzə direktoru çağırdılar. Direktor otağa girib salam verdi, keçib dərs müəllimi ilə mehriban görüşdü. İlqarı diqqətlə süzəndən sonra soruşdu:

– Nə əcəb yaxanı düymələmirsən, məktəbli yoldaş? Əyləşənlər sənin müəllimlərin, məktəb yoldaşlarındır. Qoy sənin səliqənə diqqət yetirsinlər...

İlqar qələmi yerə qoyub, cəld yaxasını düymələdi. Onun özünü itirməsinə, çaşmasına yol verməmək üçün direktor dərhal məktəblinin çiyninə əl qoydu, imtahan suallarına nəzər yetirdi:

“Sabirin ruhanilərə qarşı satirası."

"Cabbarlının "Sevil" dramı."

"Lirikanın xüsusiyyəti."

Direktor sualları qəsdən bərkdən oxudu, əvvəl İlqarın, sonra da dərs müəlliminin üzünə baxdı:

– Zənnimcə, – dedi, – bunlar çətin suallar deyil, proqramlarda aydınlaşdırılmışdır.

Müəllimə macal verməyən İlqar tez dilləndi:

– Müəllim, sualların hamısı aydındır, cavab verə bilərəm.

Sanki məktəblinin şəstlə, cəsarətlə cavab verməyi direktorun xoşuna gəldi.

– Danış, – dedi, – qocaq oğlum, danış! Mənim burada iştirak etməyim, səni çaşdırmaz ki?

İlqar daha da cürətləndi və iftixarla cavab verdi:

– Yox, yoldaş direktor, sizin imtahan cavablarına qulaq asmağa vaxt tapmanız bizə xoşdur və biz heç vaxt bu saatları unutmayacağıq! Dərs müəllimi, əvvəlcə direktorun belə fəal işə qarışmağına bir qədər darıxsa da, sonra məktəblinin cavablarından ruhlandı. Diqqətlə İlqarın üzünə baxdı. Qəlbində ona afərin dedi, özü-özünü də danladı ki, belə şagirdi mən nahaq yerə diqqət mərkəzinə götürməmişəm, onun qabiliyyətini seçib qeyd eləməmişəm. Bu uşaq indi daha məktəb çərçivəsində qalmır, həyata, cəmiyyətə çıxır. Məhz belə iti, ayıq cavablar ilə çıxdığı üçün bizim məktəbin fəxridir!

İlqar cavablarına başlayanda böyük Sabirin kəsərli satiralarından bir neçə bənd oxudu, izah etməyə başladı:

Ax, necə kef çəkməli ay yam idi,

Onda ki övladi-vatan xam idi.

Direktor sualla İlqarın sözünü kəsdi:

– İlqar, bunu kim deyir?

– Müəllim, bunu Sabir deyir, ancaq ruhanilərin öz sözü ilə, təəssüf izahı ilə deyir.

– Ay sağ ol! Davam elə!

İlqar bir az da ucadan, qiraətlə dedi:

Bizlər idik xalqın inandıqları,

Piri-hidayət deyə qandıqları.

Nur görürlərdi qaranlıqları,

Bizdə idi cümlə qazandıqları.

Kim bizə pul verməsə bədnam idi,

Ax, necə kef çəkməli əyyam idi...

Direktor şagirdin sözlərinə, ahənginə, şeiri necə əzbərləməsinə sevinclə qulaq asaraq, yenə sözünü kəsdi:

– Ruhani hansı günləri arzulayır?!

– Müəllim, aydındır ki, sovet dövründən qabaqkı, avamlığın hökm sürdüyü günləri arzulayır. Amma keçmiş ola!

Direktor İlqarın üzünə baxıb güldü, sonra müəllimə tərəf döndü:

– İlqar yaxşı deyir, cənab axund, daha keçmiş ola! Yaşasın Sabir! Dərs müəlliminin cavablardan xoşlandığını, sevindiyini görən direktor, sanki şagirdə qiymət verməkdə ona razılıqla kömək etdi:

– İlqar yaxşı hazırlaşıb, məncə, onun qiymətini aşağı salmağa haqqımız yoxdur!

İlqar bu sözləri eşidəndə ürəyi dağa döndü:

– Çox sağ olun, müəllim, – dedi və sevincək eşiyə çıxdı.

Yoldaşları onu əhatə etdilər, qiymətini soruşdular.

Amma o, heç kəsə baxmadı, heç nə demədi. Çantasını götürüb birbaş evlərinə yüyürdü.

O bilirdi ki, anası intizarla gözləyir, necə həyəcan keçirir. Gəncəçay evlərinin qabağından axırdı. Yaz yağışlarından sonra kükrəmiş, güclənmiş çay bulanıq axaraq özü ilə daş-çınqıl gətirir, şaqqıldayaraq səs salırdı. İlqar çayın bu tayından baxanda qapıda müntəzir dayanan anasını gördü, sağ əlini göyə qaldırıb pəncəsini geniş açdı, sevinclə anasını Çağırdı:

– Beş almışam, ay ana, beş! Direktor özü məni imtahan elədi!

Doğrudur, qadın onun sözünü eşitmədi, nə dediyini bilmədi, ancaq əl işarəsindən yəqin elədi ki, oğlu imtahandan igidliklə çıxıb, beş alıb.

Dodaqlarının arasında yavaşcadan dedi:

– Sənin qadanı alım, ay fərasətli balam, qoçaq balam!

İlqar anasına çatanda ana-bala qucaqlaşıb öpüşdülər. İlqarı tanıyan anaların çoxu qibtə ilə baxır, bu sevincə şərik olurdu.

– Beşə dünyada zaval yoxdur, hamının balasına qismət olsun görüm!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов